“Editor.az 44 günlük müharibədə qələmini süngüyə çevirdi”Editor.az bu gün 10 yaşını qeyd edir. Azərbaycanın elektron KİV-ləri arasında kifayət qədər populyar və oxunaqlı olan portal ötən müddətdə özünəməxsus xeyli sayda uğura imza atıb.

Avrasiya.net xəbər verir ki, Bizim.Media olaraq biz də həmkarlarımızı təbrik edir, portalın baş redaktoru Fərid Şahbazlının arzu və fikirlərini oxucularımıza çatdırırıq:

- Fərid bəy, təbrik edirik, 10 ilin bu tayından geriyə boylananda nələri qeyd etmək istəyərdiniz?

- Təbrik və sual üçün sağ olun. Editor.az ölkəmizin internet məkanının ilk qaranquşlarındandır.

Saytın fəaliyyətə başladığı 2012-ci ildə Azərbaycanda internet media resurslarının sayı bu günkü qədər çox deyildi. Eləcə də rəqabətdə bu qədər güclü deyildi. Amma bütün çətinliklərə rəğmən biz qarşımıza qoyduğumuz hədəflərə çatdıq. 10 yaşa gəlib çatmağımızın özü də bunun sübutudur.

- Uğurlarınızı faktların dili ilə necə ifadə edə bilərsiniz?

- 10 yaşlı Editor.az-ın bu gün gündəlik ziyarətçi sayı 25-30 min arasında dəyişir. Çalışırıq ki, izləyicilərimizə daha ciddi və vacib xəbərləri çatdıraq.

Biz şou xəbərlərindən, kriminal xəbərlərdən daha çox ciddi siyasi, analitik xəbərlərə üstünlük veririk. Və müasir dövrün çağırışlarına uyğun olaraq Editor.az öz fəaliyyətini sosial şəbəkə üzərindən çox uğurla qurmağa nail olub. Bu gün paylaşdığımız istənilən xəbərlərimiz sosial şəbəkələrdə çox böyük oxucu kütləsi tərəfindən izlənilir.

- Sizin portal 44 günlük müharibə dövründə çox aktiv idi...

- Bəli, Editor.az 44 günlük müharibədə sözün həqiqi mənasında qələmini süngüyə çevirdi. Məhz, həmin günlərdə portalımızın “YouTube” kanalı fəaliyyətə başladı. Müharibənin getdiyi o gərgin günlərdə Editor TV tərəfindən “YouTube” platformasında rus və ingilis dillərində düşmənin təxribatçı siyasətini ifşa edən onlarla materiallar hazırlandı.

Hazırlanan materiallar Ermənistan mətbuatının belə gündəmini məşğul edə bilmişdi. Bu gün də dayanmırıq. İnformasiya müharibəsinin davam etdiyi bu günkü günlərdə də fəaliyyətimizi genişləndiririk.

- İnformasiya mübadiləsini necə qurmusunuz? Xarici tərəfdaşlarınız varmı?

- Həm yerli, həm də xarici KİV-lərlə kifayət qədər geniş əlaqələrimiz var. Belə ki, Türkiyə, Ukrayna, Qazaxsıtan, Özbəkistan, Pakistan və digər ölkələrin mətbuorqanları, media qurumları ilə əməkdaşlıq barədə müqavilələrimiz var. Gündəlik informasiya mübadilələri aparırıq. Bu yaxınlarda Editor.az-ın təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində Türkiyə-Azərbaycan jurnalistlərinin Zəfər görüşü keçirildi. Türkiyənin bütün tanınmış media qurumları həmin tədbirə qatılmışdı.

- Yəqin ki, yeni hədəfləriniz də az deyil?

- Bəli, növbəti ildən etibarən rus və ingilis dillərində də xəbər yayımına başlayacağıq. Eyni zamanda portalımızın “YouTube” kanalını daha da inkişaf etdirməyi düşünürük. Bu məqsədlə yeni verilişlər üzərində işlər gedir.

Digər mühüm istiqamət isə, beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Ən əsası gündəlik olaraq oxuculara keyfiyyətli və operativ xəbərlərin çatdırılmasını hədəf kimi qarşımıza qoymuşuq.
"Rusiya separatçıların qeyri-qanuni əməllərinə qəsdən rəvac verir"Rusiya və onun lideri postsovet məkanında və dünyanın müxtəlif həssas məntəqələrində "qaynar nöqtə"lər yaratmaqda necə deyərlər, "usta"dır. Adam hibrid müharibə, proksi-savaş üsullarından istifadə etməklə münaqişə ocaqlarını nəzarətdə saxlamağa və bu yolla da həmin regionlarda Rusiyanın geosiyasi maraqlarını təmin etməyə çalışır.

Kreml rəhbəri eyni üsullarla Azərbaycanın Qarabağ iqtisadi zonasını da Rusiyanın fəal maraq dairələrindən birinə çevirməyi planlaşdırır. Ona görə də Qarabağdakı erməni separatçıları, terrorçuları Kreml tərəfindən çox fəal şəkildə dəstəklənir, himayə edilir. Ruben Vardanyanın və Vardan Oskanyanın Qarabağa göndərilməsi də Moskvanın bizə qarşı başlatdığı hibrid müharibənin tərkib hissəsidir. Moskva bu "nökər"lərinin vasitəsilə regionda süni gərginlik yaratmağa can atır.

Üstəgəl, Rusiya sülhməramlılarının nəzarət etdiyi Laçın dəhlizindən üçtərəfli razılaşmalara zidd formada istifadə edilir. Ermənistandan minalar Laçın dəhlizi vasitəsilə gətirilərək Azərbaycan ərazilərində basdırılır. Belə ki, son dörd ayda Kəlbəcər və Laçında 2 728 mina aşkarlanıb.

Bu da azmış kimi sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə Rusiyadan və Ermənistandan hərbi texnikalar daşınır, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılır. Bir sözlə, Rusiya Ermənistanın və Qarabağdakı separatçıların bütün bu kimi qeyri-qanuni əməllərinə qəsdən rəvac verir.

Separatçılar da onlara yaradılmış bu cür əlverişli şəraitdən sui-istifadə edib ciddi-cəhdlə silahlanmağa can atır, revanşa hazırlaşırlar. Beləliklə, Rusiyanın olduqca təhlükəli oyun oynadığı bir daha üzə çıxır. Görünən budur ki, Rusiya bir tərəfdən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini əngəlləmək, digər tərəfdən isə regiondakı mövcudluğunu davam etdirmək və sülhməramlıların mandatının müddətinin uzadılmasına nail olmaq üçün yenə də separatçılardan alət kimi istifadə etməyə üstünlük verir.

Ancaq Azərbaycan da bütün bu prosesləri diqqətlə izləyir. Rusiyanın oyunlarını, məkrli planlarını pozmaq üçün bizim kifayət qədər potensialımız və imkanlarımız var. Biz bölgədə yeni hərbi eskalasiyanın yox, sülhün tərəfdarıyıq. Ona görə də kənar güclərin təhlükəli planlarının gerçəkləşməsinə imkan verməyəcəyik. Yeri gələrsə, Laçın dəhlizini bağlamaqdan tutmuş sülhməramlıların nəzarət zonasında antiterror əməliyyatının keçirilməsinə qədər istənilən məsələyə dair çevik qərarlar qəbul etmək ixtiyarı bizim öz əlimizdədir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Prezident Administrasiyasında yeni hərbi şöbə YARADILDIAzərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.

Avrasiya.net-in məlumatına görə, yeni şöbə Hərbi-texniki təminat məsələləri şöbəsi adlanır.

Şöbə müdiri vəzifəsinə Andrey Vladimiroviç Sipilin təyin edilib.

Qeyd edək ki, bu, Prezident Administrasiyasında yaradılan ikinci hərbi şöbə olacaq. Bundan əvvəl Prezident Administrasiyasında Hərbi məsələlər şöbəsi yaradılmışdı ki, həmin şöbəyə general Məhərrəm Əliyev rəhbərlik edir.




Dehlidən Bakıya təhdid: Silahla kifayətlənməyəcəyikHindistan Ermənistan Silahlı Qüvvələrini gücləndirmək və tarixi ədalətsizliyi Ermənistanın İkinci Qarabağ müharibəsində məğlubiyyətini aradan qaldırmaq və istəyir.

Avrasiya.net Bakupost.az xəbər verir ki, bu fikirlər Hindistanın "Print" internet qəzetində yer alıb.

“Bu məsələdə İrəvana silah göndərməklə kifayətlənməmək, mümkün qədər çox səy göstərmək Hindistanın maraqlarına uyğundur. Hindistan Ermənistan silahlı qüvvələrinin hazırlığını təmin etməlidir. O, həmçinin Ankara, Bakı və İslamabada Hindistanın regionun təhlükəsizliyinin təmin edilməsində ciddi maraqlı olduğunu nümayiş etdirmək üçün İrəvana yüksək səviyyəli nümayəndə heyəti göndərə bilər”, - deyə yazıda vurğulanır.
Bakıda azyaşlı qız ikinci dəfə ƏRƏ VERİLİRBakıda yeniyetmə qız ikinci dəfə ərə verilir.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ictimailəşdirib.

K.Ağazadə qeyd edib ki, yeniyetmə Xəzər rayonu Türkan qəsəbəsində yaşayan şəxslə evləndirilir.

"Qız 13 yaşında evləndirilib və hətta 1 yaşında körpəsi də var. O, əvvəlki ailəsindən ayrılıb və yenidən ərə verilir".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Modern.az-a bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlarla əlaqəli araşdırma aparılır.
Etirazlarda daha bir SEPAH məmuru öldürüldüİranda etirazçılar daha bir SEPAH məmurunu öldürüb.

Axar.az xəbər verir ki, hadisə 23 noyabr axşam saatlarında baş verib.

Bildirilir ki, Mərivan şəhərindəki etirazlarda yaranan toqquşma nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Bəsic” qüvvələrinə mənsub məmuru Əli Fəttahi öldürülüb.
Qazi ilə şəhid övladı AzTV-nin filmində baş rolda çəkildiAzərbaycan Televiziyası “Əmanət” adlı qısametrajlı filmlər silsiləsini davam etdirir.

AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, növbəti film “Əsgər bağı” adlanır.

Filmin baş qəhrəmanları Vətən müharibəsi iştirakçısı Elnur Əkbərov və şəhid kəşfiyyatçı, Azərbaycan Ordusunun kiçik çavuşu Elçin Mirzəyevin 3 övladından biri olan Əsma Mirzəyevadır.

E.Əkbərov 3 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb. O, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

E.Mirzəyev isə 10 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Onun 3 qız övladı – Gülay, Əsma və Aylin Azərbaycan xalqına əmanət qalıb.
Filmin süjet xəttini şəhid övladının qaziyə göstərdiyi diqqət, qazinin isə onun şəhid övladı olduğunu öyrənməsi təşkil edir.

Filmin rejissoru Elvin Əhmədoğlu, ssenari müəllifi Vasif Ənvəroğlu, prodüseri Zamiq Əlövsətoğludur.
Rolları qazi Elnur Əkbərov və Elçin Mirzəyevin qızı Əsma Mirzəyeva canlandırıb.
https://www.youtube.com/watch?v=dcO99Hjyiog

AzTV hazırda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərir, 1956-cı il fevralın 14-də yayıma başlayıb. Azərbaycan Televiziyasının dünyada 10-dan çox müxbir məntəqələri fəaliyyət göstərir. 2007-ci ildə Avropaya yayımın texniki səviyyəsinə görə AzTV “Avropa keyfiyyəti” medalına layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 sentyabr 2019-cu il tarixli sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Rövşən Məmmədov 2019-cu ildən QSC-də uğurlu islahatlara başlayıb, qurumun nəzdində fəaliyyət göstərən TV kanalları rebrendinq olunub.

Rövşən Məmmədov televiziya kanallarının texniki təchizatının yenilənməsinə xüsusi diqqət ayırıb. Hər üç TV kanalında onlarla yeni uğurlu layihələr hazırlanıb, yüzlərlə bədii-sənədli film istehsal olunub. 2021-ci ildən AzTV HD formatında yayıma başlayıb.
XİN-dən ermənilərin mina təxribatı ilə bağlı açıqlamaXarici İşlər Nazirliyi Azərbaycan ərazilərində Ermənistan istehsalı yeni minaların aşkarlanması və davam edən mina təhdidi barədə məlumat yayıb.

Avrasiya.net açıqlamanın mətnini təqdim edir:

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, Sarıbaba yüksəkliyinin şimal istiqamətində Azərbaycan ərazilərindən hələ də çıxarılmamış erməni silahlı dəstələri tərəfindən basdırılmış 2021-ci il Ermənistan istehsalı 350 ədəd PMN-Э tipli piyada əleyhinə minalar aşkarlanıb. Qeyd edək ki, cari ilin avqust ayından etibarən sözügedən minalar daxil, Azərbaycan-Ermənistan arasında sərhədin Kəlbəcər və Laçın sahəsində 1119, Qarabağ iqtisadi rayonu ərazisində isə 1609 ədəd 2021-ci il Ermənistan istehsalı minalar (ümumilikdə 2728) aşkarlanaraq zərərsizləşdirilmişdir.

Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov noyabrın 23-də minalı ərazilərə və minalara baxış keçiriblər. 24 noyabr tarixində əraziyə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və jurnalistlər də səfər ediblər.

Qeyd olunan hallar Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq minaların ötürülməsi ilə Ermənistanın Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə etdiyini və bununla Azərbaycana qarşı təxribatlar törətdiyini bir daha nümayiş etdirir.

Ermənistan tərəfindən Azərbaycan ərazilərində hərbi təxribatların davam etməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etməsi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdəndir.

Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.

Qeyd edilənlər bir daha göstərir ki, Ermənistan normallaşma prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir. Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistanın Üçtərəfli bəyanat çərçivəsində üzərinə götürdüyü öhdəliklərinin ciddi pozuntusudur".