"Məkrli qüvvələrin böyük yalan kampaniyası ölkəmizə və xalqımıza qarşı düşünülmüş düşmənçilik aktıdır"
İsa Həbibbəyli
AMEA-nın prezidenti
Son vaxtlarda sosial mediada və internet şəbəkələrində qırmızı xəttin keçilməsi hallarının baş alıb getməsi, geniş ictimaiyyətə sırınan məsuliyyətsiz və təhqiramiz bəyanatlar mahiyyət etibarilə ölkəmizdə uzun illər ərzində aparılan davamlı və məqsədyönlü siyasət nəticəsində formalaşdırılmış möhkəm ictimai-siyasi sabitliyin pozulmasına, mənəvi mühitdə xaos və çaşqınlıq yaradılmasına, qazanılmış böyük nailiyyətlərin gözdən salınmasına, tanınmış yaradıcı insanların və elm adamlarının süni surətdə aşağılanmasına hesablanmış düşünülmüş və sistemli bir təxribatdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə qazandığı yüksək nüfuzunu və ölkəmizdə əldə olunan möhtəşəm nailiyyətləri heç cür həzm edə bilməyən mərdiməzar ünsürlərin işləyib hazırladıqları və xarici ölkələrdə sığınacaq tapmış, öz ölkəsinə qənim kəsilən idarəolunan “sözçülərin” əli ilə həyata keçirilən böyük yalan kampaniyasıdır. Bu, - insanlıqdan çox uzaq olan, heç bir etik normaya sığımayan, cəmiyyətin inkişafına və mənəviyyatlara zərbə vurmağa hesablanmış çirkin qarayaxma əməliyyatıdır.
Yalan və təxribat kampaniyasının hədlərini daha da aşaraq Prezident İlham Əliyevin ailə üzvlərinə də ünvanlanması son nəticədə müstəqil Azərbaycan dövlətinə və onun dövlət müstəqilliyini özünün idealı hesab edən hər bir vətəndaşına qarşı edilən düşmənçilik aktıdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin cənab Prezidentin ailə üzvləri ətrafında şər-böhtan kampaniyası təşkil edən mütəşəkkil qruplaşmanı yüksək peşəkarlıqla aşkar edərək onların iç üzünü açıb göstərməsi özlərini “haqq-ədalət carçıları” adlandıranların əslində cinayətkar şəbəkə olduğunu sübut edir.
Aydın mövqeyə malik istedadlı və təcrübəli jurnalist Mirşahin Ağayevin “Milli namus məsələsi” sənədli filmi ölkəmizin inkişafını və xalqımızın bütün dəyərlərini maddi maraqlara, şəxsi qazanc məqsədlərinə qurban verənlərin simasızlığını güzgüdə olduğu kimi təqdim edən obyektiv vətəndaşlıq mövqeyinin əyani ifadəsidir. Bu sənədli film həm də özlərini guya “millət təəssübkeşləri” kimi təqdim edənlərin əsil xislətini tanımaq və tanıtmaq üçün gerçək və ibrətamiz bir dərsdir.
Çox təəssüf ki, ölkəmizin sosial media və internet şəbəkəsində də Azərbaycan həqiqətləri, tanınmış ictimai xadimlər, yaradıcı ziyalılar və xüsusən alimlər haqqında qarayaxma kampaniyası ilə məşğul olan bəzi qruplar vardır. Onların da bilərəkdən və ya bilməyərəkdən yaydıqları böhtan xarakterli yalan informasiyalar, insanları və mənəviyyatları aşağılayan fikirlər və sensasiya yaratmaq oyunları nəticə etibarilə cəmiyyətin dəyərsizləşdirilməsinə və harmoniyanın pozulmasına yönəlmiş yaramaz fəaliyyətdən ibarətdir.
Bütün bunlara baxmayaraq, heç bir qüvvə, sosial media və şəbəkə mənsubları yaradıcı ziyalılarımızın, elm adamlarının, yeni nəsillərin, bütövlükdə xalqımızın Qalib ölkənin Qalib liderinə, Müzəffər Ali Baş Komandana, onun Birlik, Həmrəylik, Xeyirxahlıq və Yüksək mənəviyyat nümunəsi olan ailə üzvlərinə bəslənilən böyük ümumxalq ehtiramını və inamını sarsıda bilməz!
Azərbaycan xalqı üçün müstəqil dövlətçilik ideallarını və milli-mənəvi dəyərləri bütün məqamlarda hər şeydən uca tutduğunu isbat etmiş Prezident İlham Əliyevin apardığı müdrik siyasət, dövlət başçımızın yorulmaz fəaliyyəti və dönməz iradəsi ən doğru, ən mükəmməl bələdçi və nümunədir.
