İlham Əliyev Brüsseldə belə qarşılandı - VideoAvropada yaşayan azərbaycanlılar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar.

Avrasiya.net xəbər verir ki, onlar əllərində fransız və ingilis dillərində "Cənab Prezident, xoş gəlmisiniz!", "Avropa Azərbaycanlıları Sizi salamlayır!", "Azərbaycan ümumi dəyərlərə hörmət edir!" plakatları, eyni zamanda Azərbaycan və Avropa İttifaqının bayraqlarını tutublar.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Səfər zamanı dövlət başçısı NATO-nun iclasında iştirak edəcək. Bundan başqa, sabah Alyansın mənzil qərargahında Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər.

Sabah həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görüş “Şərq Tərəfdaşlığı” proqramının dekabrın 15-də keçiriləcək sammiti ərəfəsində baş tutacaq. Əvvəlcə Prezident İlham Əliyevlə Ş.Mişel arasında ikitərəfli görüş olacaq. Avropa İttifaqı Şurasının Prezidenti daha sonra N.Paşinyanla danışıqlar aparacaq. Sonra isə liderlər arasında üçtərəfli görüş keçiriləcək.
Səfirimiz pakistanlı marşalla görüşdü - FotoAzərbaycan Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın Hərbi Hava Qüvvələri Komandanı Aviasiya Marşalı Zahir Babar Sidhu ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı səfir Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğala məruz qaldığı təxminən 30 il müddətində, eləcə də Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib və buna görə öz təşəkkürünü bildirib.

Aviasiya Marşalı Zahir Babar Sidhu 2020-ci ilin 8 noyabr tarixində 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi qələbə münasibətilə Azərbaycan dövlətini və ordusunu təbrik edib və Pakistanın HHQ Komandanı olaraq Azərbaycan, Pakistan və Türkiyə hərbi əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsi üçün mümkün olan bütün imkanlardan istifadə ediləcəyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında hərbi təhsil və təlim, hərbi-texniki əməkdaşlıq, təcrübə mübadiləsi və s. sahələr üzrə məsələlər müzakirə olunub.
Koronaya yoluxanların sayında inanılmaz azalmaAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 518 yeni yoluxma faktı qeydə alınıb, 871 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 604 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 135 nəfər müalicə olunaraq sağalıb, 8 104 nəfər vəfat edib. 19 759 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 510, bu günə qədər isə ümumilikdə 5 683 256 test icra olunub.
"Qanun layihəsi ölkə mediası üçün müsbət yeniliklərə yol açır"“Media haqqında” yeni qanun layihəsinin ictimai mühitdə geniş müzakirələrə səbəb olmasını anlayışla qarşılamaq olar. Çünki bu sahədə uzun illər idi ki, qanunvericilik nöqteyi-nəzərindən çoxlu problemlər yığılıb qalmış, hüquqi boşluqlar yaranmışdı. Dövr dəyişir, mətbuatımızda keyfiyyət dəyişikliyi baş verirdi, lakin 1999-cu ildə qəbul olunmuş və hazırda da qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun isə bu dəyişikliklərlə tam ayaqlaşa bilmirdi. Hərçənd ki, artıq bu günə kimi həmin qanunda nə az nə çox, düz 79 dəfə dəyişikliklər edilib. Lakin yenə də əyər-əskiklər, çatışmazlıqlar qalmaqda davam edirdi.

Həmin dövrdən bu günə kimi, yəni ki, son 22 ildə bu sahədə tamamilə yeni reallıqlar və yeni tələblər formalaşıb. Vətən müharibəsindən sonra isə media siyasətimizin yenilənməsi ümumiyyətlə, günün tələbinə çevrilib. Qarabağın işğaldan azad edilməsindən sonra dövlət-media və media-cəmiyyət münasibətlərində yaranmış yeni reallıqlar media üzrə qanunvericilik bazasının yenilənməsinə zərurət yaradıb. Bu baxımdan biz bu layihəni ölkə mediasının inkişafına təkan verəcək bir qanun layihəsi kimi qiymətləndiririk. Bu qanun layihəsi qəbul edilərsə, Azərbaycanda təkcə çap mətbuatı deyil, onlayn medianın, internet televiziyalarının tənzimlənməsi istiqamətində də əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək.

Qanun layihəsinin geniş ictimai müzakirəyə çıxarılması da öz-özlüyündə müsbət addım kimi təqdir edilməlidir. Əlbəttə, sözügedən layihəni tənqid etmək, onu top atəşinə tutmaq asandır, necə ki, bir çoxları indi məhz bununla məşğuldur. Ancaq layihədəki mütərəqqi cəhətləri tamamilə görməzdən gəlmək, inkar etmək ədalətsiz yanaşmadır. Nəzərə almaq lazımdır ki, bu layihə media sahəsində müasir dünyanın reallıqlarına yönəlik bir layihədir və ölkə mediası üçün müsbət yeniliklərə yol açır.

Bir sözlə, “Media haqqında” qanun layihəsi “KİV haqqında” mövcud qanundan hər mənada mütərəqqidir. Jurnalistləri attestasiyadan keçirməyə və bir sıra digər məhdudiyyətlər tətbiq etməyə də lüzum yoxdur. Media onsuz da özü süzgəc rolunu oynayır və qeyri-peşəkarlar ciddi mediada uzun müddət duruş gətirə bilmir. Milli Həmrəylik Partiyası indiyədək ölkə mediasında tətbiq edilməmiş bir sıra yeniliklərlə zəngin olan “Media haqqında” qanun layihəsini dəstəkləyir. Biz bu qanun layihəsini irəliyə doğru olduqca mühüm bir addım kimi qiymətləndiririk.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
“Media haqqında” Qanun layihəsinin müsbət və ziddiyyətli tərəfləri“Media haqqında” Qanun layihəsi ilə bağlı çox geniş müzakirə aparılası məqamlar var. Zamanın azlığını nəzərə alaraq çox qısa şəkildə bəzi məqamlar haqqında fikrimi bildirmək istərdim.

“Media haqqında” Qanun layihəsinə fərqli aspektlərdən yanaşıb münasibət bildirmək təbii haldır. Vaxtılə qəbul edilmiş KİV haqqında qanuna dəfələrlə dəyişiklik edilməyinə baxmayaraq, cəmiyyətin, medianın indiki tələblərinə cavab vermirdi. Bu baxımdan qanunun yenilənməsi zəruri idi. Şübhəsiz ki, bir qanunun dəyişməsi ilə medianın bütün problemlərinin həll olunacağı fikri yanlışdır.

Bu qanun yeni media quruluşlarının, saytların, internet TV-lərin fəaliyyəti üçün hüququ bazanın formalaşmasına təkan verəcək. Bir sözlə media sahəsində müəyyən məsələlərin nizama salınmasında, yeni medianın fəaliyyətinin tənzimlənməsində yardımçı ola bilər. Qanunun müsbət tərəfləri kifayət qədərdir. Lakin ziddiyyətli məqamlar var.

Cənablar, jurnalist yalnız vəsiqə ilə təsdiq olunmur. Jurnalist təfəkkürlə, azad düşüncəsilə, intellektual mülkiyyəti ilə, cəmiyyət, millət üçün zəruri olan sanballı yazıları və digər müsbət keyfiyyətləri ilə təsdiq olunur. Jurnalist missiyasını ucuzlaşdırmaq olmaz. Bu baxımdan “Media haqqında” Qanun layihəsində göstərildiyi kimi yaradıcı insanı çərçivəyə salmaq olmaz. Qanun məhdudiyyət deyil məsuliyyət yaratmalıdır. İnkişafa stimul verməlidir.

Əlqərəz medianın inkişafı ilə bağlı 3 məqama qısaca diqqət yetirmək istərdim.

Ümumilikdə, medianın inkişafı üçün kompleks yanaşma lazımdır. Bu yanaşmalardan yalnız biri “Media haqqında” Qanun ola bilər.

Medianın inkişafı üçün ikinci və ən önəmli yanaşmalardan biri azad sahibkarlıq subyektlərinin dinamik inkişafı ola bilər. Çünki azad sahibkarlıq subyektlərinin əhatə dairəsi genişlənib reklam bazarı formalaşmadıqca medianın iqtisadi müstəqilliyindən danışmaq olmaz.

Nəhayət media savadlılığı məsələsi digər yanaşmalardan biridir. Bu jurnalist təhsili və ümumilikdə təhsil sistemində mövcud olan ciddi problemlərin aradan qaldırılması ilə bağlıdır. Medianın gerçəkdən inkişafı üçün bu məqamların üzərində düşünmək lazımdır.

Əkrəm Bəydəmirli
Fransada müsəlman məzarları dağıdılır - FotoFransanın şimal-şərqində yerləşən Müluz şəhərində müsəlman qəbiristanlığındakı onlarla məzar dağıdılıb.

Axar.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, məzarlıqda əkilən güllər qoparılıb, başdaşıları isə sındırılıb.

Bölgədəki islam təşkilatları vandalizm aktını "qorxaq və iyrənc" adlandıraraq Fransa hakimiyyətini günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Aparıcıdan Oqtay Əliyevə SƏRT CAVABOqtay bəy, siz azyaşlı uşağın nalayiq hərəkətinə niyə onun ağlı ilə düşünüb qərar qəbul edir və sərt rejimdə tərbiyə üsulunu tətbiq etməyi təklif edirsiniz ki? Uşağın görünür psixoloji dəstəyə ehtiyacı var. O da bir canlıdır, övladdır, cəmiyyətimizin bir parçasıdır. “Tərbiyəsiz yetimçə” adlandırıb cəmiyyətdən təcrid etməklə siz bir insanın onsuz da məhv olmaq üzrə olan həyatınızı uçuruma yönəltmiş olursunuz.

Publika.az xəbər verir ki, bu sözləri “Space” kanalının aparıcısı Fariz İlyas deyib. Aparıcı “Soy” prodakşının rəhbəri, məşhur prodüser Oqtay Əliyevin bir neçə gündür sosial şəbəkələr və yerli mediada gündəmi zəbt edən şagird haqqında səsləndirdiyi fikirlərə cavab verib:

“Diqqətsiz və sevgisiz böyümüş, ailədə şiddət görmüş uşaqlar həmişə ətrafına qarşı şiddət göstərməyə meylli olurlar. Şiddəti şiddətlə susdurmaqla biz cəmiyyət olaraq sağlam mühit əldə edə bilmərik. Xahiş edirəm, hər kəs düşüncələrini ictimaiyyətlə paylaşarkən yüz ölçüb bir biçsin, sizin doğrularınız hər zaman doğru olmaya bilər”.

Qeyd edək ki, sözügedən hadisə Suraxanı rayonu 282 nömrəli tam orta məktəbdə lentə alınıb. 7-ci sinif şagirdi tədris prosesi zamanı özünü aqressiv aparıb, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edib.
Güc topladıq, düşmənə elə zərbə vurduq ki... - PrezidentAğdam şəhəri nə gündədir, siz də görmüsünüz. İndi bütün dünya bunu görür. Artıq minlərlə insan – siyasətçi, deputat, ictimai xadim, jurnalist, xarici vətəndaş Ağdamda olub və bu dağıntıları görüb.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən deyib.

"Müharibənin başa çatmasından bir ildən çox vaxt keçir. İndi baxın, bir Avropa təşkilatı bu müsibət, bu fəlakət, bu faşizmlə bağlı bir söz deyib? Yox! Görməzliyə vururlar, sanki bu, heç olmayıb. İndi Ağdam şəhəri yoxdur, tamamilə dağıdılıb, talan edilib və hər tərəf minalanıb. Müharibə başa çatandan sonra biz artıq 200 nəfərə yaxın insanı ya itirmişik, ya da ki, onlar şikəst olub, əlil olub. Amma bir Avropa təşkilatı Ermənistanı bu müsibətə görə qınayıbmı? Yox! İşğal dövründə etnik təmizləməyə görə, Xocalı soyqırımına görə bir Avropa təşkilatı Ermənistanı qınayıbmı? Yox! Həqiqət budur, reallıq budur və əlbəttə ki, biz bu reallığı nəzərə almalıyıq, amma heç vaxt barışmamlıyıq. Necə ki, işğalla barışmamışdıq, ədalətsizliklə barışmamışdıq. Güc topladıq, düşmənə elə zərbə vurduq ki, bütün dünya bizim Qələbəmizlə bağlı artıq bir söz deyə bilmir və bütün dünya məcbur olub bizim tarixi Zəfərimizi qəbul edib. Çünki bunun başqa yolu yoxdur. Nəyə görə? Güc, iradə, birlik, həmrəylik və məsuliyyət. Siyasətdə, həyatda, idmanda bax, bu amillər hesab edirəm ki, hər bir insana, siyasətçiyə başucalığı gətirəcək. Bir daha demək istəyirəm ki, sizin qələbəniz sadəcə idman qələbəsi deyil. Çünki siz Ağdam şəhərini təmsil edirsiniz. Əminəm ki, gün gələcək biz Ağdamı dediyim kimi quracağıq, elə Ağdam quracağıq ki, bütün dünyaya örnək olacaq və siz ev oyunlarınızı Ağdamda keçirəcəksiniz, “İmarət” stadionunda keçirəcəksiniz, orada parlaq qələbələr qazanaraq, xalqımızı sevindirəcəksiniz", - Prezident vurğulayıb.
30 milyon insan Baydeni devirməyə hazırdır30 milyon insan ABŞ Prezidenti Co Baydeni devirmək üçün silahlanmağa hazırdır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın MSNBC kanalının analitiki Con Heylemann canlı yayımda deyib.

Analitik "Çak Tod Atlantik" jurnalındakı "Donald Trampın növbəti çevrilişi artıq başlayıb" məqaləsini şərh edib:

"Co Baydenin qeyri-qanuni seçildiyini və zorakılığın onu vəzifədən uzaqlaşdırmaq və Trampı gətirmək üçün əlverişli vasitə olduğunu söyləyən 8 faiz insan var, bəlkə də 12 faizdir. Bu, 20-30 milyon insan deməkdir".

Heylemann bildirib ki, bu, Tramp tərəfdarlarının siyasi zorakılığı təşviq edən kütləvi hərəkatı təmsil etdiyini göstərir.
Sayt rəhbərlərinin cinayət işi məhkəməyə göndərildiVəzifəli şəxslərə hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən şəxslər barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Cəmiyyət İnformasiya Agentliyi MMC-nin təsisçisi Asəf Novruzov və faktiki redaktor vəzifələrini icra edən Məhsud Səfərov qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Aparılan əməliyyat-istintaq tədbirləri ilə Asəf Novruzov və Məhsud Səfərovun qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslərin barələrində həqiqəti əks etdirməyən rüsvayedici məlumatların fəaliyyət göstərdikləri informasiya resurslarında dərc ediləcəyi ilə bağlı hədələnməsi yolu ilə onlardan ümumilikdə 2 min 900 manat pul vəsaitini hədə-qorxu ilə tələb etməklə almalarına əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq zamanı Asəf Novruzov və Məhsud Səfərova Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barələrində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən şəxslərə Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə, eləcə də sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verilməsini tövsiyə edir", - Mətbuat Xidmətindən bildirilib.