Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul etdiFransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.

Avrasiya.net xəbər verir ki, qətnamədə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklifi yer alıb.

Sözügedən layihədə Azərbaycan vətəndaşlarının 30 illik işğal dövründə fundamental insan hüquqlarından məhrum olunması, Ermənistanın törətdiyi müharibə cinayətləri, dinc əhaliyə qarşı qətliam və digər qanunsuz əməlləri diqqətdən kənarda saxlanılıb. Bunun əksinə olaraq, Azərbaycan "işğalçı" kimi təqdim olunub.

Şübhə yox ki, Fransa Senatının bu addımı ermənipərəst dairələrin və erməni lobbisinin maraqlarına hesablanıb. Bununla da özünü demokratiyanın beşiyi kimi qələmə verən Fransa əsl simasını göstərmiş oldu və işğalçı Ermənistandan heç nə ilə fərqlənmədiyini nümayiş etdirdi.

Fransa kimi ölkənin dövlət maraqlarını erməni lobbisinə qurban verməsi təəccüb doğursa da, görünən odur ki, Emmanuel Makronun rəhbərlik etdiyi komanda sülh və sabitliyi deyil, terroru, münaqişəni və işğalı dəstəkləyir.

Onu da qeyd edək ki, Fransa Senatının qəbul etdiyi qətnamə məsləhət xarakteri daşıyır və heç bir hüquqi əsası yoxdur.

Sənədin lehinə 295, əleyhinə 1 senator səs verib. Qətnamənin müəllifləri Bruno Retaio, Patrick Canneri, Herve Marsey və Elian Asasidir. Sonradan onlara daha iki deputat – Kristian Kambo və Gilbert-Lyuk Devinaz qoşulub.
Azərbaycanın sabiq baş prokuroru vəfat etdiAzərbaycan Respublikasının baş prokuroru İxtiyar Şirinov vəfat edib.

Bu barədə onun qohumları bildiriblər. Mərhumun uzun müddətdir ciddi xəstəlikdən əziyyət çəkdiyi qeyd edilib.

İxtiyar Şirinov son vaxtlara qədər Milli Konqres Partiyası adlı siyasi qurumun rəhbəri olub.

İ.Şirinov 1952-ci ildə Beyləqan rayonunda anadan olub. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri olub. Sonra baş prokuror (1992–1993-cü illərdə) vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə qiyamçı Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.

Allah rəhmət eləsin.
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdiNoyabrın 15-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqay mətbuata bəyanatlarla çıxış ediblər.

Avrasiya.net xəbər verir ki, əvvəlcə Albaniya dövlətinin başçısı çıxış edib.

Prezident Bayram Beqayın bəyanatı:

- Hörmətli Prezident Əliyev.

Əziz dostlar.

Hörmətli iştirakçılar.

Bu gün mən Azərbaycan Prezidenti cənab İlham Əliyevi burada – Tiranada böyük məmnunluqla qəbul edirəm.

Cənab Prezident, bizim dəvətimizi qəbul etdiyinizə, bizimlə apardığınız məhsuldar əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Bu, əlaqələrimizin tarixində ilk mühüm dövlət səfəridir. Azərbaycan Prezidenti ölkəmizə səfər edib. Belə yüksək səviyyəli səfər münasibətlərimizin inkişaf etdirilməsində, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı iradəmizin təzahürüdür.

Ölkələrimiz arasında aparılan dialoqa görə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident, çox yaxşı haldır ki, Siz bu gün ölkəmizdəsiniz. Əslində, bu, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələrini açır. Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edilməsinə gəldikdə, 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq. Biz burada Azərbaycan Həftəsini keçirmək niyyətindəyik. Əslində, bu tədbir ölkənizin burada mədəni baxımdan təşviq olunması üçün önəmlidir. Biz, həmçinin burada ölkənizin səfirliyinin açılması ilə əlaqədar iradəsini bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq və həmin addım ölkələrimiz arasında əməkdaşlığın yaxşı təzahürüdür.

Bu gün aparılan müzakirələr xüsusilə vacibdir, çünki biz gələcək üçün yeni istiqamətləri müəyyən edirik, bizim üçün maraqlı olan sahələri təyin edirik. Bununla qeyd etmək istərdik ki, Birgə Komitənin iclası əlaqələrimizi daha da möhkəmləndirə bilər. Beləliklə Albaniya enerji, infrastruktur, turizm, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsində olduqca maraqlıdır. Əlbəttə ki, enerji sahəsində İon–Adriatik boru kəməri Albaniyanı, Monteneqronu, Xorvatiyanı birləşdirərək, ölkələrimizin geosiyasi əhəmiyyətini artırır və regional, o cümlədən Avropa səviyyəsində qaz təchizatının şaxələndirilməsini nümayiş etdirir. Bilirik ki, bu sahədə ölkənizin sərmayə qoyuluşu baxımından təcrübəsi var. Albaniya, həmçinin öz ərazisində tranzit imkanlarından istifadəyə çox açıqdır və hazırdır. Qaz infrastrukturumuzdan bu məqsədlə tam istifadə olunmasını mümkün hesab edirik. Bu sahədə daha böyük nəticələrin əldə olunmasını səmimiyyətlə arzu edirik. Beləliklə, biz əməkdaşlığımızın yeni yollarını açırıq və bu məqsədlə Azərbaycan tərəfinin göstərəcəyi səyləri alqışlayırıq. Fikrimizcə, birgə işləyərək öz imkanlarımızı səfərbər edə biləcəyik və daha da genişləndirəcəyik.

Əslində, turizm ölkələrimizin iqtisadiyyatlarının digər mühüm sahəsidir. Azərbaycan uğurlu təcrübəni özündə əks etdirir. Biz bundan yararlana bilərik. Mən cənab Prezidentə bəyan etdim ki, bu sahədə Azərbaycan tərəfindən qoyulacaq sərmayələri yüksək dəyərləndirərdik. Eyni zamanda, mədəniyyət sahəsində birgə işləməliyik ki, xalqlarımız daha yaxın olsun, bir-birini tanısın. Bununla bağlı iki tərəf arasında yeni sazişlər imzalana bilər. Bilirik ki, mədəniyyət və incəsənət sahəsinə aid olan minlərlə eksponat nümayiş etdirilə bilər. Cənab Prezident, mən Sizə bildirdim ki, bu, irsimizin qorunmasına töhfə verəcəkdir. 2019-cu ildə baş vermiş zəlzələdə də göstərilən yardımı yüksək dəyərləndiririk.

İstərdik bildirək ki, Ukraynada gedən müharibə və onun nəticələrinə gəldikdə, biz ümumi mövqedən çıxış edirik: diplomatiya və dialoq irəliyə doğru aparan əsas yoldur. Bu, həmçinin Cənubi Qafqaz və digər bölgələr üçün də vacibdir. Albaniya Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına öz dəstəyini verib. Ukraynadakı müharibəyə gəldikdə, bəyan edirəm ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və istəyirik ki, bu məsələ sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın. Mən, həmçinin bildirdim ki, ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, BMT-də, Avropa Şurasında məhsuldar əməkdaşlıq aparılır. BMT Təhlükəsizlik Şurasına Albaniyanın namizədliyinə, o cümlədən ATƏT-in sədrliyinə dəstək verilməsi ilə bağlı müraciət etdim. Əlbəttə ki, namizədliyə gəldikdə, bizim əməkdaşlığımız bu baxımdan gələcəkdə də davam etdirilməlidir.

Digər məsələlərə gəldikdə, mən cənab Prezidentə bildirdim ki, Kosovo Albaniya üçün çox əhəmiyyətlidir və bu, nəinki sabitlik, həm də bütöv regionun tərəqqisi üçün vacibdir. Parlamentlərarası əməkdaşlığa gəldikdə, Albaniya və Azərbaycan arasında dostluq qrupları fəaliyyət göstərir. Bu istiqamətdə atılacaq addımlar çox ola bilər. İstərdik ki, parlamentlərimiz bir-biri ilə sıx əməkdaşlıq etsinlər.

Yekun olaraq bildirmək istəyirəm ki, bizim ikitərəfli münasibətlərimizə gəldikdə, gedəcəyimiz yol və əldə edəcəyimiz nəticələr çoxdur. Buna görə, mən dostluq əlaqələrimizə, ölkələrimiz arasında münasibətlərə çox yaxşı gələcək arzu edirəm.

Cənab Prezident, gəldiyinizə görə çox sağ olun. Bir daha, Albaniyaya xoş gəlmisiniz. Çox sağ olun, cənab Prezident.

Sonra Azərbaycan dövlətinin başçısı çıxış edib.

Prezident İlham Əliyevin bəyanatı:

- Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, dəvətə və göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

Mən gözəl ölkənizə ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam. Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Biz Sizinlə bu gün təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.

Siyasi dialoqa gəldikdə, Albaniya prezidentləri əvvəlki illərdə Azərbaycana dəfələrlə səfər etmişdilər. Bu il keçmiş Prezident Meta Azərbaycanda səfərdə idi. Eyni zamanda, bu ilin aprel ayında Baş nazir Edi Rama da bizim qonağımız idi. Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Yəni, bu sıx siyasi təmaslar, əlbəttə, bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir, eyni zamanda, imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin.

Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız da bizim əlaqələrimizi gücləndirir. Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk.

Biz İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğalçılardan azad etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik. Siz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə toxundunuz. Qeyd etməliyəm ki, bu qətnamələr 1993-cü ildə qəbul olunmuşdur. Ancaq bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir. Baxmayaraq ki, dəfələrlə Azərbaycan məsələ qaldırmışdır ki, Ermənistana qarşı sanksiyalar tətbiq edilsin, Ermənistan cəzalandırılsın. Çünki Azərbaycan ərazisinin 20 faizini işğal etmək böyük cinayətdir və işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparmaq hərbi cinayətdir. Orada törədilmiş dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Mən Sizə məlumat verdim ki, ermənilər işğal dövründə 67 məsciddən 65-ni yerlə-yeksan etmişlər, qalan iki məsciddə isə heyvan - inək, donuz saxlamışlar və bütün müsəlmanların hisslərinə toxunmuşlar.

Biz bu məsələni təkbaşına həll etdik, ədaləti bərpa etdik və azad edilmiş torpaqlarda indi Azərbaycan Bayrağı dalğalanır. Biz bu torpaqlara qayıtmışıq və bu torpaqlara həyat qayıdır. Xalqımız, dövlətimiz üçün əsas olan məsələdə ölkənizin bizə dəstək verməsi, əlbəttə ki, bizim üçün çox önəmlidir və bir daha buna görə Sizə təşəkkürümü bildirmək istəyirəm.

Mən Sizin fikrinizə qoşuluram ki, iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir. Çünki müzakirə ediləsi məsələlər çoxdur. Biz bu gün Sizinlə qaz sahəsində əməkdaşlıq barədə danışdıq, həm əldə edilmiş nailiyyətlər, həm də görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var - qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri. Bilirəm ki, bütün bu sahələr Sizin ölkəniz üçün də və bizim üçün də prioritet təşkil edir. Ona görə, əminəm ki, biz bu istiqamətlər üzrə inamla addımlayacağıq.

O ki qaldı, qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir.

Bizim qaz ehtiyatlarımız çox zəngindir. Hazırda həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur. Yəni, bu layihə - Cənub Qaz Dəhlizi cəmi iki ilə yaxındır ki, istismardadır. Amma artıq Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan bu hər iki kəmərin genişləndirilməsi müzakirə olunur. Yəni, bu, onu göstərir ki, buna böyük ehtiyac var, tələbat var. Azərbaycan Avropa İttifaqı rəsmiləri tərəfindən artıq etibarlı tərəfdaş kimi tanınır və qiymətləndirilir. Əlbəttə ki, biz də bu məsuliyyəti yaxşı başa düşürük.

Eyni zamanda, biz Sizinlə bu gün Albaniyada qaz təsərrüfatının inkişafına verə biləcəyimiz töhfə haqqında da danışdıq. Bu məsələ ilə bağlı bizim fikirlərimiz var. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər və biz buna hazırıq. Bu gün bu məsələni və energetika sahəsi ilə bağlı olan digər məsələləri bundan sonra da müzakirə edəcəyik.

Daha bir məsələyə də toxunmaq istəyirəm, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var. Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişik. Demək olar NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasında idik ki, biz sülhməramlı missiyaya qoşulduq. Biz Əfqanıstandan çıxan son iki ölkə arasındayıq - son iki ölkə Türkiyə və Azərbaycan idi. Qalan bütün NATO üzvləri bizdən qabaq oradan çıxmışdılar. Yəni, demək istəyirəm ki, bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir. Buna görə də mən Sizə minnətdaram.

Çıxışımın sonunda mətbuat qarşısında Sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Dəvətə və qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. Sağ olun.

"Şərin qarşısını birgə almaq üçün milli həmrəyliyimiz çox vacibdir"DTX-nin keçirdiyi növbəti uğurlu əməliyyat nəticəsində İranın ölkəmizdəki daha bir casus şəbəkəsinin ifşa edilməsi onu göstərir ki, İran hakimiyyəti gənclərimizin dini-mənəvi zəmində beyinlərinin "yuyulması" və onların Azərbaycana qarşı təxribat-casusluq fəaliyyətlərinə cəlb edilməsi üçün uzun illər ərzində həqiqətən də çox geniş və sistemli iş aparıb. Fars-molla rejiminin Azərbaycandakı uzantıları son 30 ildə ölkəmizdə dini-siyasi müstəvidə hökm sürən liberal mühitdən sui-istifadə edərək bir sıra vətəndaşlarımızı ələ alıb və şəbəkələşiblər. Bu şəbəkəni deşifrə etmək, üzə çıxarmaq, zərərsizləşdirmək elə də asan deyil.

Təqdirəlayiq haldır ki, son zamanlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən İran İslam Respublikası xüsusi xidmət orqanlarının nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Biz bu tədbirlərin səmərəli olacağına, müsbət nəticə verəcəyinə inanırıq.

Bir müddət əvvəl də İrana casusluq edən Azərbaycan vətəndaşlarından ibarət olan bir silahlı dəstənin üzvləri DTX tərəfindən saxlanılmışdı. Lakin görünən budur ki, cənub qonşumuzun dəstəklədiyi radikal dini dəstələrin, qruplaşmaların sayı çoxdur. Və onlar son həbslərdən sonra ya bir müddət "kölgə"yə çəkiləcək, yenidən fəallaşmaq üçün əlverişli məqam gözləyəcəklər, yadaki qisas məqsədilə Azərbaycanın bu və ya digər ərazisində təxribat və terror hadisələri törətməyə çalışacaqlar.

Odur ki, İran xüsusi xidmət orqanları nümayəndələrinin, milli satqınların həyata keçirə biləcəyi təxribatların və kəşfiyyat-pozuculuq işlərinin qarşısının alınması üçün bu aralar hamımız ayıq-sayıq olmalıyıq. Molla rejimindən və onun əlaltılarından hər cür pislik gözləmək olar. Şərin qarşısını birgə almaq üçün milli həmrəyliyimiz çox vacibdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Rusiyanın 100 iş adamı Tehrana getdiRusiya Ticarət və Sənaye Palatasının sədri Sergey Katırinin başçılıq etdiyi 80 Rusiya şirkətinin 100 nümayəndəsindən ibarət nümayəndə heyəti Tehrana səfər edib.

Bu barədə Rusiya Ticarət və Sənaye Palatası məlumat yayıb.

Məlumata əsasən, nümayəndə heyəti 23 region və 11 regional palatadan ibarət 10 biznes sektorunu (kənd təsərrüfatı, qida sənayesi, logistika, neft-qaz, istehsal və tikinti daxil olmaqla) təmsil edir.
Müsavat icazəsiz aksiya keçirdi - Arif Hacılı və partiyadaşları saxlanıldıMüsavat Partiyası bu gün İranın Bakıdakı səfirliyinin qarşısında icazəsiz aksiya keçirməyə cəhd edib.

Avrasiya.net xəbər verir ki, müsavatçılar İranın anti-Azərbaycan siyasətinə və qonşu ölkədə dinc aksiyaçılara qarşı amansız davranışlara etiraz ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyi aksiya polisin müdaxiləsilə dağıdılıb.

Aksiya zamanı Müsavat başqanı Arif Hacılı saxlanılıb. Bundan başqa, Divan üzvü Razim Əmiraslanlı, Məclis üzvləri Niyaz Nəsir, Arzulla Bulud və Mustafa Hacıbəyli də daxil olmaqla bir çox müsavatçının saxlanıldığı bildirilir.

Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var - Prezident"Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var".

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatına bildirib.

"Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişdik. Demək olar ki, NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasındaydıq ki, biz sülhməramlı missiyaya qoşulduq və Əfqanıstandan çıxan son iki ölkə arasındayıq. Son iki ölkə - Türkiyə və Azərbaycandır. Bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək vermişdir", - Prezident vurğulayıb.
Mətbuat Şurasında iki komissiyaya sədr seçildiNoyabrın 15-də Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.

R.Məcid MŞ-nin ötən bir ay ərzində gördüyü işlər barədə danışaraq bildirib ki, hesabat dövrünün ən mühüm hadisəsi oktyabrın 12-də Azərbaycan Mətbuat Şurası ilə Medianın İnkişafı Agentliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumudur. Bundan başqa Şuranın təşəbbüsü ilə sosail media və sosial şəbəkələrdəki populyar səhifə istifadəçiləri ilə, Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə, Xüsusi Təyinatlı Qüvvələrin qaziləri ilə, Medianın İnkişafı Agentliyi və Audiovizual Şura ilə birlikdə regional medianın inkişaf məsələlərinə dair Qubada şimal bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşlər, həmçinin “Elnur Əşrofoğlu xatirələrdə” kitabının təqdimat mərasimi keçirilib. Qurumun Şikayətlər üzrə Komissiyasının və Beynəlxalq Əlaqələr Komissiyasının iclasları da baş tutub. Bundan başqa MŞ Şuşa Rayon İcra Hakimiyyəti ilə birgə “Şuşa” qəzetinin 90 illik yubileyini qeyd edib, tanınmış media qurumlarına əlamətdar günləri ilə əlaqədar təbriklər ünvanlayıb.

R.Məcid onu da bildirib ki, uzun illər Şuranın icraçı katibi vəzifəsini Şəmsəddin Əliyev tutub. O, Ş.Əliyevin bu vəzifədə səmərəli fəaliyyət göstərdiyi nəzərə alınaraq, Şuranın diplomu ilə təltif edildiyini diqqətə çatdırıb. Diplom ona təqdim olunub.

MŞ İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan olunması ilə bağlı Şuranın görəcəyi işlərin əhəmiyyət daşıdığını vurğulayıb. O, mövcud istiqamətdə ayrıca tədbirlər planının hazırlanacağını və İH-nin növbəti iclasına təqdim ediləcəyini bildirib.

İclasda MŞ-nin Şikayətlər üzrə Komissiyasının sədri Vüqar Zifəroğlu qurumun baxdığı şikayətlərlə bağlı məlumat verib. O bildirib ki, komissiyanın müzakirəsinə çıxarılmış 6 şikayətdən 4-ü ilə bağlı qərar çıxarılması məqbul sayılıb. Qərar layihələri nəzərdən keçirildikdən sonra qəbul olunub.

Bundan sonra Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Müşfiq Ələsgərlinin məlumatı dinlənilib. M.Ələsgərli komissiyanın xəttilə ölkəmizdəki beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinin prioritet olaraq müəyyənləşdirildiyini, bununla bağlı onlara müraciətlər ünvanlandığını vurğulayıb.

İclasda Ekstremal şəraitdə, kütləvi aksiya və tədbirlərdə, kriminal hadisələrin işıqlandırılması zamanı jurnalistlərin davranışlarına dair müzakirələr də aparılıb. Bununla əlaqədar Şuranın Etika Komissiyasının sədri Qulu Məhərrəmli, İH üzvləri Əflatun Amaşov, Yadigar Məmmədli, Yeganə Hacıyeva fikirlərini bildiriblər. Çıxış edənlər media məkanımızdakı tendensiyaları diqqətdə saxlamağın ümumən cəmiyyətin maraq və mənafelərinin qorunmasına dəstək baxımından əhəmiyyətini qabardıblar. İclasda medianın cəmiyyəti formalaşdırdığı reallığına söykənilərək jurnalistlərlə etik prinsiplərin qorunması istiqamətində davamlı iş aparılmasının zəruriliyi önə çəkilib. Xüsusən bildirilib ki, tutduğu vəzifədən, ictimai statusundan və populyarlıq dərəcəsindən asılı olmayaraq, jurnalistlərin təqdimatları cinayət əməlində təqsirləndirilən şəxslərin kultlaşdırılmasına xidmət etməməlidir. Hazırda mövcud olan bu tendensiyanın ziyanlı tərəflərinə diqqət yetirilib.

İclasda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Mediasiya Şurası ilə əməkdaşlıq məsələlərinə dair MŞ İdarə Heyətinin üzvü Elçin Mirzəbəylinin məruzəsi dinlənilib. E.Mirzəbəyli bununla bağlı təklifləri diqqətə çatdırıb. Təkliflər müsbət qiymətləndirilib və hər iki qurumla əməkdaşlıq üçün əsas götürülüb.

Toplantıda MŞ-nin Media subyektləri ilə əlaqələr, həmçinin Sosial media təmsilçiləri ilə əlaqələr Komissiyalarının sədrləri də müəyyənləşib. Birinci komissiyaya İH üzvü Vüqar Rəhimzadənin, ikinci komissiyaya isə İH üzvü Hacıbəy Heydərlinin rəhbərlik etməsi məqbul sayılıb. İclasda Şuranın digər komissiyalarının tərkiblərinin komplektləşdirilməsi ətrafında da müzakirələr olub. Təklif edilib ki, Etika Komissiyasının tərkibinə nüfuzlu ictimaiyyət nümayəndələri də daxil olunsun. Bu baxımdan tanınmış jurnalist İlhamiyyə Rzanın komissiyada təmsilçiliyi məqbul qiymətləndirilib.

“Xalq qəzeti”nin əməkşdaşı, əməkdar jurnalist Tahir Aydınoğlu Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı sədrin müavini olaraq təsdiqləniblər.

Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə işin əlaqələndirilməsi üçün “Təbib” qəzetinin baş redaktoru, Vətən müharibəsi iştirakçısı Məğrur Əliyevin koordinatorluğu irəli sürülüb və məqbul qiymətləndirilib.

İclasda İH üzvü Yadigar Məmmədlinin Avropa Mətbuat Şuraları Alyansının Kiprdə keçirilmiş illik toplantısında iştirakına imkan verilməməsi, onun Kiprə buraxılmaması məsələsi üzərində də dayanılıb. Bildirilib ki, Avropa Mətbuat Şuraları Alyansı Avropanın media cameəsini əhatə edən kifayət qədər mötəbər təşkilatdır və onun iclaslarında iştirakın bütün detalları nəzərə alınmalıdır.



Erməni öz hərbçi yoldaşını güllələdiErmənistan ordusunun hərbi qulluqçusu hərbçi yoldaşı tərəfindən güllələnib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, noyabrın 15-də hərbi hissələrin birində döyüş mövqeyində 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan hərbçi yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.
"YAP yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçib"Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Ulu Öndər Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ulu Öndərə müraciət edərək yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olundu. Azərbaycanın ən yeni tarixinə “91-lər” in müraciəti kimi daxil olmuş həmin sənəd əslində bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Heç bir zaman xalqının arzu və istəklərinə biganə qala bilməyən Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi.

1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm tarixi hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü: separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin də itirilməsinə gətirib çıxara bilərdi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Ulu Öndər öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi.

Partiya yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan etmiş və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanmışdır. Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Ulu Öndər Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.

Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP regionun ən böyük siyasi təşkilatına çevrilib, Hazırda cəmiyyətin sağlam qüvvələrini öz ətrafında toplayan YAP-ın 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Xüsusilə ölkə başçısının fəaliyyətinin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun igidliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. 30 ilə yaxın düşmən tapdağı altında olan əzəli torpaqlarımız 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.

Şübhəsiz, Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli amillər var ki, onların da başında hər şeydən əvvəl lider amili gəlir. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcəkdir.

Bu gün biz YAP üzvləri olaraq əsas vəzifəmiz Partiyamızın banisi Ulu Öndər Heydər Əliyevin vəsiyyətinə sadiq qalaraq onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin ətrafında möhkəm birləşməli və bir çox taleyüklü məsələlərin həllində ona dəstək olmalıyıq.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri