Təzyiq yox, dialoq lazımdır-AŞPA öz rolunu dərk etməlidir
"Avropa Şurası Parlament Assambleyası (AŞPA) onilliklər ərzində dialoq, fikir mübadiləsi və ümumavropa dəyərlərinin müdafiəsi üçün əsas platformalardan biri kimi təqdim olunub. Lakin Azərbaycanın AŞPA ilə münasibətlərinin, xüsusilə son illərdəki təcrübəsi ciddi suallar doğurur: bu qurum bu gün özünün obyektivlik, qərəzsizlik və üzv dövlətlərə bərabər yanaşma prinsiplərinə nə dərəcədə sadiqdir? AŞPA-da Azərbaycan nümayəndə heyətinin tərkibində çalışmış bir şəxs kimi deyə bilərəm ki, problem tənqid faktının özündə deyil, getdikcə sistem xarakteri alan birtərəfli və siyasiləşdirilmiş yanaşmadadır. Bu yanaşma dialoqu əvvəlcədən formalaşdırılmış nəticələrlə əvəz edir".
Bu fikirləri Avrasiya.net-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, AŞPA-nın plenar sessiyalarının gündəliyində “Parlament Assambleyasının monitorinq prosedurunun gedişi” adlı sənəd mütəmadi olaraq müzakirə olunur. Bu sənəddə Assambleya Avropa Şurasına üzv dövlətlərin üzərinə götürdükləri öhdəliklərin icra vəziyyətini, o cümlədən Azərbaycanla bağlı məsələləri qiymətləndirir. Məntiq etibarilə bu mexanizm dialoqu təşviq etməli və problemlərin aradan qaldırılmasına yardım göstərməlidir. Lakin Azərbaycanla bağlı praktika göstərir ki, bu alət tədricən sistemli tənqid platformasına çevrilib. Məruzələrdə əsas diqqət mənfi qiymətləndirmələrə yönəlir, müsbət dəyişikliklər isə ya ümumiyyətlə qeyd olunmur, ya da formal xarakter daşıyır. Regional kontekst, təhlükəsizlik reallıqları və yerində baş verən proseslər çox vaxt nəzərə alınmır.
Sənədlərin faktoloji dəqiqliyi məsələsi də xüsusilə diqqət çəkir. Belə ki, müəlliflər ittihamedici ifadələr və rəqəmlərlə çıxış edərkən faktiki məlumatları yeniləməyə belə cəhd göstərməyiblər: məruzədə hələ də 23 nəfərdən bəhs olunur, halbuki real vəziyyətdə söhbət artıq 19 nəfərdən gedir, çünki dörd erməni saxlanılan şəxs yaxın vaxtlarda Ermənistan tərəfinə təhvil verilib. Bu cür uyğunsuzluqları texniki səhv kimi qiymətləndirmək çətindir- onlar reallığın deyil, əvvəlcədən qurulmuş narrativin əsas götürüldüyünü açıq şəkildə göstərir. Bu şəraitdə öhdəliklərin icra vəziyyəti haqqında məruzə neytral monitorinq sənədi olmaqdan çıxır və siyasi təzyiq aləti kimi qəbul edilməyə başlayır ki, bu da prosedurun özünə olan etimadı sarsıdır.
Deputatın sözlərinə görə, Azərbaycanın AŞPA ilə münasibətləri bir neçə dəfə ciddi böhran mərhələsindən keçib. Seçkilər, insan hüquqları və regional vəziyyətlə bağlı qəbul edilən qətnamələr çox zaman peşəkar müzakirəyə imkan verməyən formada tərtib olunub. Bunun kulminasiyası isə Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi oldu — bu addım Bakıda açıq-aşkar siyasiləşdirilmiş qərar kimi qəbul edildi.
Xüsusilə, diqqətçəkən məqam ondan ibarətdir ki, analoji problemlər digər üzv dövlətlərdə ya diqqətdən kənarda qalır, ya da xeyli yumşaq qiymətləndirilir.
Bu cür selektiv yanaşma ikili standartlar barədə suallar doğurur və Assambleyada bərabərhüquqlu iştirak ideyasını sarsıdır. Eyni zamanda, AŞPA-nın fəaliyyətində müəyyən hallarda mədəni və siyasi balanssızlıq hiss olunur. Bu, müzakirələrin tonunda, mövzu seçimində və qiymətləndirmələrin sərtliyində özünü göstərir. Müsəlman əhalinin çoxluq təşkil etdiyi və müstəqil xarici siyasət yürüdən Azərbaycan tez-tez həddindən artıq diqqət və sərt yanaşma ilə üzləşir ki, bu da hər zaman real vəziyyətlə uzlaşmır. Belə şəraitdə bərabərhüquqlu, etimada əsaslanan dialoqdan danışmaq getdikcə daha çətinləşir.
Deputat söyləyib ki, AŞPA mütəmadi olaraq Azərbaycanla dialoqa hazır olduğunu bəyan edir. Lakin təklif olunan format mahiyyət etibarilə dəyişmir: öyüd-nəsihət, təzyiq və əvvəlcədən formalaşdırılmış nəticələrə əsaslanan köhnə ssenari davam edir. Bu yanaşma nə regionda yaranmış yeni reallıqları, nə də dövlətlərin öz inkişaf yolunu seçmək hüququnu nəzərə alır. Dialoq yalnız qarşılıqlı hörmət və tərəflərin bir-birini dinləməyə hazır olduğu halda mümkündür. Ayrıseçkilik və formalizm nümayiş etdirən bir qurum isə obyektiv olaraq etibarlı tərəfdaş rolunu itirir.
Deputat hesab edir ki, Azərbaycanla AŞPA arasında yaranmış etimad böhranı daha geniş problemin göstəricisidir-Avropa Şurasında institusional yenilənməyə ehtiyac artıq açıq şəkildə hiss olunur.
Monitorinq mexanizmlərinə yenidən baxılmadan, siyasiləşmədən və ikili standartlardan imtina edilmədən Assambleya bir çox üzv dövlətlərin gözündə öz nüfuzunu itirmək riski ilə üz-üzədir.
"Azərbaycanın kənardan “göstərişlərə” ehtiyacı yoxdur. Ölkəyə faktlara əsaslanan, peşəkar və obyektiv dialoq lazımdır, şablonlara ehtiyac yoxdur. AŞPA-da iş təcrübəsi sadə bir həqiqəti göstərir: obyektivlik olmadan etimad yoxdur, etimad olmadan isə dialoq mümkün deyil. Əgər Avropa Şurası Parlament Assambleyası beynəlxalq platforma kimi öz rolunu qorumaq istəyirsə, köhnə yanaşmalardan imtina etməli və bərabərhüquqlu münasibət tələb edən dövlətlərə münasibətini yenidən nəzərdən keçirməlidir. Azərbaycan dialoqa hazırdır. Sual isə budur: AŞPA buna hazırdırmı?"- deyə Sevinc Fətəliyeva vurğulayıb.
Mürtəza
