Siyasi dərnək təfəkküründən əl çəkməyənlər - Asif Adil yazır
Bir neçə ildən sonra hamımıza aydın olur ki, Prezident İlham Əliyev 10 mart 2020-ci il tarixində keçirilmiş altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bəzi siyasi partiyalara xitabən niyə məhz “dərnək tipli qruplaşma” ifadəsindən istifadə etmişdir. Həqiqətən də, bəzi siyasi partiyalar uzun illər ərzində öz inkişafında mahiyyət etibarı ilə dərnək səviyyəsində ilişib qalmışdır. Sözügedən vəziyyət və durğunluq ilk növbədə ölkənin siyasi sistemində zəif bənd və təxribat yuvaları axtaran xain qüvvələrə sərf edir.
Azərbaycanda hökumət ilə siyasi partiyalar arasında əlaqələndirici institut kimi məhz beynəlxalq təşkilatlar və ya konkret xarici dövlətlər çıxış etdiyi dövrü hamımız çox gözəl xatırlayırıq. Sanki könüllü olaraq siyasi həyatımızı xarici qüvvələrin öhdəsinə təhvil verdiyimiz həmin dövrdə müstəqilliyimiz çox kövrək idi və ciddi təhdidlər ilə üz-üzə qalmışdı. O cümlədən siyasi partiyalar vasitəsilə ölkənin daxilində gərgin mühit yaradan xarici qüvvələr daha sonra vasitəçi institut kimi çıxış edirdilər. Odur ki, bu günün dəyərini bilmək üçün qeyd olunan keçmişimizi unutmamalı və milli həmrəyliyimizi qərəzli manipulyasiyalardan qorumalıyıq.
Etiraf olunmalıdır ki, yaradılma tarixləri dövlətin ilk müstəqil addımlarının atılması dövrünə təsadüf olunan partiyalar əsasən demokratik və vətəndaş cəmiyyətinin təzahürü kimi meydana gəlməyib. “Çayxana mentalitetinə” tabe olan və mahiyyətcə daha çox siyasətbazlar dərnəyinə oxşayan siyasi partiyalarının böyük əksəriyyətinin həmin dövrdə yaranmasına səbəb, yumşaq desək, heç də dövlət və dövlətçilik sevgisi olmayıb. Həmin dövrdə siyasi partiya yaradanların sırasında fərasətli iş adamı kimi özləri üçün əlavə obyekt açan siyasətpərəst şəxslərin sayı heç də az olmayıb. Əlbəttə ki, bu və ya digər səbəblərdən konkret siyasi partiyalara bağlı olan, ancaq ürək və düşüncələrində dövlət və xalqa sadiq qalan şəxslər də hər zaman olub, var və olacaqdır. Söhbət məhz “fərasətli” siyasətçilərdən gedən zaman ilk növbədə siyasətə pənah gətirmiş qəssab və alverçi təfəkkürlü siyasətbazlar yada düşür.
Siyasi proseslər ilə maraqlanan və obyektiv mövqeyi qoruyan hər bir vətəndaş etiraf edə bilər ki, təqribən son 5-6 il ərzində hakimiyyətin konkret təşəbbüsləri sayəsində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar nəhayət ki, “çayxana” imicindən canını qurtarmaq və müasir siyasi sistemin ayrılmaz demokratik elementinə çevrilmək şansını əldə etmiş oldu. Bunun üçün isə iqtidar universal ideoloji və metodoloji mexanizm kimi məhz ölkəmizdə siyasi dialoq mühitinin təşviq olunmasını müəyyən etmişdir.
Dövlət başçısının siyasi iradəsi sayəsində partiya quruculuğu sahəsində iqtidar peşəkar sprinter kimi qısa müddət ərzində kifayət qədər böyük məsafənin öhdəsindən gələ bildi. Şərhsiz, sadəcə vergüllə prinsipial hesab olunan uğurların bəzilərini qeyd edək: siyasi partiyaların fəaliyyəti “kölgədən” çıxarıldı; cəmiyyətin partiyalara münasibəti dəyişdirildi; yeni siyasi mədəniyyət formalaşmağa başladı və iqtidar-müxalifət münasibətlərinin mahiyyəti yeniləşdi; partiya sədrləri cəmiyyətin tanınmış simalarına çevrildi; cəmiyyətdə olan potensialın dövlət naminə səfərbər olunması prosesində partiyalar mühüm faktora çevrildi; partiyalar aktual məsələlərin açıq müzakirəsində iştirak etməyə başladı; siyasətdə tərəflər arasında münasibətlərin məzmunu düşmənçilikdən əməkdaşlıq müstəvisinə qədər dəyişildi; sağlam dialoq ənənələri formalaşmağa başladı və siyasətçilərə dialoq mühitinin potensialı göstərildi; qarşılıqlı şübhə mühiti etibarlı əməkdaşlıq ilə əvəzləndi; dialoq sadəcə debatlar vasitəsilə yox, müxtəlif siyasi baxışlara sahib olan konkret insanlar arasında yoldaşlıq münasibətlərinin formalaşması ilə də inkişaf etdi; uzun illər ərzində öz antaqonist mahiyyəti ilə səciyyələnən Azərbaycan siyasətində dialoq sayəsində artıq “razılaşma” və “güzəşt” kimi məfhumlar da yer tutmağa başladı, siyasi dialoq sayəsində müxtəlif siyasi stresslərə rəğmən milli həmrəylik qorundu və inkişaf etdirildi və s. Diqqət yetirin sözügedən mühüm, hətta ideoloji məzmunlu olan nailiyyətləri qazanmaq üçün cəmi bir neçə il kifayət etdi. Halbuki, ictimai təfəkkür və baxışlarda əsaslı dəyişiklərin baş verməsi üçün bəzən hətta bir əsr belə yetərli olmur.
Ali siyasi iradə və siyasi dialoq sayəsində əldə olunmuş bu nailiyyətlər ictimai-siyasi münasibətlərdə mahiyyət və keyfiyyətcə yeni mərhələnin yaşandığından xəbər verir. Siyasət artıq intriqa, tələ, təxribat və təhdidlər sahəsi kimi yox, dövlət və xalqın inkişafı naminə müvafiq ideya və potensial sahibi olan insanları birləşdirən sahəyə çevrilir. Siyasət həmçinin kiminsə xəstə ambisiyalarını reallaşdıran meydan yox, milli maraqlara xidmət etmək arzu və iddiasında olan insanların cəmləşdiyi sahədir. Aparılan islahatlar sahəsində nəhayət ki, siyasətdə tədricən peşəkarlıq amili aktuallaşmağa başlayır. Bu olduqca önəmli amildir, çünki, münasibətlərdə peşəkarlıq etikası üstünlük təşkil etdiyi yerdə münasibətlər qaçılmaz olaraq “təmizlənir”.
Odur ki, bəhs olunan sahədə cəmi 5-6 il ərzində baş verən dəyişikliklər sadəcə normativ və institusional xarakterli olmayıb. Bütün çətinlik, tənqid və təzyiqlərə rəğmən təşviq olunan siyasi dialoq mühitinin müstəsna əhəmiyyəti ondan ibarətdir ki, dialoq ilk növbədə siyasətdə yanaşma və baxışların dəyişilməsinə səbəb olmuşdur. Dayanıqlı demokratik ənənələrin və sarsılmaz milli birliyin formalaşmasına xidmət edən şahidlik etdiyimiz bu dəyişikliklər önəmli siyasi irs kimi gələcək nəsillərə xidmət edəcəkdir.
Əlbəttə ki, mövcud sahədə boşluq və avantürizmə yer vermək olmaz. Siyasi meydan demokratik pafos və məsuliyyətsiz demaqogiyaynın öhdəsinə buraxıla bilməz. Həqiqətən də, cəmiyyəti düşündürən məsələlərlə bağlı dəyərli fikir və təklif sahibi olan siyasətçilər öz siyasi aktuallığını qorumaq üçün qalmaqal axtarmaz və intriqa yaratmaz. Onlar siyasi dialoq mühitinin yaratdığı şəraitdən istifadə edər və bu cəmiyyətin yaradıcı potensialına çevrilər. Regionda yeni reallıq yaratmış, habelə bütün çətinlik və beynəlxalq ədalətsizliyə rəğmən tarixi Qələbəni qazanmış Azərbaycan xalqı mütləq ki, ictimai münasibətləri geriyə sürükləyən “siyasi dərnək” təfəkkürlü məsuliyyətsiz siyasətpərəstlərə layiq olduqları yeri göstərəcəkdir. Təşviq olunan siyasi dialoqun şərti əxlaq kodeksini Prezident İlham Əliyev hələ 2020-ci ildə öz çıxışında müəyyən etmişdir: “Müxalifət olmalıdır, bu, normaldır... Amma bir şey olmamalıdır – dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz. “İqtidara, dövlətə nə qədər pisdir, mənim üçün bir o qədər yaxşıdır” fikri ilə yaşamaq olmaz”.
Asif Adil
