AŞPA Prezidenti xanım Petra Bayr azərbaycanlı jurnalistləri qəbul edib
27 yanvar 2026 — Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni seçilmiş xanım prezidenti Petra Bayr bu gün Strasburqda mətbuat nümayəndələri ilə ilk görüşünü keçirib. Xanım Petra Bayerin iş otağında təşkil olunan tədbirdə məhdud sayda mətbuat nümayəndəsi iştirak edib. AŞPA prezidenti ilə görüşə Azərbaycandan Foto.info.az xəbər agentliyi, AzTV-nin Avropa üzrə nümayəndəsi, AzerFreedom TV jurnalistləri, eləcə də Türkiyə, Moldova və Ukraynadan olan media təmsilçiləri dəvət olunublar. Strasburgda keçirilən AŞPA-nın qış sesiyasını işıqlandırmaq üçün Avropa və Asiyanın 270 -dən artıq nüfuzlu TV və xəbər agentliklərinin jurnalistləri iştirak edir.
Qeyd edək ki, bu görüşdən əvvəl AŞPA-nın yeni seçilmiş prezidenti Petra Bayr öz iş otağında Moldova Respublikasının Prezidenti xanım Maya Sandunu və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edib.
Media nümayəndələrinin də məhz iş otağında qəbul edilməsi AŞPA-nın və onun rəhbərliyinin mediaya, eləcə də söz və ifadə azadlığına verdiyi önəmin bariz göstəricisi kimi qiymətləndirilir.
Görüş zamanı AzTV jurnalistinin Azərbaycan–Ermənistan arasında gedən sülh prosesinə münasibətlə bağlı sualını cavablandıran xanım prezident bildirib ki; “sülh prosesi hazırda müsbət istiqamətdə irəliləyir. Onun sözlərinə görə, son dövrlərdə ciddi insidentlər qeydə alınmayıb və ümumi vəziyyət stabildir. Bununla yanaşı, hələ də həllini gözləyən məsələlərin mövcud olduğunu vurğulayan Petra Bayr, xüsusilə erməni məhbuslarla bağlı problemlərə və Qırmızı Xaçın ölkəni tərk etməsindən sonra onlarla əlaqənin kəsilməsinə diqqət çəkib.![]()
Dəhliz məsələsində ciddi çətinliklərin olmadığını deyən AŞPA prezidenti, Ermənistanda keçiriləcək seçkilərdən sonra prosesin daha sürətlə davam edəcəyinə ümid etdiyini bildirib. O, sülhün iqtisadi baxımdan da mühüm əhəmiyyət daşıdığını, münasibətlərin normallaşmasının və qarşılıqlı əməkdaşlığın mümkünlüyünü qeyd edib. Xüsusilə razılaşmada hər iki ölkənin beynəlxalq məqsədlərinə mane olunmamasını nəzərdə tutan bəndi müsbət addım kimi dəyərləndirib.”
Azərbaycan nümayəndə heyətinin 2024-cü ildən etibarən AŞPA-da iştirak etməməsi məsələsinə toxunan xanım Bayr bildirib ki, yaxın aylarda Azərbaycan nümayəndə heyəti ilə görüş keçirməyi planlaşdırır. O, AŞPA-nın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb və Azərbaycanın yenidən Assambleyada təmsil olunacağına inandığını qeyd edib.
Xanım Petra Bayr bu vəzifəyə AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən səsvermədə qələbə qazanaraq seçilib. O, səsvermənin ilk turunda mütləq çoxluqla qalib gəlib və bir il müddətinə–yenilənə bilən mandatla prezidentliyi qəbul edib.
Görüş zamanı Bayr AŞPA-nın gələcək fəaliyyət prioritetləri, Avropa dəyərlərinin qorunması və beynəlxalq hüququn gücləndirilməsi barədə danışıb. O, demokratiya, insan hüquqları və ifadə azadlığı kimi əsas prinsiplərin müdafiəsinin vacibliyini vurğulayıb və “insafsızlığa qarşı susmamalıyıq” mesajını verib.
Bayr həm də Avropa Şurasının insan hüquqları konvensiyalarının həyata keçirilməsinin genişləndirilməsi, regional əməkdaşlığın dərinləşdirilməsi və gənc nəsillərlə əlaqələrin gücləndirilməsi planlarından bəhs edib.
Görüşdə o cümlədən regional təhlükəsizlik məsələləri də müzakirə olunub. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan AŞPA prezidenti ilə görüşərkən, Ermənistan və Azərbaycan arasında sülh prosesinin möhkəmləndirilməsi və parlamentlərarası əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparıb.
Bayr AŞPA-nın 36-cı prezidenti olaraq Teodoros Rousopoulosun yerini alıb. O, Avstriyadan seçilən üçüncü prezidentdir və bu vəzifədəki beşinci qadındır.
