Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilibQazax Rayon Ağsaqqallar Şurasının növbədənkənar konfransı keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və mətbuat katibi Rafiq Rzayev, həmçinin icra aparatının məsul şəxsləri, Rayon Ağsaqqallar Şurasının üzvləri və rayon ziyalıları iştirak ediblər.

Konfransda əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarının və Qazax Rayon Ağsaqqallar Şurasının mərhum sədri Sabir Məhərrəmovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları və tədbir iştirakçılarını salamladıqdan sonra konfrans öz işinə başlayıb.

Gündəlikdə duran əsas məsələ - Qazax Rayon Ağsaqqallar Şurasına sədrin seçilməsi müzakirəyə və səsverməyə çıxarılıb.

Səsvermə nəticəsində uzun illər Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi olmuş Mansurov Ramiz Dursun oğlu Rayon Ağsaqqallar Şurasının sədri seçilib.

İcra başçısı Rəcəb Babaşov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Yeni sədr haqqında səmimi ürək sözlərini çatdıran icra başçısı onun xəstəxanaya rəhbərliyi dövründə nümunəvi fəaliyyəti ilə hər zaman seçildiyini və ağsaqqal kimi rayonun ictimai həyatında yaxından iştirak etdiyini söyləyib. Şuranın sədri olaraq da ona olan etimadı, üzərinə düşən məsuliyyəti əməli işləri ilə doğruldacağına əminliyini qeyd edib.

Ölkəmizdə ağsaqqallara olan qayğının bu gün Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirildiyini bildirən Rəcəb Babaşov dövlət başçısının cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini, Azərbaycan ağsaqqallarının tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib. Rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Azərbaycan ağsaqqallarının, o cümlədən Qazax rayon ağsaqqallarının yenə də əllərindən gələnləri əsirgəmədiklərini, xalqımızın həmrəy olmasında onların vacib rolunun bir daha şahidi olduğumuzu bildirib.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov tədbir iştirakçılarını Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamlayıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.

Sədr müavini Bayram Yusifov ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərliyi altında Ağsaqqallar Şurasının bu gün ölkəmizin inkişafına, Prezidentimizin yürütdüyü siyasətə öz dəstəyini göstərdiyini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımız haqqında söylədiyi “Ağsaqqallar milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrini əsas götürən ölkə başçısının bu gün də onlara olan qayğını yüksək səviyyədə davam etdirməsinin hər birimizə nümunə olduğunu qeyd edib. Azərbaycan Ağsaqqallar Şurasının da üzərinə böyük məsuliyyət düşdüyünü deyən sədr müavini bildirib ki, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməklə, bu siyasəti regionlarda da vətəndaşlarımıza çatdırmaq bizim vəzifələrimiz sırasındadır. Sonda sədr müavini Bayram Yusifov yeni seçilmiş sədr başda olmaqla bütün rayon ağsaqqallarına gələcək fəliyyətlərində uğurlar arzulayıb.

Qazax Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Ramiz Mansurov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Rayonun ictimai-siyasi həyatında şuranın üzvləri olaraq bundan sonra da fəal olacaqlarını, həyata keçirilən işlərə ağsaqqal mövqelərini bildirəcəklərini söyləyib.

Tədbirdən sonra Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Qazax Rayon Ağsaqqallar Şurasının mərhum sədri Sabir Məhərrəmovun və Gəncə Şəhər Ağsaqqallar Şurasının mərhum sədri Xalid Qurbanovun ailələrinə baş çəkib, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin və Şuranın İdarə Heyətinin üzvlərinin adından doğmalarına başsağlığı verib, onlara maddi dəstək göstərib. Hər iki mərhum sədr haqqında səmimi ürək sözlərini çatdıran Bayram Yusifov onların əziz xatirələrinin daim qəlbimizdə yaşayacağını, hər zaman hörmət və ehtiramla anılacaqlarını vurğulayıb. Ailə üzvləri ziyarətə və mərhum ağsaqqallara olan bu ehtirama, göstərilən qayğıya görə Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
İş adamı Vaqif Əliyev saxlanıldıUkraynada yaşayan azərbaycanlı iş adamı Vaqif Əliyev saxlanılıb.

Vu barədə Ali Radanın deputatı Aleksandr Dubinski məlumat verib.

Onun Zakarpatiyada Ukrayna Milli Kəşfiyyat Xidməti (SBU) tərəfindən hansı səbəbdən saxlanıldığı barədə məlumat verilməyib.
"Memorandumun imzalanması Azərbaycan diplomatiyasının növbəti uğurudur"Sözün düzü, Azərbaycanla İran arasında, bu qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanacağını heç kim gözləmirdi. Bu bizim əksəriyyətimiz üçün həqiqətən də əsl sürpriz oldu. Belə bir memorandumun imzalanması həm mühüm tarixi hadisədir, həm də Azərbaycan diplomatiyasının fövqəladə uğuru kimi qiymətləndirilə bilər. Bu yeni layihə ölkəmizin gələcək iqtisadi inkişafında çox önəmli rol oynayacaq. Eyni zamanda Naxçıvanın uzun illərdən bəri davam edən blokada şəraitindən çıxması və onun Azərbaycanın əsas hissəsi ilə davamlı bağlantısının yaradılması ilə nəticələnəcək.

Bəziləri sözügedən anlaşma memorandumunun imzalanmasını Zəngəzur dəhlizindən imtina kimi, ümumiyyətlə “dəhliz” ideyasının tarixə qovuşması kimi təqdim etməyə cəhd göstərir. Ancaq bu yanaşma düzgün yanaşma deyil. Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı strateji planından imtina etməyib. Sadəcə olaraq bu planın gerçəkləşdirilməsi Ermənistan tərəfinin süni surətdə vaxtı uzatması səbəbi ilə müvəqqəti olaraq təxirə salınır. Məsələ burasındadır ki, Ermənistan 44 günlük Vətən Müharibəsindən sonra iqtisadi blokadadan çıxmaq üçün böyük bir şans qazanmışdı. Bu şans Zəngəzur dəhlizinin açılması ilə gerçəkləşdirilə bilərdi. Lakin Ermənistan rəhbərliyi tarixi şansı düzgün qiymətləndirməyi bacarmadı, məkrli oyun oynamağa çalışdı, hansısa sərsəm şərtlər diktə etməyə başladı.

Onlar elə zənn edirdilər ki, Azərbaycanın bu şərtləri qəbul etməkdən başqa bir çarəsi yoxdur və bu dəhliz yalnız Ermənistanın icazəsi ilə və yalnız Ermənistan üzərindən yaradıla bilər. Lakin ermənilər öz hesablamalarında, təxminlərində yanıldılar. Biz bir il yarımdan artıq bir müddət ərzində Zəngəzur dəhlizi ilə bağlı təşəbbüsümüzə, təklifimizə Ermənistandan konkret, aydın bir cavab gözlədik. Lakin Ermənistan rəhbərliyi təəssüf ki, bütün məsələlərdə olduğu kimi bu məsələdə də qeyri-konstruktiv mövqe tutdu və nəticədə isə “oyundankənar” vəziyyətdə qaldı, özünü növbəti dəfə regional əməkdaşlıq imkanlarından şüurlu (və ya şüursuz) şəkildə kənarda qoydu. İstər Paşinyan və onun iqtidar komandası, istərsə də Ermənistanın revanşist-radikal müxalifəti ötən ilyarım ərzində ən müxtəlif vasitələrlə Zəngəzur dəhlizinin açıılmasına mane olmağa çalışdı.

Ermənistan 10 noyabr və 11 yanvar razılaşmaları ilə üzərinə götürdüyü öhdəliklərə zidd olaraq Zəngəzur dəhlizinin vaxtında reallaşmasına imkan vermədi. Amma bundan itirən tərəf Azərbaycan yox, elə Ermənistanın özü oldu. Odur ki, Azərbaycan dəhliz məsələsində Ermənistanı hələlik bir müddət prosesdən kənarda saxlamağa qərar verdi. Qoy Ermənistanı idarə edənlər hələ düşünməklərinə davam etsinlər. Azərbaycan isə praqmatik və çevik siyasət yürütməyə üstünlük verir. Rəsmi Bakı uğurlu diplomatik siyasət yürüdərək qonşu İranla anlaşma əldə etdi. Bu memoranduma əsasən Azərbaycan İran ərazisindən Naxçıvana keçid edəcək. Bu yol Zəngilan rayonunun Ağbənd bölgəsindən çəkiləcək və Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıda - İran ərazisindən keçəcək.

Azərbaycan bu yeni kommunikasiya xətti ilə öz qlobal planlarının bir hissəsini artıq reallaşdırmış olur. Ermənistan isə bu mühüm layihədən kənarda qalmaqla özünü bir qədər də təcrid vəziyyətinə salacaq. Ənənəvi erməni hiyləgərliyi erməni ağlına mane olduğu üçün Ermənistan rəhbərliyi bu dəfə də düzgün siyasət yürüdə bilmədi və nəticədə gələcəkdə Ermənistanın özünə hədsiz çoxlu faydalar verə biləcək Zəngəzur dəhlizinə alternativ bir kommunikasiya bağantısı ortaya çıxdı. Azərbaycan bu yolla həm də İranı Ermənistanın dostundan, müttəfiqindən onun rəqibinə çevirməyi bacardı.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
"Avropa təsisatlarının obyektiv münasibətinin şahidi olmadıq"Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qətnamənsini qəti şəkildə pisləyirik.

Bu qətnamə Azərbaycana qarşı uzun illər davam edən ikili yanaşmanın daha bir nümunəsidir. Dünyada və Qafqazda sülhə sabitliyə kəskin ehtiyacın olduğu bir dönəmdə heç bir əsası olmayan bu cür sənədlərin qəbul edilməsi heç bir məntiqə və əxlaqa sığmır. Bu qətnamə Qafqaz regionunda sülühün bərqərar olmasına yönəlik fəaliyyətlərin inkişaf etdirilməsinə qarşı ciddi təhdidir.

Bu fikirləri Avrasiya.net-ə açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bildirib.

Hüquq müdafiəçisi bildirib ki, işğal nəticəsində Azərbaycan mədəniyyətinin mənəvi paytaxtaxtı olan Şuşa tarix muzeyi (beş minə yaxın eksponatı olmuşdur) Qarabağ dövlət tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və Xalq tətbiqi sənəti muzeyi, Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər tarix muzeyinin və digər mədəniyyət abidələri dağıdılmış və talan olunmuş, müqəddəs məbəd və məscidlər təhqir edilmiş, kitabxanalar yandırılmış, qədim əlyazma nümunələri məhv edilmişdir:

"İlk insan məskənlərindən olmuş Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hərbi məqsədlər üçün istifadə edilərək qəsdən dağıdılmışdır. İşğal ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilmişdir.

Lakin biz nə işğal dövründə nə də işğaldan sonrakı zamanda Avropa təsisatlarının bir dəfə də olsun bu məsələlərə obyektiv münasibətinin şahidi olmadıq. Hesab edirəm ki, Azərbaycanın vurulmuş zərərlə bağlı beynəlxalq təsisatlar qarşısında məsələ qaldırması ilə bağlı fəaliyyətinin qarşısını almağa yönəlmiş bir aktdır. Bütün bu cəhdlərə baxmayaraq Azərbaycan öz haqlı mövqeyni beynəlxalq birlik qarşısında müdafiə etməkdə israrlı olmalıdır".
Türkiyəni 3, İranı 6 yerə parçalamaq istəyirlər - ƏhmədinejadDünya güclərinin region ölkələri ilə bağlı uğursuz yol xəritəsi mövcuddur.

Axar.az xəbər verir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad “İndependent Türkcə”yə açıqlamasında deyib.

O bildirib ki, Səudiyyə Ərəbistanını dörd, Türkiyəni üç, İranı da altı bölgəyə parçalamaq istəyirlər:

“Onlar region ölkələrini parçalayıb kiçik və zəif dövlətlərə çevirmək istəyirlər. Bu onların yol xəritəsidir. Bu xəritədən xilas olmağın yeganə yolu region ölkələrinin birliyidir”.

Sabiq prezident qeyd edib ki, İkinci Dünya müharibəsinin qalibi olan 5 ölkə özlərindən başqa heç bir ölkənin nüvə gücünə sahib olmayacağına dair razılıq əldə ediblər:

“Eyni şəkildə Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan və İraqın güclü dövlət olmasına qarşı çıxırlar. İstəmirlər ki, ölkələrimiz güclü və qüdrətli dövlətlər olsun. Onlar düşünürlər ki, nüvə zənginləşdirməsi İranı gücləndirəcək. Bu, onların dəyişməz siyasətidir”.
Ukraynalı deputat barədə həbs qərarı verildiUkraynanın Lvov şəhərinin Liçakovski rayon məhkəməsi Ali Radanın deputatı İlya Kiva ilə bağlı qiyabi həbs qərarı çıxarıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Həyat naminə - müxalif platforma partiyasının həmsədri olan İlya Kiva dövlətə xəyanət, ərazi bütövlüyünə qəsd, silahlarla qeyri-qanuni rəftar, müharibə təbliğatında ittiham olunur.

Qeyd edək ki, İ.Kivanın Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik etmiş, onu “dost xalqımızın lideri” adlandırmışdı.

Hazırda deputatın ölkə xaricində olduğu bildirilir.
Ukraynada azərbaycanlı əsgər həlak olduUkraynada daha 1 azərbaycanlı həlak olub, digəri isə ağır yaralanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, martın 11-də Donetsk vilayəti Volnovaxa istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun əsgərləri, əslən Azərbaycanın Sabirabad rayonundan olan Elnur Asəf oğlu Eyyubov snayperdən baş nayihəsinə açılan atəş nəticəsində həlak olub, əslən Azərbaycanın Samux rayonundan olan Raqif Vaqif oğlu Əliyev isə ağır yaralanıb.

Onların hər ikisi Ukrayna vətəndaşlarıdır.

Həlak olan azərbaycanlı yaralı həmyerlisinin qucağında keçinib. Yaralı həmvətənlimiz hazırda Donetsk vilayətində Ukrayna hərbi hospitallarının birindədir.

Azərbaycan Prezidenti Roma Papasını təbrik edibAzərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiski Tacqoyma Günü münasibətilə təbrik edib.

Avrasiya.net xəbər verir ki, təbrik məktubunda Müqəddəs Taxt-Tac ilə münasibətlərin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

“Çoxəsrlik tolerantlıq ənənələrinə və multikultural dəyərlərə sadiq qalan Azərbaycanla Müqəddəs Taxt-Tac arasında illərdən bəri təşəkkül tapmış ali səviyyəli səmimi dialoq və qarşılıqlı anlaşma bizi olduqca sevindirir. Bu münasibətlərin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndirir, dinlərarası və mədəniyyətlərarası konstruktiv dialoqun təşviqində Azərbaycanın öncül roluna verdiyiniz qiymətə görə minnətdarlığımı bildirirəm.

Azərbaycanda dini-mənəvi müxtəlifliyin, o cümlədən xristian dini irsinin qorunub-saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu xüsusda, ölkəmizdə katolik dini icmasına böyük diqqət və qayğı göstərilir. Eyni zamanda Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələr ölkəmizin dünya mədəni irsinin qorunmasına verdiyi önəmin bariz nümunəsidir”, - deyə təbrikdə qeyd olunub.

Prezident İlham Əliyev inandığını bildirib ki, ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalararası anlaşmanın bərqərar olması naminə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı fəaliyyət və səmərəli əməkdaşlıq bundan sonra da birgə səylərlə uğurla davam edəcək.
Çavuşoğlu: Mirzoyanla bununla bağlı razılığa gəldikErməni həmkarım Ararat Mirzoyanla görüş çox məhsuldar və konstruktiv oldu.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, daha əvvəl hər iki ölkənin xüsusi nümayəndələri 2 dəfə - Moskvada və Vyanada görüşüblər:

“Bu görüşlərdə münasibətlərimizin tam normallaşması üçün atılacaq addımlar müzakirə olunub. Bu gün bizlər də bu məsələləri bir də dəyərləndirdik. Məmnuniyyətlə demək istərdim ki, Türkiyə Cənubi Qafqazda sabitlik və sülh üçün çalışır. Bu istiqamətdəki səylərimiz hər yerdən dəstək alır. Xüsusilə Azərbaycan Ermənistan və Türkiyə arasında atılan addımlar və normallaşma prosesindən məmnundur. Ötən şənbə Bakıda idim. Azərbaycan da bu prosesi dəstəkləyir. İstənilən halda regionda sabitlik və sülh hamımızın xeyrinədir. Bu istiqamətdə addımlarımızı davam etdirəcəyik. Hörmətli Mirzoyanla da bu məsələdə razılığa gəlmişik”.
Cəlilabadda ağır qəza: 5 nəfər öldüCəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.