170 min nəfərə yenidən 190 manat veriləcəkDünya Bankı Azərbaycanda COVID-19-la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır.

FED.az xəbər verir ki, “Azərbaycanda COVID-19-a təcili reaksiya Layihəsi” bu ilin sentyabrında işə düşəcək.

Ümumi məbləği 95 milyon dollar olan layihə bütünlükdə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Onun icraçıları isə İcbari Tibbi Sığorta Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir.

Layihə çərçivəsində atılacaq əsas addımlardan biri əhalinin həssas və aztəminatlı təbəqəsinə - ailələlər və ayrı-ayrı şəxslərə müvəqqəti dəstək vermək və onlara ödənişlər etməklə bağlıdır.

Layihə çərçivəsində işsizliyə görə ayrıca ödənişin verilməsi nəzərdə tutulur. Bu birdəfəlik ödəniş olacaq, məbləği isə 190 manat (111 dollar) təşkil edəcək.

Həmin ödəniş işsizə çevrilən və Dövlət Məşğulluq Xidmətində qeydə alınan 170 min vətəndaşa veriləcək.

Qeyd edək ki, hökümət artıq 2020-ci ildə (aprel-iyun aylarında) ölkədə 600 min nəfərə 190 manatlıq işsizlik müavinəti ödəyib. Bu dəstək pandemiya nəticəsində işini itirən rəsmi və qeyri-rəsmi çalışanlara ödənilmişdi.

Dünya Bankının layihəsi də həmin 600 min nəfərdən 170 min nəfərinə 190 manatlıq birdəfəlik ödənişi nəzərdə tutur.(axar.az)
Balakəndə polis özünü güllələdi - RəsmiBalakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avrasiya.net-ə bildirilib ki, hadisə iyunun 21-i saat 19 radələrində baş verib.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.
Ölkəmizdə koronaya yoluxanların sayı kəskin azaldıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 599 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 959 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 115, ötən müddət ərzində isə ümumilikdə 3 680 977 test aparılıb.
Bu şəxslər Azərbaycan vətəndaşlığına qəbul edildiPrezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 11 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri vətəndaşlığa qəbul edilib.

Avrasiya.net xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib.

O, Azərbaycanın yeni vətəndaşlarını təbrik edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı sərəncamların icrası olaraq, bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

Xatırladaq ki, bundan əvvəl - bu ilin mart ayında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən daha 20 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib.

Həmçinin ötən ilin sonunda Tovuz döyüşlərində şəhid olan və Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş Mirzəyev İlqar Anzor oğlunun anası - Mirzəyeva Gülnar Abdulla qızı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş Əliyev Romir Rəşadət oğlunun anası - Əliyeva Miroslava Petru qızı və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Məmmədov Rafiq Sahibulla oğlunun anası- Rotar Ana Andreyevna da vətəndaşlıq alıblar.
Bir Yusif dayı vardıBir Yusif dayı vardı. Ağbabanın Düzkənd kəndində doğulmuşdu. Ünlü el şairi Aşıq Heydərin nəvəsi idi. Yusif dayı məktəb, təhsil görməsə də olduqca yaddaşlı, xoşrəftar, mehriban bir şəxsdi, elmə, təhsilə maraqlı adamdı, uşaqlarının çoxu ali təhsil almışdı. Yusif dayının gözəl avazı, yaxşı səsi vardı. Onun aşıqlar sayağı oxumağı, nanay, tırınqı, qımqımı deməsi ayrı bir aləmdi. Adətən həmişə kişinin oğlu Əbülfət Heydərlə Sumqayıta – Yusif dayıya baş çəkməyə gedərdim. O da ötəndən-keçəndən söz açardı. Hacabbas oğlu Kərbəlayi Məhəmməd bəydən, Mahmud ağadan, Qaçaq Yusifdən, Aşıq Heydərdən danışar, arada bir yanıqlı səslə Aşıq Heydərdən də oxuyardı. Məşədi Rəcəblə Qaçaq Yusifin dostluğundan, Aşıq Heydərlə Mahmud ağanın xoş münasibətlərindən dönə-dönə danışmaqdan doymazdı. Ağbaba adı gəlincə gözləri dolardı. O saat bayatıya başlayardı:

Ağbabada quzu var,
Quzuların küzü var.
Görüm çıxsın o gözü,
Kimin səndə gözü var.

Yusif dayının sinəsində qatı açılmamış bir kitab vardı. Hayıf ki, bu kitabı biz çox vərəqləyə bilmədik.
Yusif dayı Çıldırdan, Axırkələkdən, Qarsdan yana-yana danışardı, tez-tez qəhərlənərdi.
– Çox adam Çıldır, Qars həsrətindən dünyasını dəyişdi. Əlimizdən Ağbaba da çıxdı, onun həsrəti də bizi sıxdıqca sıxdı. Deyirəm:

Fələk verdi bu dərdi,
Bizimki dərd-kədərdi.
Ağbabaya həsrətəm,
Bu da belə qədərdi.

Pərdə enib gözümə,
Qəm çökübdü üzümə.
Dərdim sıxdıqca sıxır,
Gücüm çatır özümə.

Könül, xəyal atında,
Göyün yeddi qatında.
Ürəyimə bir su səp,
Yandım dərdin odunda.
Bizim o dağlar hanı,
O gözəl bağlar hanı?
Könül, yaxşı bilirsən,
Yusif tək ağlar hanı?

Yusif dayının yaşı doxsana üz tutmuşdu. Onunla görüşmək, bu nurani kişinin söhbətinə qulaq asmaq ayrı bir tamaşa, yaddan çıxmayan anlardı.
Bir gün bir ağır xəbər içimi tərpətdi, məni qəhərləndirdi. Dedilər Yusif dayı vəfat edib.

Bu dünyanın pozulmaz bir qanunu var: gələn gedir, dünyada baqi qalan olmaz. Yusif dayı da köçüb getdi, şirin xatirələrini, yaxşı adını qoyub getdi, adını sinədəftərlər kitabına həkk etdirdi. Qəhərləndim, bir neçə kəlmə gəldi dilimə:

– Bir Yusif dayı vardı... Adını onu tanıyanların ürəklərinə həkk etdirdi, getdi. Ruhu şad olsun.

Tacir SƏMİMİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

Anomal istilərlə bağlı xəbərdarlıqEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti anomal istilərlə bağlı xəbərdarlıq yayıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə aran rayonlarında 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
“Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyirik"“Qeyd etmək istərdim ki, Pakistan bizim torpaqlarımızın işğalı səbəbindən Ermənistanı tanımayan və Ermənistanla diplomatik əlaqələr qurmayan az sayda ölkədən biridir”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Quru Qoşunları komandanı ordu generalı Qamar Caved Bacvanı qəbul edərkən deyib.

O bildirib ki, bu, ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha bir nümayişidir: “Azərbaycan xalqı bunu bilir. Biz hər zaman Azərbaycanı kimin dəstəklədiyi və müharibə zamanı bizi kimin dəstəklədiyi barədə mesaj veririk. Ona görə də bütün şəhər və ölkə boyu Pakistan bayraqlarının olması təəccüblü deyil, bunun nəticəsində ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq güclənəcək. Bildiyiniz kimi, Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik”.


Seyidov AŞPA-nı sərt tənqid etdiAvropa Şurasının fundamental hüquqlarından olan söz azadlığından birtərəfli məlumatların yayılması üçün istifadə edirlər.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov qurumun bu gün öz işinə başlayan yay sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Büronun fəaliyyətinə həsr olunmuş hesabatda AŞPA-nın sonuncu sessiyasından etibatən baş verən ən əlamətdar hadisələr yer almalıdır:

"Bununla belə, iyunun 12-də Azərbaycanla Ermənistan arasında baş verən razılaşma haqqında burada heç bir məlumat verilmir. Bu razılaşma nəticəsində Azərbaycanın Ağdam rayonundakı mina sahələrinin xəritəsi Ermənistan tərəfindən Azərbaycana təqdim edilib və bunun əvəzində bir sıra erməni əsir azad edilib. Lakin bunun əksinə olaraq, əsirlərə qarşı humanitar hüquqa zidd şəkildə rəftar olunması haqqında yoxlanılmamış, yalan məlumatlar verilir. Yəni birtərəfli məlumatlara rast gəlirik. Fundamental hüquqlarımızdan olan söz azadlığından birtərəfli və yoxlanılmamış məlumatların yayılması üçün istifadə edilməməlidir. Məsələlər tam şəkildə öyrənilməlidir. İki ölkə arasında barışığın yaranmasına çalışılmalıdır".
Ermənilər Tovuzda nələr planlayırmışlar?Jurnalist Aqşin Kərimov ötən ilin yayında ermənilərin Tovuz təxribatı ilə bağlı maraqlı məlumatlar yayıb.

Avrasiya.net xəbər verir ki, o, həmin vaxt hadisələrin içində olub və gördüyü bir sıra hadisələri işıqlandırmaq qərarına gəlib. Yazını olduğu kimi təqdim edirik:

Tovuz döyüşlərinin ildönümü yaxınlaşır, bu zamana qədər yazmadığım və hamı ilə bölüşmədiyim, ayrı-ayrılıqda kiçik detal kimi görünən, lakin böyük təhlükə yaratmağa hesablanan şəbəkə işi barədə gəldiyim qənaətləri bölüşəcəyəm.

Yazacaqlarım hamısı baş verənlərdir, mən ayrı-ayrı detalları birləşdirib onların hamısının eyni zəncirin həlqələri olduğunu çatdırmağa çalışacağam.

İyulun 14-də səhər tezdən çətinliklə Ağdam kəndinə giririk, şiddətli artilleriya atəşləri başlayır, polis digər jurnalistləri ərazidən çıxarsa da, biz üç nəfər orada qalırıq, necə deyərlər “həyasızlıq” edərək ərazidən uzaqlaşmayacağımızı qəti şəkildə bildiririk.

Günorta saatlarında Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin keçirəcəyi məlum brifinqdə iştirakımızın vacib olduğu tapşırığını alırıq, gedirik.

Kərim Vəliyev kövrəlsə də, general qüruruna sığışdırıb özünü ağlamaqdan güclə saxlayır, dimdik duraraq, qəhər onu boğa-boğa Polad Həşimov və polkovnik İlqar Mirzəyevdə daxil olmaqla yeddi şəhid olduğunu deyir. Daha sonra digər şəhid olan hərbçilərin də siyahısı bizə təqdim edilir.

Əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarətindədir, bunu öz gözümüzlə də görürük, bununla belə Ermənistan artilleriya qurğularından atəşlərini davam etdirir.

Hərbçilərdən biri ilə söhbətləşirəm, çətinliklə də olsa, bəzi məlumatları alıram. Mənbəm deyir ki, hazırki məqamda çətin olan Ermənistan silahlı bölmələrinin Azərbaycanın mövqelərini atəşə tutan artilleriya silahlarının yerini müəyyənləşdirməkdir. Bununla belə həmin silahların əsas toplandığı məntəqəsinin tapılıb məhv ediləcəyini də əminliklə qeyd edir.

Hərbi mənbəmlə söhbətdən təxminən üç saat keçdikdən sonra artilleriya atəşləri kəsilir. Sən demə Ermənistanın atəş açdığı əsas məntəqə müəyyənləşdirilərək məhv olunub.

Müdafiə Nazirliyi məlumat yayır ki, Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Hərbi mənbəmin əminliklə dediyi öz təsdiqini tapdı, içimizdə sevinc var, amma təhlükə də qalmaqdadır.

İndi isə informasiya cəbhəsinin yarılmasında biz jurnalistlərin ağır artilleriya rolunu oynadığını başa düşüb, Qaraqaya yüksəkliyinin Azərbaycanda olması faktını çatdırmaq üçün üzərimizə düşən yükün ağırlığını qaldırmağa çalışırıq.

Bu vaxt xəbər gəlir ki, Dondar Quşçu kəndinə mərmi atılıb, ev tamamilə yararsız hala düşüb.

Mənlə fotoqrafımız Ramil Zeynalov gedirik, mərmi düşən evləri və ya həyətləri bir-bir gəzirik, amma bu mərmilər Dondar Quşçu sakinlərinin ümidlərini və vətənpərvərlik hisslərini dağıda bilməyib.

Dondar Quşçudan Tovuz rayonunun mərkəzinə qayıdırıq, hiss edirik ki, havadan barıt qoxusu çəkilməyib, çünki Ermənistan silahlı bölmələri yenidən artilleriya atışlarına başlayır.

Tovuz rayonunun mərkəzinə gəlib, buradan yenidən Ağdama yol almaq istəyirik, bu sırada Tovuzda guya briqadanın və xəstəxanın vurulması barədə məlumatlar rayon ərazisində sürətlə yayılır, bu xəbəri “VAZ2106” markalı avtomobildən düşən gənclərdən biri həyəcanla deyir: “Briqadanı vurdular, mərmi düz yanımıza düşdü, maşının üstünə düşdü” kimi həyəcanlandırıcı sözlər deyir, səsinin tonuna güc verir. Hədəf kimi jurnalistləri göstərir, deyir ki, çəkib göstərməsəydilər vurmayacaqdılar, media əhlinin ünvanına olmazın söyüşlər söyür. Daha sonra avtomobilə oturub sürətlə həmin ərazidən uzaqlaşır.

Mən və Ramil Zeynalov həmin əraziyə getməyə cəhd edirik, amma polislər yolu bağlayıb, nə qədər çalışırıqsa, bizi əraziyə buraxmırlar. Ara-sıra mərmi səsləri də eşidilir, bu isə polisləri daha sayıq olmağa vadar edir. Yayılan məlumatların isə dəqiqləşdirilməsinə ehtiyac var.

Həmin vaxtda isə kimsə guya Tovuza 200 erməninin daxil olması kimi saxta xəbərləri dövriyyəyə buraxılır.

Qulaqlarımız polisin əlindəki rabitə cihazındakı yüksək səslə verilən əmri eşidir, əmr gəlir ki, təcili həmin məlumatı yayan şəxs tapılsın.

Bir az keçdikdən sonra isə “WhatsApp”da səs yazısı yayılır – yəqin ki, siz də həmin səsi eşitmişdiniz və təəccüblənirəm. Hissiyatım və ağlım mənə deyir ki, bu səs “Jiquli”dən düşüb qışqırıqla həmin yalan xəbəri çatdıran şəxsin səsidir.

Saxta məlumatların Ermənistanla nə qədər əlaqəsi var, həmin zaman analiz etmək çətindir, bunu xüsusi texnologiyalar vasitəsilə müəyyən etmək mümkündür, amma məntiq və analizlərimiz belə deyir ki, bu informasiyalar Ermənistanın maraqlarına uyğundur.

İndi gəlin, hadisəni çözməyə çalışaq: Birincisi, həqiqətən də, Tovuz rayonuna yaxın əraziyə mərmi atılmışdı, çünki ermənilər bilirdilər ki, Kərim Vəliyev Tovuzdadır, hədəf briqadanı vurmaq idi.

Ermənilər düşünürdü ki, mərmi hədəfə dəysə, bundan sonra ikinci generalın şəhid olmasını Azərbaycan cəmiyyəti həzm edə bilməz, yəni bu, ciddi etirazlar başlatmağa hesablanmışdı.

Həmin anda o, “Jiquli”dən düşən oğlan isə Azərbaycana qarşı qurulan kəşfiyyat oyununda rol almışdı, yalandan deyirdi ki, mərmi düz yanlarına düşdü, əsgərlər, şəhid oldu.

Paralel olaraq, 200 erməninin guya Tovuza daxil olması xəbərləri…

Bu məlumatların yayılmasında hədəflər:

Azərbaycanda ictimai rəyi azdırmaq, Tovuz əhalisində panika yaratmaq və əhalinin rayondan çıxarılmasına nail olmaq – amma bu plan da uğursuzluğa düçar olur.
İnformasiya müharibəsində yerli mediaya qarşı nifrəti körükləmək.
Çünki yerli media məhz Ermənistanın Qaraqaya ilə bağlı yalanlarını ifşa etmişdi, Qaraqayanın Azərbaycanda olmasını sübut edən video və fotolar paylaşılmışdı, məntiq və faktlarla zəngin yazılar dərc olunmuşdu.

Lakin şəbəkə istəyinə qismən nail oldu, yerli camaatın həmin zaman media nümayəndələrini görməyə gözü yox idi.

Bunu edənlərin birbaşa Ermənistan olduğunu düşünmək olmaz, bu, Azərbaycana qarşı qurulan böyük şəbəkənin işi idi. Bu şəbəkədə Ermənistan kimlə hərəkət etmişdi? Bəllidir ki, birbaşa olaraq Rusiyanın Azərbaycandakı agentura şəbəkəsi bu işə misilsiz xidmətlərini sərf etmişdilər, amma bütün məqsədləri fiaskoya uğradı…

P.S Məni həmin zaman Polad Həşimovun şəhid olmasından sonra ən çox kövrəldən bilirsiniz nə idi? Tovuzda, öz qızım yaşda bir qız darvazadan başını çıxararaq ağlayırdı: “Qorxoramm, ermənilər aterrlarr” deyirdi. Öz qızım göz önünə gəldi, başını sığalladım, dedim qorxma, hər şey yaxşıdır.

Rus sülhməramlılarına Qarabağda daha bir şəhərcik tikildiQarabağdakı rus sülhməramlıları üçün daha bir blok-modul qəsəbə tikilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, Xankəndidə Rusiya sülhməramlı kontingentinin xüsusi təyinatlı tibb vahidinin blok-modul şəhərciyi tikilib. Düşərgəyə yaşayış və inzibati, sanitariya-epidemioloji və xəstəxana şöbələri, əməliyyat bölməsi, ambulatoriya və təcridxana daxil olmaqla, yüz yetmiş iki modul daxildir.

“Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun rəhbərliyi və Rusiya Müdafiə Nazirliyinin maddi-texniki orqanlarının birbaşa iştirakı ilə Qarabağdakı Rusiya hərbi işçiləri üçün rahat, müasir yaşayış şəraiti yaratmaq üçün ən qısa müddətdə 250, 60, 40, 30 və 15 nəfərlik olmaqla, ümumilikdə 30 blok-modul qəsəbə salınıb”, - məlumatda qeyd edilib.

Axar.az