"Quba Yay Liqası"nın qalib və mükafatçıları bəlli oldu"Xəmsə" Milli İntellektual Oyunu üzrə "Quba Yay Liqası"nın final mərhələsində "Deadpool" komandası rəqiblərini üstələyərək liqanın qalibi adını qazanıb, II yeri "YURD"un uşaqları" komandası, III yerin sahibi isə "Assassin's Creed" biliciləri olub.

Qaliblərimizi təbrik edir, digər komandalara isə gələcək yarışlarda uğurlar arzulayırıq!

Qeyd edək ki, "Quba Yay Liqası" Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin, "ASAN Könüllülük Məktəbi"nin və "YURD" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.





Distant təhsil tələbi ləğv edildi – YENİ QAYDALARAzərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində təhsilin pillələri və səviyyələri üzrə 2021-2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkil edilməsi nəzərdə tutulub.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Qərarda bildirilib.

Qərara əsasən mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Qeyd olunan normativ hüquqi aktların tələblərini nəzərə almaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın təsdiq ediməsi barədə” Qərarında dəyişiklik edilməsi zərurəti yaranmışdır.

Eyni zamanda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkil ediləcəyini nəzərə alaraq, təhsil müəssisələrində olan yeməkxanaların (bufetlərin), idman zallarının, kitabxanaların, yataqxanaların müəyyən tələblər (istifadəçi sayının məhdudlaşdırılması, sosial məsafənin gözlənilməsi və s.) nəzərə alınmaqla fəaliyyət göstərməsi zəruridir.

Qərara əsasən:

- Distant təhsil tələbi ləğv edilir və əyani təhsilə keçid müəyən edilir;

- Təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması ləğv edilir,

- Təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilir;

- Dərslərin növbəli qaydada həyata keçirilməsi və davametmə müddətinə qoyulan məhdudiyyətlər ləğv edilir;

- Dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə tələbi ləğv edilir;

- Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələb müəyyən edilir (digər qərarlarda müəyyən olunub). Bu tələbin təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmədiyi qeyd edilir;

- Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) olması tələbi müəyyən edilir. (digər qərarlarda müəyyən olunub);

- 65 yaşdan yuxarı olan təhsilverənlərin və texniki heyətin işə cəlb edilməsinə qoyulan qadağa aradan qaldırılır;

- Dərslərarası fasilələr üçün müəyyən edilmiş 10 dəqiqəlik müddət ləğv edilir;

- Tədris otaqlarında hər parta arxasında yalnız bir təhsil alanın oturması tələbi ləğv edilir;

- Ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla istifadə edilməsi tələbi müəyyən edilir;

- Təhsil müəssisələrində yeməkxanaların (bufetlərin), idman və akt zallarının, kitabxana və hovuzun fəaliyyətinə qoyulan qadağa ləğv edilir.
Radada Qırğızıstanın Ukraynadakı diaspor nümayəndələri ilə görüş olubBu gun Ukrayna Azərbaycanlıları Radasının (UAR) ofisində Radanın baş katibi Ceyhun Məmmədov Türk Şurasına daxil olan Qırğız Respublikasının Ukraynadakı diaspor nümayəndələri ilə görüşüb. Qırğızıstan Ticarət və Sənaye Palatasının Ukrayna, Rumıniya, Bolqarıstan Respublikası və Moldova Respublikasındakı nümayəndəsi Azamat İsmayilov, Ukraynadakı Qırğızıstan diasporunun rəhbəri Sherali Jenaliev və iş adamı "Amin Trading" şitkıtinin qurucusu Suyunbek Myrzakanovun iştirak ettiyi görüşdə diasporlar arası əlaqələrin gücləndilməsi və perespektivləri müzakirə olunub.

UAR-dan Avrasiya.net-ə verilən məlumata görə, baş katib vurğulayib ki gücümüz birliyimizdədir. «Bizlər "Fikirdə sözdə və işdə birlik" ideyası ətrafinda potensialımızı birləşdirməyi bacarmalıyıq» deyən Məmmədov diaspor quruculuğu sahəsindəki təcrübələrini və imkankanlarını paylaşmaqdan məmnun olacaqlarını bildirib.

Görüşdə çıxış edən Qırğızıstan Ticarət və Sənaye Palatasının Ukrayna, Rumıniya, Bolqarıstan Respublikası və Moldova Respublikasındakı nümayəndəsi Azamat İsmayilov qardaş xalqların diaspora quruculuğuna dəstəyin vacibliyini vurğulayıb. «Bizlər Türk Şurası çərçivəsində əməkdaşlığimızı artırmalıyıq. Türk Şurası adı altında proyektlər həyata keçirməli və bu sahədə digər ölkələrə nümunə olmalıyıq» deyən İsmayılov ələqələrin daha da gücləndirilməsi üçün iqtisadi sahədəki əməkdaşliğın vacibliyini vurğulayıb.

Daha sonra qonaqlara Azərbaycanın zəfəri ilə bitən II Qarabağ müharibəsi haqqında məlumat verən baş katib onları 27 sentyabrda UAR ofisində təşkil olunacaq fotosərgiyə dəvət edib.
Milli Həmrəylik Partiyası bəyanat yayıbBiz 27 sentyabr - Anım Günü ərəfəsindəyik. İkinci Qarabağ savaşının başlandığı 27 sentyabr 2020-ci il tarixindən bizi artıq bir illik zaman ayırır. Bu müharibənin başlanmasının birinci ildönümününün tamam olması ərəfəsində fürsətdən istifadə edib bir sıra həqiqətləri həm bütün azərbaycanlıların, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik.

Hər şeydən öncə həqiqətləri təhrif etməyə, tarixi saxtalaşdırmağa və feyk-xəbər yaymağa öyrəşmiş, vərdiş etmiş Ermənistan dövlətinin və erməni KİV-lərinin iddiasını təkzib edərək bir daha bildiririk ki, İkinci Qarabağ müharibəsinin təhrikçisi, qızışdırıcısı rolunda məhz təcavüzkar Ermənistanın məsuliyyətsiz hərbi-siyasi rəhbərliyi çıxış edib. Bunun isbatı kimi isə ilk növbədə Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə ərəfəsindəki avantürist davranışlarını, təxribatçı açıqlamalarını, davakar ritorikasını yada salmaq bəs edər. 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan, talan edən bir ölkənin “demokrat” obrazına bürünmüş bu yeni rəhbəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli üçün real addımlar atmaq əvəzinə, əksinə, “Qarabağ Ermənistandır, vəssalam” tipli məsuliyyətsiz şüarlar səsləndirməklə, Azərbaycanın tarixi şəhəri, mədəniyyət paytaxtımız olan Şuşa şəhərində içkili vəziyyətdə rəqs edib azərbaycanlıların milli hisslərinə toxunmaqla və 2020-ci ilin 3-4 iyul tarixlərində Tovuz rayonu istiqamətində sərhədlərimizə hücum edib, ərazidən keçən beynəlxalq əhəmiyyətli neft və qaz kəmərlərinə təhlükə yaratmaqla yeni müharibənin başlanması üçün zəmin yaratdı.

Tarixə “İyul döyüşləri” və yaxud “Tovuz döyüşləri” kimi düşən Ermənistan-Azərbaycan sərhədində baş verən həmin qarşıdurmadan sonra Cənubi Qafqaz regionunda vəziyyət olduqca mürəkkəbləşdi və bu gərginlik öz kulminasiya nöqtəsinə sentyabrın 27-də çatdı. Beləliklə, Ermənistanın permanent xarakter daşıyan diversiyaları, atəşkəsi pozma halları, çeşidli təxribatları sonda genişmiqyaslı müharibəyə çevrildi. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozaraq cəbhənin bütün istiqamətlərindən hücuma keçməsi Azərbaycan Ordusunun əks-hücuma başlamasını zərurətə çevirdi. Öz ərazi bütövlüyümüzü qorumaq bizim mənəvi borcumuz və haqq işimiz idi. 44 gün davam edən bu müharibədə Azərbaycan mütləq qələbə qazandı. Noyabrın 8-də strateji əhəmiyyətə malik olan Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra Ermənistan təslim olmaq və 10 noyabrda kapitulyasiya sənədini – üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı.

Ermənistanın böyük dövlətlərin simasında güclü havadarlara malik olması və eyni zamanda dünyada güclü erməni diasporunun, erməni lobbbisinin mövcudluğu bu ölkənin 44 günlük müharibədə məğlubiyyətinin qarşısını ala bilmədi. Çünki Ermənistan işğalçı idi və bu müharibə onun üçün ədalətsiz müharibə sayılırdı. Ədalətsiz müharibələr isə həmişə bir qayda olaraq işğalçılar üçün rüsvayçı məğlubiyyətlə nəticələnir. Dünya hərb tarixində də bunun çoxlu örnəklərinə rast gəlmək mümkündür.

İkinci Qarabağ müharibəsi azərbaycanlılar üçün isə Vətən müharibəsi idi. Haqqımızı qorumağa çağırış edən “Dəmir yumruq” şüarı da məhz bu səbəbdən Vətən müharibəsinin rəmzinə çevrildi. Əlbəttə, Azərbaycanın bu müharibədə qələbə qazanmasında həlledici rol oynayan bir çox amillər var. Şübhəsiz ki, bunların önündə Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı səviyyəsinə malik olması və Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səyləri gəlir. Xalq-Ordu birliyinin, Xalq-Lider birliyinin mövcudluğu da, milli və siyasi həmrəylik də qələbəmiz üçün vacib şərtlər idi. Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixindəki genişmiqyaslı təxribatı ilə əlaqədar ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın birgə dəstək bəyanatı imzalayaraq Prezident və Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi və Orduya dəstək nümayiş etdirməsi də bütün dünyaya göstərdi ki, Qarabağın işğaldan azad edilməsi məsələsində Azərbaycanın bütün siyasi qüvvələri dövlətin yanındadır, dövlətlə eyni mövqedən çıxış edir. Məhz bu birlik, həmrəylik ruhu ilə Azərbaycan döyüş meydanına qədəm basdı və Zəfərə imza atdı. 27 sentyabrdan başlanan bu şərəfli yol Qələbəmizlə başa çatdı, torpaqlarımız mənfur erməni faşizminin işğalından azad edildi.

İndi Azərbaycanda yeni dövr başlayıb. 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmiz istər cəmiyyətimizin həyatında, istərsə də Azərbaycanın dövlətçiliyi üçün tamamilə yeni bir mərhələnin, yeni dövrün başlanğıcının əsasını qoyub. İndi biz yeni reallıqlarla üz-üzəyik. Bu dövr sülh, sabitlik, təhlükəsizlik və davamlı tərəqqi dövrüdür. Və bu mərhələdə Azərbaycan dövlətinin qarşısında bir sıra mühüm vəzifələr, yeni hədəflər dayanır. Müharibədən sonrakı dövrdə Azərbaycan qısa zamanda işğaldan azad olunan torpaqlarda böyük bərpa-quruculuq işlərinə başlayıb, çeşidli infrastruktur layihələri həyata keçirir. Ərazilərimizin minalardan təmizlənməsi işi sürətlə aparılır, məcburi köçkünlərin öz yurdlarına geri qayıtması üçün işlər görülür.

İndi bu torpaqlarda yeni həyat başlayıb. İşğaldan azad edilmiş ərazilərimizə yeni həyat gətirən bərpa və quruculuq işlərinin miqyasının genişliyini bu ərazilərə səfər edən xarici diplomatlar və jurnalistlər də etiraf edirlər. Hər kəs görür ki, Azərbaycan start verdiyi bu nəhəng quruculuq işləri ilə bir daha qurucu, yaradıcı xalq olduğunu təsdiqləyir. 21-ci əsrdə faşizmin beşiyinə çevrilmiş Ermənistan işğal etdiyi bu torpaqlarda 30 il ərzində yalnız dağıdıcılıqla, talançılıqla məşğul olurdusa, su qovşaqlarını, elektrik xətlərini, qəbirüstü daşları, muzeyləri və məscidləri söküb aparırdısa, Azərbaycan isə indi bu ərazilərdə “ağıllı şəhər”, “yaşıl iqtisadiyyat” innovasiyalarına əsaslanan nümunəvi yaşayış məskənləri salır, fəaliyyət sahələri yaradır.

Ermənilərin vandallığını, vəhşi qəbilə psixologiyasını görmək və tanımaq üçün dünyanın istənilən siyasi liderinin, diplomatının, ədəbiyyat adamlarının, blogerlərinin yalnız Ağdamı ziyarət etmələri kifayət edər. Bu şəhər məhz ermənilərin dağıdıcı, yırtıcı xislətinin nəticəsi olaraq əcnəbi jurnalistlər tərəfindən “Ruhlar şəhəri” adlandırılıb. Xirosimanı atom bombası məhv edibsə, Ağdamı “insan” adlandırılan ermənilər öz əlləri ilə xarabalığa çevirib. Bu baxımdan, dünya ermənilər ilə azərbaycanlıların real fərqini görür. Ona görə də dünya Ermənistanın 30 il ərzində işğalçılıq siyasəti yürütməsinin ağır nəticələrinə mütləq adekvat qiymət verməlidir. Həmçinin Ermənistanın revanşizmə can atmasına, sərhədlərin delimitasiyası və demarkasiyasını süni surətdə ləngitməsinə, mina xəritələrinin hamısının Azərbaycana təhvil verməkdən cürbəcür bəhanələrlə yayınmasına, 10 noyabr razılaşmasının digər şərtlərini yerinə yetirməkdən boyun qaçırmasına, rəsmi İrəvanın Azərbaycan Prezidentinin sülh çağırışlarına qeyri-səmimi, destruktiv münasibət sərgiləməsinə də dünya birliyi öz obyektiv mövqeyini ortaya qoymalıdır.

30 il ərzində münaqişənin çözülməsi üçün heç bir əməli iş görməyən ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də həmsədr ölkələrin İrəvandakı səfirləri də “status” məsələsini ciddi-cəhdlə yenidən gündəmə gətirməklə bölgədə separtaçılıq meyllərini körükləmək və Ermənistanı revanşizmə sövq etməkdən əl çəkməlidirlər. Azərbaycan Prezidentinin də bildirdiyi kimi biz bu münaqişəni artıq hərb yoluyla çözmüşük, münaqişə artıq yoxdur. İndi istər həmsədr ölkələr, istərsə də BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar Ermənistanı konstruktiv siyasət yürütməyə dəvət etməli və onu sülhə məcbur etməlidirlər.

Həmçinin bəzi qonşularımız da bu və ya digər üsullarla Ermənistanı silahlandırmaqdan, Xankəndiyə qeyri-qanuni yüklər daşımaqdan, Zəngəzur dəhlizinin açılmasına süni əngəllər yaratmaqdan, Azərbaycanın Türkiyə və Pakistanla birgə hərbi təlimlər keçirməsini qısqanclıqla qarşılamaqdan əl çəkməlidirlər. 44 günlük müharibədəki qələbəsi ilə Cənubi Qafqazda faşizmin və terrorçuluğun, işğalçılıq siyasətinin önünü kəsən, bölgəyə sülh və sabitliyin gəlişi üçün zəmin yaradan Azərbaycanın istər qonşularından, istərsə də beynəlxalq təşkilatlardan adekvat münasibət gözləməyə haqqı çatır.

Azərbaycan Cənubi Qafqazın daimi münaqişələr bölgəsi yarlığından qurtulub sülh, dostluq və əməkdaşlıq regionuna çevrilməsini istəyir. “Altılıq platforması”nın məhz Azərbaycan lideri tərəfindən irəli sürülməsi də ölkəmizin gerçək sülhsevərlik niyyətlərini təsdiqləyir. Odur ki, istər rəsmi Bakı, istərsə də Azərbaycanın bütün siyasi qüvvələri bu niyyətlərimizin düzgün qiymətləndiriləcəyinə ümid bəsləyir. İndi müharibəyə və terrora can atan ölkələri deyil, sülhə çağırış edən, əməkdaşlıq təklif edən ölkələri dəstəkləməyin zamanıdır. Dünya və qonşularımız nəhayət ki, işğalçı Ermənistan ilə sülhsevər Azərbaycan arasında düzgün seçim etməyi bacarmalıdır.

Şeyxdən Amiliyə: Şirdən yox, göyərçindən danışmalıyıq44 günlük Vətən müharibəsinin birinci ildönümü, şəhidlərimizin Anım Günü, həmçinin, İmam Hüseyn əleyhissəlamın 40-ı - Ərbəin ərəfəsində Ərdəbil məscidinin imamının səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində təəssüflə qarşılanıb, dindarların haqlı narazılığına səbəb olub. Bu məsələ ilə bağlı dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinə çoxsaylı müraciətlər daxil olmaqdadır.

Avrasiya.net xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ərdəbil məscidinin imamı ağayi Amilininin səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ağayi Amilininin məlum çıxışı, əlbəttə ki, İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət etmir:

“Ərdəbil kimi qədim, zəngin tarixə malik bir Azərbaycan şəhərində, dini-mədəni irsimizə həmişə ehtiram bəsləyən bir icmanın hüzurunda belə bir çıxışı özünə rəva bilmək azı hörmətsizlikdir. İran İslam Respublikasının da etiraf etdiyi kimi, Azərbaycan öz torpaqlarını - Qarabağı azad etməklə ərazi bütövlüyünü bərpa edib. İndi isə bu torpaqlarda öz suveren hüquqlarını, beynəlxalq qanunlara uyğun olaraq möhkəmləndirməklə, erməni barbarlarının dağıtdığı, tarmar etdiyi evlərimizi, viran qoyub donuz tövləsinə çevirdiyi məscidlərimizi, məhv etdiyi mədəni-mənəvi irsimizi bərpa və yenidənqurma işləri apardığı zaman bu uğurlara bizimlə bərabər ağayi Amilinin də sevinməsi məntiqi olardı. Lakin təəssüf ki, Ərdəbil məscidinin imamı qəsbkarların, separatçıların vandal əməllərinə göz yummağı tərcih etdi. Biz dindarlar, möminlər yəqin ki şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq.

Dindarlar, din xadimləri Uca Allahın hökmünə istinadən insanları doğru yola, haqq yoluna, ədalətə dəvət etməlidir. Müqəddəs Kitabımızda buyurulduğu kimi: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mücadilə et. Şübhəsiz ki, yolunu azanları da, doğru yolda olanları da Rəbbin yaxşı tanıyır" (Nəhl, 125).

Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirə biləcək belə çıxışlar mehriban qonşuluq, islam həmrəyliyi ruhuna təmamilə ziddir. Qarabağ münaqişəsi bitib. Zənnimizcə, ağayi Amulinin xütbələrini bu səmtə yönəltməsi münasib olardı. Allah haqq yolunda olanlara yardımçı olsun!"
Baş Prokurorluqdan partiya sədrinə xəbərdarlıqBaş Prokurorluq Əli Əliyevə xəbərdarlıq edib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılan araşdırmalarla paytaxtın Yasamal rayon sakini Əli Əliyevin Yutub sosial şəbəkəsində çıxışlarında müxtəlif şəxslər barəsində böhtan və təhqir xarakterli ifadələrdən istifadə etməsi, vətəndaşlara qarşı zorakılıq etməyə yönələn çağırışlar etməsi, internet informasiya resurslarında qanunvericiliklə qadağan olunmuş məlumatlar yerləşdirməsi, həmçinin koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salan, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yönələn ifadələrə yol verməsi müəyyən edilib.

Qeyd edilənlərlə əlaqədar Əli Əliyev 22.09.2021-ci il tarixdə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən, mətbuatda çıxışları zamanı yol verdiyi qanun pozuntularından çəkinməsi, qanunsuz əməllərə davam edəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.
Siyəzəndə məktəbin yeni tədris binası istifadəyə verilib - Fotolar 22 sentyabr 2021-ci il tarixdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, millət vəkili Sadiq Qurbanovun iştirakı ilə Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbin yeni tədris binası istifadəyə verilib.

Məlumat verilib ki, yeni məktəb binası 960 şagird yerlikdir. 40 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 fənn laboratoriyası, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 450 yerlik akt zalı, sanitar qovşaqlar, qapalı və açıq idman zalı , kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.

2021-2022-ci tədris ilində təhsil müəssisəsində 1250 şagirdin təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 94 nəfər pedaqoji, 27 nəfər texniki işçi çalışır.

Belə modern məktəbin tikilib təhvil verilməsində əziyyəti olan hər kəsə məktəbin kollektivi, şagirdlər və valideynlər adından təşəkkür edilib.

Azərbaycan təhsilinə həmişə yüksək qayğı göstərən möhtərəm prezident İlham Əliyev, l vitse-prezident Mehriban xanım, Təhsil naziri Emin Əmrullayev əmin ediblər ki, təhsilin daha da yüksəlməsi üçün səylə çalışacaqlar.






Prezident: Əminəm ki, Azərbaycan - Səudiyyə Ərəbistanı münasibətləri müvəffəqiyyətlə davam edəcək"Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Səudiyyə Ərəbistanının verdiyi dəstəyi və ədalətli mövqeyini xalqımız daim yüksək qiymətləndirir".

Avrasiya.net-in xəbərinə görə, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlər vardır. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq prosesində qardaş ölkənizi təmsil edən şirkətlərin iştirakı iqtisadi əlaqələrimizin şaxələndirilməsinə önəmli töhfə verə bilər.

Əminəm ki, güclü İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar, xüsusən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da müvəffəqiyyətlə davam edəcək", - məktubda vurğulanıb.
Koronaya yoluxan sabiq başçı EKMO-ya qoşulduBiləsuvar rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirusa infeksiyasına yoluxan Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır.

Avrasiya.net xəbər verir ki, bu barədə Trend-ə M.Quliyevin vəkili məlumat verib.

Vəkil bildirib ki, sabiq icra başçısının səhhətində irəliləyiş yoxdur:

"Artıq 10 gündür ki, EKMO cihazına qoşulub. Vəziyyəti ağır olaraq qalır".

M.Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Onun barəsində ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

M.Quliyev təhlükəli koronavirusa yoluxduğu üçün Astara İstintaq Təcridxanasından Gömrük Hospitalına yerləşdirilib.