Ağstafa sakini qaynı tərəfindən qətlə yetirildiYanvarın 9-da saat 16 radələrində Ağstafa rayonunun Sadıxlı kəndində Taleh Süleymanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağstafa rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qaynı 1991-ci il təvəllüdlü Mustafayev Ramil Məmmədrahim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Taleh Süleymanova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanısb, müvafiq ekspertizalar təyin edilib.

Ramil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycanda koronavirusdan ölüm sayı azalırAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 1682 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 224050 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 207088 nəfər müalicə olunaraq sağalıb, 2890 nəfər vəfat edib, aktiv xəstə sayı 14072 nəfərdir.

Ölkədə son sutka ərzində 9264 hazırkı dövrədək isə 2259555 test aparılıb.
“De(r)mokratiya” ifrazatçılarıHər şeyin bir həddi, ölçüsü var, hətta bizim “ikili standartlar” adlandırdığımız ikiüzlü, riyakar yanaşmaların da... Amma təəssüf ki, dünyanın birqütblü olduğu və son nəfəsini almaqda olan zaman kəsiyində, ikili, üçlü, dördlü, beşli, kəsəsi, çoxqütblü, çoxüzlü “standartlar”a “dur” deyildiyinin şahidi ola bilmədik. Siyasi immun sistemimiz yeni “üz”ə alışar-alışmaz, “standartlar” təkrar “mutasiya”ya uğradığı... O zamana qədər ki, bu çoxüzlü, sərhədsiz, ölçüsüz yanaşmalar “virus”un dünyaya göz açdığı məkanı – bütün yeni növ çöxüzlü standartların “Uhan”ını - Vaşinqtonun özünü narahat etməyə başladı...

ABŞ-da keçirilən son prezident seçkilərinin saxtalaşdırıldığı barədə fəaliyyətdə olan dövlət başçısı və prezidentliyə keçmiş namizəd Donald Tramp tərəfindən irəli sürülən ittihamların fonunda vüsət alan etirazlar, hadisələrin Konqresə hücuma, çoxlu sayda insanın ölümünə, xəsarət almasına və həbsə atılmasına qədər inkişaf etməsi, ənənəvi “demokratiya”, “insan haqları”, “söz və ifadə azadlığı” “müdafiəçiləri”ni də dilə gətirdi. Sən demə, Kapitolidə baş verənlər “demokratiyaya hücum”, “terror”, iştirakçılar isə “qiyamçı”, “terrorçu”, “quldur”, “demokratiya düşmənləri” imiş də, xəbərimiz yoxmuş. Maraqlıdır, görəsən Konqresi “demokratiya”nın rəmzinə çevirən hansı dəyərlər, hansı standartlardır?

Bəlkə Azərbaycan ərazilərini işğal edən Ermənistanın uzun illər boyu müdafiə və himayə edilməsi, qondarma erməni soyqırımından Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə olunması, işğala məruz qalan Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan 907-ci düzəlişin qəbulu, yaxud ABŞ-da, ölkə daxilində silah satışına məhdudiyyətlərin qoyulması ilə bağlı qadağaları nəzərdə tutan qanun layihələrinin Amerika Milli Silah (Tüfəng) Assosiasiyasının lobbiçiliyini edən çoxsaylı konqressmenlərin tələbi ilə geri qaytarılması və nəticədə hər il minlərlə günahsız insanın qətlə yetirilməsi Konqresi “demokratiyanın simvolu”na çevirib?

Bəlkə on milyonlarla insanın ölümünə, qaçqın və köçkün düşməsinə, şəhərlərin, kəndlərin viran qalmasına səbəb olan “rəngli inqilablar”a verilən dəstəkdir Konqresi demokratiyanın rəmzi edən? Yaxud Qvatemala, Laos, Vyetnam, Dominikan Respublikası, Kamboca, Əfqanıstan, Qrenada, Panama, İraq, Liviya, Suriya və hələ də davam etməkdə olan neçə-neçə qanlı müharibə cinayətlərinin, sivilizasiyaları məhvə sürükləyən hərbi və siyasi müdaxilələrin müdafiəsidir Konqresi ikinci “Azadlıq heykəli”nə çevirən?

Hansı səbəblərdən ötən il uyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən orduya, dövlətə dəstək yürüşündən sui-istifadə edərək, Azərbaycan parlamentinə hücum edən vandalların qanun çərçivəsində, heç bir hüquq pozuntusuna yol verilmədən həbsi “demokratiyaya basqı”, Konqresə hücum zamanı ABŞ polisinin nümayiş etdirdiyi aşırı amansızlıq, 5 nəfərin ölümü, çoxlu sayda insanın yaralanması, həbs edilməsi isə “demokratiyanın terrorçu və qiyamçılardan müdafiəsi” sayılır? Bu “məntiq”, bu “dəyərləndirmə” hansı “möhtəşəm” ağlın məhsuludur, görəsən? Bəlkə klassik “de(r)mokratiya ifrazatçıları” yeni məntiq, yeni dəyərləndirmə ölçüləri kəşf ediblər, yaxud bütün dünyanı öz çöxüzlü qondarma ideyaları ilə zombiləşdirdiklərini düşünürlər?

Bütün bunların siyasi manipulyasiya olduğunu və qərbin öz maraqlarına uyğun olaraq “yaxşı qiyamçı-pis qiyamçı”, “yaxşı terrorçu-pis terrorçu”, “yaxşı separatçı-pis separatçı” prinsipsizliyindən qaynaqlandığını hər kəs başa düşür.

Hər kəs anlayır ki, “Qərb demokratiyası” ABŞ Prezidenti Franklin Ruzveltin adına çıxılan və onun guya Nikaraquanın dövlət başçısı haqqında söylədiyi iddia olunan məşhur “Samosa ola bilsin ki, köpək oğludur, amma bizim köpək oğludur” deyiminin ideoloji interpretasiyasıdır. Daha heç kim klassik “parçala, hökm sür” dusturunun Sorossayağı “ideoloji həl”lərini və bu “həl”lərin ərsəyə gəlməsində köməkçi vasitə kimi iştirak edən “5-ci kalon” qalıq elementlərini (rəqəmlərini) “demokratiya”, “insan hüququ və azadlıqları”nın simvolu kimi qəbul etmir. İndi dünyada hər kəsi öz adı ilə çağırırlar, Azərbaycanda da həmçinin... Məsələn, Azərbaycan dövlətçiliyinə qarşı soroskimilərin əlində alətə çevrilənləri, Ordumuzun ölkəmizin öz əraziləri üzərində suveren hüquqlarının bərpası ilə nəticələnən Böyük Zəfərini gözdən salmağa, milli birliyimizə xələl gətirməyə çalışan, cəmiyyətə kin və nifrət püskürən “antimilli şura”çıları, el dili ilə desək, bizim tərəflərdə “satqın”, “xəyanətkar” adlandırırlar. Artıq ifşa olunmaqdan dəyişən “siyasi qabıq”ları sürtülmüş meşin çantanı xatırladanların “Sorosun maşası”, yaxud “Maşa”sı, antimilli “şura”sı və ya sadəcə “Şura”sı, “Qvadelupa”sı, “Anna”sı, “Əli”si, “Gültəkin”i, “Cəmil”i olmalarının azərbaycanlılar üçün heç bir fərqi yoxdur.

Bu adamların və onların daxildəki, xaricdəki böhtançı missionerlərinin siyasi proseslərin epidsentrinə atıldıqları gündən daşıdıqları klassik bir funksiya var - ara qatmaq və aradan çıxmaq… Vəssalam. Bunlar siyasətin “qaçış ustaları”, fitrətdən fərarilərdir. Sonradan olmayıblar, fərarilik, xəyanətkarlıq, məsuliyyətdən qaçmaq, başqalarının arxasına sığınmaq, ƏLİndə olmaq və ƏLİnə oynamaq… köhnə adətləridir. “O olmasın, bu olsun” filminin məhşur personajı Məşədi İbadın təbirində desək, “bir növ adətkərdə olublar” qaçmağa, fərarilik etməyə…

İndi də 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqını, dünya azərbaycanlılarını DƏMİR YUMRUQ kimi birləşdirən NƏTİCƏsini, milli birliyimizi, bütövlüyümüzü hədəfə alıblar. Çünki bu NƏTİCƏ idarəçilərinin, sifarişçilərinin və təbii ki, öz əllərindən bütün bəhanələri çıxarıb və indi missiyalarını davam etdirmək üçün ortalığa ciddi bir bəhanə tapıb çıxara bilmirlər. Köhnə qrammafon valı kimi orta dairədə, yaxud dairənin ortasında, lap elə dairəsiz-filansız... ortasında ilişib qalıblar...

P.S. Qarabağın 30 illik işğalına son qoyuldu və indi siyasi arenanı 31-32 ilin fərarilərindən, xəyanətkarlarından, eləcə də onların real və virtual zombilərindən təmizləməyin vaxtı çatıb.

Elçin Mirzəbəyli
İndoneziyada sərnişin təyyarəsi yoxa çıxdıİndoneziyada Boinq-737 sərnişin təyyarəsi radardan itib.

Axar.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilib ki, şənbə günü saat 14:40 radələrində Cakarta-Pontianak marşrutu üzrə uçuşları həyata keçirən Srivijaya şirkətinin təyyarəsi ilə əlaqə itib.

Təyyarənin qəzaya uğradığı ehtimal edilir.
"Azərxalça"nın rəhbəri həbs edildiAzərxalça ASC-nin İdarə heyətinin sədrinin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq dövlət idarəçiliyində maliyyə şəffaflığının təmin edilməsi istiqamətində qarşıya çıxan korrupsiya hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.

Belə tədbirlərdən biri kimi Azərxalça ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərxalça ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranmışdır.

Bundan başqa, Vidadi Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranmışdır.

Habelə, Vidadi Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğində pulun Azərxalça ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, Azərxalça ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranmışdır.

09 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda “Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İrəvandan Qarabağa daha 225 erməni gətirildiSon sutkada İrəvandan Qarabağa daha 225 erməni gətirilib.

Avrasiya.net Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bununla da Qarabağa qaytarılan ermənilərin sayı 48.059 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya sülhməramlıları ermənilərin Qarabağa gətirilməsini, yerləşməsini, evlə və kommunal xidmətlərlə, qida ilə təmin olunmasını həyata keçirir. Məktəblərin açılmasından, evlərin və infrastrukturun təmirindən tutmuş tibbi müayinələrinə qədər, ermənilərin Qarabağdakı bütün qayğıları Rusiya sülhməramlılarının, FHN və səhiyyə işçilərinin üzərindədir.

Rus sülhməramlıları həm də ərazilərin minalardan təmizlənməsini həyata keçirir.
Niyə 18-20 yaşlı uşaqlarımızı ölümə verdiniz?Torpaqların tezliklə veriləcəyini bildiyiniz halda, niyə bizim övladlarımızı öldürdünüz? Nə üçün 18-20 yaşlı uşaqlarımızı ölümə verdiniz?

Avrasiya.net Azvision.az-a istinadən xəbər verir ki, bunu dünən Eçmiədzindəki hərbi hissənin qarşısında oturaq aksiya keçirən əsgər valideynlərindən biri deyib.

İtkin düşmüş övladını hələ də tapa bilməyən əsgər atası baş nazir Nikol Paşinyanı tənqid edib. Onun sözlərinə görə, oğlunun döyüşmək üçün aparıldığı Azərbaycan ərazisinə əvvəlcə kəşfiyyatçılar, sonra ordu göndərilməli idi:

“Lap əvvəldən ərazinin təmiz olub-olmadığını bilmək üçün ora kəşfiyyatçılar göndərilməli idi. Ərazi yoxlanılmalıydı. Həmçinin uşaqları ora ardıcıl olaraq üç avtobusla heç nələri olmadan daşımaq lazım deyildi. Onlar əsgərləri yarıyuxulu vəziyyətdə belə daşıdılar”.

Xatırladaq ki, Ermənistanın Eçmiədzin şəhərində yerləşən hərbi hissənin döyüş təcrübəsi olmamış bir bölüyü müharibə vaxtı Zəngilana aparılıb. Döyüş meydanına girən kimi hamısının mühasirəyə düşərək məhv edildiyi bildirilir. Onlardan hələ də xəbər yoxdur və itkin düşən hərbçilərin yaxınları mütəmadi olaraq sözügedən hərbi hissənin, hökumət binası və Müdafiə Nazirliyinin qarşısında aksiyalar keçirirlər. Əsgər yaxınları Azərbaycanın Zəngilan rayonu ərazisində axtarış tədbirlərinin görülməsini tələb edirlər. Valideynlərin sözlərinə görə, övladları məhz bu ərazidə itkin düşüblər.
Bakı-Qazax yolunda daha bir qəza: 2 polis xəsarət aldıKürdəmir rayonunda daha bir zəncirvari yol qəzası baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə yolun rayonun Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, DAF markalı yük avtomobili "QAZ 31" markalı avtomobilinə çırpılıb. Nəticədə yolun hərəkət hissəsi bağlanıb.

Bu zaman hərəkətdə olan Dövlət Yol Polis xidmətinin avtomobili yük avtomobilinə çırpılıb.

Nəticədə DYP maşınında olan 2 nəfər polis əməkdaşı - 32 yaşlı Quliyev Elnar Zakir oğlu və 31 yaşlı Əliyev Fariz Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onlar Kürdəmir Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra onları ambulator müalicəyə buraxıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl yolların buz bağlaması səbəbindən baş verən daha bir zəncirvari qəza bu gün səhər saatlarında Bakı-Qazax yolunun Kürdəmir rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
"Metsamor"un təhlükəsiz fəaliyyətinə heç kim təminat vermir"Region üçün böyük fəlakət mənbəyi olan Metsamor Atom Elektrik Stansiyası (AES) fəaliyyətini davam etdirir və təəssüf ki, region ölkələri və beynəlxalq ictimaiyyət bu məsələyə adekvat münasibət göstərmir. Necə ki, uzun illər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına göz yumublar, eləcə də Metsomor AES-in bağlanmasını istəmirlər. Halbuki, hər an baş verməsi mümkün olan qəza regionun radioaktiv çirkələnməsinə səbəb olacaq".

Avrasiya.net xəbər verir ki, bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "AzPolitika.info"-ya açıqlamasında bildirib.

Millət vəkili əvvəlcə AES-in yerləşdiyi coğrafiyaya diqqət çəkir. Qeyd edir ki, stansiya Türkiyə sərhədindən 16 km, İran Sərhədindən 60 km, Azərbaycan sərhədindən 120 km, Gürcüstan sərhədindən 110 km, İqdır şəhərindən 28 km, Tarixi İrəvan şəhərindən isə 25 km məsafədə yerləşir. 1976-cı ildə istismara verilən, 2 blokdan ibarət olan AES-in hər blokunda 1 ədəd VVER-440 tipli reaktordan istifadə olunur. Bu reaktorlar isə köhnə nəsil və qoruyucu örtüyü olmayan reaktorlardır.

S.Qurbanov xatırladır ki, 1982-ci ildə Metsamor AES-in maşın zalında böyük yangın baş verib. 1983-cü ildə 3-cü və 4-cü blokların tikintisi başlanıb, lakin 1986-cı ildə Çernobıl qəzasından sönra tikinti tamam dayandırılıb: "1988-ci ildə baş vermiş Spitak zəlzələsindən sonra keçmiş SSRİ rəhbərliyi həm Çernobıl qəzasının, həm də Spitak zəlzələsinin fəsadlarından qorxaraq 1989-cu ilin yanvarında Metsamor AES-in fəaliyyətinin tam dayandırılmasına qərar verib. 1-ci blok sıradan çıxıb, 2-ci blok isə konservasiya olunaraq dayandırılıb. Zəlzələnin episentri Metsamordan 75 km məsafədə olub və 7 bal gücündə olan zəlzələ Spitak şəhərini dağıdaraq 25 min insanın ölümünə səbəb olub".

Komitə sədri bildirib ki, 1995-ci ildə Ermənistan hökuməti enerji böhranına görə beynəlxalq təşkilatların etirazlarına baxmayaraq Metsamor AES-in fəaliyyətini bərpa edib: "2014-cü ildə Ermənistan hökuməti AES-in istismarının 2026-ci ilədək uzadılması haqqında qərar qəbul edib. Bu məqsədlə Rusiya hökuməti Ermənistana 270 milyon dollar kredit və 30 milyon dollar qrant ayırıb. Amma bu vəsaitlər AES-in tam təhlükəsiz şəkildə fəaliyyətinə heç bir halda təminat vermir. Çünki stansiyada istifadə edilən VVER-440 tipli reaktor 1-ci nəsildir və 8 bal gücündə zəlzələyə hesablanıb. AES “Rosatom” tərəfindən nə qədər rekonstruksiya olunsa belə öz ömürünü başa vurub və regionda yalnız orada istifadə edilir".

Millət vəkili beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Təşkilatının Metsamor AES-in tam bağlanmasının tərəfdarı olduğunu qeyd edib: "Onlar bəyanatlarında AES-in istismar müddətini başa vurmasını və AES-in seysmik aktiv zonada yerləşməsini əsas götürürlər".

Millət vəkili vurğulayıb ki, AES-də baş verə biləcək hər hansı qəza əvvəlcə Ermənistanın, sonra region ölkələrinin ərazilərinin radioaktiv çirklənməsinə, nəticədə ekoloji fəlakətə səbəb ola bilər: "Bundan əlavə Metsamor AES-in radioaktiv tullantılarının emalı, utilizasiyası üçün Ermənistanın heç bir potensialı, maliyyə mənbəyi və başqa imkanları yoxdur. Hər il AES-də min tonlarla bərk və maye halında radioaktiv tullantı əmələ gəlir. Bu tullantıların utilizasiyası necə həyata keçirilir? Hətta ən sadə metodla onların basdırılması ərazi baxımından Ermənistanda mümkün deyil. Maye halında olan radioaktiv tullantılar isə Araz çayına axıdılır. Bu isə çayın suyunun zəhərlənməsinə və nəticədə Azərbaycan ərazisinin radioaktiv çirklənməyə məruz qalmasına səbəb olur".

Komitə sədri aidiyyatı beynəlxalq təşkilatların, region ölkələrinin bu məsələyə biganə yanaşmamalı olduğunu qeyd edir: "Təəssüf ki, aidiyyatı beynəlxalq qurumlar təhlükə mənbəyi olan AES-in bağlanmasında israrlı mövqedə dayanmırlar. Hesabatlarla, bəyanatlarla kifayətlənirlər. Amma yaxın tarixdə baş vermiş AES qəzaları sübut edir ki, istismar müddətini başa vurmuş stansiya on milyonlarla insanın yaşadığı region üçün nə qədər böyük təhlükə mənbəyidir. Ona görə, bu məsələdə region ölkələri gərək fəaliyyətlərini əlaqələndirib, beynəlxalq ictimaiyyətin diqqətini yendən bu məsələyə yönəltməklə, Metsamor AES-in qapadılmasına nail olsunlar".