"Putin beynəlxalq cinayətkara  çevrildi"“Psixi vəziyyəti normal olan Prezident yox, sadə insanların belə Putin kimi ağılsız hərəkətlər etməsi mümkün deyil. Özünü Rusiya və Sovet imperiyasına daxil olmuş ölkələrin tarixinin bilicisi hesab edən Putinin ətrafdakıları riqqətə gətirən sayaqlamaları, bütövlüklə dağıdıb, apardığı siyatətin keçmiş Sovet, yeni Rus imperiyası yaratmağın astanasında olduğuna inanıb və bu prosesi Ukraynanı işğal etmək cəhdi ilə başladı. Ukraynada qadınları zorlayan rus ordusunun kütləvi qırğınları ilə Putin beynəlxalq cinayətkara çevrildi. Artıq (özü güllələməsə) onun yolu Haqa tribunalından keçir. Ondan başqa bu tribunala ən azı Rusiyanın Təhlükəsizlik Şurasının üzvləri, insanları qətlə yetirən generalları cəlb olunacaq”.

Bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

R.Quliyev qeyd edib ki, Rusiya parçalanacaq, ən azı 3-4 müstəqil ölkəyə çevriləcək: “Tatarstan-Başqırdıstan, Vladivastok, Qafqaz, Moskva və Peterburq knyazlıqları. Artıq bu ölkədə heç bir nüvə silahı olmayacaq. Sibirin böyük bir hissəsi Çinin tərkibinə daxil ola bilər. Çox ümid edirəm, bu, belə olacaq. Dünyanın yaxası uzun müddətə dəli diktatorlardan azad olacaq”.
"İkitərəfli danışıqlar formatı ən optimal formatdır"Aprelin 6-da Brüsseldə baş tutan Əliyev-Paşinyan görüşündəki ikitərəfli razılaşmaların ardınca hər iki ölkənin xarici işlər nazirləri arasında və eləcə də Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında təmasların intensivləşməsi sülh danışıqları üçün ikitərəfli formatın daha səmərəli olduğunu göstərir.

Təcrübə göstərir ki, üçüncü tərəf (əsas etibarilə Rusiya) danışıqlar prosesinə bu və ya digər formada müdaxilə edəndə, proses bir qayda olaraq həmişə "dalan"a dirənir. Odur ki, hazırkı mərhələ üçün ikitərəfli danışıqlar formatı hesab edirəm ki, ən optimal formatdır.

Rəsmi Bakının təklif etdiyi 5 bənddən ibarət sülh prinsipləri əsasında təmaslar davam etdirilərsə və həm sərhədlərin delimitasiyası, həm də sülh sazişinin hazırlanması üçün işçi qrupun, ikitərəfli komissiyanın əməli fəaliyyətinə tezliklə start verilərsə, lap yaxın gələcəkdə ilkin müsbət nəticələrin əldə edilməsi mümkündür. Hazırda bu proses üçün kifayət qədər əlverişli şərait mövcuddur.

Ermənistan müxalifətinin Paşinyan hökumətinə qarşı kütləvi etiraz aksiyaları keçirməsi və Rusiyanın sülh danışıqları prosesini öz monopoliyası altına almaq cəhdləri prosesi ləngitməyə hesablansa da, lakin bütün hallarda proses davam etdirilməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Dövlətimiz dini ekstremizmin qarşısının alınması istiqamətində uğurlu tədbirlər görürMüasir dövrdə dünyanın bir çox dövlətləri dini ekstremizm və terrordan ciddi əziyyət çəkir. Terror hadisələri səbəbindən dünyanın bir çox bölgələrində ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, milyonlarla insan qaçqın və didərgin həyatı yaşayır, tarixi memarlıq abidələri, məktəb və xəstəxanalar dağıdılır.

Millət vəkili Ceyhun Məmmədov yazır ki, son illər dünyada regional və qlobal müstəvidə baş verən hadisələr yüksək əxlaqi dəyərlərin təbliği, insanların birlik və bərabərliyinin təmin edilməsi, sülhün və əmin-amanlığın qorunması missiyasını daşıyan dinlərdən müasir dövrdə siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunduğunu göstərir. Hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edir. Bu müəyyən şəxslər və qurumlar tərəfindən yaradılan çoxsaylı hərəkat və cərəyanların timsalında özünü açıq büruzə verir.

Radikalizm və ekstremizmin yaranmasının müxtəlif obyektiv və subyektiv səbəbləri var və bu özünü bir çox sahələrdə göstərir. Dövlət siyasətində ayrı-seçkiliyə rəvac verilməsi, dinlərarası münasibətlərin gərginləşdirilməsi, bir sıra hallarda dini dəyərlərin təhqir olunması, dini zəmində ədavət və düşmənçiliyin qızışdırılması bu səbəblərdəndir.

Eyni zamanda, bir sıra ölkələrdə zərərli dini təriqətlərin sərbəst yayılması, radikal və ekstremist qruplarla mübarizə işinin səmərəli qurulmaması, dindən siyasi məqsədlər üçün istifadəyə şərait yaradılması, beynəlxalq və regional əhəmiyyətli münaqişələrin uzun illər həllini tapmaması və yeni qarşıdurmaların yaranması dünyada ekstremizm və dözümsüzlük meyllərini daha da artırır, onların əhatə dairəsini genişləndirir. Dünya ölkələrinin və beynəlxalq qurumların bu risklərin qarşısının alınması məqsədilə göstərdikləri səylər və həyata keçirdikləri tədbirlər bir sıra hallarda ciddi nəticə vermir, əksinə, münasibətlərin daha da gərginləşməsinə, vəziyyətin mürəkkəbləşməsinə və münaqişələrin artmasına gətirib çıxarır.

Millət vəkilinin fikrincə, bu, bütövlükdə dünyada ədavətin, ekstremizm və radikallıq meyllərinin, silahlı və qanlı qarşıdurmaların artmasına, günahsız insanların münaqişə qurbanlarına çevrilməsinə təkan verir. Müasir dövrdə qüvvətli dövlət və vətəndaş cəmiyyətinin, beynəlxalq qurumların birgə səylərinin olmadığı təqdirdə bu kimi problemlərin qarşısının alınması mümkünsüz görsənir. Ekstremizm və radikallıqla səmərəli mübarizə üçün həm güclü dövlətin, həm də güclü vətəndaş cəmiyyətinin olması şərtdir.

Müasir dövrdə bəşəriyyəti ciddi təhdid edən terrorizm və ekstremizmin tarixi qədim dövrlərə təsadüf edir və yaranması müxtəlif səbəblərlə əlaqələndirilir. Bir çox hallarda bu kimi münaqişələr etnik, dini, irqi və s. zəmində baş verir. Motivindən və yaranma səbəblərindən asılı olmayaraq, terrorizm ekstremizmin təzahür formalarından biridir və bu təhlükənin aradan qaldırılması bəşəriyyətin ən mühüm və başlıca vəzifələrdəndir.

Bu gün terror hadisələrindən heç kim və heç bir dövlət sığortalanmamışdır. Müasir dövrdə bütün dünya xalqları, Uzaq Cənubi-Şərqi Asiyadan tutmuş Yaxın Şərqə qədər, Afrikadan, Avropadan Amerikayadək dünyanın bir çox ölkələri terrorun dəhşətli nəticələrini birbaşa və yaxud dolayısı ilə hiss edir və bu kimi hadisələrdən əziyyət çəkir. Bu təkcə hər hansı bir ölkənin və yaxud xalqın deyil, bütün bəşəriyyətin problemidir. Hər il dünyanın ayrı-ayrı ölkələrində baş verən terror aktları və siyasi münaqişələr nəticəsində yüz minlərlə günahsız insan terrorun qurbanına çevrilir.

Bu gün biz bir sıra hallarda terror hadisələrinin kökündə din amilinin dayandığının xüsusi vurğulandığının şahidi oluruq. Bir sıra dairələr, insanlara sülh, əmin-amanlıq bəxş etmək missiyası daşıyan səmavi dinləri terrora zəmin yaratmaqda günahlandırır. Bu məsələdə daha çox haqsızlığa və tənqidə məruz qalan din İslamdır. Təəssüf ki, məlumatsızlıq, qeyri-obyektiv təbliğat, bir sıra halllarda müsəlmanların qeyri-adekvat davranışları və digər səbəblərdən yüz minlərlə insanda İslam dini ilə bağlı zaman-zaman yanlış təsəvvür formalaşmışdır. Əslində heç bir din zorakılığa, terrora və dini ayrı-seçkiliyə haqq qazandırmır. İslam meydana gəldiyi gündən digər dinlərin nümayəndələrinə hörmətlə yanaşmağı vacib saymış, ayrı-ayrı dinlərin mənsublarına öz inanclarına uyğun yaşamalarına şərait yaratmışdır. Bu gün terrora ən sərt münasibət bildirən İslam, ondan ən çox əziyyət çəkənlər isə müsəlmanlardır.

Azərbaycan xalqı tarixin müxtəlif mərhələlərində terrora məruz qaldığından onun ağrı-acısına, ağır nəticələrinə daha dərindən bələddir. Təəssüf ki, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar bölgədə və dünyada baş verən münaqişələrə ikili standartlarla yanaşır, prinsipial mövqe nümayiş etdirmir, problemlərin həllini bilavasitə münaqişəyə cəlb olunmuş tərəflərin işi hesab edir.

Ermənistanın terrora dövlət səviyyəsində dəstək verməsi və Azərbaycana qarşı terrorda iştirakı, çoxlu sayda Azərbaycan vətəndaşını qətlə yetirməsi, mədəniyyət abidələrinin dağıtması inkaredilməz faktdır. Ermənistan xüsusi xidmət orqanlarının müxtəlif vaxtlarda ölkəmizdə bir sıra terror aktları törətməsi bu fikri bir daha təsdiq edir.

Terrorun ağrı-acısını yaşamış bir ölkə kimi Azərbaycan terrorun bütün təzahürlərini pisləyir, terror hadisələrinin qarşısının alınmasına yönəlmiş səyləri tam dəstəkləyir, onu doğuran səbəblərin aradan qaldırılması və qarşısının alınması məqsədilə dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlarla müntəzəm və sıx əməkdaşlıq edir.

Azərbaycan olduqca həssas, böyük dövlətlərin maraqlarının toqquşduğu bölgədə yerləşdiyindən, gələcəkdə yarana biləcək, davamlı inkişafa mane olacaq münaqişələrin vaxtında qarşısının alınması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Müasir dövrdə fundamental insan hüquqlarından olan vicdan və dini etiqad azadlığının təmin edilməsi bir çox dövlətlərin və beynəlxalq qurumların siyasətində və qarşılıqlı əlaqələrində xüsusi rol oynayır. Bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin borcu və müstəsna hüququdur. Din dövlətdən ayrı olsa da dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.

Azərbaycan Respublikasında dini ekstremizm təhlükəsi keçən əsrin 90-cı illərindən meydan çıxmağa başlamış, müstəqilliyin ilk illərində respublikada siyasi stabilliyin pozulması, Ermənistanla silahlı münaqişə və iqtisadi durumun çətinləşməsi ölkədə xeyli problem yaratmışdır. Yetmiş ildən artıq bir müddətdə sovet rejiminin ateizm təbliğatına məruz qalan, din xadimlərinin fəaliyyətinə və dini maarifləndirmənin aparılmasına qadağa qoyulan ölkəmizdə dini fəaliyyət sahəsində bir sıra problemlər özünü açıq göstərir, əhalinin böyük bir hissəsinin din barəsində məlumatsızlığı, dinlərin fəlsəfəsinə, Azərbaycanda yayılması tarixinə və xüsusiyyətlərinə dair biliklərinin yetərsizliyi radikal dini təriqətlərin respublikada yayılmasına əlverişli şərait yaradırdı.

Eyni zamanda, müstəqilliyin ilk illərində bu sahəyə dövlət nəzarəti zəif həyata keçirilir, insanlara humanitar yardım göstərmək məqsədilə ölkəmizə gələn müxtəlif təşkilatlar fəal dini təbliğat aparmağa, zərərli dini təlimləri yaymağa, əsasən də gəncləri təsir altına salmağa çalışırdılar. Bu cəhdlər təkcə dini maarifləndirmə məqsədi daşımır, eyni zamanda dini ekstremist əhval ruhiyyəli qrupların yaranmasına şərait yaradırdı. Əhali arasında rəğbət qazanmaq, tərəfdarlarının sayını artırmaq və bununla da dövlətin siyasətinə fəal müdaxilə imkanları əldə etmək istəyən həmin təşkilatlar dini fəaliyyət sahəsində cərəyan edən hadisələrin öz mənafelərinə uyğun olmasında maraqlı idilər. Bunun üçün onlar bütün imkanlardan maksimum yararlanmağa çalışırdılar. Lakin, dövlətin həyat keçirdiyi son dərəcə qətiyyətli və qabaqlayıcı tədbirlər nəticəsində həmin təşkilatların fəaliyyətinin qarşısı alındı, zərərli ideyaların cəmiyyətə sirayət etməsinə imkan verilmədi.

Dünyada baş verən son proseslər hər hansı bir dövləti parçalamağın ən asan yolunun həmin dövləti etnik yaxud dini münaqişəyə sürükləmək olduğunu göstərir. Bunun üçün həmin ölkələrdə milli azlıqların hüquqlarının pozulduğu iddia edilir, etnik qruplar arasında qarşıdurma yaradılır və onlar hakimiyyət əleyhinə qaldırılır. Məhz bu səbəbdən həmin illərdə Azərbaycanda separatçılıq meyləri xeyli güclənmiş, ölkə bölünmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Yerli və xarici qüvvələr respublikanın Şimal və Cənub bölgələrində etnik qruplardan siyasi məqsədlərlə istifadəyə, hakimiyyətə qarşı qaldırmağa və milli zəmində münaqişələr yaratmağa çalışırdı.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində həmin cəhdlərin qarşısı qətiyyətlə alındı, bu sahəyə diqqət daha da artırdı, bütün xalqların nümayəndələrinin vahid azərbaycançılıq ideyası ətrafında birləşməsinə nail olundu.

Müasir dövrdə qloballaşan dünyada terror və ekstremizmlə mübarizədə müxtəlif üsullardan istifadə olunur, bir sıra hallarda inzibati metodlara daha çox üstünlük verilir. Bu gün ekstremizmlə mübarizədə ən səmərəli metodlardan biri maarifləndirmə işinin gücləndirilməsi, insanların, xüsusilə də gənc nəslin dini biliklərinin artırılmasıdır. Ümumi təhlillər gənclərin bu təsirlərə daha çox dini biliklərinin zəif olması və savadsızlıq səbəbindən məruz qaldıqlarını göstərir. Bunun üçün dini təhsil müəssisələrində təhsilin səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi, dini dərslərlə yanaşı dünyəvi fənlərin tədrisi, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanması, tədrisin hər hansı məzhəbçilik deyil, ümumi prinsiplər əsasında təşkil olunması, xurafatçılığa yol verilməməsi və tələbələrə vətənpərvərlik ruhunun aşılanması xüsusi əhəmiyyət kəsb edir.

Dövlətimiz dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir. Normativ-hüquqi aktların beynəlxalq normalara uyğunlaşdırılması, dövlətin, həm də dini qurumların hüquq və öhdəliklərinin dəqiq müəyyən olunması, eləcə də insanpərvərlik prinsipləri ilə ziddiyət təşkil edən zərərli fikirləri təbliğ edən təriqət və cərəyanların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir.

Bu sahədə görülən işlərdən biri xaricdə dini təhsil almış və zərərli dini təsirlərə məruz qalmış gənclərin məscidlərə din xadimi təyin edilməsinin qarşısının alınması məqsədilə 2015-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər edilməsidir. Sözügedən Qanunun 21-ci maddəsinin 3-cü bəndinə əsasən “İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır”. Burada əsas məqsəd xaricdə təhsil alarkən yad ideoloji təsirlərə məruz qalmış şəxslərin ölkədə din xadimi kimi fəaliyyət göstərmələrinin, dini ibadət yerlərində və ictimaiyyət arasında zərərli dini təbliğat aparmalarının qarşısının alınmasıdır.

Ekstremizmə qarşı mübarizənin gücləndiriməsi və radikallıq meyllərinin qarşısının alınması ilə bağlı müddəalar Azərbaycan Respublikasının Qanunlarında da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 28, 283-1.3-cü və 283-1.3-cü (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə, yaxud bu ağır cinayətlərə hazırlıq) maddələri ekstremizmə qarşı mübarizədə xüsusi əhəmiyyətə malikdir.

2015-ci ilin dekabr ayında Azərbaycanda “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun qəbul edilmişdir. Bu Qanunun qəbul edilməsi milli, sosial və ya dini nifrətin salınmasının, milli ləyaqətin alçaldılmasının, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasının və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsinin qarşısının alınmasına ciddi töhfələr vermişdir.

Bu gün Azərbaycan Respublikasının hüquq mühafizə orqanları ölkədə ekstremizmin və radikallıq meyllərinin qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Radikal təriqətlərin ölkəmizdə yayılmasına imkan verilməməsi, xaricdə fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində döyüşən gənclərlə bağlı həyata keçirilən tədbirlər, onların ölkəyə dönüşü zamanı həbs edilmələri bu fikri bir daha təsdiq edir.

Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb

Tələbələrə əxlaqsız təkliflər etdiyi deyilən müəllim DANIŞDIAdı tələbə qızlara əxlaqsız təkliflər etməkdə hallandırılan Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov media və sosial şəbəkələrdə özü haqqında yayılan görüntülərə münasibət bildirib.

Bununla bağlı E.Rəhimov Oxu.az-a açıqlama verib.

O bildirib ki, videonu izləyib: “Mənim telefonuma keçən il bilinməyən nömrələrdən zənglər gəlirdi. Ev şəraitində olanda bir neçə dəfə açmışdım. Təxmin edirəm ki, bu, həmin zəngin videolarıdır”.

E.Rəhimov qeyd edib ki, rayonda onu hər kəs tanıyır: “İstər universitetdə tələbələrimdən, istərsə də kənddəki adamlardan soruşa bilərsiniz. Mənim əxlaqıma yaraşan hərəkət deyil bu. Mənim 51 yaşım var. Bu yaşda Azərbaycan müəlliminin adına belə hərəkəti yaraşdırmaq ayıbdır”.

E.Rəhimov tədris etdiyi bütün qruplarda qız tələbələrin olduğunu da qeyd edib: “Onlar mənim qızlarımdır. Məsələnin tam araşdırılmasının tərəfdarıyam”.

Qeyd edək ki, Elşad Rəhimov universitetdə zooloq kimi - heyvanların anatomiyası və fiziologiyası, zoologiya və zoogigiyena, baytarlıq mamalıq və genetika fənnini tədris edir.

Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimovun tələbə qızlara qiymət yazmaq üçün əxlaqsız təklif etdiyinə dair videogörüntülər yayılıb.
Fuad Əliyev Corc Diki təbrik edibİsrailin Azərbaycandakı səfiri,
cənab Corc Dikə

Hörmətli cənab Səfir!

İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə İsrail xalqını və bütün dünya yəhudilərini təbrik edirəm. Azərbaycan və İsrail xalqları arasında tarixən dostluq və qardaşlıq əlaqələri mövcud olub və bu əlaqələr indi də davam etməkdədir. Ümid edirəm ki, bu əlaqələrimizə kölgə sala biləcək qüvvələrə qarşı birgə mübarizəmizi daha da gücləndirəcəyik.

Allahdan İsrail dövlətinin daha güclənməsi və inkişaf etməsini diləyirəm. Ümid edirəm ki, İsrail həmişə tutduğu düzgün və real siyasətini dəyişməyəcək və qarşısına qoyduğu bütün maneələri dəf edəcəkdir.

Bu yolda sizə uğurlar arzulayıram.

Hörmətlə,

Fuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri
Qədim Şuşa beynəlxalq tədbirlər mərkəzinə çevrilir2022 - ci il aprelin 29-da Şuşada "Cənubi Qafqaz inkişaf və əməkdaşlıq konfrans" I keçirilmişdir. Bu konfrans tarixi və əlamətdar bir hadisədir.Konfransın Şuşada keçirilməsi bir daha göstərir ki, Azərbaycanın mədəniyyət paytaxtı və tarixi şəhəri Şuşa beynəlxalq tədbirlərin mərkəzinə çevrilir.

Azərbaycan sülhün nəinki öz ərazilərində təmin edilməsində, hətta bütün regionda təmin olunmasında maraqlıdır. Dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin, bölgə ilə maraqlanan ekspertlərin buradakı iştirakı bir daha sübüt edir ki, bu beynəlxalq əhəmiyyətli bir tədbirdir.

Azərbaycan işğal olunmuş torpaqlarını azad etməklə yeni mərhələnin, yeni geosiyasi vəziyyətin yaranmasının əsasını qoymuş oldu .

Dünya güclərinin maraqlarının toqquşduğu bir coğrafi mövqedə yaşayırıq. Beynəlxalq güclər hər zaman regionun zəif ölkələrini təsir altına almağa çalışıblar.Bu səbəbdən Cənubi Qafqazda sülh məsələsi həmişə həssas olmuşdur. Tarixi torpaqlarımızda sülhün pozulmasında Ermənistanın müstəsna rolu var. Azərbaycanın torpaqlarını otuz il işğal altında saxlamış, Cənubi Qafqazda sülhə ən böyük maneə olmuşdur. Region da vacib səmərəli istifadə hallarını məhdudlaşdırmışdır.
"Sülhün təminolunması, ədalətin bərpası üçün ATƏT_in Minsk qrupunun otuz illik fəaliyyəti heç bir nəticə verməmişdir."

BMT-nin dörd qətnaməsi imzalanmış Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd - şərtsiz çəkilməsini tələb edilmişdir. Amma regionda sülh təmin edilməmişdir.

Azərbaycan sülh yolunda otuz il səbir nümayiş etdirsə də, heç bir nəticəsi olmamışdır. Azərbaycan bu gün torpaqlarını işğaldan azad etməklə yeni bir mərhələyə daxil olmuşdur. Azərbaycan gələcəyə doğru yol açmış və bu istiqamətdə əməkdaşlıq və inkişaf naminə yeni səhifə açmağa hazır olduğunu sübut etmişdir.

Bu gün işğaldan azad olunmuş ərazilərdə ölkə ,həm də beynəlxalq əhəmiyyətli layihələr ,bərpa ,quruculuq işləri aparılır. Bu ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi erməni vəhşiliyini açıq bir şəkildə maddi sübut kimi dünyaya nümayiş etdirir.

Azərbaycanın sülhə və gələcəyə inamını əks etdirən işləri bütün dünyanın diqqət mərkəzindədir.
Cənubi Qafqazda sülhü təmin etmək üçün layihə və proqramlar hazırlanıb. Avropa İttifaqı nın regionda sülhün təmin olunması üçün atdığı addımlar Azərbaycanın bu istiqamətdəki siyasətinə olan dəstəyi nümayiş etdirir.

Qərbi və Şərqi birləşdirən Cənubi Qafqazda sülhün təmin olunması ən vacib amillərdən biridir.Mühüm yolların kəsişdiyi bu bölgədə iqtisadi və kommunikasiya imkanlarından bərabər istifadə etmək Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas məqsədlərindən biridir.

Rəşad Rəhmanov
Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin direktoru
Özünü binadan atan şagird kişinin BAŞINA DÜŞDÜBakıda məktəbli intihar edib.

Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 11-ci sinifdə oxuyan qız özünü binadan atıb. Nəticədə o yol keçən kişinin üstünə düşüb. Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.
Putin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edə bilərABŞ və Qərb rəsmiləri deyirlər ki, Rusiya prezidenti Vladimir Putin mayın 9-da Ukraynaya rəsmən müharibə elan edə bilər.

Bu isə Rusiyanın ehtiyat qüvvələrinin Ukraynanın şərqini və cənubunu işğal etmək cəhdi zamanı tam səfərbər edilməsinə imkan verəcək.

CNN-in məlumatına görə, Qərb rəsmiləri bu ssenarini müzakirə etməyə başlayıblar. Hələ ki Rusiya rəsmiləri münaqişənin sadəcə olaraq “denazifikasiya” məqsədi ilə “xüsusi hərbi əməliyyat” olduğunu deyirlər.

"Düşünürəm ki, o, "xüsusi əməliyyatı"ndan qurtulmağa çalışacaq" deyən Britaniyanın müdafiə naziri Ben Vallace bildirib.

Mayın 9-da rəsmi müharibə elanı Rusiya qanunlarına əsasən, Putinə ehtiyat qüvvələri səfərbər etməyə və çağırışçıları savaşa çağırmağa imkan verəcək.

Mayın 9-u üçün digər variantlar arasında Luqansk və Donetskin işğal olunmuş ərazilərinin ilhaqı, cənubda Odessaya hücumun gücləndirilməsi və ya Mariupola tam nəzarətin elan edilməsi də daxildir.
Əlil arabasındakı "qazi" ifşa edildi - VideoPaytaxtda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

DİN rəsmisinin sözlərinə görə, 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub.

E.Hacıyev deyib ki, sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədov barəsində araşdırmalar davam edir.