Bakıda UBO-nun Dünya kəməri uğrunda döyüş keçirilib“Azərbaycan Peşəkar Boks Federasiyası”nın dəstəyi, “Karapapak Fight club & Promotion”, “MCM Fight Promotion” və “TGA Promotion & Management”in birgə təşkilatçılığı ilə Bakıda UBO-nun (Universal Boxing Organization) orta-ağır çəki dərəcələrində Dünya kəməri uğrunda döyüş keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən “Azərbaycan Peşəkar Boks Federasiyası”nın 1-ci vitse prezidenti Fərhad Acalov ölkəmizdə peşəkar boksun inkişafından danışıb və bundan sonra da bu kimi yarış və tədbirlərin silsilə olaraq davam edəcəyini bildirib.

“Karapapak Fight Club & Promotion”ın prezidenti Aqil Acalov çıxışında Azərbaycanda peşəkar boksun inkişafı yolunda atılan addımlar və təşkil olunan belə əhəmiyyətli yarışlar üçün Federasiyaya təşəkkürünü bildirərək bundan sonra da bu idman növünün inkişafında əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu deyib.

Daha sonra öz çıxışlarında “TGA Promotion & Management”in prezidenti Taryel Cəfərov və “MCM Fight Club & Promotion”ın prezidenti Cavidan Məmmədov idmançıları bu günə qədərki uğurlarına görə təbrik edib və fəaliyyətlərində daha böyük uğurlar, qələbələr arzulayıblar.

Tədbirin bədii hissəsində "Cigitlər" rəqs qrupunun, Buta Band Group və Yaşar Yusubun musiqi töhfələrinin ardınca gecənin döyüşləri baş tutub.

Ümumilikdə müxtəlif çəki dərəcələrində 7 döyüş keçirilib:

1. Ağır çəki dərəcəsində Mirzəli Samir və Elnur Məmmədov arasındakı döyüşdə Elnur 2-ci raundda texniki nokautla qalib gəlib;

2. 61 kq-a qədər çəki dərəcəsində Tayfur Əliyev və Sərxan Əhmədov arasındakı döyüşdə Tayfur yekdil qərar ilə qalib gəlib;

3. Ağır çəki dərəcəsində küveytli Hamzah Albahbahani və azərbaycanlı Müqavil Musayev arasındakı döyüşdə küveytli idmançı dizindən aldığı zədə səbəbi ilə 3-cü raunda çıxmaqdan imtina edib;

4. 91 kq-a qədər çəki dərəcəsində pakistanlı Abi Cozi Xan və azərbaycanlı Taryel Cəfərov arasındakı döyüşdə Taryel 1-ci raundda Texniki nokautla qalib gəlib;

5. 70 kq-a qədər çəki dərəcəsində Seyidağa Nağıyev və Ruslan Rəhimov arasındakı döyüşdə Ruslan hakimlərin yekdil qərarı ilə qalib gəlib;

6. Orta çəki dərəcəsində Xanbala Qurbanov və Sərxan Əliyev arasındakı döyüşdə Sərxan hakimlərin yekdil qərarı ilə qalib gəlib;

7. Gəcənin əsas döyüşündə, 79.3 kq çəki dərəcəsində, 12 raundluq "UBO Light Heavy Weight World Title" uğrunda türkiyəli boksçu Hasan Kubilay Alcu və azərbaycanlı Ayxan İsmayılov üz-üzə gəliblər. Bərabər keçən döyüşdə, təəssüflər olsun ki, çiynindən aldığı zədə səbəbindən 6-cı raunda çıxa bilməyən Ayxan İsmayılov məğlub olub, Hasan Kubilay Alcu isə UBO dünya kəmərini qazanıb.

Gecədə fəxri qonaq qismində "WBC Silver Asia" ve "WBC international" çempionu və UBO dünya çempionu türkiyəli Serdar Avcı, hazırda Mayamidə yaşayan, peşəkar boksda "WBA international champion" kəməri olan həmyerlimiz Ramal Amanov, eyni zamanda idman ictimaiyyətinin tanınmış nümayəndələri, incəsənət nümayəndələri, ictimai, siyasi xadimlər iştirak ediblər.

Sonda Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin idman sahəsində də əhəmiyyətini vurğulayan Fərhad Acalov Serdar Avcıya təşəkkürünü bildirərək “Dəmir yumruq” simvolik heykəli və digər hədiyyələri təqdim edib.
Partiya sədrinin cinayəti sübut edildi: həbs ediləcək?Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) sədri Anar Əsədli həbs oluna bilər.

Avrasiya.net Bakupost.az-a istinadla xəbər verir ki, Anar Əsədliyə qarşı irəli sürülən ittihamların sübuta yetirildiyi bildirilir. Bu isə partiya sədrinin hakim qarşısına çıxacağından xəbər verir.

Xatırladaq ki, Anar Əsədli oktyabrın 22-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı. Onda məlum oldu ki, partiya sədri ilə bağlı şikayətlər var. Dünən isə DİN Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulduğunu açıqlayıb.

DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Anar Əsədli barəsində iki nəfər şikayət edib: “Hər iki vətəndaşın şikayəti dələduzluqla bağlıdır. Anar Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları alaraq mənimsəyib. Hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır”.
Hikmət Hacıyevdən Vilayətinin açıqlamasına REAKSİYA“İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin İran mediasına verdiyi açıqlaması ilə tanış olmuşuq”.

Avrasiya.net xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Agentliyin “İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycan-İran əlaqələri haqqında bəyanatla çıxış edib, ölkələrimizin ortaq tarixi irsə və adət-ənənələrə malik olduğunu qeyd edib, Azərbaycan Respublikasının xalqını “gözümüzün işığı” adlandırıb və son günlərdə bəzilərinin qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayilər yaydığını deyib. Bu barədə nə deyərdiniz?” sualına cavabında Hikmət Hacıyev deyib:

“Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənlərə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik.

Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İran İslam Respublikasının bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub. Azərbaycan Respublikası bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib.

Azərbaycan Respublikası bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran İslam Respublikası ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir”.
Azərbaycan xalqı gözümüzün işığıdır - Xameneinin müşaviriİranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu İran Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti bildirib.

"Eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan xalqı gözümüzün işığıdır", - o qeyd edib.

Vilayəti bildirib ki, son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayır.

"Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcəkdir. Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq. Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır, onlar (İran və Azərbaycanın düşmənləri) bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq", - Xameneinin müşaviri deyib.
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - GeneralAlmaniya ordusu Rusiya ilə birbaşa qarşıdurma fonunda tammiqyaslı hərbi müdafiə və əməliyyat təlimləri keçirəcək.

Axar.az xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi, general Eberhard Çorn deyib.

General hesab edir ki, Moskva Berlin üçün təhlükə yaradır və bu, müharibə olacağı təqdirdə fəaliyyət planının yaradılmasını tələb edir:

“Almaniyaya hücum potensial olaraq xəbərdarlıq etmədən baş verə bilər və böyük, bəlkə də dağıdıcı nəticələrə səbəb ola bilər”.

İtkin düşən qadını qardaşı öldürübmüş - FOTONoyabrın 16-da Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri zamanı onun qəsdən öldürülməsi müəyyən olunub.

Avrasiya.net xəbər verir ki, istintaqla zərərçəkmişin qardaşı, 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyiti rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Famil Əliyev şübhəli şəxs qismində saxlanılaraq dindirilib və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim olunub.

İş üzrə istintaq davam edir.

Qeyd edək ki, Xalidə Əliyeva itkin kimi axtarışda idi.





Bakının mərkəzində “İndoneziya Günü” - FotolarAnqklunq, talemponq və sapenin sədaları, musiqi qrupunun canlı ifaları və rəqqasların rəvan hərəkətləri Bakı şəhərinin Fəvvarələr meydanını dolduran yüzlərlə azərbaycanlını iqtisadiyyat və incəsənətin təşviqinə həsr olunmuş "İndoneziya Günü" adlı tədbirin şahidi olmaq üçün özünə cəlb etdi.

Noyabr ayında Bakı şəhərində hava soyuq olsa da, bu, ziyarətçilərin ənənəvi İndoneziya musiqi və rəqslərindən həzz almaq, eləcə də çadırlarda mövcud olan müxtəlif növ İndoneziya mətbəxinin nümunələrini və içkilərini dadmaq həvəsini azaltmadı.

İndoneziya səfiri Hildi Hamid açılış nitqi ilə çıxış edərək bildirib ki, İndoneziya Səfirliyi tərəfindən paytaxt Bakının mərkəzində keçirilən “İndoneziya Günü” adlı tədbir bu ölkənin incəsənət və mədəniyyətinin müxtəlifliyini, eləcə də müxtəlif İndoneziya məhsullarını Azərbaycan xalqına nümayiş etdirmək cəhdidir.
Bu tədbir çərçivəsində İndoneziya Səfirliyi anqklunq, talemponq və sape kimi milli musiqi alətləri vasitəsilə ənənəvi İndoneziya mahnılarını və hər kəsin sevdiyi məşhur Azərbaycan musiqilərini, eləcə də musiqi qrupunun canlı çıxışlarını təqdim edib.

Bundan əlavə, İndoneziyanın Bakıdakı Səfirliyinin əməkdaşları və İndoneziya incəsənəti və mədəniyyəti üzrə təqaüd proqramının (BSBI) məzunları tərəfindən “jaipong, enggang, ondel-ondel və indanq rəqsləri” gözəl və enerjili şəkildə təqdim edildi.

Müxtəlif ənənəvi musiqi və rəqslərdən əlavə, ziyarətçilər çıxışları izləyərkən “bakso, qızardılmış əriştə, satay padanq, rendanq və mendoan tempeh, dadar qulunq, risol və onde-onde” kimi ənənəvi İndoneziya təamlarını dadmaq imkanı əldə etdilər.
Aparıcının İndoneziya haqqında suallarını cavablandıran tamaşaçılar interaktiv oyunlarda da fəal iştirak ediblər. Düzgün cavab verən iştirakçılar maraqlı İndoneziya suvenirlərindən ibarət hədiyyə çantaları əldə etdilər.

Həmçinin, izləyicilərə İndoneziya incəsənətini, mədəniyyətini və iqtisadiyyatını təbliğ edən tədbir zamanı İndoneziyaya məxsus müxtəlif əl işləri və batik parçalar, toxuculuq nümunələri, ənənəvi geyimlər və müxtəlif bölgələrdən suvenirlər də nümayiş etdirilib.
Qeyd olunan çadırlarla yanaşı İndoneziyaya turist cəlb etmək məqsədilə İndoneziyaya müxtəlif turpaketlərin satışı ilə məşğul olan Azərbaycanın “Falcon Luxury Travel” turizm agentliyinin stendi də əlavə olunub. Bu münasibətlə İndoneziya Səfirliyində İndoneziyaya turizm məqsədilə səfər etmək istəyən ziyarətçilər üçün viza rəsmiləşdirmə xidməti fəaliyyət göstərir.

Təxminən 5 saat davam edən İndoneziya rəqs və mahnıları, müxtəlif növ İndoneziya təamları ilə zəngin olan “İndoneziya Günü” adlı tədbir sona qədər Bakı şəhərinin Fəvvarələr meydanını dolduran ziyarətçilər tərəfindən çox müsbət qarşılandı. Tədbirin sonunda tamaşaçılar “sajojo” və “gemu famire” rəqsini birgə ifa etməyə dəvət olundular.
Dələduzluqla sərvət sahibi olan Fərhad ƏhmədovRusiya vətəndaşı olan azərbaycanlı iş adamı Fərhad Əhmədovun adı daha bir qalmaqalda çəkilir. 66 yaşlı milyarder bu dəfə saxtakarlıq və fırıldaqçılıq əməlləri ilə gündəmə gəlib. əldə olunan məlumatlara görə o, artıq 3 ildir ki, Göyçayda yerləşən malikanəsində çalışan şəxslərin əmək haqqlarını ödəməkdən imtina edir.

Fərhad Əhmədovun qurbanı olan Nəriman Qarayev bildirir ki, o və iş yoldaşları 2017-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər Göyçay rayonu, Potu kəndində yerləşən, Fərhad Əhmədova məxsus malikanədə işləyiblər. Bu günə qədər zəhmət haqqlarının bir qismini ala bilmədiklərini bildirən Nəriman Qarayev, Fərhad Əhmədovun onlara 300 min dollar borcu olduğunu qeyd edir.

Fərhad Əhmədovun növbəti qurbanı isə Şərifov Şövqü adlı şəxs olub. O da Fərhad Əhmədova məxsus malikanədə 3 il müddətində çalışıb, lakin bu müddət ərzində əməkhaqqı ala bilməyib. Araşdırmalar nəticəsində o da məlum olub ki, Fərhad Əhmədov işə cəlb etdiyi şəxslərə əməkhaqqlarının artıqlaması ilə ödəniləcəyi barədə razılığa gəlib. Lakin iş prosesinin sonunda vədinə əməl etməyən milyarder öhdəliklərindən imtina edib.

Narazılıqları susdurmağa çalışan Fərhad Əhmədov müxtəlif bəhanələrlə Fərhad Əhmədov 4 dəfə qeyri-rəsmi yerli, 1 dəfə isə Rusiya Federasiyasından rəsmi audit yoxlama aparan mütəxəssislər dəvət edərək görülən işlərin keyfiyyətini yoxlatdırıb. Bütün yoxlamaların müsbət nəticə verməsinə baxmayaraq Fərhad Əhmədov yenə də işçilərin əməkhaqqlarını ödəməkdən imtina edib.

Fərhad Əhmədovun qanunsuz əməlləri bununla da bitmir. O, Göyçay rayonunda yerləşən və kənd təsərrüfatı təyinatlı ərazilərdə qanunsuz tikinti işləri apardığı məlum olub. Ənənəvi fırıldaqçı ssenarisinə sadiq qalan Fərhad Əhmədovun bu dəfə də saxta sənədlərdən istifadə etdiyi ortaya çıxıb. Bununla yanaşı o, İsmayıllı rayonunda “Dərya” istirahət mərkəzini satın almaq və yenidən inşa etmək adı ilə yerli sahibkarlarla müqavilə imzalayıb.

Müaviləyə əsasən istirahət mərkəzi sökülməli və daha sonra Fərhad Əhmədov tərəfindən yenidən tikilməli, yerli sahibkarların müqavilədə nəzərdə tutulan vəsaiti ödəməli imiş. Lakin istirahət mərkəzinin sökülməsindən dərhal sonra Fərhad Əhmədov müqaviləyə əməl etməkdən imtina edib. Fərhad Əhmədovun bu cür əməlləri onun milyardlıq sərvətinin mənbələri və bu sərvətin necə qazanılması ilə bağlı da şübhələri artırır.

Xatırladaq ki, bir neçə il əvvəl İngiltərə məhkəməsi milyarderin pul saxtakarlığı ilə məşğul olması və saxta incəsənət kolleksiyası ilə bağlı faktları da gün üzünə çıxarıb. Nəticədə, hətta ailəsini də fırıldaqçılığa alət edən Fərhad Əhmədov keçmiş həyat yoldaşına 670 milyon dollar təzminat ödəməli olub.

Gundem.az
İranda güc strukturlarının əməkdaşları ən azı 58 uşağı öldürübİranda Məhsa Aminin ölümü ilə nəticələnən etirazların dağıdılması zamanı ölkənin güc strukturlarının əməkdaşları tərəfindən ən azı 58 uşaq öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

İran İnsan Hüquqları Müdafiə Təşkilatının məlumatına görə, 18 yaşdan kiçik 45 oğlan və 12 qız güc strukturlarının açdığı atəşin qurbanı olub.

Təkcə son bir həftədə 5 uşaq təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Ötən həftə ölənlər arasında İranın Xuzistan əyalətinin İze şəhərində 9 yaşlı Kiyan Pirfələk da var.

Qeyd edək ki, mərkəzi Norveçdə yerləşən İran İnsan Hüquqları Müdafiə Təşkilatı sentyabrın 17-dən başlayan etiraz aksiyaları zamanı 16 813 nəfərin həbs olunduğunu bildirib. Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunanların 524-ü tələbədir. Nümayişlərə 140 universitetin tələbələri qoşulub. Məlumata görə, etirazlarda 402 nəfər həlak olub.
Türkiyə 50 qırıcı ilə zərbə endirdi – GeneralTürk Silahlı Qüvvələri bu gecə İraq və Suriya ərazisində “Pəncə-Qılınc” hava hərəkatını həyata keçirdi. “Pəncə-Qılınc” hərəkatı Türkiyə Cümhuriyyəti tarixində gerçəkləşdirilən ən böyük və genişmiqyaslı hava hərəkatıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Türkiyənin öz milli təhlükəsizliyini qorumaq üçün heç bir addımdan çəkinməyəcəyini vurğulayıb:

“Hərəkat İran ilə sərhəddən Aralıq dənizinədək 1000 kilometr uzunluqda və 200-250 kilometr dərinlikdə silahlı və silahsız PUA-lar, tanker, komanda-qərargah təyyarələrinin iştirakı ilə həyata keçirilib, gecə qaranlığında çox dəqiq şəkildə 20-25 hədəf eyni anda vurulub. Ümumilikdə hərəkatda əllidən çox qırıcı təyyarədən istifadə olub. Gecə vaxtı belə geniş məsafədə və dərinlikdə mülki insanların yaşadığı bölgələrdə onlar zərər görmədən terror hədəflərinin dəqiq vurulması ilklərdən biridir. Bu cür hərəkatın gerçəkləşdirilməsi ən azı üç, altı ay arasında hazırlıq tələb edir. Çünki hədəflərin bölgədəki kəşfiyyat və texnoloji kəşfiyyat vasitəsilə dəyərləndirilməsi, təsbit olunması və gecə hərəkatı ilə zərərsizləşdirilməsi xüsusi önəm kəsb edir. Türk Silahlı Qüvvələri daha öncə Suriya və İraqda keçirilən əməliyyatlarda olduğu kimi, bu hərəkatda da BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürüb. Hərəkat üç əsas məqsədə xidmət edir. Birincisi, terror ünsürlərini yerindəcə məhv etmək, ikincisi sərhədlərin təhlükəsizliyinin təmini, sonuncusu isə sərhəddən həyata keçirilən terror fəaliyyətlərinin qarşısını almaqdır. ABŞ və Rusiyanın 17 oktyabr 2019-cu ildə Ankarada və beş gün sonra, 22 oktyabr tarixində Soçidə imzalanan bəyannamələrdəki öhdəliklərini yerinə yetirmədiyi, terrorçuların M-4 magistralının cənubuna çəkilmədikləri üçün “Pəncə-Qılınc” hərəkatı gerçəkləşdirildi. Bununla yanaşı bir həftə öncə İstanbulda İstiqlal prospektində baş verən terror aktı dövlətimizin səbir kasasını doldurdu. Cənab Ərdoğanın dəfələrlə “Bir gecə anidən gələ bilərik” ifadəsində dediyi kimi hesabat vermə günü gəlib çatdı. Üç saat davam edən hava hərəkatında yalnız terror yuvaları vuruldu. Ölkə daxilində beli qırılan terrorçular İraq və Suriyada da məhv edildi. Türkiyənin EOKA (Kipr Mübarizəsi Milli Təşkilatı – Yunan Kipri), ASALA, PKK, PYD, KCK, YPG kimi terror təşkilatlarına qarşı mübarizədə qazandığı çox dərin və zəngin bir təcrübə var. Dövlətimiz qətiyyətli şəkildə ölkəmizin ərazi bütövlüyünü və milli təhlükəsizliyimizi qorumaq üçün fəaliyyətlərinə davam edəcək. Ya ABŞ və Rusiya söz verdikləri kimi sərhədlərimizdən terrorçuları uzaqlaşdıracaq, ya da Türkiyə “Pəncə-Qılınc” hərəkatını tamamlamaq üçün Suriyanın Ayn əl-Ərəb, Tel-Rıfat və Menbiç şəhərlərini əhatə edəcək böyük bir hərəkata başlayacaq”.