"Mən hər hansı bir dövləti deyil, Azərbaycanı təmsil və təbliğ edirəm"Mirtahazadə Miribrahim Xəlilullah: “Ərəb tələbələrimiz sosial mediada Azərbaycanla bağlı çoxsaylı səhifələr yaradıblar”

Xarici ölkələrdə Azərbaycanı yüksək səviyyədə təmsil edən intellektual gənclərimizin sayı artır. Bunlardan biri də, Misirdəki gənc soydaşımız Mirtahazadə Miribrahim Xəlilullahdır.

Avrasiya.net xəbər verir ki, o, “Xalq Cəbhəsi”nə müsahibəsində Azərbaycan dilinin Misirdə tədrisi və diaspor fəaliyyəti haqqında danışıb.

Mirtahazadə Miribrahim Xəlilullah 1994-cü ilin 10 iyulunda Biləsuvar rayonunun Bəydili kəndində dindar ailədə anadan olub. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsini bitirəndən ərəb dili təhsilimi davam etdirmək üçün etdiyim axtarışlardan sonra Misir Ərəb Respublikasına gedib.
Orada olk təhsili Misir Təhsil Nazirlyində qeyri-ərəblər üçün nəzərdə tutulan Ərəb dili kursunda başlayuıb.

- Ərəb dilini sıfırdan öyrənməyə başladım. Pillə-pillə addımlayırdım. Bu yolda bizə diaspor mərkəzinin də köməyi az olmadı, çünki orada olan ödənişsiz təhsildən də çox yararlandıq.

Hazırda Qahirə Universitetində ali təhsil alıram. Eyni zamanda Ərəb Liqaları Universitetində “Qurani-Kərimdə Təəccüb əlaməti işlənən ayələr”lə bağlı elmi iş yazıram. Misir-Azərbaycan Dostluq Cəmiyyətində Seymur (Seymur Nəsirov) müəllimin başçılığı ilə yaradılan Azərbaycan Dili danışıq klubunda Azərbaycan dili dərsi keçirəm. Təhsil Məsələləri üzrə Seymur müəllimin yardımçısıyam. Həmçinin Azərbaycandan gələn yeni tələbələrin sənədlərinin hazırlanmasına könüllü olaraq kömək edirəm. Ümumiyyətlə, Misir-Azərbaycan Dostluq Cəmiyyətində könüllü olaraq fəaliyyət göstərirəm.

- Misirli tələbələr üçün Azərbaycan dilini öyrənmək nə dərəcədə maraqlıdır?

- Ümumiyyətlə, dil öyrənmək, dil bilgisi sosial və ictimai həyatı təmin edən ən böyük vasitəsidir. Çünki xarici dilləri öyrənmək dünya mədəniyyəti ilə tanış olmaq üçün əsas amildir və öyrənilən dil vasitəsi ilə tədris olunan dilin ədəbiyyatını, tarixini, mədəniyyətini öyrənməyə, həmçinin yeni-yeni insanlarla tanış olmağa yol açır. Azərbaycan dili də dünyada öyrədilən dillərdən biridir. Misirlilər arasında isə Azərbaycan dilinin və ədəbiyyatının tədrisi Seymur Nəsirovla bağlıdır. İllərdir ki özü və həyat yoldaşı İnarə xanım Qahirə, Əl-Əzhər, Ayn-Şəms kimi Misirin ən böyük universitetlərində qarşılıqsız olaraq Azərbaycan dilini tədris edirlər. Əslində bu özü bir maraqdır, çünki Seymur müəllim bəzən tələbə evlərinə də gedib öz cibindən pul xərc edib misirlili tələbələrə Azərbaycan dilini tədris edib. Bu da misirlilər arasında zamanla böyük marağa səbəb olub, çünki Misirdə saysız-hesabsız xarici vətəndaş var və sayca çox olan vətəndaşlar dil mərkəzləri açıb fəaliyyət göstərməkdədirlər...

- Dilimizi öyrəndikdən sonra onların Azərbaycan haqqında düşüncəsində nə kimi dəyişiklik olur?

- Təbii ki, Azərbaycan dili və xüsusən də ədəbiyyat və tariximizlə tanış olduqdan sonra Azərbaycana olan heyrətlərini gizləyə bilmirlər. Tarix boyunca Azərbaycanın bir çox işğallara məruz qalmasına rağmən öz milli mənəvi və dini dəyərlərini itirməməsi, habelə islama olan bağlılığını əsrlər boyu qoruyub saxlaması və bu yolda parlaq addımlar atan alimlərin, şairlərin həyatını öyrəndikcə Azərbaycanla bağlılıqları günü-gündən artır. Azərbaycanın klassiklərindən Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və s. bu kimi ədiblərin yaradıcılıqları istənilən ərəbi heyrətləndirir, çünki onlar qədim ərəb dilində qəzəllər, qəsidələr yazmış və bu dili şeirdə öz üslubları ilə rəngarəng bir qəlibə salıblar və bu cür klassiklərin çıxdığı bir ölkədə hələ də Nizamilər, Füzulilər, Nəsimilərin var olduğuna həm biz inanırıq, həm də ərəblər də bunu öz dilləri ilə deyirlər. Diaspor mərkəzində Azərbaycan dilini öyrənən tələbələr Azərbaycanı hələ ki, internet və kitab üzərindən tanıyırlar. Tələbələrimizdən, sadəcə bir, ya iki nəfər ölkəmizi ziyarət edə bilib. Ziyarət edənlər sadəcə bir söz deyirlər: “Azərbaycan Allahın yer üzərindəki cənnətidir və sanki Allah bu məmləkətin xalqını da hər kəsdən fərqli əliaçıq, əxlaqlı, yardımsevər, xeyirxah bir millət kimi yaradıb və Azərbaycan dilinin yaratdığı ən böyük təsir isə Azərbaycan həqiqətlərini Azərbaycan dilində oxuyub öyrənmələri və bunu yaymalarıdır. Bildiyimiz kimi, ermənilər uzun illərdir ki, Misirdə yerləşiblər və burada özlərini çox məsum və məzlum kimi Misir əhalisinə tanıdıblar. Ermənilərlə bağlı "soyqrım" adı ilə saxta qazetlər, kitablar çap edirlər. Təbii ki, onlar sayca bizdən çoxdurlar, amma onların çoxluğu bizim zəifliyimiz anlamına gəlmir, çünki biz həqiqət, onlar isə saxta soyqrımlar yaymaqdadırlar. Bu kimi həqiqətləri həm bizim dildə, həm ərəb mənbələrində araşdıran tələbələr Azərbaycana, xalqına şücaətli millətinə olan sevgilərini gizlədə bilmirlər və bu həqiqətləri öyrənmələri ilə kifayətlənməyib sosial mediada “Azərbaycan”, “Azərbaycanın səsi”, “Azərbaycan həqiqətləri” adlı çoxsaylı səhifələr yaradıb bizim haqq səsimizi ərəb ictimaiyyətinə çatdırmaqdadırlar. Düşünürəm ki, bu bizim ən böyük uğurlarımızdan biridir və bu yolda biz azərbaycanlılar əlimizdən gələnləri əsirgəmir və üzərimizə düşən müqəddəs vəzifəni-“Vətənin təbliği”ni könüllü şəkildə etməyə çalışırıq.

- Onların Azərbaycanla bağlı əsas istəkləri nədir?

- Məlumdur ki, əcnəbi bir dili öyrənənlər onun tarix və mədəniyyətinə tanış olduqdan sonra həmin ölkəyə səfər etmək istəyirlər. Bir çoxları sadəcə ziyarət etmək, Azərbaycanın gözəl mənzərəsini yaxından görmək, Azərbaycan dilini hansı səviyyədə bildiklərini öz məkanında tətbiq etmək, iki ölkə arasında qardaşlıq bağlarını daha da möhkəmləndirmək, azad olunmuş ərazilərimizi, xüsusən də islam mərkəzlərini ziyarət etmək kimi istəkləri var. Bəli, bütün dövlətlərdə elmə, araşdırmağa, öyrənməyə sevgi var, amma misirlilər bu mövzuda digər ərəbləri geridə qoymaqdadırlar. Onların elmə olan sevgiləri daha çox qabarıqdır. Bütün ərəb ölkələrində Misirdən alimlər, filosoflar mövcuddur. Azərbaycan dilini öyrənən tələbələrin istəyi Azərbaycana gedib orada olan ərəbcə yazılmış qaynaqlarla, daş kitabələrlə tanış olmaqdır. Ümid edirəm ki, yaxın zamanda dövlətimiz tərəfindən Azərbaycan dilini öyrənən tələbələrin Azərbaycana səfər etmələrinə dəstək olunacaq.

- Maraqlıdır ki, əcnəbilər dilimizi öyrəndikdən sonra bunu hansı sahədə istifadə edirlər?

- Yuxarıda qeyd etdiyim kimi, misirllər dilimizi ictimai həyatın hər bir sahəsində istifadə edir, sosial şəbəkə üzərindən yeni-yeni dostlar qazanırlar. Bu da onların dil və Azərbaycan mədəniyyətinin öyrənilməsinə daha çox yardım edir. Bundan başqa istər milli bayramlarda, istər anım günlərində, istər ərəb mediasında, istər Azərbaycan mediasında məqalələrlə çıxış edirlər. Məsələn bugünlərdə Qanlı Yanvarla bağlı bir tələbəmizin məqaləsi çox sayda mediada yayımlandı, həmçinin Azərbaycanın Milli Qəhrəmanları və onların şücaətli yolları haqqında olan məqalələr ərəb oxucuları tərəfindən həddən çox sevildi. Bundan başqa tələbələrimizin Azərbaycan xalq ədəbiyyatından tamaşalar hazırlayırlar və bu kimi işlərdə insan sadəcə fərəh hissi keçirir. Sənin dilin qısa zaman çərçivəsində öyrənilir və o dildə tamaşa göstəriləcək, şeir söyləniləcək şəkilə gəlib çıxır. Bu, asan olmasa da biz bunu sevərək, qarşılıq ummadan edirik.

- Azərbaycanın təbliği ilə bağlı daha hansı addımlar atılır?

- Disapor fəaliyyətim Misirə gəldiyim gündən başlayıb. Xarici ölkədə olan hər bir azərbaycanlının birinci vəzifəsi vətənini təmsil və təbliğ etməkdir. İlk öncə ölkəni ədəb-ərkan qaydaları ilə təmsil edirsən, daha sonra isə sən ətrafındakı insanları özünə cəlb edirsən. Belə-belə vətənin təbliği başlayır. Mən də bir azərbaycanlı olaraq bu kimi hərəkətləri insanlar arasında, ərəblərlə münasibətimdə qoruyub saxlamağa çalışıram, çünkü mən hər hansı bir dövləti deyil, Azərbaycanı təmsil və təbliğ edirəm.

İkinci fəaliyyətim isə Azərbaycandan Misirə gələn tələbələrə xidmət etməkdir. Onların qarşılanması, sənəd işləri, yerləşdirilməsi, viza məsələləri, dil kurslarına və ya universitetlə bağlı olan işlərin görülməsi və s.bu kimi işləri sevərək həyata keçirirəm. Qərib ölkənin həyatına uyğunlaşmaq asan deyil. Əgər sən o ölkənin dilini bilmirsənsə bu, daha da çətindir. Qürbətə övlad yola salan valideyn ürəyi hər zaman narahat olur. Bizim əsas məqsədimiz təhsil üçün Misirə oğul, qız göndərən valideynlərin ürəyini fərəhləndirməkdir. Bunun üçün də əlimizdən gələn hər şeyi edirik. Oradan bura gələn tələbələr Təhsil Naziliyinin nəzdində olan dil kursunda oxuyur. Tələbələrimizin ilk vaxtlarda yol tanımamalarını, hər gün uzaq məsafə qət etmələrinin qarşısını almaq üçün üç ilə yaxındır ki, Təhsil Nazirliyinin tam yanında azərbaycanlı tələbələrə tam əlverişli ev tutmuşuq. Yaşam üçün lazım olan əşyalar Misir-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən hədiyyə olunub. Evə səfirliyimizin də dəstəyi az deyil, bir sözlə hər kəs bacardığı dəstəyi göstərir. Tələbələrin rifahı üçün o evə mən nəzarət edirəm.

Bundan başqa, qeyd etdiyim kimi Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili danışıq klubuna rəhbərlik edirəm. Tələbələrlə işləmək sevimli peşəmə çevrilib və bu işdən zövq alıram. Bütün zövqlər madiyyatla olmur, bu da mənim zövq aldığım sahədir. Ona görə həm öyrədirəm, həm də öyrənirəm.

Həmçinin Misirdə olan böyük sərgilərdə iştirak edirik. Məsələn, 2018, 2019 -cu illərdə 6 oktyabr Universitetində 40 dövlət arasında baş tutan mədəniyyət sərgisində iştirak etmişəm. Burada 500 dən çox kitab,1000 dən çox bayraq, və həmçinin Azərbaycan mətbəxinə aid olan şirniyyatlar təqdim etmişəm. Sərginin iştirakçılarına və mədəniyyət nazirinə və bu sərginin təşkilində səfirliyimizin və diasporamızın böyük dəstəyi olmuşdur. Pandemiya ilə əlaqədar hal-hazırda təşkil olunan sərgilər ləğv olunub. İnşaAllah bu ilin yayında yenidən başlayacağı gözlənilir.

Hər zaman istər elmi, istər ictimai fəaliyyətimdən danışmağa məni utandıran bir şey vardır-“Şəhidlər”. Çünki bizlərin vətən üçün etdiklərimiz onların etdiklərinin yanında zərrə belə deyildir. Onlar tarixi öz qanları, canları ilə yazırlar, bizlər isə qələmlərimizlə. Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların pak və müqəddəs ruhları qarşısında baş əyirəm!
Agentlik 2022-ci il qrant müsabiqəsinin mövzularını müzakirə edibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasın gündəliyinə Agentliyin növbəti qrant müsabiqəsinin mövzularının müəyyən edilməsi, Qrant müsabiqəsi üçün təqdim edilən layihə sənədlərinin - ərizə, layihə təklifi, xərclər smetası və fəaliyyət planını təsdiqi, dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə razılaşdırılmasına dair Təlimatın təsdiq edilməsi, “Rəy Komissiyası”nın dövlət orqanları tərəfindən daxil olan məlumatlar əsasında təqdim etdiyi müraciəti, Agentliyin İcraçı direktorunun təqdimatı və cari məsələlər daxil edilib.

Daha sonra iclasın gündəliyinə daxil olan məsələlərlə bağlı qərarlar qəbul olunub və cari məsələlər müzakirə edilib.

Ağdam və işğaldan azad olunmuş bütün ərazilərimizəyenidən həyat qayıdacaqSevil Cavadova,
Səbail rayonu 163 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Otuz il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Erməni vandalizminin izləri yavaş-yavaş silinir. Tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrastrukturu yaradılır, yüksəkgərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur.

İşğaldan azad olunmuş ərazilərdə istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə genişmiqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilir. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı artıq 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcəkdir.

Həyata keçirilən genişmiqyaslı tədbirlər çərçivəsində Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonları ərazisində icra olunan yol infrastrukturu layihələrindən biri olan Bərdə-Ağdam avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Uzunluğu 45 kilometr təşkil edən Bərdə-Ağdam avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun olaraq inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi də artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq.

İşğaldan azad olunan ərazilərimizdə yeni yolların çəkilməsi, yaşayış evlərin tikintisi və s. ilə yanaşı, din-tarixi abidələrimizə də yeni həyat verilir. Bildiyimiz kimi, artıq Şuşada üç məsciddə təmir-bərpa işləri aparılır. Bu məscidlərin təmiri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Azad edilmiş ərazilərdə ümumilikdə 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ölkə başçısı cənab İlham Əliyev Ağdam rayonuna səfəri zamanı çıxışında bildirdiyi kimi, "Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır. Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk. Necə ki, Vətən müharibəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, düşməni doğma torpaqlarımızdan qovdu. Beləliklə, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi".

Ən vacib məqamlardan biri, təbii ki, doğma yurdlarına qayıdacaq sakinlərin məşğulluğunun təmin olunmasıdır. Bu baxımdan Ağdam Sənaye Parkının əhəmiyyətinin miqyası çox böyükdür. Sənaye Parkı ümumilikdə ölkəmizdə qeyri-neft sektorunun inkişafında, sahibkarlığın genişləndirilməsində mühüm rol oynayacaq. Bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli şərait mövcuddur, onlara hərtərəfli dövlət dəstəyi göstərilir.

Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun. Şübhəsiz ki, Ağdam və işğaldan azad olunmuş bütün ərazilərimizə yenidən həyat qayıdacaq. Ağdam özünün əvvəlki şöhrətini bərpa edəcək. Ağdam və işğaldan azad olunmuş bütün digər şəhərlər hazırlanacaq baş plan əsasında bərpa olunacaq. Ağdam şəhərinin Baş Planı əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır.

Beləliklə, icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır.
Rusiya bu həftə hücum edə bilər, narahatıq - BlinkenMoskvanın öz qüvvələrinin bir hissəsini Ukrayna sərhədindən çıxarması ilə bağlı bəyanatına baxmayaraq, Rusiya bu həftədən etibarən Ukraynaya qarşı aqressiv addımlar ata bilər.

Bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Biz Rusiyanın bu həftədən etibarən Ukraynaya qarşı hər hansı addım ata biləcəyindən çox narahatıq. Rusiya qoşunlarının Ukrayna ətrafında yerləşdirilməsi bizi bu qənaətə gətirir”, - Blinken bildirib.
Rusiyada azərbaycanlı iş adamı həbs edilib - Dövlətə xəyanətdə ittiham olunurRusiyada azərbaycanlı iş adamı həbs edilib. Lent.az-ın məlumatına görə, Rövşən Namazov dövlətə xəyanətdə ittiham olunur.

Məhkəmə onu Rusiya Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə təqsirli bilərək 2 ay müddətinə həbs edib.

Namazovun adı rəsmi reyestrlərdə ərzaq ticarəti ilə məşğul olan “Viktoriya” MMC-nin direktoru kimi keçir. Amma başqa bir məlumata görə, bu şirkətin Namazovun həbsi ilə heç bir əlaqəsi yoxdur. Bir qədər əvvəl istintaq komitəsi Arxangelsk vilayəti Plesetska qəsəbə sakini Ramiz Namazovun həbsi ilə bağlı Lefortovo məhkəməsinə müraciət edib.

KİV xatırladıb ki, Plesetska qəsəbəsi yaxınlığında Rusiya kosmik proqramlarının həyata keçirildiyi kosmodrom yerləşir. Həbsin bu məqamla bağlı olduğu ehtimal olunur.

Hazırda onun işi məxfi qrifi ilə araşdırılır. Cinayətin sübuta yetiriləcəyi təqdirdə onu 20 ilədək həbs gözləyir.

Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb - SİYAHIAzərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

Avrasiya.net-in xəbərinə görə, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əksini tapıb.

Sənəddə qeyd edilib ki, Bakı şəhərinin Binəqədi qəsəbə, Neftçala rayonu Xol Qarabucaq və Xol Qaraqaşlı, Goranboy rayonu Dəliməmmədli, Hacıqabul rayonu Abdulabad, Ağstafa rayonu Dağ Kəsəmən, Lerik rayonu Noda, Göygöl rayonu Aşıqlı və Ucar rayonu Qaracallı bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.

Sabiq başçıya məxsus klinika cərimələndiBakıda klinikaya cərimə protokolu yazılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Vimay-Med MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.2-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Aygün Qurbanovanın icraatına verilib.

Məhkəmə iclası fevralın 17-nə təyin edilib.

Bu xətaya görə, fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər 600 manat məbləğində, hüquqi şəxslər 1200 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, Vimay-Med MMC Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İradə Gülməmmədovaya məxsusdur.

Xatırladaq ki, İ.Gülməmmədova bu il yanvarın 19-da Abşeron RİH-in başçısı vəzifəsindən azad edilib.
Sensasion ittiham: Nəcməddin Sadıkova cinayət işi açılacaq?Müdafiə Nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, ehtiyatda olan general-mayor Altay Mehdiyev Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkovla bağlı sensasion iddialar irəli sürüb.

Sosial şəbəkə hesabında bu barədə geniş açıqlama yayan Altay Mehdiyev 2000-ci illərin əvvəllərində Naxçıvan Muxtar Respublikasında Yuxarı Buzqov yaşayış məntəqəsi yaxınlığındakı Buzqov yüksəkliyi də daxil olmaqla geniş ərazinin işğaldan azad edilməsi əməliyyatı barədə bəzi faktları açıqlayıb.

General məlum qeydində Nəcməddin Sadıkovu ittiham edərək yazıb ki, onun rəhbərliyi altında keçirilən uğurlu əməliyyatdan xəbər tutan Baş Qərargahın keçmiş rəisi dərhal geri çəkilməyi əmr edib:

“Əməliyyat zamanı planımıza uyğun olaraq, qısa bir zamanda, düşmənə göz açmağa belə imkan vermədən, çox eşalonlu mina sahələrini uğurla keçərək, bir nəfər olsun belə itki vermədən, ən yeni taktiki üsullarla torpaqlarımızı azad etdik!

Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatlarının ən qızğın vaxtında yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş Qərargah rəisi vəzifəsində olan general Nəcməddin Sadıkov mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzəbli bir tərzdə dedi:

- Siz haradasınız? Nə ilə məşğulsunuz?

- Ön xətdə! Müdafiə xəttini möhkəmləndirməklə məşğuluq!

- Hansı müdafiə xəttini möhkəmləndirməklə? Bu dəqiqə Ermənistanın Baş Qərargah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib onların "torpaqlarını" zəbt etmisiniz. Yerevanda Prezident Aparatı qarşısında mitinq keçirilir. Mən sizə əmr edirəm: təcili olaraq əvvəlki mövqelərimizə qayıdın!”.

Altay Mehdiyevin sensasion açıqlaması sosial mediada ciddi müzakirə predmetinə çevrilib. Bildirilir ki, generalın Nəcməddin Sadıkovla bağlı iddiaları araşdırılmalı, ittihamlar öz təsdiqini taparsa, Baş Qərargahın keçmiş rəisinə cinayət işi açılaraq, həbsinə qərar verilməlidir.

Bununla bağlı Modern.az-a danışan deputat Fazil Mustafa hesab edir ki, general Altay Mehdiyevin açıqlamasında çox ciddi hərbi cinayətdən söhbət gedir. Onun fikrincə, Nəcməddin Sadıkova yönəlmiş ittihamları mütləq şəkildə araşdırmaq lazımdır:

“İddia edilir ki, Nəcməddin Sadıkov hərbi cinayətin müəllifidir. Belə olan halda konkret ittiham üzrə hüquq-mühafizə orqanları və prokurorluq cinayət işi qaldırmalıdır. Qarşı tərəfin iddialarının nə qədər haqlı olub-olmadığını müəyyənləşdirmək üçün şahidlər dindirilməli, ifadələr alınmalıdır. İfadələr əsasında da konkret qərarlar qəbul olunmalıdır”.

Deputat vurğulayıb ki, bu məsələnin üstündən ötüb keçmək olmaz. Çünki ortada olduqca ağır ittihamlar var:

“Burada vətənə xəyanətdən tutmuş, ən ciddi hərbi cinayətdən söhbət gedir. Eyni zamanda söhbət yüzlərlə əsgərin taleyindən, Azərbaycanın ərazi bütövlüyündən gedir. Həmçinin, vəzifə səlahiyyətindən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istəyən qüvvələrə qarşı əks fəaliyyətdən bəhs olunur. Bunlar çox ciddi ittihamlardır. Bu ittihamı diqqətdən kənarda saxlamaq olmaz”.

Nəcməddin Sadıkova qarşı cinayət işinin açılmasına gəlincə, Fazil Mustafa qeyd edib ki, kimliyindən asılı olmayaraq, təsqirkarların hamısı öz cəzasını almalıdır:

“Cinayət işi açılmalı olan təqsirkar şəxlərin əvvəl izahatı, daha sonra ifadəsi alınmalı, bundan sonra həmin şəxsin şahid, zərərçəkmiş və ya təqsirkar olduğu müəyyənləşdirilməlidir”.
Ermənistanda hakimiyyətdaxili münaqişə: nazir spikeri saymırErmənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanla Ermənistan Respublikasının prezidenti səlahiyyətlərini icra edən parlament spikeri Alen Simonyan arasında münasibətlərin daha da gərginləşdiyini bildirir.

Bu barədə “Joğovurd” qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

Qeyd edilir ki, Ararat Mirzoyan Alen Simonyanı onu spiker postunda əvəzlədiyinə görə bağışlamır və parlament rəhbərinə “toxunmaq” üçün hər fürsətdən istifadə edir.

Mirzoyanın hətta hakim “Vətəndaş müqaviləsi” partiyasının iclaslarında Alen Simonyana qarşı dözümsüz münasibət göstərdiyi vurğulanır.

Rəsmi mənbələrdən “Joğovurd”a daxil olan məlumata görə, Ararat Mirzoyan hazırda Alen Simonyanın reytinqini “sıfırlamaq”la məşğuldur və Simonyanı həm komandada, həm də ictimaiyyətdə tənqid etmək üçün hər şeyi edir.

““Mülki müqavilə” partiyası daxilində hamı bu münaqişəni çox gözəl bilir, hamı bilir ki, Mirzoyan hətta Simonyanı baş nazir Nikol Paşinyanın “gözündən” salmaq üçün hər addımı atır”,- deyə qəzet yazır. Bildirilir ki, Mirzoyan və Simonyan bir neçə aydır bir-birləri ilə salamlaşmırlar və adıçəkilən şəxslərlə görüş və müzakirələr çox gərgin şəraitdə keçirilir.

“Ölkənin iki yüksək vəzifəli şəxsi arasında yaranmış gərgin münasibətlərin yaxın gələcəkdə nə ilə nəticələnəcəyini demək çətindir, çünki hər iki tərəf barışıq yolunu tapmaq istəmir”, - adı çəkilən nəşr qeyd edir. O da bildirilir ki, tərəflər arasındakı pərdəarxası münaqişə onların tərəfdarlarına da təsirsiz ötüşməyib.