DANİB Bakıda və Mingəçevirdə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” mövzusunda tədbirlər keçirib
“Demokratik Azərbaycan Naminə” gənclərin İctimai Birliyi (DANİB) Azərbaycan Respublikasının Gənclər Fondunun Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation maliyyə dəstəyi ilə "Qayıdış Hüququ: Qərbi Azərbaycan Gənclərin Gözü ilə” adlı layihə çərçivəsində Bakı və Mingəçevirdə tədbirlər keçirib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kolleci, Azərbaycan Kooperasiya Universiteti və “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsində keçirilən tədbirlərdə çıxış edən DANİB sədri Elməddin Behbud layihə barədə ətraflı məlumat verib. E. Behbud layihənin əsas məqsədinin dövlətimizin milli maraqlarının tələblərinə uyğun olaraq Qərbi Azərbaycanla bağlı gənclərin məlumatlılıq səviyyəsinin artırılması, deportasiya olunan soydaşlarımızın qayıdış hüququnun Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüquq çərçivəsində gənclərə aydın və təsirli şəkildə izah edilməsi, həmçinin, bu hüquqların gənclər arasında tanıdılması və ictimai şüurda möhkəmləndirilməsi olduğunu vurğulayıb.
Elməddin Behbud Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasının tarixi mərhələləri haqqında ətraflı danışaraq ikinci Qarabağ müharibəsindəki böyük qələbədən sonra dövlət başçısı cənab İlham Əliyevin elan etdiyi yeni prioritetlərin tezliklə reallaşması üçün hər bir vətəndaşımızın üzərinə məsuliyyət düşdüyünü ifadə edib. Qərbi Azərbaycana qayıdışın beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirilməsinin vacibliyini bildirən E. Behbud gənclərin bu istiqamətdə fəallığını daha da artırmasına ehtiyac olduğunu deyib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecinin direktoru Şəhla Abbasova, direktor müavini Sevda Həsənova, Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat və Kompüter Mühəndisliyi” fakültəsinin dekanı Xanoğlan Hüseynov, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsin məsul əməkdaşı Ləman Bəylərova tədbirlərdə çıxış edərək gənclərin tarixi həqiqətlərimizi, o cümlədən Qərbi Azərbaycanla bağlı tarixi dərindən öyrənməsinin, dövlət siyasətimizin prioritetlərini mənimsəməsinin və milli maraqlarımızın qorunmasında hər zaman fəal iştirakının vacibliyini vurğulayıblar.
Tədbirlərdə həmçinin, layihənin icrası çərçivəsində videoçarx və verilişin hazırlandığı barədə də gənclərə məlumat verilib.
Gənclərin yüksək fəallıq nümayiş etdirdiyi hər üç toplantı daha sonra müzakirələrlə davam etdirilib. ![]()
![]()
![]()
![]()
![]()
