"Ukraynanı de-fakto NATO üzvü hesab etmək olar"
Ukrayna dünya siyasətinin gələcəyi baxımından açar rolu oynamağa davam edir. Rusiya və Ukraynanın bu dövrdən sonra yenidən yaxşı münasibətlər quracağı mümkün deyil. Müharibə onları tarixi düşmənə çevirdi və bu, belə də qalacaq.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, Qərb alyansının bu tarixi şansı necə istifadə edəcəyi maraqlıdır:
"Məsələ ondadır ki, Ukraynanın NATO-ya sürətləndirilmiş şəkildə qəbul edilməsi barədə danışıqlar gedir və NATO baş katibi Y.Stoltenberqin 32 NATO ölkəsinə səfər edəcəyi bildirilir. NATO-nun əsas gücü Amerikanın bu məsələdə kölgədə qalmasına baxmayaraq hesab etmək olar ki, bu, elə Amerikanın istəyidir və Vilnüsdə keçiriləcək NATO toplantısına kimi bu məsələyə aydınlıq gələcək.
Ukraynanı de-fakto NATO üzvü hesab etmək olar. Hərbi texnika və hazırlıq baxımından artıq bu belədir. Qalır məsələnin siyasi və hüquqi tərəfi. NATO ABŞ-ın nəzarətində olduğu üçün hesab etmək olar ki, ABŞ indiki demokrat C.Bayden hakimiyyəti dövründə Ukraynanın NATO-ya alınmasını təmin etmək istəyir ki, respublikaçıların hakimiyyətə gəlməsi durumunda onları fakt qarşısında qoysunlar və onlar məcbur Ukraynaya dəstək olsunlar".
Respublikaçıların Ukrayna müharibəsinə ABŞ-ın dəstəyinə isti baxmadıqları məlumdur:
"Hər halda Ukraynanın NATO və Avropa Birliyinə qəbul edilməsi zaman məsələsidir. Vilnüsdə ən azı Ukraynanın NATO-ya qəbulu üzrə yol xəritəsinin qəbul ediləcəyi böyük ehtimaldır".
