Vüqar Səfərli məhkəmədə ifadə verdiBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Avrasiya.net Report-a istinadən xəbər veir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O deyib ki, 2009-cu KİVDF-yə rəhbər təyin olunub:

"Həmin vaxt Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev məni çağırıb bildirdi ki, sənə yüksək etimad göstərilib, icraçı direktor sən təyin olunursan, nəzarəti isə Əli Həsənov edəcək. Sonra bizə dedilər ki, özümüzə ofis tapaq. 8-ci kilometr ərazisində ofis tapdıq. Amma zirzəmi olduğu üçün orda bizim fəaliyyət göstərməyimiz mümkün olmadı. Bu barədə Ramiz Mehdiyevə məlumat verdim. Bizə başqa yer tapmaq təklif olundu. Müəyyən müddət ərzində başqa yerdə fəaliyyət göstərəndə sonra Beynəlxalq Mətbuat Mərkəzində yer təklif olundu. Həmin vaxt orda yerin kvadrat metri 20-22 manat idi. Bizə isə kvadrat metri 18 manatdan icarəyə verdilər və fəaliyyətimizi Beynəlxalq Mətbuat Mərkəzində davam etdirdik".

V.Səfərlinin sözlərinə görə, KİVDF-yə vəsaiti Nazirlər Kabineti ayırırdı:

“Vəsait ayrılandan sonra biz xərclər smetasını hazırlayıb Maliyyə Nazirliyinə göndərərdik. Daha sonra vəsait bizə verilirdi. İcarə haqqı ilə bağlı təkcə 119 min 77 manat vergi vermişik. Amma yoxlama zamanı heç bu rəqəmi də çıxmayıblar. Yoxlama zamanı mənim iştirakım təmin olunmayıb. Mən ancaq icraçı direktor olmuşam, maliyyə məsələlərinə nəzarət, qərar vermə Müşahidə Şurasının səlahiyyətində idi. Bizim Beynəlxalq Mətbuat Mərkəzinin yerləşdiyi binada icarəyə ofis götürməyimizin səbəbi oranın şəraiti ilə bağlı idi. Həmin binanın Əli Həsənovun ailəsinə məxsus olmasının məsələyə aidiyyəti yox idi. Ora Əli Həsənovun mülki idi deyə, icarə pulu veriləməliydik?"

Növbəti məhkəmə iclası sentyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il aprelin 4-də imzaladığı sərəncamla Vüqar Səfərli KİVDF-nin İcraçı direktoru vəzifəsindən azad edilib.

O, 2021-ci il yanvarın 14-də həbs olunub və barəsində cinayət işi açılıb.
"İran ikibaşlı siyasətindən əl çəkməlidir"Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri


Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Düşənbədə keçrilən zirvə toplantısında bir araya gələn Ermənistan baş naziri Nikol Paşinyanla İranın yeni prezidenti İbrahim Rəisinin görüşündə tərəflərin iki ölkənin hökumətinin razılaşdırılmış birgə hərəkətlərinin önəmliliyini vurğulaması xüsusi maraq doğurur. Görəsən, söhbət hansı birgə hərəkətlərdən gedir? Bu hərəkətlərin sırasında qonşu ölkələrə, xüsusən də Azərbaycan və Türkiyəyə qarşı atılması nəzərdə tutulan addımlar da varmı? Böyük ehtimalla yəqin ki, var.

Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətinda olan hissəsinə qanunsuz yük dolu karvanların göndərilməsindən tutmuş, Xocalı rayonunun Daşbulaq kəndi yaxınlığında aparılan tikinti işlərinə iranlı fəhlələrin cəlb olunmasına qədər bir çox istiqamətlərdə İranla Ermənistanın Qarabağda üzə çıxan işbirliyi danılması mümkün olmayan faktlarla sübut olunmaqdadır. Əlbəttə, İranın bu qəbildən olan məkrli addımlarının Ermənistanın ayaqda saxlanmasına və regionda mövqelərinin möhkəmlənməsinə xidmət etməsi üçün nəzərdə tutulduğu artıq heç kimdə şübhə doğurmur. Lakin İranı idarə edən molla rejimi bilməlidir ki, Cənubi Qafqazda möhkəmlənməyin yolu Ermənistan kimi uğursuz “proyekt”i və məğlub dövləti dəstəkləməkdən, bəsləməkdən yox, regionun aparıcı dövləti sayılan Azərbaycanla sağlam qonşuluq münasibətlərinin qurulmasından və konstruktiv əməkdaşlıqdan keçir.

Ermənistanı dəstəkləmək siyasəti artıq köhnəlmiş, kiflənmiş siyasətdir. Bu siyasətin vaxtı keçib. Ermənistan kimi autsayder ölkəni dəstəkləməyin heç bir uğurlu perspektivi ola bilməz. Rəsmi Tehran nəhayət ki, bu aksiom xarakterli həqiqəti anlamalıdır. İranın yeni rəhbərliyi öz sələflərinin ermənipərəst siyasətindən əl çəkməli, yeni siyasi doktrindən çıxış etməlidir. Və bu yeni siyasi kursda qonşularla münasibətlər müstəvisində əsas ağırlıq ilk növbədə məhz Azərbaycanla normal münasibətlərin qurulmasına verilməlidir. Əks halda, Tehranın Ermənistana dəstək yönümlü yanlış addımlarının ağır fəsadlarının aradan qaldırılmasından ötrü İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin günü Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin qapısında yatmaqla, görüş üçün növbə gözləməklə keçəcək.

Molla hökumətinin Azərbaycana yönəlik siyasətində ciddi korrektələr, müsbət dəyişikliklər etməsi günün tələbidir. İran ikibaşlı siyasətindən əl çəkməlidir, eyni vaxtda həm mənfur Ermənistanla, həm də bizim ölkəmizlə dostluq və qardaşlıqdan dəm vurmağın absurd olduğunu başa düşməlidir və bütün anlaşılmazlıqları tezliklə aradan qaldırmalıdır. Real vəziyyət onu göstərir ki, İranın Ermənistana yönəlik dəstək addımlarına və Qarabağda üzə çıxan İran-Ermənistan işbirliyinə qarşı Azərbaycanın ata biləcəyi adekvat cavab addımları çoxdur. Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsini İranın Ermənistana müxtəlif təyinatlı yüklər daşıyan maşınlarının üzünə bağlamağımızın bu ölkələrdə yaratdığı psixoloji böhran və vurduğu iqtisadi zərər də buna əyani sübutdur. Bütün bunlar İran tərəfini ciddi düşündürməlidir. Hər kəs bilir ki, biz İranla mehriban qonşuluğun, sıx əməkdaşlığın və dostluğun tərəfdarıyıq. Ona görə də, İranın yeni rəhbərliyi tərəfindən də eyni mövqenin sərgilənəcəyini gözləyirik və cənub qonşumuzun hakim dairələrinin Azərbaycan ictimaiyyətində qıcıq yaradan addımlarına tamamilə son qoyulacağına ümid bəsləyirik. Tehran Bakının xoş məramını düzgün qiymətləndirməlidir.

Agentlikdən QHT-lərə vacib xəbər: qrant müsabiqəsi müzakirə olunacaq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda Agentliyə işə qəbul məsələlərinə baxılıb, Müşahidə Şurası tərəfindən yaradılmış İşə Qəbul Komissiyasının tövsiyələri dinlənilib.

Müzakirələr əsasında Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Prezidentin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə ölkə başçısının Fərmanına uyğun olaraq QHT-lərə Dövlət Dəstəyi Şurasının işçilərinin qurumda uyğun vəzifələrə təyin olunmaları ilə bağlı məsələyə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Daha sonra Agentliyin 2021-ci il üçün kiçik qrantlar müsabiqəsinin elan edilməsi ilə bağlı bir sıra təşkilati məsələlər müzakirəyə çıxarılıb.

Müşahidə Şurası üzvlərinin təklifi ilə 20 sentyabr 2021-ci il tarixdə “zoom” proqramı vasitəsilə 500-dək qeyri-hökumət təşkilatının iştirakı ilə kiçik qrantlar müsabiqəsinin mövzularının müzakirə edilməsi və onlardan təkliflərin toplanması qərara alınıb.
"Çoxsaylı media təsisatları var ki, Ermənistanın gündəmindən xəbər daşımaq üçün az qala yarışa çıxıblar"Elçin Mirzəbəyli

Ermənistanın “Qrapark” qəzetinin, daha sonra isə sözügedən nəşrə istinadən bütün erməni mediasının “Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ətrafında Rusiyanın paytaxtında aparılan danışıqlar”la bağlı tirajladığı məlumat, əsasən ictimai rəyin öyrənilməsinə xidmət edir.

Sözügedən məlumatda Ermənistan tərəfinin “artıq başa çatmış danışıqların nəticəsindən çox razı qaldığı” bildirilir. Eyni zamanda qeyd olunur ki, “görünür SSRİ-nin inzibati xəritələri əsasında, “Arsax”ın (ermənilərin kompakt yaşadığı və Rusiya sülhməramlılarının müşahidəsi altında olan Azərbaycan əraziləri) statusuna toxunulmadan delimitasiya və demarkasiya prosesinin başlanaılmasına dair razılıq əldə olunub. Rusiya sülhmərmlılarının Azərbaycan ərazilərindəki mövcudluğunu təmin edən 5 illik müddətlə bağlı məhdudiyyət aradan qaldırılıb və sülhməramlı missiyanın “mandatı” qeyri-müəyyən vaxta kimi uzadılıb”.

Göründüyü kimi “ermənilərin razı qaldığı nəticələrə” görə, “status” cəhənnəmin dibindəcə qalır, sərhədlərin delimitasiya və demarkasiya prosesi isə SSRİ-nin xəritələrindəki inzibati ərazi bölgüsünə əsasən aparılır. “Xəbər”in bu hissəsi çox güman ki, Ermənistanın ictimai rəyinin öyrənilməsinə və obyektivlik görüntüsünün yaradılmasına hesablanıb.

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində qeyri-müəyyən vaxta qədər qalacaqları barədə razılığın əldə olunması ilə bağlı iddia isə, istisnasız olaraq, Azərbaycanın ictimai rəyinə ötürülmək üçün düşünülüb. Məqsəd isə ictimai rəydə çat yaratmaqdan ibarətdir.
Məlum “xəbər”də Zəngəzur dəhlizi ilə bağlı irəli sürülən iddialar da dezinformasiya xarakterlidir.

Çünki “xəbər”də öncə azərbaycanlıların fərdi qaydada bu yoldan istifadə üçün müəyyən vəsait ödəyəcəkləri qeyd olunduğu halda, daha sonra konkret məbləğdən – Azərbaycan tərəfindən hər il Ermənistana ödəniləcək 150 milyon ABŞ dollarından söz açılır. Bu isə Zəngəzur dəhlizindən istifadə ilə bağlı bir-biri ilə ziddiyyət təşkil edən iki fərqli yanaşma olmaqla bərabər, açıq-aşkar nəzərə çarpan məntiqsizliyi də ortaya qoyur: Bəlkə Azərbaycan, ümumiyyətlə bu dəhlizdən istifadə etməyəcək? Digər tərəfdən, sual olunur, bəs Ermənistan Azərbaycan ərazisindən keçən kommunikasiyalardan istifadəyə görə hər il ölkəmizə nə qədər vəsit ödəyəcək?

Doğrusunu deyim, əsasən dezinformasiya və təbliğat xarakterli tezislərdən ibarət olan materialdan daha çox məni narahat edən, Ermənistanın “beyin mətbəxləri”ndə “bişirilən” bu “xəbər”in Azərbaycan oxucusunun menyusuna olduğu kimi, şərh edilmədən təqdim olunmasıdır. “Xəbər” olduğu kimi Azərbaycan mediasında tirajlanır, bundan bir neçə saat sonra isə, əsasən səthi və tələsik yanaşmalardan ibarət olan şərhlər yayımlanır. Və bununla da mediamızın gündəminin Ermənistan tərəfindən ötürülən dezinformasiyalarla zəbt edilməsinə imkan yaradırıq.

Son cümlələrim təkcə “sülh danışıqları” barədə iddiaların əks olunduğu məlum “xəbər”lə bağlı deyil... Hər gün Ermənistan mediasının gündəmindən Azərbaycanın gündəminə saysız-hesabsız, əksəriyyəti təbliğat, təxribat xarakterli olan “xəbər”, “şərh” daşıyırıq. Çoxsaylı media təsisatları var ki, Ermənistanın gündəmindən xəbər daşımaq üçün az qala yarışa çıxıblar. Amma bunun əksi baş verməlidir. Ölkəmizin maraqları və informasiya təhlükəsilziyimiz bunu tələb edir.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində 4 məsələyə baxılıbTəbii ehtiyatlar, energetika və ekologiya komitəsində 4 məsələyə baxılıb

Milli Məclisin payız sessiyasında ilk iclasına toplaşan Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində 4 məsələyə baxılıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Avrasiya.net-ə verilən məlumata görə, videokonfrans formatında keçirilən iclasda komitənin sədri Sadiq Qurbanov öncə Milli Məclisin 2021-cı ilin yaz və növbədənkənar sessiyaları dövründə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində görülən işlər barədə hesabatı təqdim edib.

Bildirib ki, hesabat dövründə komitədə keçirilən 16 iclasda 18 məsələyə baxılıb. Əsasən mövcud qanunvericilik aktlarına dəyişikliklərdən ibarət olan bir sıra qanun layihələri, həmçinin “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” və “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihələri komitədə üç oxunuşda müzakirədən keçərək Milli Məclisdə qəbul edilib.

Yaz sessiyasında bu komitədə baxılan mühüm əhəmiyyətli qanun layihələrindən biri də “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsi olub.
İclasda Sadiq Qurbanov onu da nəzərə çatdırıb ki, hesabat dövründə komitənin təşəbbüsü ilə Milli Məclisdə “Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyət, perspektiv layihələr və innovativ Qarabağ” mövzusunda onlayn konfrans keçirilib. Həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərində ətraf mühitə və təbiətə qarşı mənfur düşmənin törətdiyi ekoloji terrorla bağlı dünya ölkələrinin parlamentlərinə, ətraf mühit və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara və beynəlxalq konvensiyaların katibliklərinə, beynəlxalq ekoloji qeyri-hökumət təşkilatlarına və fondlarına hesabat dövründə çoxsaylı müraciətlər göndərilib.
Sessiyalar ərzində komitə üzvləri KİV-lərdə müntəzəm çıxışlar ediblər, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının işində fəallıq göstəriblər.
2021-ci ilin yaz və növbədənkənar sessiyalarında komitəyə daxil olan 287 müraciətə baxılıb, tədbir görülməsi üçün aidiyyəti təşkilatlara göndərilib. Əksər müraciətlərin həllinə nail olunub. Hesabat dövründə komitə sədri tərəfindən parlamentdə və yerlərdə 56 görüş keçirilib, vətəndaşlar tərəfindən edilən 313 şifahi müraciətə də həssaslıqla yanaşılıb.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulan qanunvericilik işlərini və müxtəlif səpkili tədbirləri əhatə edən iş planı müzakirə olunub. İş planında aidiyyəti qurumlarla birgə həyata keçiriləcək tədbirlər sırasında “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” çərçivəsində Suraxanı poliqonunda tullantıların idarə olunması ilə bağlı tədbirlərin, eləcə də Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiyanın təşkili, Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsiri ilə bağlı dinləmələrin keçirilməsi, Su problemi və suyun keyfiyyəti barədə müzakirələrin təşkili, İşğaldan azad edilmiş ərazilərimizdə ekoloji vəziyyətin təhlili və digər bu kimi mühüm məsələlərin də yer alması razılıqla qarşılanıb.

Onlayn iclasda gündəlikdəki növbəti məsələni təqdim edən Sadiq Qurbanov birinci oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsini ətraflı şərh edib. Komitə sədrinin məlumatı dinlənildikdən sonra fikir mübadiləsi aparılıb, yekunda bu qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda aparılan müzakirələrdə komitə sədrinin müavini Asim Mollazadə, deputatlar Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Naqif Həmzəyev, İltizam Yusifov, Afət Həsənova gündəlikdəki məsələlərə münasibət bildiriblər, komitənin işi ilə bağlı rəy və təkliflərini nəzərə çatdırıblar.

Komitənin iclasında deputat Əliabbas Salahzadə, Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov iştirak ediblər.
Azərbaycanda çəkilən ilk polis serialı bu mövsüm də davam edəcəkAzərbaycanda ilk dəfə olaraq polislərin fəaliyyətindən bəhs edən “İfşa” adlı serial bu mövsüm də davam edəcək. Serial insan alveri və narkomaniya ilə mübarizədən bəhs edir. Layihə Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə ATV kanalında yayımlanırdı. Ötən mövsüm üçün 6 bölüm çəkilmişdi. Layihənin məsləhətçisi Daxili İşlər Nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov, ideya müəllifi və rəhbəri isə Ramiz Alıyevdir.

Ramiz Alıyev layihə ilə bağlı bildirdi ki, serial yeni formatda və yeni adla davam edəcək: “Düşünürəm ki, bu cür maarifləndirici film və seriallara hazırki gündə çox böyük ehtiyac var. Bu gün bütün cəmiyyətimiz bir yumuruq kimi birləşərək hüquq-mühafizə orqanlarının və xüsusən də polisin yanında olub narkomaniya ilə birgə mübarizə aparır. Ona görə də biz düşündük ki, bu layihəni davam etdirmək lazımdır. Onu da açıq demək istərdim ki, ötən mövsüm üçün çəkilən bölümləri izləyən tamaşaçıların və ziyalıların təkidi var ki, bu cür layihə davam etməlidir.

Bildiyimiz kimi “İfşa” serialı 6 bölümdən ibarət idi və insanların böyük sevgisini qazanmışdır, hətta kanalların reytinq cədvəlində də öncül yerdə idi. Serialın sosial şəbəkədə olan hesablarına, demək olar ki, hər gün yüzlərlə izləyici yazıb xahiş edirdi ki, bu serial davam etsin. Bundan başqa ölkə mətbuatında da bu layihəyə böyük maraq var idi. Qardaş Türkiyənin 30-dan artıq tanınmış mətbuat orqanında layihə haqqında məlumatlar dərc olunmuşdur və “İfşa” serialını Türkiyənin TRT kanalında yayımlanan “Təşkilat” serialı ilə eyni mövzunu əhatə etdiyini də diqqətə çatdırmışdılar. Hesab edirəm ki, xarici düşmənlərimizin məkirli planlarından biri də gənclərimizi zəhərləmək və genofondumuza zərbə vurmaqdır, ancaq biz xalq olaraq buna imkan verməyəcəyik. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən igidlərimizin davamçıları var və daha da artacaqdır.

Ona görə də bu cür maarifləndirici layihələr davam etməlidir ki, gənclərimiz həm insan alverindən, həm də narkomaniyadan uzaq olsunlar. Biz fikirləşirik ki, layihə bu mövsüm də eyni movzularla (narkomaniya, insan alveri və s.) və yeni adla, peşəkar komanda ilə çəkilib tamaşaçılara təqdim olunsun. Qeyd olunduğu kimi, bu layihədə əsas məqsəd insanların maariflənməsi, narkomaniya və insan alveri ilə mübarizə aparmağın yollarını, Azərbaycan polisinin qətiyyətini, mübarizənin yalnız hüquq-mühafizə orqanlarının deyil, həmçinin xalq olaraq hər birimizin aparmalı olduğumuzu göstərməkdir.

Layihə ötən mövsüm olduğu kimi yenə də ATV kanalında davam gedəcək. Serialın 10-12 bölüm olması düşünülür. Düzdür, bəzi televizya kanallarından bizə müxtəlif təkliflər gəldi ki, bu serialın davamı o kanallarda çəkilsin, ancaq təbii ki, biz razı olmadıq və bildirdiyim ki, layihə yenə də ATV kanalında davam edəcək, çəkilişlərin noyabr ayından başlanılması və yanvar-fevral ayından etibarən efirə getməsi düşünülür.
Siyasi ekspertlər Ukrayna Azərbaycanlıları Radasının qonağı olubUkrayna Azərbaycanlıları Radasının ofisində Ukrayna Sosial İnkişaf Mərkəzinin rəhbəri İya Suxitaşvili və politoloq, Ukrayna Sosial İnkişaf Mərkəzinin siyasi və hüquqi proqramlar şöbəsinin rəhbəri İqor Reyteroviçlə görüş olub.

Görüşdə Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi və bu qələbənin regionda yaratdığı yeni situatsiya müzakirə olunub.

Radadan Avrasiya.net-ə bildirilib ki, qonaqları Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçiləri Oleq Krapivin və Hikmət Cavadovun adından salamlayan UAR baş katibi Ceyhun Məmmədov müharibə zamanı Azərbaycana verdikləri dəstək üçün İya Suxitaşvili və İqor Reyteroviçə təşəkkür edib. “Müharibənin ən çətin tərəfi ona doğru hazırlaşmaq, doğru zamanda başlamaq və doğru zamanda qələbə ilə bitirməkdir. Azərbaycan xalqı və siyai rəhbərliyi bu çətin işin öhdəsindən şərəflə gəldi ” deyən Məmmədov Ukraynaya xalqına da qısa zamanda öz ərazi bütövlüyü təmin etməyi arzuladığını bildirib.

Azərbaycanın şərəfli qələbəsinin ildönümün yaxınlaşdığını bildirən mərkəz rəhbəri İya Suxitaşvili bu mübarizənin və qələbənin Ukrayna ictimayyətinə doğru çatdırılması üçün tədbirlər planın hazırlanmasının vacibliyini vurğulayıb.

Regionda Azərbaycanın yarattığı yeni situatsiyaya toxunan İqor Reyteroviçl müharibə dövründə birmənalı olaraq Azərbaycanın yanında, ədalətin yanında olduqlarını qeyd edib. Politoloq inandığını bildirib ki, Ukrayna bu situatsiyadan doğru qiymətləndirib lazım olan addımları zamanında atacaq

Görüşdə ekspertlərə Ukraynada olan Azərbaycan diasporu haqqında geniş məlumat verilib.
Türkiyədə ağır qəza: 15 nəfər yaralandıTürkiyənin Əskişəhər şəhərində ağır yol qəzası baş verib.

Avrasiya.net xəbər verir ki, fabrik işçilərini daşıyan mikroavtobusla yük maşınının toqquşması nəticəsində 15 nəfər yaralanıb.

Qəzanın baş verdiyi əraziyə təcili yardım cəlb edilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

İran ŞƏT-ə qəbul edildiİran Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib.

Avrasiya.net xəbər verir ki, bu məlumatı iranlı jurnalist Abbas Aslani yayıb.

Məlumata görə, təşkilat üzvləri İranın üzvlüyünün lehinə yekdilliklə səs veriblər.

Qeyd edək ki, ŞƏT üzvlərinin liderlərinin sammiti Düşənbədə keçirilib.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir"Xarici diplomların tanınması qaydalarına dəyişiklərlə bağlı layihə hökumətə təqdim edilib".

Avrasiya.net-in məlumatına görə, bunu "Media və təhsil dialoqu" təlimində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Eldar Orucov bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə diplomların tanınması başqa formata keçəcək:

"Yeni layihədə qismən tanınma anlayışı olacaq. Yəni məsələn, tələbə Rusiyada təhsil alıb. Onun təhsil aldığı fakültədə norma 240 kreditdir, bizdə isə 340 kredit. Yeni dəyişiklikdən sonra həmin şəxsin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək. Bu halda, həmin şəxsə kreditini tamamlamaq üçün Azərbaycan standartlarına uyğunlaşdıra bilmək şəraiti yaradılacaq. Bundan sonra həmin şəxsin əmək bazarına çıxışına imkan veriləcək və ona sertifikat təqdim olunacaq".