Sizin Reklam Burada

Qələbənin 75 illiyi - 300-dən artıq siyəzənlinin də payı var

Qələbənin 75 illiyi - 300-dən artıq siyəzənlinin də payı varArtıq faşizm üzərində qələbənin 75-ci ildönümünü qeyd edirik. 9 May Qələbə Günü kimi qeyd etdiyimiz bu tarix milyonlarla insanın ölümünə səbəb olan, dünya siyasətinin dönüm nöqtəsi sayılan, dəhşətlər saçan bir müharibənin tərkib hissəsi olan Böyük Vətən müharibəsinin yekunu olaraq bir çox xalqlar, o cümlədən Azərbaycan xalqı üçün əlamətdar bir gün sayılır.

Tarixdə II Dünya Müharibəsi kimi tanınan müharibə Hitler Almaniyasının 1939-cu il 1 sentyabr tarixində Polşa üzərinə hücumu ilə başlandı. Avropanın mərkəzində, Almaniyada qisasçılıq və militarizm ideyasının yüksək dərəcədə inkişaf etməsi və Hitler "reyx"inin irqçilik, "dəyərsiz xalqlar"ı əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiası müharibənin başlanmasına səbəb oldu.

Artıq Avropada İngiltərədən başqa Almaniyaya müqavimət göstərəcək bir dövlət qalmamışdı. Bu baxımdan Hitler Avropada tam hakim olmaq üçün öz qüvvələrini SSRİ-yə qarşı yönəltdi.

1941-ci ilin iyunun 22-də Almaniyanın SSRİ-yə hücumu ilə Böyük Vətən müharibəsi başlandı.

Müharibənin ilk illərində faşist Almaniyası Sovet ordusunu ciddi məğlubiyyətə uğradır. Almanlar qışa qədər Arxangels-Həştərxan xəttinə çıxmaq ümidində idilər. SSRİ güclü alman ordusunun hücumlarına tab gətirməyib ölkənin içərilərinə doğru sürətlə geri çəkilir. Lakin çox çəkmir ki, sovet xalqı əzmkarlıq və birlik nümayiş etdirərək alman ordusunu Moskva döyüşündə darmadağın edərək geri çəkilməyə məcbur edir.

1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edilir.
Müharibənin sonunda 1945-ci ilin 9 may tarixində alman generalı Vilhelm Kaytel danışıqsız təslim aktını imzalayır və bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatır.

Böyük Vətən müharibəsi illərində alman qoşununa qarşı mübarizədə və qələbənin qazanılmasında Azərbaycan xalqının misilsiz xidməti olmuşdur. Xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunəsi göstərmişdir. Belə ki, qısa müddətdə 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmış, 600 mindən çox azərbaycanlı oğul və qızları ön cəbhəyə yollanmışdı. Təqribən 130 nəfər həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfər "Şöhrət" ordeni ilə təltif edilmişdir. 170 min əsgər və zabit müxtəlif orden və medalla təltif olunmuşdur.

2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Nəzirov, Ziya Bünyadov, Mehdi Hüseynzadə, generallar M. Əbilov, A. Abbasov, T. Əliyarbəyov, ilk qadın gəmi kapitanı Şövkət Səlimova və bir çox başqaları öz şücaəti ilə tarixdə silinməz izlər buraxmışlar.

Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəbhəxanasına çevrilmişdir.

Neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərərək cəbhəni və sənayeni yanacaqla təmin edirdilər. Bütünlükdə Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları vermişdilər. Tam əminliklə söyləmək olar ki, Bakı nefti faşizm üzərində qələbənin əsas amillərindən olmuşdur.

Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnalogiyasının yaradılması müharibənin taleyində mühüm rol oynadı.

Müharibə illərində həmçinin siyəzənlilərin də böyük əməyi olmuşdur. 300-dən artıq siyəzənli ordu tərkibində ön cəbhədə vuruşmuşdur. S. Rzayeva hərbi tibb bacısı kimi xüsusi fəallığı ilə seçilib. Siyəzən neftçiləri və digər zəhmətkeş insanlar da öz gərgin əməkləri ilə ön cəbhəni neft və qida məhsulları ilə təmin etmişlər. Mustafa Əbdülovun sədri olduğu Qara Siyəzən kolxozunun əməyini də xüsusi qeyd etmək olar. Hər il plandan 2 dəfə artıq taxıl təhvil verib.

Bu gün dövlət müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Xüsusilə, vurğulamaq olar ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə veteranların və dünyasını dəyişmiş veteranların həyat yoldaşlarına, arxa cəbhə iştirakçılarına birdəfəlik müavinətlər verilir. Böyük Vətən müharibəsi iştirakçılarının mövcud vəziyyətini nəzərə alan Azərbaycan dövləti onlara hərtərəfli diqqət ayırır. Veteranların yaşa görə pensiyalarına əlavələrin olması, prezident təqaüdü alması, mənzil və avtomobillə təmin edilməsi və digər sosial qayğılarının dövlət hesabına həll olunması diqqət və qayğının göstəricisidir.

Rəşad Rəhmanov
Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatının sədr müavini

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər