Ana 5-ci sinifdə oxuyan qızının qaçırılacağından qorxub ƏRƏ VERİR
“Anası qızını qaçıracaqlarından qorxduğu üçün onu ərə vermək istəyib”.
Avrasiya.net xəbər verir ki, bunu AzEdu.az-a açıqlamasında Masallı rayon Təhsil Şöbəsinin müdir müavini Samit İslamov deyib.
Belə ki, sosial şəbəkələrdə Masallı rayonunun Alvadı kəndində məktəbyaşlı qızın ərə verilməsi barədə məlumatlar yayılıb. Yetkinlik yaşına çatmayan qızın uzun müddətdir təhsildən kənarlaşdırıldığı da iddia olunur.
Məsələ ilə bağlı RTŞ rəsmisi danışıb:
“Şəxsən yarım saat öncə hadisə baş verən məktəbdə oldum. Həmin qız ilə söhbət apardım. O 2007-ci 2 fevralında anadan olub. Uşağın atası Lənkəran rayonundandır. Anası Lənkərana gəlin köçüb və burada uşaq məktəbə getməyib. O, təhsildən kənarada qaldığı üçün Masallı rayonunda fərdi təhsilə cəlb olunub və 5-ci sinifdən tədrisə başlayıb. Belə ki, fərdi təhsildə şagirdin yaşı çox ola bilər.
Məktəbə gedib onun bütün müəllimləri ilə danışıq apardım. Valideyni məktəbə çağırdım. Atası ailəsini atıb gedib. Uşağa aliment də vermir. O, da deyib ki, mən yiyəsiz ailəyəm. Qorxub ki, qızını qaçırarlar, ona görə də belə qərar alıb, lakin onun evləndirilməsi məktəb həyatı bitdikdən sonra baş tutacaq. Ana qeyd edib ki, qız gündəlik olaraq məktəbə gedib gələcək.
Sonra isə həmin şagirdlə danışdım, onun bütün fənlər üzrə müəllimləri ilə ünsiyyət apardım və onlar da söz verdilər ki, bu şagird təhsilini tamamlamayana kimi nikaha daxil olmayacaq”.