13 avq 21:02Sosial

Aqil Məmmədov bir qrup rayon ağsaqqalları ilə görüşdü

Aqil Məmmədov bir qrup rayon ağsaqqalları ilə görüşdüBu gün Milli Məclisin deputatı Aqil Məmmədov Gəncə şəhərində xüsusi karantin rejiminin tələbləri və sosial məsafə nəzərə alınmaqla bir qrup Kəlbəcər rayon ağsaqqalları ilə görüşüb.

Görüşdə Millət vəkili Aqil Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti, çoxşaxəli köklü islahatlar və Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasına yönələn genişmiqyaslı işlər barədə ağsaqqallara ətraflı məlumat verib.

Səmimi şəraitdə keçən görüş zamanı deputat bu günun reallığı olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, onun fəsadlarının aradan qaldırılması, xalqımızın sağlamlığının mühafizə olunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətlərində dövlət başçısı tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü və bu istiqamətdə işlərin davam etdiyini qeyd edib.

Daha sonra İyulun 12-dən etibarən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, hərbçilərimizin mətinliyindən, mübarizliyindən söz açan deputat xalqımızın öz ordusu ilə hər zaman fəxr etdiyini qeyd edərək bildirib ki, on minlərlə azərbaycanlı öz ordusuna, Ali Baş Komandanına dəstəyini nümayiş etdirmək məqsədi ilə meydana axışmış, milli birlik nümayiş etdirmişdir. Bu təkcə ölkəmizdə deyil, xaricdə yaşayan, ürəyi vətən eşqi ilə döyünən soydaşlarımız da yaşadıqları ölkələrdə ordumuza və dəstək aksiyası keçirərək ermənilərin iç üzünü dünyaya bəyan etmişlər. Döyüş zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızın hər zaman hörmət və ehtiramla xatırlanacağını vurğulayan millət vəkili bildirmişdir ki, Ermənistandan fərqli olaraq Azərbaycan ordusunda ordu generalı arxada deyil, öz əsgərləri ilə səngərdə düşmənə qarşı çiyin-çiyinə mübarizə aparır. Silahlı qüvvələrimiz tərəfindən şəhidlərimizin qanının yerdə qalmayacağını, qisaslarının alınacağını qeyd edib. Millət vəkili vurğulayıb ki, hər birimiz ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək onun "İrəli” döyüş əmrini gözləyirik. Azərbaycan Ordusunun qələbə qazanacağı günün çox da uzaqda olmadığına əminik. Çünki son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyini nümayiş etdirib.

Hər bir kəlbəcərlinin sevincinə səbəb olan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa edilən neftdaşıyan tankerə “Kəlbəcər” adının verilməsi mühüm hadisədir. Xarici sularda istismarı nəzərdə tutulan, unikal dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik “Kəlbəcər” gəmisi Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş sayca ikinci neftdaşıyan tankerdir. Millət vəkili bildirib ki, bu hadisə kəlbəcərli köçkünlər tərəfindən böyük rəğbət hissi ilə qarşılanıb. Dövlətimizin, cənab Prezidentimizin Kəlbəcər rayonuna göstərdiyi bu həssaslıq camaatımızda doğma yurda dönmək inamını bir qədər də gücləndirdi.

Mən bu inamın yaradıcısı olan Prezident İlham Əliyevə, eyni zamanda gəminin inşasını həyata keçirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin rəhbərliyinə və kollektivinə minnətdarlığımı bildirirəm. “Kəlbəcər” tankerinin heyətinə açıq yol arzu edirəm. Bu ad ölkəmizə xeyirli-uğurlu, Kəlbəcərimizə qovuşmağımıza düşərli olsun.

Daha sonra çıxış edən rayon ağsaqqalları Kəlbəcər camaatının hər zaman dövlətimizin, ölkə Prezidentinin yanında olduğunu, ölkə rəhbərinin yürütdüyü daxili və xarici siyasəti dəstəklədiklərini bildirib. Bu amilin bundan sonra da belə olacağını bir daha əminliklə vurğulayıblar. Çıxış edən hər bir ağsaqqal, son günlər ölkəmizdə yaşanan xoşagəlməz hadisəni birmənalı şəkildə pisləyiblər. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını uğurla almasını qürur hissi ilə qarşıladıqlarını, mərdlik, igidlik nümayiş etdirən əsgərlərimizlə, hərbçilərimizlə, Vətənin azadlığı, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə fəxr etdiklərini dilə gətiriblər. Pandemiya ilə mübarizədə yorulmadan, xalqının rifahı və sağlamlığı uğrunda gecə-gündüz çalışan cənab İlham Əliyevin hər zaman yanında olduqlarını bildiriblər. “Kəlbəcər” tankerinin suya buraxılmasının və dünya sularında üzməsinin kəlbəcərlilər üçün qürurverici bir hal olduğunu, onlarda doğma yurd-yuvalarına qayıtmaq inamını daha da gücləndirdiyini söyləyiblər. Rayon ağsaqqalları xalqın çətin anında onların yanında olduğuna, dəstək göstərdiyinə, qayğıları ilə maraqlandığına görə kəlbəcərlilər adından ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.