15 apr 21:42Sosial

“Azərbaycanın COVİD-19 ilə mübarizədə atdığı addımlar uğur modelinə çevrilir”

“Azərbaycanın COVİD-19 ilə mübarizədə atdığı addımlar uğur modelinə çevrilir”
“Dünyada çox az ölkə var ki, yeni növ koronavirus pandemiyasından minimum iqtisadi sıxıntılar və insan itkiləri ilə çıxacaq. Bu bəla bütün dövlətlərə bu və ya digər formada zərər verir, istehsal sahələri dayanıb, dövlətin sosial və səhiyyə xərcləri artıb, büdcəyə daxilolmalar minimum həddə düşüb. Bu fonda Azərbaycan həm virusla mübarizədə, həm də iqtisadi çətinliklərin minimallaşdırılması prosesində ciddi uğurlara nail olub”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.

Millət vəkilinin sözlərinə görə, hökumətin çevik və təxirəsalınmaz tədbirləri nəticəsində pandemiyanın törətdiyi fəsadların dövlətimizdən yan keçməsi mümkün olub. “Əhalinin vaxtında izolyasiyası, dövlət sərhədlərinin qapadılması bizə imkan verdi ki, təhlükəli tendensiyanı cilovlaya bilək”, - deyən E.Allahverdiyev diqqəti olduqca mühüm bir məqama yönəltməyi vacib sayır: “Hamımız şahidik ki, iqtisadiyyat böyük ölçüdə dayanıb. Əgər bu vəziyyətdən vətəndaş, sahibkar əziyyət çəkirsə, deməli, dövlət lap çox zərər görür. Hətta belə bir şəraitdə dövlət aztəminatlı təbəqənin qayğısına qalır, özəl sferanın ehtiyaclarını öz üzərinə götürürsə, deməli, birincisi, bunun üçün maddi imkanları var, ikincisi isə, həmin maddi imkanların mənbəyi olan iqtisadi siyasət düzgündür”.

Millət vəkili Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklindəki müşavirədə dövlət başçısının nitqinin ciddi analiz edilib, nəticələr çıxarılmasını vacib sayır: “Cənab Prezidentin çıxışında ölkənin iqtisadi durumu, pandemiya nəticəsində yaranan problemlərdən çıxış yolları, habelə postpandemiya dövrünün çağırışları barədə dedikləri olduqca ibrətamizdir. Bir məqama xüsusi diqqət yetirməmiz lazımdır: dövlət başçısı qeyd etdi ki, virusun bütün dünyanı iflic etməsi nəticəsində 150-dən çox ölkə Beynəlxalq Valyuta Fondu və Dünya Bankına yardım üçün müraciət edib. Bu, dünyanın təqribən dörddəüçünü təşkil edir. Bu ölkələrin içində Azərbaycan yoxdur. Məncə, hər bir vətəndaş bu reallıqla fəxr etməlidir. Azərbaycanın COVİD-19 ilə mübarizədə atdığı addımlar uğur modelinə çevrilir. Bu, bizim bir tərəfdən iqtisadi qüdrətimiz və müstəqilliyimizdirsə, digər tərəfdən də siyasi suverenliyimizin bariz göstəricisidir”.
XƏBƏR LENTİ
SORĞU