Xanım jurnalist koronadan vəfat etdi“Press.az” xəbər saytının əməkdaşı Aygün Məcidqızı koronavirusdan vəfat edib.

Avrasiya.net xəbər verir ki, o, koronavirusa yoluxarkən 17 həftəlik hamilə olub.

Bakıda 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alan A.Məcidqızının vəziyyəti olduqca ağır qiymətləndirilirdi.

Qeyd edək ki, Aygün Məcidqızının 5 yaşlı oğlu var.
Paşinyan əlacsız, çarəsiz qalıb44 günlük müharibədə rüsvayçı məğlubiyyətə uğrayan dırnaqarası “böyük” Ermənistan 16 noyabrda dövlət sərhədinin Laçın-Kəlbəcər istiqamətində törətdiyi təxribatlar zamanı növbəti dəfə layiqli cavabını aldı.

Beləliklə, Qarabağda Azərbaycanın Dəmir Yumruğunun altında əzilən Ermənistan Zəngəzur istiqamətində də Azərbaycanın böyük gücü ilə qarşılaşdı və anladı ki, indiyə qədər mif kimi uydurulmuş “məğlubedilməz Ermənistan” əslində yoxdur, sadəcə güclü Azərbaycan var və onun ölkəsi, onun ordusu Azərbaycanın passionar gücü qarşısında duruş gətirmək, müqavimət göstərmək iqtidarına malik deyil.

Məhz bu həqiqəti dərk etdiyinə görə Nikol Paşinyan dünən parlamentin “hökumət saatı”ndakı çıxışı zamanı, bu gün isə hökumətin iclasında verdiyi açıqlamalarda Ermənistanın Azərbaycanla sülh danışıqlarına hazır olmasından, Rusiyanın təqdim etdiyi sərhədlərin delimitasiyasına dair təkliflərin Ermənistan üçün məqbul olmasından danışdı. Başqa sözlə desək, Ordumuzun qətiyyətli cavab zərbələri Ermənistanın avantürist baş nazirini realist düşünməyə, konstruktiv mövqe nümayiş etdirməyə vadar etdi.

İkinci Qarabağ müharibəsindən sonra onsuz da dərin mənəvi-psixoloji böhrana girmiş erməni cəmiyyəti bu son döyüşlərdən sonra ümumiyyətlə iki əks düşərgəyə, əks qütbə bölünüb. İndi erməni cəmiyyəti bütünlüklə nifrətə təslim olub. Müharibə tərəfdarları (revanşistlər) ilə müharibədən və siyasi xaosdan bezənlər arasında antoqonizm və düşmənçilik pik həddə çatıb. Erməni cəmiyyəti hazırda əsl “barıt çəlləyi”ni xatırladır. Üstəgəl hakimiyyətyönlü KİV-in və Anna Akopyanın apardığı anti-Rusiya məzmunlu təbliğat son günlər erməni cəmiyyətində nifrətin dozasını bir qədər də artırıb. Bir-birilərinə qarşı dərin nifrət bəsləyən ermənilər, eyni zamanda Rusiyaya da nifrət edirlər. Onlar həm 44 günlük müharibənin gedişində, həm də ümumən son bir il ərzində baş verən insidentlər, təxribatlar zamanı Rusiyanı Ermənistana lazımi qədər kömək etməməkdə ittiham edirlər.

Bir sözlə, ermənilər ard-arda üzləşdikləri məğlubiyyətlərin obyektiv səbəblərini soyuq ağılla təhlil etmək və nəticələri qəbullanmaq əvəzinə, əksinə, hələ də yorulmadan “günah keçisi” axtarırlar. Ümumiyyətlə, erməni cəmiyyəti özünütənqid hissindən tamamilə məhrum olub. Ona görə də ermənilər ötən bir il ərzində nə baş verdiyini hələ də düzgün dəyərləndirə bilmirlər. Bu isə erməni xalqını sürətlə özünüməhvetmə stadiyasına sürükləyir. 16 noyabr döyüşlərinin nəticələri bu prosesi daha da sürətləndirdi. Odur ki, Paşinyanın belə bir cəmiyyəti, belə bir ölkəni yaxın gələcəkdə məğlubiyyət sindromundan xilas etməsi mümkünsüz olacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Ramil Həsən kirayə pulu alır. Bəs, bu ev kimindir? - VideoBu günün qəhrəmanları bəlli oldu. Onlar millət vəkilləri Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Vüqar İsgəndərov, Şahin Seyidzadə, Ramil Həsən, Anar Məmmədov, Emin Hacıyevdir.

Yəni 10 deputat. Bu deputatların yaşamağa mənzilləri yoxmuş və MM-dən aylıq kirayə pulu alırlarmış. Həm də nə qədər? 220 manat.

Bu deputatların doğrudanmı 220 manat kirayə puluna ehtiyacı var?

Siz inandınızmı?

Bunlarla bağlı yəqin ki, jurnalist araşdırmaları olacaq. Ancaq bizim üçün maraqlı olan Ramil Həsəndir, çünki adı mediada həddən artıq çox hallanıb.

Ramil Həsən moldovalı biznesmenin xanımı ilə ailə həyatı qurduqdan sonra ümumiyyətlə medianın gündəmində olub. Biznesmen övladını görmək üçün Bakıya gəlib, ona qızını göstərməyiblər, o da məhkəməyə şikayət edib, məhkəmə qərar çıxarıb ki, övladını biznesmenə göstərsinlər və Ramin Həsən məhkəmə icraçılarını evinə buraxmayıb və s.

Bu hadisələr barədə hər kəs məlumatlıdır. O da məlumdur ki, R.Həsən zərərçəkənin vəkili ilə kafedə danışarkən “idmançı görkəmli şəxslərlə” hərəkət etdiyi bəlli olmuşdu.

İcraçılar evinə gələrkən onun yaşam tərzi də bəlli olmuşdu, həm maşını da məlum.

Yeri gəlmişkən, bu deputatların istifadə etdikləri maşınların yarı qiymətinə Bakıda əla ev almaq olar.

Hər nəsə, Ramil Həsənlə davam edək və bu şəxsin necə bir evdə yaşadığını təkrar yada salaq.

Öz evi deyilsə, bu evdə kirayə haqqı nə qədər olar?

Kirayə mənzil bazarı haqda təsəvvürü olan hər kəsə bəllidir ki, bu cür evlərin (videosuna baxarsınız) kirayəsi aylıq 1000 manatdan başlayır və daha yuxarı gedir. Yəni Ramil Həsən 220 manata möhtacdırsa, onda niyə bu təmtəraqlı mənzildə kirayədə qalır? 1000 manat kirayəyə verirsə, demək, onun MM-in 220 manatına ehtiyacı olmamalıdır.

Və yaxud, moldovalı biznesmenin övladını özünə göstərməyəcək və icra məmurlarını qapıdan qovacaq imkanlara sahib bir millət vəkili 1000 manat kirayə verincə, deputatların kifayət qədər iri maaşını göstərib də, ipoteka ilə mənzil ala və ayda 400-500 manat ödəyə bilməzmi?

Videoya baxın, gerisini özünüz də yaxşı bilirsiniz...

Axar.az
İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilibİctimai Nəzarət Mərkəzinin 17 noyabr 2021-ci il tarixində “Ekologiya, ətraf mühit və insan sağlamlığı” mövzusunda onlayn konfrans keçirilib. Konfransda bir sıra dövlət qurumları, QHT və KİV nümayəndələri iştirak edib.

İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni iştirakçıları salamlayaraq tədbiri açıq elan edib və 16 noyabr 2021-ci il tarixində erməni təxribatı nəticəsində aparılan döyüşlərdə şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyib. Daha sonra dünyada, eləcdə də ölkəmizdə mövcud olan ekoloji problemləri, bu problemlərin həlli üçün keçirilən tədbirlər, islahatlar barədə iştirakçılara məlumat verib. Konfransda məruzəçi qismində çıxış edən Müstəqil Ekoloji Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynallı öz məruzəsini tədbir iştirakçılarına təqdim edərək yaranan ekoloji problemlərin əsas məğzini izah edib.

Konfrans müddətində bir sıra dövlət qurumları və QHT nümayəndələri - Biosfer İB-nin sədri Qorxmaz İbrahimli, Sağlamlıq və Termal Turizm İB-nin sədri Ruslan Quliyev, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gündüz Müsrəlov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Hüseynov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Günel Məlikova, ASAN Xidmətin nümayəndəsi Səkinə Həsənova, Ekoloji Maarifçilik və Monitorinq İB-nin sədri Qəmzə Yusubova, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İB-nin sədri Əhməd Abbasbəyli, ATXƏM-in sədri İlham İsmayılov, İnkişaf və Rifah Naminə İB-nin sədri Zəminə Səfərova, Səyyah (TSTT – RİTM) MMC-nin rəhbəri Qurban Dostəlizadə, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Sabit Tahirov, Dövlət Gömrük Komitəsinin nümayəndəsi Elçin Rüstəmov, Şirvan Regional QHT Resurs və Təlim Mərkəzini sədri Əli Mirzəyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Səhid ailələri İB-nin sədri Mehdi Mehdiyev çıxış edərək öz fikir və təkliflərini bildirib.

Yekunda Telman Zeynallı verilən sualları cavablandırıb və ekoloji problemlərin həllinə dair öz təkliflərini irəli sürüb. Rauf Zeyni tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və İctimai Nəzarət Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıb.





İcra başçısının polkovnik oğlu işdən çıxarıldıFövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi rəis müavinini vəzifəsindən azad edib.

Nazirin müavafiq əmri ilə Cənub Regional Mərkəzinin rəis müavini, polkovnik Seymur Qaraşov işdən azad olunub.

Onun hələlik hansı quruma təyinat alması barədə məlumat yoxdur.

Qeyd edək ki, Seymur Qaraşov Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.(qaynarinfo
Dələduzluğu Rafael Cəbrayılov yox, qardaşı törədib - Sabiq deputatın arvadıBakı Ağır Cinayətlər Məhkəməsində həbsdə dünyasını dəyişən sabiq deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Modern.az-ın məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə R. Cəbrayılovu hüquqi varisi qismində həyat yoldaşı Aidə Cəbrayılova təmsil edib.

A.Cəbrayılovanın nümayəndəsi İlqar Kamızov çıxış edərək bildirib ki, iş üzrə zərərçəkmişlər dindirilsin. Zərərçəkmişlərin ifadələri dindiriləndən sonra mövqelərini bildirəcəklər.

A.Cəbrayılova çıxış edərək qeyd edib ki, şikayətlər Rafael yox, Elşən barəsində olub. "İstintaqda bu nəzərə alınmayıb. Kamran Əliyev də məktubunda qeyd edib ki, buradakı cinayət faktlarını qardaşı Elşən Cəbrayılov törədib. Xahiş edirik ki, məhkəmə bunları nəzərə alsın" - deyə, A.Cəbrayılova bildirib.

Zərərçəkənin nümayəndəsi Kamandar Nəsibov bildirib ki, istintaqda da şikayətlər təkcə sabiq deputat barəsində deyil, həm də qardaşı Elşən Cəbrayılovdandır: "Biz işin geri qaytarılmasını istəyirik. Çünki bu cinayət işində ağırlaşdırıcı hallard var. Ona görə cinayət işi geri qaytarılmalı, Elşən Cəbrayılov da istintaqa cəlb olunmalıdır. Elşənin bu işdə böyük rolu var. Rafael müəllim dəfələrlə ofisimdə olub. O da mənə deyirdi ki, bu pulların əksəriyyəti Elşəndədir. Elşənin əmlaklarının çoxu xaricdədir".

Hüquqi varis gələn prosesdə geniş ifadə vermək üçün məhkəmədən vaxt istəyib.

Bu səbəbdən proses dekabrın 2-nə təyin edilib.

Qeyd edək ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.

Qanunun tələbinə görə, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.

Xatırladaq ki, Xatırladaq ki, Rəfael Cəbrayılov dələduzluda təqsirli bilinib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2005-2019-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinin III, IV və V çağırışları üzrə deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

İstintaqla Rafael Cəbrayılovun Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olarkən ayrı-ayrı şəxslərə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi barədə çıxarışın alınmasında köməklik göstərəcəyi, eləcə də digər məqsədlərlə yalan vədlər verərək cəmi 11 nəfər şəxsin ümumilikdə 2 milyon 571 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə, həmin hərəkətləri ilə də deputatının işgüzar nüfuzunun qorunub-saxlanılması ilə əlaqədar dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rafael Cəbrayılova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə- ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin bir neçə prosesi davam edib. Bu il sentyabrın 30-da R. Cəbrayılov koronavirusdan müalicə olunduğu Yeni Klinikada vəfat edib.
Ermənistan ikinci Qarabağ müharibəsindən ibrət dərsi almalıdır - TanoliNoyabrın 16-da Ermənistanın Azərbaycan hərbçilərinə hücumu nəticəsində 7 hərbçinin həlak olması, bəzi əsgərlərin yaralanması təxribat və təcavüzdən başqa bir şey deyil. Bu cür hücumlar Qafqaz regionunda sülhü və sabitliyi pozacaq. Bu, erməni hərbçilərinin aqressiv zehniyyətindən açıq şəkildə xəbər verir.

Avrasiya.net xəbər verir ki, bunu Azerforum.com-a Gənclər Diplomatiyası Forumunun prezidenti və Pakistan, Azərbaycan, Türkiyə gənclər forumunun rəhbəri Musavar Hamid Tanoli deyib.

Tanoli qeyd edib ki, bu, 44 günlük müharibədən sonra imzalanmış sülh müqaviləsinin işğalçı Ermənistan tərəfindən pozulmasıdır: "Bu, həm müharibə cinayəti, həm də regional sülh müqaviləsinin pozulması hesab olunur. Biz Ermənistanın bu qorxaq hücumunu qətiyyətlə pisləyirik. Ermənistan ikinci Qarabağ müharibəsindən ibrət dərsi almalıdır, əks halda bu Ermənistan üçün zərərlidir. Sülhməramlı qüvvələrin üzərinə də sülhü qorumaq və Ermənistanı hər cür hücumdan çəkindirmək məsuliyyəti var. Pakistan Azərbaycanın yanındadır və canını fəda edən şəhidlərimizə rəhmət diləyirik. Xəsarət alanların tezliklə sağalmasını arxulayırıq. Ermənistan atəşkəs razılaşmasını pozduğuna görə cavab verməlidir".
Sakinlərdən Prezidentə müraciət: Nərmini o öldürməyib!Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Avrasiya.net Teleqraf.com-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə Dondar Quşçu kəndinin sakinləri 182 nəfərin imzası ilə Prezident və Birinci vitse-prezidentə müraciət etdikləri məlum olub.

Onlar bu cinayət işi üzrə iki ilə yaxındır həbsdə olan İlkin Süleymanovun təqsirsiz olduğunu qeyd ediblər, bu işin diqqətdə saxlanmasını, əsl cinayətkarların tapılması üçün kömək istəyiblər.

Hakim məktubun cinayət işinə əlavə olunması barədə qərar qəbul edib.

Hakim Dadaş İmanov İlkin Süleymanovun atası İbrahim Süleymanovun Prezident, Birinci vitse-prezident, Baş prokuror, ədliyyə naziri, daxili işlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Ombudsman və digər qurumlara ünvanladığı məktubun mətnini də məhkəmədə elan edib.

İbrahim Süleymanov məktubda qeyd edib: “Hamıya məlumdur ki, evimizin yaxınlığında yanan meyiti oğlum İlkin Süleymanov görüb. Dərhal qonşulara xəbər verib və ətrafdakıların da köməyilə meyit söndürülüb. Həmin gün oğlumu baş verənləri ilk görən şəxs kimi polis şöbəsinə aparıb, bir daha buraxmayıblar.

Onun saxlanmasıyla bağlı heç bir sənədləşmə aparmadan dörd gün ona amansız, ölümcül işgəncələr veriblər. Onun başına vedrə keçirib, küt alətlərlə vurublar, toka veriblər, diz və əllərinin üstündən dubinka ilə döyüblər. Oğlum dözə bilməyib, onların istədiyi ifadəni imzalamağa razılıq verəndə - yanvarın 10-da onun tutulmasını rəsmiləşdiriblər. Ailəmizin müqavilə bağladığı vəkilin onunla görüşməsinə imkan verilməyib. Vəkil yalnız yanvarın 30-da onunla görüşə bilib. Onun müdafiə hüququ kobud şəkildə pozulub”.

Atasının sözlərinə görə, İlkin Süleymanovun işi üzrə məhkəməsində indiyə qədər olanlarda onun günahsız olduğunu göstərir:

“Bu cinayətin üstünün açılmasında ən çox maraqlı Nərminin valideynləri olmalıdır. Amma onlar cinayətin açılmasında yox, ört-basdır edilməsində maraqlı görünürlər. Məhkəmədə yalan və ziddiyyətli ifadələr verirlər, suallara dəqiq, düzgün cavab verməkdən yayınırlar.

Üç müxtəlif mənbədən əldə olunan sübutlarla (şəxsiyyət vəsiqəsi, tibb məntəqəsindəki qeydiyyat kitabçası) təsdiqlənir ki, Nərmin Quliyevanın qan qrupu IV olub. Meyitin ekspertizasının rəyinə əsasən, onun qanı isə II qrupdur. Meyitin boyu ilə Nərminin boyu uyğun gəlmir. Meyit 142 santimetrdən də uzun adama məxsusdur. Valideynlər tapılmış meyitə baxmaqda maraqlı olmayıb. Bunu özlərinin məhkəmədə verdikləri ifadələr də təsdiqləyir.

Bütün bunlar o meyitin Nərmin Quliyevaya aid olmasına ciddi şübhələr yaradır. Meyitin cinsiyyət orqanı yerləşən hissəsi xüsusi olaraq yandırılıb ki, bunun da nəticəsində ekspertiza onun təcavüzə məruz qalıb-qalmadığını müəyyənləşdirə bilməyib. Təhlillər göstərir ki, meyit orada yandırılmamışdan əvvəl də bir dəfə yandırılıb, sonra ora atılıb və orada ikinci dəfə yandırılıb.

Əks halda, meyit həm ön, həm də arxa hissədən eyni dərəcədə yana bilməzdi. Çünki bir tərəf üstündə atılmışdı. Üstəlik, təxminən 5 dəqiqə davam edən yanğın nəticəsində meyitin o vəziyyətə düşməsi də mümkün deyildi. Paltarlarla bağlı da ciddi ziddiyyətlər var. Valideynlərin hər biri uşağın əynində olan paltarlarla bağlı fərqli ifadə verir. O həddə yanmış meyitin üstündəki paltarların bir hissəsinin yanmaması da inandırıcı deyil”.

İbrahim Süleymanov məktubun sonunda əlavə edib ki, bütün bunlara baxmayaraq, oğluna bəraət veriləcəyinə, ədalətli qərar çıxarılacağına inamı çox azdır. Bu səbəbdən Prezidentdən kömək istəyir ki, bu işi nəzarətdə saxlasın: “Əsl cinayətkarların tapılması, qanunsuzluğa yol vermiş səlahiyyətli şəxslərin cəzalandırılması üçün bu işi diqqətdə saxlamağınızı xahiş edirəm”.

Hakimlər bu məktubun da cinayət işinə əlavə olunması barədə qərar verib.

Daha sonra məhkəmədə Nərmin Quliyevanın böyük bacısı Şəbnəm Quliyeva və kiçik bacısı Şəhanə Quliyeva ifadə verib:

“Biz bacım Şəbnəmlə məktəbdən gələndə Nərmin artıq evdə idi. O, bizdən təxminən yarım saat, 1 saat əvvəl gəlmişdi. Mən məktəbdən gələndən sonra yatdım, bir də axşam oyananda gördüm ki, evimizdə polislər var”.

Valideynləri məhkəmədə bildirib ki, Nərminin gödəkçə arxasınca əmisigilə gedib, geri qayıtmadığını görəndə onun nənəsi Minayəgildə olduğunu güman ediblər. Bu səbəbdən axşama qədər axtarmayıblar.

Lakin Şəhanə Quliyeva bildirib ki, Minayə nənəsigil xeyli uzaqda yaşayır. Onlar nənəsigilə anasından icazəsiz getməzdi. Həm də hava qaralana qədər qayıdırdılar.

Növbəti prosesi noyabrın 24-də davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Azərbaycanın ədalətli mövqeyini dəstəkləyirəm - Ərəb əsilli akademikİlk növbədə, mən qardaş Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyimi bir daha bəyan edirəm.

Bunu Azerforum.com-aərəb əsilli İordaniya və Rusiya vətəndaşı, akademik Məruan Musa Sudah noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində erməni ordusunun Azərbaycana qarşı təxribatına münasibətində bildirib.

Akademik deyib ki, insanların ölümü ilə bağlı xəbərləri eşitmək təəssüf doğurur: "Lakin Ermənistan rəhbərliyi sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində sağlam düşüncə və səmimiyyət nümayiş etdirsəydi, üçüncü qüvvələrin himayəsi ilə işğal etdiyi və ya qeyri-qanuni zəbt etdiyi hər şeyi Azərbaycan İrəvanda geri ala bilərdi. Rəsmi Bakı Qarabağ və qonşuluq məsələsində həmişə ədalətli mövqe nümayiş etdirib.

Mən ümid edirəm ki, Ermənistan rəhbərliyi cəsarət nümayiş etdirməklə Cənubi Qafqazda sülh, sabitlik və regional əməkdaşlığa can atan tolerant Azərbaycanla bütün ərazi məsələlərini həll edəcək. Axı məhz sizin ölkəniz 2020-ci il noyabrın 8-dək 200 il üçüncü qüvvələrin dəstəyi ilə erməni ekspansiyasından əziyyət çəkib".

Akademik bütün Azərbaycanın şəhidlərinə cənnət səltənəti, yaralı qardaşlarımıza şəfa diləyib.
Təqsirləndirilən şəxs: "Tədbirlər Vüqar Səfərlinin nəzarətində olurdu"Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ş.İbrahimov dindirilib.

O bildirib ki, inzibatçı kimi çalışdığı “Altun” restoranında KİVDF-nin iki tədbirini təşkil edib: "Restoranda 350-400 nəfərlik tədbirin keçirilməsi bizə tapşırıldı. Stolun biri 60 manatdan hesablanırdı. Dövlət tədbiri olduğu üçün Vüqar Səfərlinin nəzarətində olurdu. Mərasimdən sonra 15-20 nəfərlik yığıncaq olurdu. Tədbirin görünməyən tərəfində 80-100 nəfərlik stol açılırdı. Müğənnilərin və aparıcının gətirilməsi məsələsini isə onlara həvalə edirdik. Onlar tərəfindən hesabımıza daxil olan pulu götürmək səlahiyyətim yox idi".

Daha sonra digər təqsirləndirilən B.Fətullayev deyib ki, 2019-cu ildə “Xəmsə” restoranında icradar işləyib: "Tədbirlərlə bağlı tender elan edilməsini eşitdik. Elektron qaydada tərtib olundu və iştirak etmək üçün müraciət etdik. Tenderdə iştirak üçün pul ödəmişəm. Bizim mühasibatlıqda müqavilə imzalandı. Müqavilədə göstərilən bütün qaydaları lazımi qaydada yerinə yetirmişik. Mənə qarşı irəli sürülən ittihamda göstərilir ki, Təhminə Yaqubova və Vüqar Səfərlidən guya tədbirdən sonra nağd şəkildə ödəniş almışam. Bu ittihamı qəbul etmirəm. Orada qonaqlar var idi ki, menyuda olmayan yemək və içkilər sifariş edirdi, təbii ki, bunun da hesaba təsiri var idi. Mərasimdən öncə və ya sonra mənim Vüqar müəllimlə heç bir ünsiyyətim və sövdələşməm olmayıb".

Proses noyabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.