AVRO-2020 Bakıya gəlir: oyunların qalibi Azərbaycandır – TƏHLİL

AVRO-2020 Bakıya gəlir: oyunların qalibi Azərbaycandır – TƏHLİLFormula 1 yarışını keçirən Bakı futbol üzrə Avropa çempionatının 4 oyununa ev sahibliyi etməyə hazırlaşır. Bir neçə gün sonra dünyanın futbol cameəsinin diqqəti Azərbaycanda olacaq.

Beynəlxalq idman oyunlarının paytaxtımızda keçirilməsinin üç mühüm səbəbi var.

Təcrübə: Azərbaycan indiyə qədər I Avropa oyunlarına, Formula 1 yarışlarına, İslam Həmrəylik Oyunlarına, Avroliqanın final matçına və müxtəlif idman növləri üzrə dünya çempionatlarına ev sahibliyi edib.

İnfrastruktur: Ölkəmizdə dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün unikal infrastruktur mövcuddur. Xüsusilə I Avropa Oyunlarından öncə inşa edilən müasir infrastruktur sonrakı dövrdə yarışların keçirilməsi üçün geniş imkanlar yaratdı.

Təhlükəsizlik: Adətən beynəlxalq tədbirlər, yaxud idman yarışlarının keçirildiyi məkanın təhlükəsiz olması ən vacib şərtlərdən biridir. Azərbaycan bu baxımdan, ən unikal ölkələrdəndir.

Burada diqqətçəkən vacib məqam 6 ay öncə 44 günlük müharibənin baş verməsi, müharibəyə baxmayaraq, beynəlxalq idman oyunların Azərbaycanda keçirilməsi qərarının dəyişməməsidir.

Bu, bir neçə aspektdən əhəmiyyətlidir.

1. Azərbaycanın müharibədən cəmi 6 ay sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi edə bilməsi ölkəmizin gücünü, qüdrətini, çevik toparlanma qabiliyyətini göstərir;

2. Müharibədən 6 ay sonra Formula 1 yarışlarının ardınca futbol üzrə Avropa çempionatının keçirilməsi ilə Azərbaycanın təhlükəsiz ölkə olduğunu dünyaya nümayiş etdirilir;

3. Xarici investorların cəlb edilməsi üçün bu vacib amillərdəndir;

4. Bu yarışlardan sonra turistlərin ölkəmizə axını daha da sürətlənəcək.

Azərbaycanın qeyri-neft sektorunda əsas sahələrindən olan turizm koronavirus pandemiyası və müharibə dövründə gerilədi. Beynəlxalq idman yarışlarının keçirilməsi turizm sektorunun yenidən canlanması üçün həlledici rol oynayacaq.

Birincisi, oyunlar vaxtı Bakıya gələcək azarkeşlər ölkəmizə xarici valyuta gətirəcək.

İkincisi, beynəlxalq tədbirlər zamanı ölkəyə minlərlə turist gəlir. Bu, taksi sürücüsündən tutmuş, iaşə obyekti işlədənə, otel sahibindən tutmuş mağaza sahibinə qədər hər kəsin, bütün vətəndaşların qazanması deməkdir. Vətəndaş qazanırsa, dövlət qazanır.

Üçüncüsü, oyunlardan sonra xarici turistlərin gəlişi potensialı çoxalacaq. Çünki dünya təcrübəsinə görə, turistlər müharibədən yeni çıxmış ölkələrə getməkdən çəkinirlər. Azərbaycanın müharibədən cəmi 6 ay sonra beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi turistlərdə təhlükəsizlik rəyinin güclənməsinə şərait yaradacaq.

Göründüyü kimi, beynəlxalq tədbirlərin, idman yarışlarının keçirilməsinin onlarla müsbət tərəfi var və adətən nəticələr oyunlardan sonra daha aydın bəlli olur.

Dünya səviyyəli tədbirlərin keçirilməsi həm də Azərbaycanın imicinə və gələcəyinə qoyulmuş kapital hesab oluna bilər.

a) Azərbaycanın təbliği güclənir: müxtəlif ölkələr öz təbliğatını aparmaq üçün milyonlarla, hətta daha çox pul xərcləyir, reklam şirkətləri ilə anlaşır, Azərbaycan isə beynəlxalq tədbirlərlə təbliğat işini həyata keçirir. Bu iki aspektdən sərfəlidir:

- birincisi, beynəlxalq tədbirlərin, idman yarışlarının keçirilməsi üçün infrastruktur inşa olunur, yəni bu ölkənin sərvəti bu ölkəyə xərclənir;
- ikincisi, inşa olunan infrastrukturlarda beynəlxalq tədbirlərin keçirilməsi təşkil olunmaqla daha az pulla daha çox təbliğat işi qurulur. I Avropa Oyunlarnda Azərbaycan dünyaya müasir, mədəni, sülh ölkəsi olduğunu nümayiş etdirdi, Formula 1 yarışlarında 500 milyon izləyici Bakı küçələrinə tamaşa edirdi, Avroliqanın finalında 1 milyarddan çox tamaşaçının ürəyi Azərbaycanla döyünürdü. İndi bir milyarda yaxın tamaşaçı Avropa üzrə futbol çemoionatında Azərbaycana tamaşa edəcək.

b) Siyasi qazanc: Azərbaycanın təbliğinin güclənməsi, daha çox tanınması siyasi platformalarda ölkəmizin əlinin güclənməsi, milli və dövlət maraqlarımızın təmin olunması deməkdir. Müasir siyasətdə təsiredici güc “Yumşaq güc”dür və bunun əsasını məhz bir ölkənin cəlbedicliyi təşkil edir. Cəlbedici ölkə olmaq üçün mədəni, idman, humanitar aksiyalarda aparıcı rol oynamaq lazımdır. Azərbaycanın apardığı siyasət məhz buna hesablanıb. Futbol üzrə Avropa çempionatının oyunlarının Bakıda keçirilməsi bu uğurlu siyasətin davamdır.

Bakıda keçiriləcək futbol oyunlarında kimin qazanacağı final fitindən sonra bəlli olacaq, lakin artıq bu oyunların bir qalibi var, o da Azərbaycandır.

Asif Nərimanlı