Qarabağın azad edilməsi anti-Azərbaycan güclərin geosiyasi planlarını alt-üst edib
Zəfər Günü və COP29 sammiti yaxınlaşdıqca ermənilərdən daha çox erməniçilik edən anti-Azərbaycan qüvvələrin də ölkəmizə qarşı hücumları artır. Cənubi Qafqazdakı proseslərə müdaxilə etməkdən əl çəkmək istəməyən qüvvələr indi əsas hədəf kimi məhz Azərbaycanı seçiblər. Çünki Azərbaycan Cənubi Qafqazın geosiyasi arxitekturasında açar ölkə hesab olunur. Bu qüvvələrin aparıcı flaqmanları ABŞ, Fransa, Avropa İttifaqı və onun qanunvericilik qanadı olan Avropa Parlamentidir. Bu qüvvələr hazırda Azərbaycana qarşı vahid düşərgə halında çıxış edirlər. Onlar Makiavellinin məşhur bədnam prinsipi (“Məqsədə çatmaq üçün bütün vasitələr məqbuldur”) üzrə hərəkət edərək hazırda var güclərilə Azərbaycan əleyhinə qarayaxma, böhtan kampaniyaları aparırlar. COP29 da onların nəzərinə görə Azərbaycana qarşı təzyiqləri daha da artırmaq üçün əsl fürsətdir.
Beləliklə, indi bütün anti-Azərbaycan qüvvələr birləşərək iqlim, ətraf mühit, ekologiya, hava çirklənməsi ilə bağlı COP29-u bütün vasitələrlə siyasiləşdirməyə çalışırlar. Əlbəttə, ölkəmizə qarşı bütün bu çirkin oyunların, məkrli hücumların səbəbi də, məqsədi də aydındır. Onlar öz torpaqlarımızı güc yoluyla işğaldan azad etməyimizlə, erməni separatizminin kökünü qazımağımızla və suverenliyimizin tam bərpasına nail olmağımızla heç cürə barışa bilmirlər. Çünki Qarabağın azad edilməsi anti-Azərbaycan güclərin geosiyasi planlarını alt-üst edib. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin söylədiyi kimi, biz 44 günlük İkinci Qarabağ müharibəsində Zəfər qazanmağımızla qlobal layları tərpətmişik, ölkəmizə və Türk dünyasına qarşı kirli oyunları pozmuşuq.
Ona görə də hərbi müstəvidə qələbəmizlə bölgədəki geosiyasi təxribatlarına son qoyulan ermənipərəst böyük güclər indi də digər müstəvilərdə Azərbaycana qarşı hücumlar təşkil etməyə səfərbər olublar. Ermənistana və dünya erməniçiliyinə havadarlıq edən bu qüvvələr Azərbaycandan 44 günlük müharibənin qisasını almaq və ölkəmizi cəzalandırmaq üçün bütün resurslarını işə salıblar. Bu “resurs”ların arasında çox təəssüf ki, “sapı özümüzdən olan baltalar” da yer alır. Belə ki, həm ölkədəki radikal müxalifət düşərgəsi, həm də Qərb ölkələrində yuva salmış mühacir terror mediası, “söyüş blogerləri” böyük bir şəbəkə halında formalaşaraq anti-Azərbaycan qüvvələrin əlində “alət”ə çevrilərək, onların dəyirmanına su tökməklə məşğuldur.
Bir sözlə, indi həm daxildəki, həm də xaricdəki xain qüvvələr bir araya gələrək Azərbaycanı hədəf seçiblər. Onlar Qələbənizi “oğurlamağa”, torpaqlarımızı yenidən ermənilərə peşkəş etməyə çalışırlar. Lakin düşmən dəyirmanına su tökənlər, COP29 ərəfəsində ölkəmizə qarşı informasiya savaşı aparanlar öz məqsədlərinə nail ola bilməyəcəklər. Rəsmi Bakı anti-Azərbaycan qüvvələrin təzyiqləri qarşısında geri çəkilməyəcək və separatçı xuntanın liderlərini həbsdən azad etməyəcək. COP29-u da ən yüksək səviyyədə keçirəcəyik. Azərbaycan bu cür meqa-tədbirlərə uğurla ev sahibliyi etməyi bacarır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri