Üç qardaş ölkənin nazirləri bəyannamə imzaladıYanvarın 13-də İslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qüreyşinin dəvəti, Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirilib.

Bu barədə Avrasiya.net-ə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüşün yekunlarına dair bəyannamə imzalanıb. Bəyannamədə deyilir:

“Nazirlər, üç ölkə arasında mövcud olan qardaşlıq, tarixi və mədəni bağlara, qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi əlaqələri vurğulayaraq;

Siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran bütün sahələrdə 30 noyabr 2017-ci il tarixində Bakıda keçirilmiş ilk üçtərəfli görüşün nəticəsində qurulmuş əməkdaşlığın bundan sonra da dərinləşdirilməsini arzu edərək;

Pakistan, Türkiyə və Azərbaycanın öz bölgələrində sülhün, sabitliyin və inkişafın təşviqi və xalqlarının daha geniş ərazidə bu idealları ortaq firavanlıq və təhlükəsizlik naminə daha da inkişaf etdirmək üçün qarşılıqlı istəklərinə verdiyi əhəmiyyətli töhfələri nəzərə alaraq;

Ölkələrinin üzləşdiyi saysız-hesabsız təhdidləri və yeni yaranan hədələri, o cümlədən xaricdən dəstəklənən terror aktları, kiberhücumlar, hibrid müharibə formaları, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkələrdə müsəlman azlıqların dinc yanaşı yaşamasına təsir göstərən İslamofobiya meyllərini dərk edərək,

Dünyanın müxtəlif yerlərində müsəlman icmalarına qarşı törədilmiş ciddi insan haqları pozuntuları və insanlıq əleyhinə cinayətlər barədə ciddi narahatlıqlarını ifadə edərək;

COVİD - 19 pandemiyasının geniş təsirlərini və müvafiq bölgələrin iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı həssaslığını tamamilə anlayaraq;

İşğaldan azad edilmiş ərazilərin bərpası və reabilitasiyası səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyi ifadə edərək;

Sülh və inkişaf naminə regional konsensusun inkişaf etdirilməsinə sadiqliyi təsdiqləyərək;

Dövlətlərinin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq sərhədlərinin toxunulmazlığını mühafizə etmək və qorumaq naminə güclü və birmənalı dəstəklərini təkrar ediblər;

Xüsusilə regional və beynəlxalq müstəvilərdə İslamofobiya və müsəlman azlıqların təqibinə qarşı mübarizədə birgə səyləri artırmaq barədə razılığa gəliblər;

Asiyanın ürəyi - İstanbul Prosesinin Əfqanıstan və regionda sülh, sabitlik və iqtisadi rifaha verdiyi töhfəni alqışladılar və Pakistan hökumətinin bölgədəki məsələlərin siyasi həllini asanlaşdırmaq səylərini qiymətləndirdilər və Əfqanıstana məxsus olan və Əfqanıstan tərəfindən rəhbərlik edilən sülh prosesinə dəstəklərini ifadə ediblər;

Terrorizmin bütün formalarına, xarici dövlətlər tərəfindən himayə edilən terrorizmə, transmilli mütəşəkkil cinayətkarlığa, narkotik maddələrin qanunsuz dövriyyəsinə, insan alverinə, çirkli pulların yuyulmasına, mədəni və tarixi irsə qarşı cinayətlər və kiberterrorizmə qarşı mübarizə naminə müxtəlif beynəlxalq və regional sənədlərə uyğun olaraq sülh və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək qərarlarını yeniləyiblər;

2020-ci ilin noyabr ayında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Niameydə Cammu və Kəşmir münaqişəsi üzrə qəbul edilmiş 10/47-Pol saylı ən son qətnaməsini və İƏT Təmas Qrupunun Cammu və Kəşmir üzrə kommünikelərini təsdiq ediblər və 5 avqust 2019-cu ildə Kəşmirdəki demoqrafik quruluşu dəyişməyə yönəlmiş insan hüquqlarının kobud şəkildə pozulması ilə bağlı birtərəfli fəaliyyətindən dərin narahatlıqlarını ifadə etdilər, Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində, sülh yolu ilə həll edilməsi ilə bağlı prinsipial mövqelərini təkrar ediblər;

Kipr, o cümlədən Egey və Şərqi Aralıq dənizi məsələlərinin beynəlxalq hüquqa əsaslanan ədalətli, davamlı və realist, eləcə də qarşılıqlı qəbul edilmiş həllini dəstəkləmək qərarlarını bildiriblər;

Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmasını və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq normallaşdırılmasını dəstəklədiklərini bir daha təkrar ediblər;

Müdafiə və təhlükəsizlik sahələrində, o cümlədən qabaqcıl təcrübələrin bölüşdürülməsi, potensialın artırılması, yeni və inkişaf etməkdə olan texnologiyalar və müntəzəm səfər mübadiləsi yolu ilə əməkdaşlığın təşviq olunmasına sadiq qalıblar;

COVID-19 pandemiyasının iqtisadi artım və ictimai sağlamlığa geniş təsirlərini müzakirə ediblər, məlumat, tədqiqat, təcrübə və qabaqcıl təcrübə mübadiləsi barədə razılığa gəliblər və inkişaf etməkdə olan ölkələrin maliyyə və qabiliyyət məhdudiyyətlərini nəzərə alaraq problemin effektiv və anlaşıqlı şəkildə həll edilməsi üçün genişləndirilmiş beynəlxalq əməkdaşlıq və həmrəyliyə çağırıblar;

Üçtərəfli ticarət və investisiyaların genişləndirilməsi üçün əməkdaşlığı gücləndirməyə və dərinləşdirməyə qərar veriblər və üç ölkənin müvafiq nazirliklərini rüsumların azaldılması, tarif və qeyri-tarif maneələri, nəqliyyat xərcləri, bank sektorları arasında daha yaxşı əlaqələndirmə və qarşılıqlı investisiyaların qorunması ilə bağlı konkret tövsiyələri əks etdirən möhkəm bir Fəaliyyət Planı hazırlamağa çağırıblar;

Nəqliyyat, ticarət, enerji, insanlar arasındakı əlaqələr, təhsil, sosial və mədəni mübadilə, turizm və İKT sahələrində, o cümlədən müxtəlif regional forumlarda hava, dəmir yolu və avtomobil əlaqələri və regional bağlılıq təşəbbüslərinin təkmilləşdirilməsi və gücləndirilməsi yolu ilə regional bağlılıq üzrə əməkdaşlığı inkişaf etdirməyə qərar veriblər;

Qida və enerji təhlükəsizliyi, ətraf mühit, davamlı inkişaf və iqlim dəyişikliyi mövzusunda əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıblar və 2030 Dayanıqlı İnkişaf Məqsədlərinə vaxtında cavab vermək və nail olmaq üçün daha geniş beynəlxalq əməkdaşlığa çağırıblar;

Üçtərəfli görüşlərin hər il əlifba sırası ilə mütəmadi olaraq çağırılmasına razılıq veriblər;

Həmçinin, 2022-ci ildə qarşılıqlı razılaşdırılmış tarixlərdə Üçtərəfli Görüşlərin üçüncü iclasının Türkiyədə keçirilməsinə razılıq veriblər”.
İsrail İran mövqelərini vurdu: 60 ölüİsrail qırıcıları Suriyada İranın dəstəklədiyi silahlı qrupları hədəf alıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Deyr əz-Zor şəhərində İrana bağlı muzdluların və Əsəd rejimi əsgərlərinin olduğu hərbi qərargah, bundan başqa bəzi müşahidə məntəqələri hava zərbələri nəticəsində vurulub.

Hücum zamanı 49 İran muzdluları, 1-i polkovnik olmaqla 11 Əsəd ordusunun hərbçisi məhv edilib.
Övladı xərçəng olan baş redaktor Mehriban Əliyevaya müraciət edibÖvladı xərçəng olan jurnalist, xalqxeber.az xəbər portalının baş redaktoru Peyman Sadıqov Mehriban Əliyevadan kömək istəyib.

O, müraciətində qeyd edir:

-Hörmətli Mehriban xanım!
Siz hər zaman insanlara, yardıma ehtiyacı olanlara dayaq olursunuz. Bu da Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırır. Sizin xüsusilə uşaqlara qayğınız, sağlamlıq imkanları məhdud körpələrə diqqətiniz ölçüyəgəlməzdir.

Hörmətli Mehriban xanım!
Məni Sizə kömək etməniz üçün xahiş məktubu ünvanlamağa cəsarətləndirən də məhz bu yüksək insani keyfiyyətləriniz oldu.
Hörmətli Mehriban xanım!

Qızım Nuray Sadıqzadə xərçəng xəstəsidir. Altı aydır ki, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alır. İndiyə kimi 7 kurs kimyateropiya, 17 dəfə radio şüa qəbul edib. Hazırda isə təcili əməliyyat olunmalıdır.

Hörmətli Mehriban xanım!
Bir ata kimi sizdən xahiş edirəm, övladımın müalicəsi və əməliyyat olması üçün mənə kömək edəsiniz. Nuray bu gün ölümlə üz-üzədir. Övladımın əməliyyat olmasına görə, lazım olan İnternal Hemipelvektomiya üçün Tumor Rezeksion Endoprotezin Milli Onkologiya Mərkəzinə alınıb verilməsini Sizdən artıq dərəcədə xahiş edirəm. Onu xəstə yatağında, hərəkətsiz görmək isə bir valideyn olaraq mənim üçün dəhşətlidir.

Sizdən qızımın müalicəsinin davam etdirilməsi üçün göstəriş vermənizi artıq dərəcədə xahiş edirəm. Sizin köməksiz, çətin vəziyyətdə olan insanlara hər zaman kömək əlinizi uzatdığınızı bilirəm. Əminəm ki, Nuray balamın da sağlamlığına qovuşması üçün köməyinizi əsirgəməyəcəksiniz, qızımı köməksiz qoymayacaqsınız! Övladımı həyata qaytarmaqla bir ataya da dünyanın ən böyük xoşbəxtliyini bəxş edəcəksiniz.

Hörmətlə:
Peyman Sadıqov,
Xalqxeber.Az xəbər portalının Baş redaktoru

Əlaqə üçün: 070-254-44-40
055476-87-87


Qüdrət Həsənquliyev: “Azərbaycan 4 faizə görə vassal ölkəyə çevrilməz”Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmdəki siyasi məsələlərlə bağlı “Xalq cəbhəsi” qəzetinə müsahibə verib.

Avrasiya.net müsahibəni təqdim edir:

- Qüdrət bəy, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 Yanvar Moskva Bəyənnaməsi barədə nə deyə bilərsiniz?

- Bu görüşü və onun nəticələrini növbəti uğurlu addım kimi qiymətləndirə bilərik. Atəşkəs haqqında 10 noyabr 2020-ci il birgə bəyanatından sonra onu bizimlə birlikdə imzalayan Rusiya və Ermənistan bəyanatın bəzi müddəalarını öz istəklərinə uyğun təfsir edib, ondan maksimum faydalanmağa çalışırlar. Müharibənin nəticəsi olaraq, biz torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etmişik. İndi addım-addım yeni siyasi reallıqları erməni ictimaiyyətinə qəbul etdirməliyik. Son Bəyənnamə də bu istiqamətdə atılan növbəti addımdır. Hazırda bölgədə gərginliyinin azaldılmasında daha çox Ermənistan rəhbərliyi maraqlı olmalıdır. Çünki koronavirusa qarşı peyvəndləmə başa çatan kimi dövlətlərarası sərhədlər açılacaq, gərginlik və yeni müharibə qorxusu altında, kasıbçılıq içərisində yaşamaq istəməyən ermənilər Dağlıq Qarabağdan və Ermənistandan köçüb gedəcəklər. Ona görə Ermənistan böyük miqrasiyanın qarşısını almaq və iqtisadiyyatını dirçəltmək istəyirsə, Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri qurmalıdır. Bunun isə tək yolu Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan keçir. Faşist ideologiyasına yoluxdurulmuş Ermənistan xalqına bu həqiqətləri dərk etməsi üçün bir az zaman lazımdır. Ermənistanın atmalı olduğu bəzi addımların son bəyanatda öz əksini tapmaması da bundan qaynaqlanır. Azərbaycanla Ermənistan arasınada mövcud olmuş yolların bərpası və yenilərinin tikilməsi iqtisadi baxımdan daha çox Ermənistanın xeyrinədir. Çünki bizi Gürcüstan üzərindən Türkiyə ilə birləşdirən avtomobil və dəmir yol xətti var. Naxçıvanın Azərbaycanın digər bölgələri ilə əlaqələrində problemlər olsa da onun İran və Türkiyə ilə sərhədlərinin olması vəziyyəti əhəmiyyətli dərəcədə dəyişir. Buna görə Ermənistanın özünü naza qoyması sadəcə başa düşülən deyil.

- Niyə bir qrup insan bu görüşün nəticələrini uğursuzluq kimi dəyərləndirir və Rusiyanı işğalçı kimi təqdim edirlər?

- Həmin adamların bir qismi gerizəkalı olduğundan, digər qismi kiçik çaplı siyasi dələduz olduğuna görə, üçüncü qrup isə bölgədə marağı olan xarici güclərin tapşırığı ilə bu cür mövqe sərgiləyir. Ağıllı insanlar başa düşürlər ki, əgər mümkün olsaydı, o zaman Azərbaycan Ordusu dövlət sərhədlərimizə qədər işğalçıları qovub, bu problemi birdəfəlik həll edərdi. Ali Baş Komandan atəşkəsə imza atıb, rus sqlhməramlılarının münaqişə bölgəsinə gəlməsinə icazə veribsə, deməli ölkəmiz üçün ən uğurlu variant bu olub. İki gün öncə “YouTube”da Əli Kərimli Prezident İlham Əliyevi müharibəni dayandırdığına görə qınamaqla yanaşı, fəxarət hissi ilə bəyan edirdi ki, birinci Qarabağ savaşı zamanı müharibəni dayandırmaq istiqamətində ABŞ və Rusiya tərəfindən Azərbaycana edilən təzyiqlərə, hətta ABŞ-ın tətbiq etdiyi sanksiyaya Elçibəy prezident kimi əhəmiyyət vermədi və müharibəni davam etdirdi. Halbuki sonralar Elçibəy böyük üzüntü içərisində bəyan edirdi ki, gərək qaragüruh cəbhəçilərdən çəkinməyib “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin statusunu bərpa etməklə münaqişəyə son qoyulmasına dair Yeltsinin təklifini qəbul edərdim. Öz səhvindən nəticə çıxarmağı belə bacarmamış Əli Kərimli hələ də anlamır ki, döyüş meydanındakı real vəziyyəti dəyişmək imkanına malik böyük güclərin tələbini qulaqardına vurmaq xalqımız üçün hansı faciələrə gətirib çıxarardı. Həmin düşərgənin “ağıllısı” budursa digərlərinə nə deyəsən. Bölgəyə böyük təsir imkanları olan güclərlə anlaşmadan müharibə aparmağı yalnız siyasətdə ağsaqqallaşmaq əvəzinə saqqalını ağartmışlar, yaxud adaşına oxşamağa çalışan “əlikimilər” tələb edə bilər. Nə qədər vurnuxsalar da, dairələrini dəyişsələr də yerlərini tapa bilməyən, həqiqətləri xalqımıza deməyə cəsarətləri çatmayan bu uğursuz, artistlik etməklə sifətlərini gizlətməyə çalışan, təhqir etdikləri hakimiyyətin daxilindəki özlərikimilərdən maliyyələşən bu cür ünsürləri xalqımız artıq yaxşı tanıyır. Bu adamlardan nə qədər soruşulsa da ki, başqa cür Qarabağı necə azad edəcəkdiniz? Sadəcə susurlar.

- Onlar Sizi rusiyayönümlü siyasət aparmaqda ittiham edirlər...

- Çünki tapşırıq alıblar. Həm də bu böhtançı axmaqlar fikirləşirlər ki, bu cür böhtanlarla özlərini vətənpərvər və müxalifətçi kimi təqdim edə bilərlər. Bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmiş bir adam haqqında yalnız ləyaqətini itirmiş adamlar belə ittihamlar səsləndirə bilər. Bir daha təkrar edirəm,biz torpaqlarımızı işğaldan ona görə azad edə bildik ki, İlham Əliyev Rusiya ilə etimadlı münasibətlər qura bildi. Bundan sonra da Dağlıq Qarabağın nəzarətimizdə olmayan hissəsində suveren hüquqlarımızı bərpa etmək istəyiriksə Rusiya ilə strateji əməkdaşlığımızı davam və inkişaf etdirməliyik. Bunu başa düşməyənin siyasətdə nə işi var. Bu böhtan və təhqir dağarcıqları bir dəfə fikiləşdilərmi ki, niyə Qərbdə mövcud olan güclü erməni diasporu həmişə Ermənistanı Rusiyadan uzaqlaşdırmağa yox, onunla daha sıx əməkdaşlığa çağırıb. Bununla yanaşı, hər zaman söyləmişəm ki, qardaş Türkiyə ilə münasibətlərimiz ən yüksək səviyyəyə qaldırılmalı, Rusiya ilə əməkdaşlıq Qərblə əlaqələrimizin inkişafına mane olmamalıdır. Siyasi dələduzlardan fərqli olaraq, Türkiyəni özümüz saymışam və müharibəyə qədər mütəmadi olaraq çağırışlar etmişəm ki,Türkiyə hökuməti Qarabağın işğaldan azad olunması üçün bizsiz Rusiya ilə danışıqlar aparsın. Öz hökumətimizi də ona çağırırdım ki, Qarabağın azadlığı üçün forpost Ermənistanla yox, Rusiya ilə danışıqlar aparsın və nə qədər ki, Ərdoğan hakimiyyətdədir torpaqlarımızı işğaldan azad etmək üçün müharibəyə başlayaq. Bunları ki ,siyasətlə maraqlanan hər kəs dəfələrlə oxuyub və bilir. Çünki heç kim təminat verə bilməzdi ki, yaxın illərdə Ərdoğan kimi haqqın yanında olmaqdan çəkinməyən, müstəqil, güclü və xarizmatik lider Türkiyədə hakimiyyətə gələcək. Həm də hər keçən gün Qarabağı bizdən daha da uzaqlaşdırırdı.

Məmnunam ki, dediklərimiz gerçəkliyə çevrilməkdədir. Bu gün Rusiya sülhməramlılarının yalnış davranışını görən kimi buna sevinib, dərhal Rusiyanı düşmən və işğalçı elan etməməli, əməkdaşlıq ruhunda iradlarımızı bildirməklə, həmin yalnışlıqların düzəldilməsinə çalışmalıyıq. Rusiyanı dostcasına inandırmalıyıq ki,onun sülhməramlıları öz funksiyalarını mandatları çərçivəsində yerini yetirməsələr bu həm bizimlə, həm də Türkiyə ilə münasibətləri zədələyə bilər. Rusiya anlamalıdır ki, 20% torpaqları 30 il işğal altında qalsa da özünün müstəqil siyasətindən imtina etməyən Azərbaycan 4 faizə görə vassal ölkəyə çevrilməz. 17 milyon kvadrat kilometrdən çox ərazisi olan Rusiyanın müdrikliyi çatar ki, Azərbaycanın 3.5 min kvadrat kilometr ərazisinə nəzarət etməsinə görə Azərbaycanı Ukrayna, Gürcüstan, Moldova kimi düşmən dövlətə çevirməsin. Hazırda Qarabağın azadlığı üçün bizimlə bərabər Türkiyə də Rusiya ilə əməkdaşlıq edir və biz də BAXCP olaraq bu əməkdaşlığı dəstəkləyirik. Sonda Dağlıq Qarabağda baş verənlərə görə səmimi olaraq narahatçılıq keçirən vətəndaşlarımıza üzümü tutub deyirəm ki, Prezidentə inanın, Dağlıq Qarabağ təkcə hüquqi baxımdan yox, həm də faktiki olaraq bizim olacaq!
16 nəfər virusdan vəfat edibAzərbaycanda son sutkada koronavirus infeksiyasına 474 yeni yoluxma faktı qeydə alınıb, 1 322 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVID-19-dan vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 225 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 212 120 nəfər müalicə olunaraq sağalıb, 2 957 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 743 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 052, bu günə qədər isə ümumilikdə 2 287 959 test icra olunub.
Regionun yeni xəritəsində Azərbaycan reallığıYanvarın 30-da Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı sonuncu bəyanata əsasən yaradılan İşçi Qrupunun ilk iclası keçiriləcək. İşçi Qrupunda Ermənistanı baş nazirin müavini Mger Qriqoryan təmsil edəcək. Qeyd edim ki, Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirən və Ruisyada biznes fəaliyyəti ilə məşğul olan Mger Qriqoryan Nikol Paşinyanın komanda üzvləri arasında “Sorosun uşağı” siyahısına aid edilməyən azsaylı adamlardan biridir. Siyasətə bank sektorundan gəlib və müxtəlif banklarda, o cümlədən Rusiyaya məxsus bankların Ermənistandakı törəmə qurumlarında, “VTB Ermənistan”da rəhbər vəzifələrdə çalışıb... Siyasi mənsubiyyəti yoxdur. Azərbaycanı işçi qrupunda kimin təmsil edəcəyi, hələlik məlum deyil. Moskva bəyanatının kommunikasiyaların və iqtisadi əlaqələrin bərpası ilə bağlı olduğunu nəzərə alsaq, işçi qrupunda ölkəmizi baş nazirin birinci müavini Yaqub Eyyibovun, yaxud baş nazirin müavini Şahin Mustafayevin təmsil edəcəyi ehtimalı daha çoxdur.
Çox güman ki, yaxın gələcəkdə ən müxtəlif istiqamətlər üzrə yeni işçi və ya ekspert qruplarının yaradılmasının da şahidi olcağıq.

Bütün hallarda işçi qrupu üzvlərinin təmsil etdikləri ölkələrin siyasi rəhbərlərinin qərarlarını icra edəcəklərini nəzərə alsaq, bu qrupda təmsilçilik fundamental əhəmiyyət daşımayacaq.

Məlum olduğu kimi,sonuncu bəyanat noyabrın 10-da imzalanmış sənədin 9-cu bəndinin icrası ilə bağlıdır. Həmin bənddə deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Təbii ki, bu bənddə yer alan məqamlar həm Azərbaycan, həm də Ermənistan üçün mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Moskva görüşündən sonra Azərbaycan mediasında, həmçinin sosial şəbəkələrin Azərbaycandilli seqmentində, 10 noyabr bəyanatının 6-cı bəndində yer alan istiqamətlər də geniş müzakirə olunur və “Laçın dəhlizi” ilə bağlı ictimai rəyə yanlış mesajlar ötürülür. Qeyd olunur ki, Moskva bəyanatında 10 noyabrda imzalanmış sənədin 6-cı bəndində yer alan və Azərbaycanın Dağlıq Qarabağ regionu ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası ilə bağlı məqamlara aydınlıq gətirilməyib. Şübhəsiz ki, bu manipulyativ yanaşmaların heç bir əsası yoxdur. Çünki yeni hərəkət marşrutu Azərbaycan ərazisindən keçəcəyi üçün bu məsələdə Ermənistanın hər hansı bir formada iştirakı mümkün deyil. Və bu baxımdan da məsələnin Ermənistanla müzakirəsinə heç bir ehtiyac yoxdur.

İndiki halda diqqət yetirilməsi vacib olan 10 noyabr bəyanatının 4-cü və 7-ci bəndləridir. 4-cü bənddə “Rusiya Federasiyasının sülhməramlı kontingentinin erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməsi” nəzərdə tutulsa da, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində erməni silahlı qruplarının terrora və təxribata cəhdləri, həmçinin sülhməramlıların müşahidəsi altında olan ərazilərimizdə erməni silahlı dəstələrinin mövcudluğu haqqında məlumatlar narahatlıq doğurur. Bu baxımdan 10 noyabr bəyanatının bu müddəası ən qısa zamanda istisnasız olaraq icra edilməli və şübhə doğuran bütün məqamlar aradan qaldırılmalıdır.

Daha öncə qeyd etdiyim kimi, müzakirəyə səbəb olan məsələlərdən biri də 10 noyabr bəyanatının 7-ci bəndi ilə bağlıdır. Həmin bənddə deyilir ki, “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Burada “daxili məcburi köçkün” anlayışı azərbaycanlılara, “qaçqın” anlayışı isə 44 günlük müharibə dövründə Ermənistana qaçan, de-fako erməni əsilli Azərbaycan vətəndaşlarına aiddir. Bu bənddə Rusiya sülhməramlılarının müşahidəsi altında olmayan ərazilərə məcburi köşkünlərin qayıtması, bilavasitə Azərbaycan Respublikasının həyata keçirəcəyi tədbirlər nəticəsində baş tutacaq. Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan ərazilərinə azərbaycanlı məcburi köçkünlərin köçürülməsi prosesinə isə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi nəzarət edəcək.

Düşünürəm ki, bu məsələlərə müəyyən qədər aydınlıq gətirə bildim.

İndi isə Moskva bəyanatına və onun Ermənistanda doğurduğu reaksiyaya nəzər salmaqla, sənədin ölkəmiz üçün hansı səbəblərdən önəmli olduğuna diqqət çəkək:

Məsələn, Ermənistan müxalifətinin baş nazir postuna vahid namizədi Vazgen Manukyan Moskva bəyanatını ölkəsinin növbəti məğubiyyəti və faciəsi kimi dəyərləndirib. Sitat: Ermənistan bu görüşdən heç bir müsbət nəticə əldə etmədi. Azərbaycan yenə də hansı məsələ ilə bağlı gəlmişdisə, o məsələni də ratifikasiya etdi... Bu Ermənistanın növbəti biabırçı məğlubiyyətidir”.

Vazgen Manukyan və bütövlükdə Ermənistanın revanşçı siyasi qüvvələrinin qənaətinə görə, hər iki bəyanatda, prosesdə Minsk Qrupunun iştirakı ilə bağlı hər hansı bir müddaənın yer almaması, Ermənistanın ikiqat uğursuzluğudur.

Erməni siyasətçilərinin və ekspertlərinin qənaətinə görə, Moskva bəyanatı Azərbaycanın Ermənistanı üzərində uzun illər boyu iqtisadi ekspansiyasına imkan yaradacaq. Daşnaksütun partiyası isə Moskva bəyanatını “pantürkizmin qələbəsi” dəyərəndirib, Meğri yolunu isə “pantürkizm yolu” adlandırıb.

Moskva bəyanatı ilə bağlı diqqət çəkən məqamlardan biri də Rusiyanın “Kommersant” nəşrində Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşdırılmış nəqliyyat dəhlizləri ilə bağlı xəritədir. Qəzetin qənaətinə görə, “Moskvada imzalanan sənəd nəzəri baxımdan hər üç tərəfin maraqlarını təmin etməlidir. Azərbaycana Naxçıvan və Türkiyəyə, Ermənistana Rusiya və İrana, Rusiyaya isə Türkiyə və Ermənistana yol lazımdır. Amma danışıqlardan sonra faktiki olaraq yalnız İlham Əliyevin qalib gəldiyi bəlli olub. Nikol Paşinyan isə öz nitqində əldə edilən uğurlu nəticəyə deyil, həllini tapmayan məsələlərə diqqət çəkib”.

Əslində Azərbaycanın Moskva görüşündən uğurla çıxdığını müəyyənləşdirmək üçün nə Ermənistan, nə də Rusiya mediasında aparılan müzakirələrə nəzər salmağa xüsusi ehtiyac da yoxdur. 11 yanvar bəyanatının müddəaları və Ermənistanın heç bir istəyinin qəbul edilməməsi, öz özlüyündə hər şeyi deyir. Amma təəssüf ki, bu məsələdə də, Azərbaycan siyasətinin “çörəyi populizmdən çıxan”, həmçinin regiondan əli üzülən bəzi mərkəzlərin təkrar istifadəyə buraxdıqları “beşinci kolon”un bir sıra təmsilçiləri yenə də ənənəvi ritorikanı davam etdirir, əssasız mülahizələrini emosional notlarla ictimai rəyə sırımağa çalışırlar.

Real mənzərə isə göz qabağındadır və bunu “Kommersant” qəzetinin yayımladığı xəritədən də görmək mümkündür...

Elçin Mirzəbəyli
3 ayda İranı devirmək istədilər - Ruhaniİran lideri Həsən Ruhani ABŞ Prezidenti Donald Trampa “tarixi terrorçu” deyib.

Publika.az xəbər verir ki, o, həmkarını Konqres binasına basqına təhrik etməkdə günahlandırıb.

“ABŞ-ın maksimalist siyasəti və iqtisadi terroru qəti məğlubiyyətə uğrayıb. Bu siyasəti hazırlayanlar yalnız məğlub olmayıb, həm də siyasi həyatları başa çatıb. 3 ayda İranı devirmək istəyənlərin özləri devrildi. Trampın prezidentlik dövrü alçaq formada başa çatdı”, - Ruhani deyib.

O, Donald Trampı siyasi anlayışı olmayan, Mayk Pompeonu axmaq, Con Boltonu isə radikal və savadsız adlandırıb.
Erməni öz qurduqları tələyə düşüb öldüAğdərə rayonunda ekskavatorçu minaya düşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, hadisə yanvarın 12-də saat 17:50-də "Ağdərə bağları" adlanan sahədə baş verib. Ağdərənin erməni əsilli sakini ekskavatoru idarə etdiyi zaman minaya düşərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağdərəyə minaları Ermənistan ordusu basdırıb.
Əhməd İsmayılovdan ilk açıqlamaJurnalist və media subyekti blokunu bir-birindən ayırmağa hazırda ehtiyac var. Biz müəyyən etməliyik, normativ hüquqi baza baxımından “media subyekti” anlayışı və media subyektlərinin bölgüsünü tam əhatə etməliyik.

Avrasiya.net xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Real TV-yə müsahibəsində deyib.

“Jurnalist və jurnalistin statusu” anlayışına hüquqi bazada aydınlıq gətirilməlidir. Bu anlayışlara aydınlıq gətirilməsi bizə tam imkan verəcək ki, media subyektləri və jurnalistlərlərlə bağlı iqtisadi, texniki və metodiki dəstək layihələrini həyata keçirək”, - bildirib.
Müharibə regionda vəziyyəti dəyişdi - Prezident44 günlük müharibə regionda vəziyyəti dəyişdi.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 13-də İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Dediyim kimi, müharibə bitib, biz növbəti səhifəyə keçməliyik. Biz ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaqdır. Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə baxmalıyıq və əraziləri, tam viran qalmış ərazini yenidən qurmalıyıq və biz bunu edəcəyik, artıq bu işlərə başlanılıb. İnfrastruktur layihələri, şəhər planlaması və yenidənqurmanın bir çox digər mühüm elementləri artıq icra olunmaqdadır. Bu il biz bu işlər üçün əsaslı vəsait ayırmışıq.

Beləliklə, biz beynəlxalq birliyin sülh yolu ilə edə bilmədiyini və ya etmək istəmədiyini güc yolu ilə etdik. Azərbaycanın tarixi torpaqlarının azad edilməsi təkcə bizim tariximizdə tarixi hadisə deyil, eyni zamanda, müharibələr tarixində əlamətdar hadisədir. Çünki biz demək olar ki, mümkünsüz kimi görünəni etdik. Zabit və əsgərlərimizin şücaəti və cəsarəti, müvafiq planlama, bütün xalqın sadiqliyi və birliyi ilə bunu etdik", - Prezident İlham Əliyev qeyd edib.