10 avq 13:16Sosial

Müəllimlər üçün çox vacib kitab çapdan çıxdı- Mütləq oxunmalı

Müəllimlər üçün çox vacib kitab çapdan çıxdı- Mütləq oxunmalıJurnalist Böyükağa Mikayıllının “Yanuş Korçak” haqqında kitabı nəşr olunub.

Avrasiya.net xəbər verir ki, kitab müəllimlər, valideynlər, təhsil, pedaqogika sahəsinin tədqiqatçıları üçün maraqlı fikirlər, tövsiyələr, tarixi faktlarla zəngindir.

Jurnalist Böyükağa Mikayıllının yəhudi əsilli dahi polyak pedaqoqu Yanuş Korçakın həyat və fəaliyyətinə həsr olunmuş “Yanuş Korçak” adlı kitabı nəşr olunub. Müəllif Yanuş Korçakın həyatı ilə yanaşı, pedaqoji, bədii əsərlərini, publisistik, tibbi məzmunlu məqalələrini, eləcə də onun 30 il çalışdığı, özünəməxsus təlim-tərbiyə mühiti qurduğu «Yetimlər evi»ni təhlilə cəlb edir, Yanuş Korçakın kimsəsiz uşaqların təhsili, yaşayışı, həyata adaptasiya olunmaları yolunda fədakarlığını qələmə alır.

Oxucu əsərdə Yanuş Korçakın uşaqlıq illərindən tutmuş, ömrünün sonuna qədər keçdiyi keşməkeşli həyat yolunu izləmək imkanı əldə edir, əsl müəllim, tərbiyəçi, həkim obrazı ilə qarşı-qarşıya dayanır. Yanuş Korçakın iki dünya müharibəsi, qlobal pandemiyalar, aclıqlar, lokal münaqişələr dövründə öz şəxsi həyatını unudaraq, uşaqların gələcəyi naminə çalışması, yaratdığı elmi-pedaqoji konsepsiya, tərbiyə nəzəriyyəsi müəllif tərəfindən tədqiq olunaraq oxucuya təqdim edilir. Əsərdə Yanuş Korçak uşaqların yaxın dostu, sirdaşı, xilaskarı kimi göstərilir, eyni zamanda, dahi pedaqoqun ayrı-ayrı əsərlərindən aforizmə çevrilmiş fikirlərinə də yer verilir. Görkəmli şəxsiyyətlərin, elm, sənət adamlarının, həmçinin yetirmələrinin Yanuş Korçak haqqında ayrı-ayrı zamanlarda səsləndirdikləri ifadələr maraq doğurur.

Qeyd edək ki, dahi pedaqoq Yanuş Korçak faşistlər tərəfindən “Yetimlər evi”nin uşaqları ilə birlikdə 1942-ci il avqust ayının 5-də Polşanın Treblinka rayonunda qaz kamerasında qətlə yetirilib. Onun bir neçə dəfə almanların yaratdıqları həbs düşərgəsindən qaçmaq imkanı olsa da, o, uşaqları tək qoymur, onlarla birlikdə ölümü qəbul edir. Bu gün Yanuş Korçakın zəngin irsi dünyanın demək olar ki, bütün ölkələrində tədqiq edilir, bir sıra ölkələrdə isə dahi pedaqoqun həyat və yaradıcılığı, elmi-pedaqoji konsepsiyası tədris olunur. Almaniya, Polşa, Amerika və digər ölkələrdə Yanuş Korçak akademiyaları, elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir.

Kitabın redaktoru Samir Mehdizadə, rəyçi pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Xəlilov, ön sözün müəllifi pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalovdur.
XƏBƏR LENTİ
25-09-2020, 13:56

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.