Hadrutda daha 3 erməni əsgərin meyiti tapıldıQarabağda aparılan axtarışlar nəticəsində daha 3 erməni əsgərin meyitinin qalıqları tapılıb.

Avrasiya.net xəbər verir ki, meyitlər Xocavənd rayonunda, Hadrut yaxınlığında aşkarlanıb.

Bununla da 14 noyabr 2020-ci ildən bəri aparılan axtarışlar nəticəsində Qarabağdakı döyüş meydanlarında tapılan erməni əsgər meyitlərinin sayı 1604-ə çatıb.

Axtarışlar Azərbaycan Ordusunun icazəsi ilə aparılır.
Gənclərin ölüm kabusu - "patı”, “şüşə”, “metamfetamin”, "kakos"...Aqil Acalov
Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti, iqtisadiyyat üzrə fəlsəfə doktoru


Son illər Azərbaycanda narkomaniyadan əziyyət çəkənlərin sayı artıb. Bunu statistik rəqəmlər də sübut edir. Statistikaya əsasən, 2000-2005-ci illər arasında bu bəladan əziyyət çəkənlərin sayı 14 min civarında idisə, son beş ildə 20 mindən yuxarı olub, hətta 2017-ci ildə 30 min 131, 2018-ci ildə isə 31 min 432 nəfər müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub

Son vaxtlar Azərbaycanda ölkədə “patı”, “şüşə”, “metamfetamin”, "kakos" kimi süni narkotik istifadəçilərin sayı durmadan artır. Ən pisi odur ki, yeniyetmələr, gənclər də bu şəbəkəyə cəlb olunur.

Müasir dünyanın bəlasına çevrilən bütün digər ölümlərin - qəzaların, xəstəliklərin və s. bərabərində bütün dövrlərin bəlası olan "Ağ ölüm" kimi ifadə etdiyimiz narkomaniya, təəssüflər olsun ki, hər zamankı kimi bu gün də aktualdır.

Narkomaniya tək bir cəmiyyətin deyil, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün bəşər övladlarının bəlasıdır və onunla mübarizə bütün bəşəriyyətin xilası üçün vacibdir.

İstər dünya iqtisadiyyatının, istər sosial sferaların, istərsə də bütün digər sahələrin təkanverici qüvvəsi insan amilidir. Məhz buna görə də bütün dövlətlərin əsas marağı insanların rifahının yaxşılaşdırılması və maraqlarının təmin olunmasına yönəlmişdir. Bütün bunlardan öncə isə insan amili dedikdə ilk növbədə ağıla gələn insanların sağlamlığıdır. Yalnız fiziki deyil, həm də mənəvi cəhətdən sağlam cəmiyyətin formalaşdırılması bütün dövlətlərin siyasətinin prioritet istiqamətlərindəndir.

Tarix boyu müəyyən dövrlərdə insanların kütləvi məhvinə səbəb olan müxtəlif xəstəliklər zaman-zaman olmuş və bütün dünya ölkələri onlarla mübarizəyə səfərbər olmuşlar. Lakin Narkomaniya insanların fiziki və mənəvi məhvinə səbəb olan bir bəla kimi bütün dövrlərdə aktual olaraq qalmışdır.

Artıq illərdir istər orta məktəblərdə təhsil alan şagirdlər, istər ali təhsil olacaqlarında gənclər, istərsə müxtəlif bu istiqamətli tədbirlərdə iştirakçılar qarşısında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, yaratdığı QİÇS və bir sıra başqa qorxunc xəstəliklər və bəlalar haqqında, eyni zamanda onların aradan qaldırılması barədə maarifləndirici məlumatlar verilir. Bu işdə həm cəmiyyətin ayrı-ayrı üzvlərinin, həm dövlət siyasətinin, həm də ictimai birliklər, qeyri-hökumət təşkilatlarının birliyi zamanla daha müsbət nəticələrin əldə olunmasını stimullaşdırır.

İlk növbədə isə ailə içindən fərdi olaraq buna təkan verməli, övladlarımızın sosial maraqlarına diqqət etməli, onları faydalı istiqamətlərə yönləndirməliyik. Onların fiziki və ya yaradıcı imkanlarına uyğun olaraq istiqamət verməklə sağlam həyat tərzi, düzgün həyat rejimini təmin edəcək maraq dairələrinin formalaşmasına dəstək olmalıyıq. Məsələn, müxtəlif idman sahələrinə maraq göstərən uşaqların fiziki üstünlüklərini nəzərə alaraq bu yöndə dəstək olmaqla, hər hansı yaradıcılıq qabiliyyəti olanları həmin sahə üzrə istiqamətləndirmək və ya ən sadə halda onlara hər hansı hobbi sahibi olmaqda maraq yaratmaqla mənəvi və fiziki sağlamlıqlarını möhkəmləndirmək üçün əyləncəli və maraqlı üsulların olduğunu təlqin edə bilər və beləliklə fərdi münasibətlərdən başlayaraq addım-addım bu və ya digər mübarizə metodları üzərindən birlik olub sağlam gəncliyin formalaşmasına və onları zərərli vərdişlərdən qorumağa nail ola bilərik.

Gənclərimizin fiziki sağlamlığının və mənəvi saflığının qorunması bütün cəmiyyət olaraq əsas qayğılarımızdan biridir.

Gələcəyimizi hər cəhətdən sağlam və uğurlu görmək ən böyük arzumuzdur, bu səbəbdən insan həyatını hər mənada iflic edən bu ümumbəşəri bəlaya qarşı mübarizədə hər zaman birlik göstərməli və qətiyyətli olmalıyıq!
İntihar edən polis rəisinin qohumları ŞOKDADIR: Bir neçə gün əvvəl küçədə…İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.

Virtualaz.org polkovnik-leytenant Rahib Mirzəyevin intiharının mümkün səbəblərini öyrənmək üçün onu yaxından tanıyan bəzi adamlarla söhbətləşib. Onların hamısı Mirzəyevi dürüst, təvazökar və layiqli zabit kimi xarakterizə ediblər.

Yaxın tanışlarından biri belə deyib: "Mən bir neçə gün əvvəl Rahibi təsadüfən küçədə görmüşdüm. Əhvalı yaxşı idi, sağlam görünürdü və heç bir borcu, xidmətdə heç bir problemi yox idi. Rahib nümunəvi ailə başçısı idi, onun iki övladı - bir oğlu və bir qızı var. Doğrudan da intihar edibsə, bizim hamımız üçün əsl şok oldu”.

Virtualaz.org əməkdaşı mərhumun yas məclisində də olub. Orada polis bölməsi rəisinin yaxın tanışları, qohumları toplaşıb. Jurnalist toplaşanlardan bir neçəsi ilə söhbətləşsə də, onların hamısı faciə barədə anlaşılmazlıq içərisində olublar. Heç kim zabitin nədən intihar etdiyini bilmir… (Virtualaz.org)
Şüvəlanda 2 oğlan, 1 qız dənizdə boğulduFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Avrasiya.net-ə bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarış işlərinə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, hadisə "Şüvəlan" sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazidə baş verib.

Həyata keçirilən tədbirlər nəticəsində 1990-cı il təvəllüdlü İbrahim Rafiq oğlu Əliyev, 1995-ci il təvəllüdlü Asim Azər oğlu Əliyev və 1995-ci il təvəllüdlü Nuranə Vəli qızı Məmmədovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Yevlax 26 yaşlı gənc itkin düşdü - FOTOYevlax sakini itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Elvin Hüseynli itkin düşüb.

Bildirilib ki, onunla ailəsi sonuncu dəfə iyul ayının 3-də Bakı şəhərində olarkən əlaqə saxlayıb. Həmin vaxtdan sonra E.Hüsyenlidən heç bir məlumat yoxdur.

26 yaşlı E.Hüseynlinin əlamətləri: gözlərinin rəngi qəhvəyi, üzü seyrək tüklü, idmançı bədən quruluşlu, ortaboyludur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Ramin Hacılı həbs olunduAzərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı həbs olunub.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, R.Hacılı Baş Prokurorluğun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

O, Almaniyadan deportasiya olunan Azərbaycan vətəndaşlarının ifadəsi əsasında həbs olunub.
Müharibədə itkin düşən kapitanın nəşi tapıldıAzərbaycan Odusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, 9 aydır itkin düşən kapitan Əkbər Bəylər oğlu Pənahovun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

O, Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Şəhid iyulun 12-də Bakıda dəfn ediləcək.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub.

Allah rəhmət eləsin!
Kürdə meyiti tapılan şəxs Vətən müharibəsi iştirakçısı imişKür çayının Salyan rayonundan keçən hissəsində kişi meyiti aşkarlanıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, meyiti tapılan şəxs rayon sakini, 2001-ci il təvəllüdlü Murad Əsəd oğlu Nəcəfovdur.

O, Vətən müharibəsi iştirakçısıdır. İyul ayının 1-də həqiqi hərbi xidmət müddətini başa vuraraq geri dönüb.
Hesablama Palatası YAP-da yoxlamalara BAŞLADIHesablama Palatası Yeni Azərbaycan Partiyasında (YAP) yoxlamalara başlayıb.

Palatadan faktı təsdiqləyiblər.

Həmçinin bildirilib ki, yoxlamalar YAP-ın rayon təşkilatlarını da əhatə edəcək.

Qeyd edək ki, bu barədə ilk məlumatı Unikalorg yayıb. Məlumata görə, yoxlamalar partiyanın 5 illik fəaliyyəti dövrünü əhatə edir. Palata bu dövr ərzində YAP-ın fəaliyyətini təftiş edəcək.

Həmin dövrdə məsul şəxslər YAP-ın icra katibi Əli Əhmədov və onun müavini, hazırda Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri olan Siyavuş Novruzov, maliyyə və təsərrüfat şöbəsinin müdiri isə Mahir Abbasəliyev olub.

Hesablama Palatası ilk dəfədir ki, Yeni Azərbaycan Partiyasında yoxlamalar həyata keçirir.modern.az
“Relax”da meyiti tapılan çayçının atası danışdı: “Oğlumu öldürüblər”Xəbər verdiyimiz kimi, Lerikdə yerləşən “Relax” istirahət mərkəzində çayçı işləyən Lənkəran rayonunun Təngivan kənd sakini 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti tapılıb. Onun meyiti təxminən istirahət mərkəzindən 20 metr aralıdakı çayda aşkar edilib.

Avrasiya.net APA TV-yə istinadən xəbər verir ki, mərhumun atası Hüseyn Sücayev oğlunun silahla öldürüldüyünü iddia edib: “Onun ayaq izlərini gördüm. Ordan sürüşüb birbaşa daş üstə düşmək mümkün deyil. Ona zərbə vurulub və sonra sürüşüb. Sonra düşüblər aşağı. Onu tək heç kim öldürə bilməz. Oğlum idmançı uşaq idi, onu ancaq silahla öldürmək olar”.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Relax" istirahət mərkəzi Lerikin deputatı İqbal Məmmədovundur.

Xatırladaq ki, "Relax" istirahət mərkəzi 2019-cu ildə ciddi qalmaqalla gündəmə gəlmişdi. Belə ki, 2019-cu ilin avqustunda istirahət mərkəzini işlədən deputatın oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və bacısı oğlu Pərviz Vergilər Nazirliyinin əməkdaşlarına hücum çəkərək onları döymüşdü.