Azərbaycanda daha 279 yoluxma, 592 sağalma, 6 ölümAzərbaycanda koronavirus infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, aktiv xəstə sayı 5 229 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 732 236 test aparılıb.
Bakıda on iki inzibati rayonun olmasına ehtiyac varmı? Bir daha Regional idarəetmə haqqında  Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bir qədər əvvəl mart ayında Maliyyə Nazirliyi regional idarəetməyə keçid ediblər. Son on il ərzində Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, keçmiş Əmlak məsələləri üzrə Dövlət Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ədliyyə Nazirliyi bu sistemə keçib. Maraqlıdır ki, rayonlarda hüquq mühafizə orqanlarından başqa bütün sahələr “regionlaşdırılıb”. Bəs mərkəzi icra orqanlarının regional idarəetməyə keçidində əsas səbəb nədir? Onları belə sürətlə keçid etməyə nə vadar edir?

Fikrimizcə, əsas səbəb əksər icra başçılarının mərkəzi icra hakimiyyəti orqanlarının işinə yerli-yersiz müdaxiləsinin qarşısnı almaq olub. Bununla yanaşı səbəblər sırasında büdcə vəsaitlərinə müəyyən mənada qənaət etmək və “mərkəzi icra orqanlarının daxili ehtiyacları üçün toplanan maliyyə vəsaitinə göz dikənlərin” sayının azaldılmasına nail olmaq məqamları da var. Sizə təəccüblü gəlməsin, sonuncu məsələni həbs edilən məmurların dilindən eşitdiyim üçün belə yazdım və bu da bir həqiqətdir.

Bununla bağlı son vaxtlar hazırladığm təhlil və araşdırmalarda fikirlərimi oxucularla bölüşmüşəm. Təkrar olaraq bəzi fikirlərimi bir qədər təkmilləşdirlimiş formada yenidən təqdim edirəm.

Biz prosesin icrasının, yəni ölkəmizdə yerli idarətetmənin bələdiyyələrə, ölkənin idarəedilməsini isə regional idarəetməyə üstünlük verilməsinin tərəfdarıyıq. Etiraf edək ki, bu prosesin icrası nəticəsində ən çox iki tərəfdə qazanır - yəni büdcə vəsaitlərinə ciddi şəkildə qənaət edən dövlət və üzərinə məsuliyyət yükü düşən vətəndaş. Bu gün aparılan regional idarətemə siyasətində isə sanki bir pərakəndəlik hiss olunur. Yəni bir məsələyə görə, məsələn Ağdamın Quzanlı qəsəbəsində yaşayan həmyerlim Ağcabədiyə, digər bir məsələyə görə Tərtərə, başqa bir məsələyə görə Bərdəyə, bir başqa məsələyə görə Mingəçevirə gedirsə demək proseslərdə bir sistemsizlik var. Nədən belə olmalıdır? Əgər ölkə başçısı indiki pandemiya dövründə diqqət mərkəzində vətəndaşın olduğunu deyirsə, hər addımını məhz vətəndaşın xeyri üçün atırsa onda mərkəzi icra strukturları nədən vətəndaşa bu qədər əziyyət verir. Yəni regional idarələrin hərəsi bir rayonda olması qətiyyən yolverilməzdir. Odur ki, bu sahədə müəyyən nizam-intizamın yaradılmasına ehtiyac vardır. Və bu gün aparılan uğurlu siyasi və iqtisadi islahatlar ölkəmizdə regional idarəetməyə keçidin tezliklə reallaşcağından xəbər verir.

Bu arada gəlin etiraf edək ki, bu gün Bakıda on iki inzibati rayona və 53 bələdiyyəyə ehtiyac yoxdur. Nəzərə alaq ki, bu rayonların saxlanmasına yuxarıda qeyd etdiyim kimi büdcədən kifayət qədər vəsait ayrılır. İndiki şəraitdə xüsusəndə Bakı və Gəncədə səlahiyyətsiz rayon icra hakimiyyəti kimi bir qurumun saxlanmasına ehtiyac varmı? Düşünürəm ki, birinci növbədə bu rayonların birləşdirilməsi həyata keçirilməlidir.

Götürək İstanbul kimi on milyonluq şəhərin idarəedilməsini, Nyu-York, Paris və ya Moskva şəhərinin idarəedilməsini. Bu çoxmilyonluq nəhəng şəhərləri yerli özünüidarəetmə orqanı - meriya idarə edir. Nəyi pisdir? Nə isə narahatlıq və ya hansısa bir gic-gic hadisələr baş veribmi bu şəhərlərdə? Hansısa “otkat” məsələsi və ya on günlük MMC-ni tender qalibi ediblərmi? Eşitmisinizmi və ya oxumusunuzmu? Sizi bilmirəm, mənim rastıma çıxmayıb. Bəs biz niyə məsuliyyət yükünü məhz seçicinin üzərinə qoymaqla, öz məsuliyyətimizi azaltmağa tələsmirik. Axı birinci növbədə həm kifayət qədər maliyyə itiririk, həm də dünya idarəçilik sistemindəki inkişaf prosesindən geri qalırıq. Üstəlik Avropa Şurası qarşısında öhdəlik götürmüşük və icrasına hələ də başlamırıq.

Təklif edərdim ki, ilkin olaraq xarici ölkələrin, xüsusən də qardaş Türkiyənin təcrübəsindən yararlanmaqla Bakıda və digər iri şəhərlərdə Böyükşəhər bələdiyyəsinin yaradılması həyata keçirilsin. Ancaq bütün proseslər sistemli və mərhələli şəkildə həyata keçirilməli və regional idarəetmə bir mərkəzdən idarə olunmalıdır. Yəni iqtisadi rayonlar üzrə mərkəzi rayon seçilməklə bu işi həyata keçirmək mümkündür. Və mərkəzi icra orqanlarının regionlaşdırılması ölkə başçısnın öz nümayəndəsinin oturacığı şəhərdə olmalıdır. Bəzən düşünülə bilər ki, regional idarəetməyə keçid olarsa, ancaq mərkəz şəhəri inkişaf edəcək, birləşdirilən şəhərlər diqqətdən kənarda qala bilər və bununla da balans pozulacaq. Xeyr, bu əsla belə deyil. İstənilən halda istənilən şəhərdə atılan hər bir addım dövlətin nəzarətindədir. Müvafiq qurumlarında əsas məqsədi məhz dövlətin siyasətinin yerlərdəki icrasını nəzarətdə saxlamaqdır. Belə olan halda inzibati nəzarəti həyata keçirən orqanında “siyası çəkisini” artırmaq zəruriəti meydan gəlir.

Əslində çox sadə şəkildə qurulması mümkün olan bir sistemdir. Mənə çox maraqlı gəlir ki, niyə indiyədək bu sistem heç olmasa Bakıda həyata keçirilməyib. Biz dünya idarəetməsindən yararlanmaqla öz təcrübəmizi ASAN Xidmət vasitəsiylə dünyada paylaşsaqda bu məqamın tətbiqinə passiv yanaşmağımız çox təəcüblüdür.

Ölkə başçsının öz adminstrasiyasında apardığı islahatlar nəticəsində təyin etdiyi yeni qərbyönümlü kadrlar inanıram ki, bu mövzu barədə də düşünüb ölkə başçısı qarşısında daha səmərəli və mükəmməl təkliflərlə çıxış edəcəklər.

Hər halda düşünməyə dəyər.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyinin sədri
Əhalinin 72 faizi Milli Hərəkat partiyasını dəstəkləyir - Azər SüleymanovSeçkilərə hazırlıqla əlaqədar Modern.az-a danışan Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov artıq namizədlərin müəyyənləşdiyini söyləyib:

“Artıq hakim Marneuli rayonunda yaşayan azərbaycanlıları təmsil edəcək namizədlərin bir qismi bəllidir. Hakim Gürcü Arzusu Partiyası tərəfindən namizəd şəhərin hazırkı meri Zaur Darğallı olacaq. Bundan əlavə avropalı, gürcüstanlı Əhməd İmanquliyev də bu gün namizədliyini təsdiqləyib. Mixail Saakaşvilinin təsisçisi olduğu “Milli Hərəkat” partiyasına gəlincə, bir neçə günə namizədimiz müəyyənləşəcək. Ya Aqil Mustafayev, ya da mənim namizədliyim irəli sürüləcək.

Əhalinin fikrinə və dəstəyinə nəzər saldıqda görürük ki, Milli Hərəkat Partiyası böyük reytinqə sahibdir. Bütün əhali partiyanın Gürcüstanı xilas edə biləcəyini düşünür və namizədlərə səs verəcəyini bildirir. O biri müxalifət partiyaları bu günkü oliqarxın oyununu oynayacaqlar. Böyük ehtimalla seçkilərin birinci turunda məsələ həll ediləcək. Yerli medianın cəmiyyətdə apardığı sorğulara əsasən ciddi fərq olduğu aşkardır. 72 faiz əhali Milli Hərəkat partiyasını dəstəkləyir, qalan 28 faiz isə Gürcü Arzusu və digər partiyaların payına düşür.

Bu gün yerli mediada aparılan sorğuya əsasən 66 faiz səsi mən, 34 faiz səsi isə Zaur Darğallı toplayıb. Hesab edirəm ki, parlament seçkilərində böyük bir fərqlə qalib gələcəyik”.

Xatırladaq ki, ölkədə parlament seçkiləri bu ilin oktyabrın 31-nə təyin olunub.
Sabah yağış, dolu, leysan yağacaq Bazar günü, avqustun 2-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşama doğru mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 14-17, gündüz 18-23 dərəcə isti olacaq.
BMT-dən Aya Sofya açıqlaması: Statusunu itirə bilər?Aya Sofyanın mədəniyyat məkanı olaraq qalması təmin edilməlidir.

Avrasiya.net xəbər verir ki, bu barədə BMT mütəxəssisləri bəyanat yayıb.

“BMT-yə görə Aya Sofya beynəlxalq əhəmiyyətli bir abidədir. Abidənin statusu tələsik şəkildə dəyişdirildiyi üçün UNESKO-nun Ümumdünya Mədəni İrs statusunu itirmək təhlükəsi altındadır. Türkiyə hökumətinin rəsmilərinin bu çərçivədəki öhdəliklərini yerinə yetirməsi vacibdir. Aya Sofya Türkiyədə ən çox ziyarət edilən turistik məkandır və bina beynəlxalq əhəmiyyətə sahib bir abidədir”, - bəyanatda bildirilib.
Batan iki yeniyetmədən birinin meyiti tapıldıİyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Avrasiya.net-ə FHN-dən məlumat verilib.

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.
Siyəzəndə dəhşətli yanğında 2 nəfər öldü- cinayət işi açıldıİyulun 31-də saat 12 radələrində Siyəzən rayonunun Sədan kəndi yaxınlığında baş vermiş yanğın nəticəsində 1959-cu il təvəllüdlü Nizami Qanbayev və 1970-ci il təvəllüdlü Cahangir Zeynalovun ölmələri barədə məlumat daxil olub.

Siyəzən rayon Prokurorluğundan verilən məlumata görə, hadisə yerinə prokurorluq, polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti və hal şahidlərinin iştirakları ilə baxış keçirilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibb, məhkəmə-yanğın ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vilayət Eyvazovdan yeni təyinatlarDaxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Avrasiya.net Oxu.az-a istinadla xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi, polkovnik-leytenant Erol Əliyev işdən çıxarılıb.

O, Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi təyin olunub.

Qaradağ RPİ-nin İstintaq Şöbəsinin rəisi, polkovnik- leytenant Həsən İsmayılov da Xəzər RPİ İstintaq Şöbəsinin rəisi təyin edilib.
Bakıda dəhşət: Arvadını öldürüb yolun qırağına atdı…Bakıda arvadını öldürməkdə təqsirli bilinən Yavər Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Axar.az xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat-Pirşağı avtomobil yolunun kənarında baş verib.

Binəqədi rayonu, Baksol şosesi, nömrəsiz evdə yaşayan 1990-cı il təvəllüdlü Yavər Əliyev 1995-ci il doğumlu həyat yoldaşı Nuranə Əliyevanı qısqanclıq zəminində Zabrat-Pirşağı yoluna apararaq orada xüsusi amansızlıqla döyüb, daha sonra yolun kənarına atıb.

Yaralı yoldan keçən şəxslərin köməyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Nuranə Əliyeva xəstəxanada dünyasını dəyişib.

Müəyyən olunub ki, Yavər Əliyev arvadının onu başqa kişi ilə aldatmağından şübhələnib və cinayətə əl atıb.

Qeyd edək ki, Goranboy rayonundan olan və Bakıda kirayə yaşayan cütlüyün iki azyaşlı övladı var.

İstintaq orqanı tərəfindən Yavər Əliyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.