Boradigahdan başlanan vətən
Haradan başlanır Vətən ?
Bu sual həmişə aktual olub və bəşəriyyət nə qədər var, aktual olaraq da qalacaqdır.
Niyə belə yazdım? Çünki, Vətənin haradan başlanması üçün konkret bir yer, məkan yoxdur. Vətən hər bir fərd üçün hardan, hansı nöqtədən desən başlana bilər. Bu haqda uşaqlıqdan institut illərinə qədər minlərlə inşalar yazılıb, yazılacaq da.
Mən iqtisadçı jurnalist Sücəddin Şərifovun "Boradigah tarixi qaynaqlarda" kitabını oxudum. Boradigah Sücəddin bəyin doğma kəndidir və Masallı rayonunda yerləşən qəsəbə tipli kəndlərindəndir.
Kitabı oxuyanda, məhz bu qənaətə gəldim ki, Vətən Sücəddin Şərifov üçün məhz Boradigahdan başlanır.
Başlığı, həm də "Boradigahdan başlanan Vətən" qoydum ki, müəllif kitabın yazılmasına canını, qanını qoyub. Geniş, əhatəli kənd-qəsəbənin hər daşının, torpağının, insanlarının qəhrəmanlıq tarixini bir neçə ictimai-siyasi dövrləri əhatə edən bir fundamental əsər ortaya gətirmişdir.
Kitabda bəhs edilən bütün hadisələr, tarix müəllif tərəfindən zərgər dəqiqliyi ilə öyrənilmişdir. Fakt fakt kimi, ehtimal ehtimal kimi qeyd edilmişdir. Bunu Sücəddin Şərifovun istifadə etdiyi ədəbiyyat siyahısından da görmək olar. Kitabın ərsəyə gətirilməsi üçün müəllif 61 mənbədən istifadə etmişdir.
Bu sənədlər Azərbaycan Respublikasının Milli Arxivindən tutmuş Masallı rayon arxivinə və ayrı-ayrı şəxslərin Boradigah tarixinə aid mənbələri əhatə edir ki, bu da Sücəddin bıyin kitabın yazılmasına çox ciddi yanaşdığını göstərir.
Sücəddin Şərifov, hətta, kitabın əvvəlində və sonunda qəzet və sənədlərin fotoşəkillərini də vermişdir.
Müəllif kitabın əvvəlində özünün yazdığı ön sözdə bildirir ki, əlbəttə, bu tədqiqat Boradigahın bütün tarixini əks etdirmir, ancaq onun keçmişinin mühüm
mərhələsinə işıq salır.
Daha sonra yazır:
"Boradigah tarixən mahal və dairə kimi böyük coğrafiyanı əhatə etdiyinə görə bu kəndin tarixi, həm də tarixən bölgədə baş verən proseslərə aydınlıq gətirir" .
Bax, elə mən də yazımı bu konteksdə yazacaqdım. Çünki, Boradigah haqqında yazılan bu kitab, həqiqətən, təkcə Boradigah haqda deyil, həm də qəsəbə ilə bağlı bu və ya digər bölgənin də tarixinə işıq salır.
Kitabda Sücəddin Şərifov Boradigah toponiumu haqda geniş məlumat verib ki, bu yazıda onu uzun-uzadı şərh etmək yazını yorucu edər.
Kitabdakı mənbələrdən belə görünür ki, Boradigahın tarixi çox qədimdən-tunc dövründən-başlanır. Müəllif bunu arxeoloji qazıntılar əsasında Boradigah ərazisində tapılmış tunc dövrünə aid və kitabda verilmiş tunc şir fiquru ilə əsaslandırır.
Boradigahın tarixi yaşayış məntəqəsi olmasını təstiq edən təkcə şir fiquru deyil. Bu baxımdan numizmatika elmi də mühüm əhəmiyyəti ilə seçilir. Elm, bölgələrdə dəfinələrin tapılmasını və həmin dəfinələr ısasında bölgənin qədimliyini sübut edir. Boradigahdan tapılan dəfinələrlə bağlı ölkə numizmatiklərinin çox dəyərli araşdırmaları olub.
Kitabda Boradigahın Səfəvilər, Nadir Şah, Talış Xanlığı və s. xanlıqların idarəçiliyi dövrü əksini tapmışdır. Həmçinin ərazisi, məhəllələr, obalar haqda da məlumat verilmişdir.
1929 - cu ildə bir neçə qəza da daxil olmaqla Boradigaha da rayon statusu verilməsi haqda hazırlıq işləri aparılsa da sonradan rayon mərkəzi kimi ancaq Masallı kəndi seçilir.
Kitabda göstərildiyi kimi Boradigah şəhər tipli qəsəbədir. Çünki, hələ xeyli əvvəllər burda geniş infrastruktur şəbəkəsi qurulmuşdur. Orta məktəb, xəstəxana, kitabxana, mədəniyyət sarayı, internat məktəbi, uşaq bağçası, bazarı, hamamları, "selpo"(kənd istehlak cəmiyyəti), xalçaçılıq kombinatı və s. var idi.
Müəllif Boradigahın mübarizə tarixinə də geniş yer ayırmışdır. Aydın olur ki, Boradigahın çox geniş və keşməkeşli mübarizə tarixi olmuşdur.
Boradigah daim tarixi şəxsiyyətlərin diqqətini çəkmiş və onlar Boradigahda olmuşlar. Məmməd Əmin Rəsulzadə, N. Nərimanov və M. Bağırov müxtəlif tarixi və siyasi şəraitdə Boradigahda olmuşdur.
Müəllif Boradigahda kolxozlaşma, Böyük Vətən Müharibəsi, həmçinin birinci və ikinci Qarabağ müharibələri, onlarda iştirak edən və qəhrəmanlığı ilə seçilən şəxslər barədə müfəssəl məlumat vermişdir.
Boradigahdan çoxlu elm adamları, həkimlər, müəllimlər, alimlər, professorlar və s. cıxmışdır. Bunlarla bərabər din sahəsində də çoxlu bilik sahibləri, seyidlər, üləmalar, din biliciləri var.
Azərbaycanın müstəqillik tarixində də Boradigahlıların müstəsna rolu olmuşdur.
1989--cu ildə ölkədə Müstəqillik mübarizəsi başlananda AXC-nin fəal özəklərindən biri də Boradigahda olmuşdur. Bakıda meydan hadisələri zamanı Boradigahdan meydana iki dəfə maşınla yardım aparılmışdır. Tribunalardan bu elan olunur və alqışlanılırdı.
Bu illərdə Boradigahda "Vəhdət" cəmiyyəti yaradılmışdı. Cəmiyyət yerli sakinlərin ianəsi hesabına gənclərin peşə və təhsil səviyyəsinin artırılmasına xidmət edir, ali məktəbə hazırlaşanlar, dərzilik peşəsini öyrənmək üçün kurslar təşkil edir.
Bundan əlavə cəmiyyət böyük maliyyə həcmli ekoloji təhsil və abadlıq tədbirləri həyata keçirir, əhalinin aztəminatlı hissəsinə yardım edir.
Kitabda Boradigahlıların haqda maraqlı əhvalatlar kitabın bədii dəyərini artırmaqla onu daha maraqlı edir.
Sücəddin Şərifovun bu kitabı Vətənsevər alimlər, tədqiqatçılar üçün bir siqnaldır.
Vətənimizin hər obası, kəndi, qəsəbəsi, şəhəri haqda belə tədqiqat əsərləri, araşdırmalar ortaya qoyulsa, bu bütöv Azərbaycan tarixinin, mükımməl və dəqiq yazılması olar.
... Daha hardan başlanır Vətən ?!
Kərim Şükürov
