Yeni startap işə başlayırSosial sahibkarlıq sahəsində növbəti bir yeniliyə imza atılıb. Belə ki, İZZİ startapının ideyası 2020-ci ildə yaranıb.

Bu barədə layihə müəlliflərinin yaydığı məlumatda qeyd edilir: "Proqramçı komandamızı formalaşdırmağımızı və təlimləndirməsini partnyorlarımız SUP Akseleratorla, Next Step İnnovasiya mərkəzi və İnnoland inkubasiya və Akselerasiya mərkəzi birgə etdik və bir ildən çox İnnoland inkubasiya mərkəzinin rezidenti olduq. ABŞ və Kanadadan texniki məsləhətçilər cəlb edə bildik və 2021-ci ildə KOBİA tərəfindən startup şəhadətnazməsi aldıq və bu ilin aprel ayından veb səhifəmiz artıq fəaliyyətə başladı. Həmçinin, Avropada yerləşən və may ayında start veriləcək iki akkselerasiya proqramında rəqabətli seçim mərhələrindən sonra iştirak haqqı qazanmışıq. Təsisçilərimiz və komandamızın 60% xanımlardan ibarətdir".

Qeyd edilir ki, bazar müxtəlif qiymətlərlə fərqli xidmətlər təklif edən müxtəlif onlayn həllərdən ibarətdir: "Xidmət təklifləri bazarında bir və ya iki ev xidmətləri həllinə diqqət yetirən və onları veb-səhifə və ya tətbiq vasitəsilə satan bir neçə ixtisaslaşmış şirkətlər var. Lakin əksər hallarda müştərilər xidmət təminatçısından və ya onun podratçılarından razı qalmırlar.

Əsas fərqimiz sadə və istifadəsi rahat onlayn platformanın yaradılması idi. Regionda qadınlara ev xidmətləri dəstəyində boşluq var. Evdar xanımların qayğıları demək olar ki 80%-i ev işləri ilə əlaqəlidir. Digər tərəfdən, işləyən insanlar ev işləri və digər işlərlə məşğul olmaq üçün nə vaxt, nə də keyfiyyətli xidmət tapa bilmirlər. Bizim ali məqsədimiz insanlara məişət problemlərini ən qısa müddətdə və ən sərfəli qiymətlə həll edə biləcək uyğun icraçını seçməkdə kömək etməkdir.

Məqsədimiz istifadəsi asan, bütün cihazlarda əlçatan və minimum vaxt sərfi ilə sürətli şəkildə konseptuallaşdırmaqla insanlara onlayn platforma vasitəsilə məişət problemlərini həll etməyə kömək etməkdir. Platforma 24/7 xidmətlər və müştəri dəstəyi, seçim etmək üçün xidmət təminatçıları bazası və təqdim olunan xidmətin təhlükəsizliyi və etibarlılığı ilə dəyər qatacaq.
Ağdamda hərbi sursat partladı: ölən varMayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah-sursatın partlaması nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
“Gənclər arasında yol hərəkəti təhlükəsizliyi məsuliyyətinin təşviqi” layihəsinə yekun vurulubHər il bütün dünyada yol-nəqliyyat hadisələri nəticəsində təqribən 1 milyon 250 min insan həyatını itirir. Bütün dünyada 15–29 yaşlı insanların-gənclərin ölüm səbəbləri arasında birinci yeri yol-nəqliyyat hadisələri tutur.

Əsas məqsədi gənclərin problemlərinin araşdırılması və həllinə köməklik göstərilməsi olan Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi qeyd olunanları nəzərə alaraq, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Daxili İşlər Nazirliyi yanında İctimai Şura və Daxili İşlər Nazirliyi ilə birgə “Gənclər arasında yol hərəkəti təhlükəsizliyi məsuliyyətinin təşviqi” layihəsini həyata keçirdi. Bu layihə həm də “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramının fəaliyyət istiqamətlərinə uyğun olaraq motosiklet və moped sürücülərinin yol-nəqliyyat hadisələrində iştirakının azaldılmasına, onların maarifləndirilməsi, təhlukəsizliklərinin təminatına həsr olunmuşdur. Layihə əsasən 2 istiqaməti əhatə edirdi.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı illik hesabatlarda motosiklet və moped sürücüləri və sərnişinləri ölümlə nəticələnən yol-nəqliyyat hadisələri iştirakçılarının xüsusi risk qrupuna aid edilir. Ölkəmizdə də son 3 il ərzində pandemiya səbəbindən, onlayn sifariş və çatdırılma xidmətlərinin aktuallaşması ilə motosiklet və mapedlərin çoxalması qeyd olunan riskləri olduqca artırmışdır.

Layihə çərçivəsində Bakı şəhərinin Nərimanov, Səbail, Yasamal və Nəsimi rayonlarında moto və maped sürücülərinin yol hərəkəti qaydalarına, eləcə də təhlükəsizlik qaydalarına əməl etmələri vəziyyətinin öyrənilməsi məqsədilə monitorinqlər keçirilmişdir. Monitorinqlər zamanı qaydalara əməl etməyən 50-yə yaxın moto və maped sürücüsü saxlanılaraq inzibati məsuliyyətə cəlb edilmiş, bəzilərinə xəbərdarlıq olunmuş, maarifləndirici söhbətlər aparılmışdır.

Layihə çərçivəsində yol təhlükəsizliyi qaydaları, təhlükəsizlik vasitələrindən istifadə, yol-nəqliyyat hadisələri fəsadları ilə bağlı maarifləndirmə işi aparılmışdır. 1000-ə yaxın gənc benifisiara bukletlər paylanılmışdır, 100 nəfər gənc təlim kurslarına cəlb edilmişdir. Gənclərin maarifləndirilməsində, eləcə də inzibati məsuliyyətə cəlb olunmasında məqsəd onların yol-nəqliyyat hadisələrində iştirakının azaldılmasıdır.
Rusiya Finlandiyanı hədələyibRusiya Finlandiyanın NATO-ya qoşulmaqla bağlı bəyanatlarına təhdid dolu cavab verib.

Bununla bağlı Kreml bəyanat yayıb.

Bildirilib ki, Finlandiya Rusiyaya qarşı Avropa Birliyinin qeyri-dost addımlarına qoşulmağa başlayıb:

"Belə addım təəssüf doğurur və buna cavab veriləcək. Finlandiyanın NATO-ya üzvlüyü Rusiya üçün birbaşa təhdiddir. NATO-nun genişlənməsi nə dünyanı, nə də Avropanı daha sabit hala gətirəcək. Rusiya Ukraynada hərbi əməliyyatın qarşısını almağa çalışanlara ən qətiyyətli cavabı verməyə hazırdır".

Xatırladaq ki, Finlandiyanın prezidenti və baş naziri bu gün NATO-ya üzvlük üçün müraciətin tərəfdarı olduqlarını açıqlayıblar. NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın bu bəyanatından məmnunluğunu ifadə edib. O bildirib ki, Finlandiyanın üzvlüyü həm NATO, həm də Finlandiyanın təhlükəsizliyini gücləndirəcək.

Stoltenberq deyib ki, əgər Finlandiya üzvlük üçün müraciət edərsə, NATO-da müsbət qarşılanacaq, üzvlük prosesi rahat və sürətli olacaq. Digər tərəfdən, Ukrayna prezidenti Volodimir Zelenski Finlandiya prezidenti ilə telefonla danışıb və NATO-ya üzvlük qərarını dəstəkləyib.
Yararsız balıq məhsulları və içkilər məhv edildiAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız və istifadə müddəti bitən, ümumi çəkisi 960 kq balıq məhsulları və akoqolsuz içkilər Təhlükəli Tullantılar MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edib.

Bu barədə Avrasiya.net-ə AQTA-dan məlumat verilib.

Qeyd olunub ki, proses Fenix Trade MMC-nin Agentliyə müraciəti əsasında həyata keçirilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
KİV: “Rusiya daha bir gəmisini itirib”Rusiya donanması Qara dənizdə daha bir gəmisini itirib.

“Report” xəbər verir ki, bu barədə “Kanal 24”ün əldə etdiyi kəşfiyyat məlumatında qeyd olunub.

Bildirilib ki, söhbət 23120 layihəli arxa təminat gəmisindən gedir. Həmin gəmilərdən Rusiyada yalnız iki ədəddir – “Vsevolod Bobrov” və “Elbrus”. Lakin hansı gəminin sıradan çıxdığı dəqiqləşdirilməyib.

İlkin məlumata görə, mayın 12-nə keçən gecə 23120 layihəli gəmi İlan adasına doğru gedirdi. Naməlum səbəbdən gəmidə yanğın baş verib.

Daha sonra ekipajın xilas edilməsi əməliyyatı başlanıb. Gecəyarısı yanmış gəmi Sevastopola çatmağı bacarıb. Gəminin nə qədər müddətə sıradan çıxdığı məlum deyil, lakin ilkin məlumatlara görə, gəminin ciddi şəkildə təmirə ehtiyacı olacaq.

Nəzərə alsaq ki, 23120 layihəli gəmiləri ən yenilərdən sayıla bilər, o zaman hətta onlardan birinin müharibə zamanı müvəqqəti itkisi də işğalçılar üçün kritikdir. Üstəlik, gəmini Qara dənizdən çıxarmaq lazım gələrsə, Türkiyə onu geri buraxmayacaq.
Suriyada döyüşən azərbaycanlı HƏBS OLUNDUAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumat yayıb.

Aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Şıxıyev Bəxtiyar Səttərxan oğlunun ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Keçmiş bələdiyyə sədrinin bacısı azadlığa buraxılıb - Özü həbsdə qalıbBakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilən Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın barəsində olan həbs qərarından verilən şikayətə baxılıb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə İ.Əliyevanın barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

Təqsirləndirilən şəxslər 16 epizod üzrə yarım milyon manata yaxın dələduzluqda ittiham edilir.

Eyni zamanda A.Əliyeva Binəqədi rayon bələdiyyəsinin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində başlanan cinayət işi üzrə A.Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və satma), onun bacısı İ.Əliyeva isə 178.2-ci (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər ikisi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Lənkəranda 21 yaşlı gənc intihar edibLənkəranda 21 yaşlı gənc intihar edib.

Report-un xəbərinə görə, hadisə ötən gecə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Həsən İlham oğlu Həsənzadə yaşadıqları evin həyətindəki tövlədə özünü asıb.

Ailə üzvləri hadisədən bu gün səhər saatlarında xəbər tutublar.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
DİQQƏT! Mağazalarda təhlükəli dondurmalar varHavaların istiləşməsi və gündən-günə yaxınlaşan dondurma mövsümü hətta dondurma sevməyənləri də arada bu təamdan dadmağa sövq edir. Amma son zamanlar sosial şəbəkələrdə dondurmadan yaranan mədə-bağırsaq nasazlıqları ilə bağlı şikayətlər də çoxalıb. Əksər istehlakçı dondurma yedikdən sonra mədə pozuntularının olduğunu deyir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mövsümqabağı bu kimi ehtimalların qaçılmaz olduğunu vurğulayıb:

“Çünki qışda soyuducularda saxlanmış dondurmalar yayda yenidən satışa buraxılır. Əsasən də xaricdən ölkəmizə gətirilən və keçən il satışı reallaşdırılmayan məhsullar bu il yenidən dövriyyəyə daxil edilir. Bu barədə Azad İstehlakçılar Birliyinə də xeyli müraciətlər daxil olur. Qarşısını almaq isə mümkün olmur”.

​​​​​​​Ekspert dondurmanın saxlanma müddəti ilə bağlı yaranan suallara da aydınlıq gətirib:

“Dondurmaları mənfi 20 dərəcədən aşağı temperaturda, anbarda altı ay müddətində saxlamaq olar. Amma bu altı ayın doğruluğu faktını təsdiq etmək lazımdır. Tutaq ki, dondurmanın üzərindəki müddət altı ayın bitmədiyini bildirir, amma laboratoriyaya nümunə verdikdə aydın olur ki, bu altı ay çoxdan bitib”.

Dondurmanın Azərbaycan bazarının ən çirklənmiş seqmenti olduğunu bildirən ekspert ölkədə cəmi bir dondurma istehsalçısının təhlükəsizlik nişanı olduğunu söyləyib:

“Ölkəmizdə 20-dən çox dondurma istehsalçısı var. 2011-ci ildə USAID-in Azad İstehlakçılar Birliyi ilə apardığı birgə layihə çərçivəsində yalnız bir dondurma istehsalçısına Qida Təhlükəsizliyi Nişanı təqdim etmişik. Qalanları bu standarta oturmur”.

Ekspert açıqlamasında dondurmanın yağı ilə bağlı süni qazanc əldə etməyə çalışan bəzi işbazlar haqqında da danışıb:

“Dondurma bazarımızda kərə yağı əvəzinə bitki yağının qarışdırılması problemi də var ki, bu kimi hallar da Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həll edilməlidir. Həmçinin dondurmanın xaricdən gətirildikdən sonra əridilərək yenidən bərkidilməsi, yəni təkrar emal problemi hələ də ölkə bazarında qalır”.