Sizin Reklam Burada

Əgər sovet imperiyası olmasaydı…

Əgər sovet imperiyası olmasaydı…Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri,
Dialoq info saytının baş redaktoru


Azərbaycanın 28 illik müstəqillik yaşının olmasına baxmayaraq hələ də qanlı sovet imperiyasının nostaljisi ilə yaşayan insanlarımızın həsrətlə o illəri xatırlamalarının şahidi oluruq. Təəssüf ki, “sovet dövründə belə idi”, “sovet vaxtı belə haqsızlıq yox idi” kimi ifadələrə hələ də rast gəlməkdəyik. Bəzən bu insanlara haqq vermək istəyirsən. Bəzən vətəndaşlarımız dövlət qurumlarında bürokratiya ilə qarşılaşanda, bəzən rüşvət faktoruna görə haqsızlıq baş verdiyində sən də o insanların halına acıyaraq qeyri-ixtiyari sovet dövrü haqqında yanıqlı-yanıqlı danışmasına aldanırsan. Amma Azərbaycan Xalq Cümhuriyyəti haqqında xəbərdar olan, o dövrdə görülmüş işlərdən az miqdarda da olsa məlumatlı olan kəslər bilirlər ki, əgər qanlı sovet imperiyası, onun əli qanlı rəhbərləri olmasaydı biz bu cür çətinliklərlə üzləşməyəcəkdik.

Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti elə bir mütərəqqi və güclü inkişafa nail oldu ki, qanlı imperiya onun izlərini silmək üçün on illərlə çalışdı, bütün gücünü səfərbər etdi, lakin 70 ildən sonra hər şey gün işığına çıxdı və sovet yalanı gün görmüş qar kimi əridi. Amma yalanlar ərisə də vurduğu yaralar hələ də silinməz izlərini saxlamaqdadır.

Xalqın on illərlə yetişdirdiyi ziyalıları bir neçə saat və ya bir neçə gün ərzində məhv edən rus-erməni cəlladları bunu sovet imperiyasını qurmaq adıyla həyata keçirdilər. Şübhəmiz yoxdur ki, əgər həmin şəxslər yaşasaydılar Azərbaycanı nəinki bölgənin, hətta dünyanın aparıcı dövlətinə çevirəcəkdilər. Bolşevik adıyla maskalanan rus-erməni işbirlikçiləri böyük bir nəsil Azərbaycan ziyalısını öldürdü, sürgün etdirdi. Az bir qism qaçıb canını zorla qurtara, digər bir qism isə sovet təhdidləri altında ömrünü başa vura bildi. Bu da öz növbəsində Azərbaycanı dinamik və sürətli inkişafdan saxladı.

AXC qurulanda böyük bir əraziyə malik idi. Qanlı sovet imperiyası Vətənimizi işğal edən kimi torpaqlarımızın böyük bir qismini ermənilərə peşkəş etdi. Əgər belə olmasaydı indi biz nəinki Dağlıq Qarabağ problemi ilə üzləşməyəcəkdik, böyük ehtimalla heç Ermənistan dövləti də olmayacaqdı. Yaxud olsaydı belə ən yaxşı halda bölgədə heç bir nüfuza malik olmayan, təsir gücü olmayan, çox kiçik, hətta deyərdim ki, Azərbaycandan asılı olan bir oyuncaq dövlət olacaqdı. Gürcüstana gəldikdə isə AXC Borçalını mübahisəli ərazi kimi qəbul etdirmişdi. Əgər əli qanlı kommunistlər olmasaydı bəlkə də Borçalı da hazırda Azərbaycan torpaqlarına qatılmışdı. Hər birimizə yaxşı məlumdur ki, Dağıstan hökuməti konfederativ əsaslarda Azərbaycan Xalq Cümhuriyyətinə birləşmək üçün müraciət etmişdi. Əgər qanlı sovet imperiyası olmasaydı bu istiqamətdə də çox ciddi nəticələr olacaqdı. Azərbaycan nəinki Cənubi Qafqazın, hətta bütövlükdə Qafqazın aparıcı dövləti olaraq regionda söz sahibi olacaqdı.

Azərbaycan hökumətinin başçısı Nəsib bəy Yusifbəylinin atasına pul göndərməklə bağlı məktubu çoxlarınıza bəllidir, xəbəri olmayanlara oxumağı tövsiyyə edirəm. İndi siz özünüz deyin belə bir təmiz, namuslu, savadlı, bacarıqlı insanların rəhbərlik etdiyi dövlətdə rüşvət, süründürməçilik, vətəndaşına laqeyd yanaşma, onu incitmək, əzmək ola bilərdimi? Birmənalı şəkildə “yox” demək olar. Məhz əli xalqın qanına batmış kommunistlərin fəaliyyətinin nəticəsində rüşvət, korrupsiya dövlətimizi xərçəng kimi sardı və onun aparıcı qurumlarını iflic vəziyyətə saldı. Bəlkə də bu fikrim birmənalı qarşılanmayacaq amma məhz kommunistlərin faliyyətinin nəticədir ki, rüşvət cəmiyyətimizin, onun insanlarının şüurunda möhkəm yer etdi. Nümunə olaraq Türkiyədəki, İrandakı və başqa yerlərdəki Azərbaycan türklərinə baxın. Onlarla bizim aramızda fərq yerlə göy qədərdir. Demək ki, əgər sovet olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti yaşasaydı biz bu sahədə dünyaya örnək ola biləcək bir dövlət quracaqdıq.
Hərbi sahəyə gəldikdə məkrli kommunistlər, rus-erməni işbirlikçiləri xalqımızı bu işdən demək olar ki uzaq tuturdular. Müstəqilliyi qazandıqdan sonra hərbi sahədə qarşılaşdığımız çətinliklər buna əyani sübut idi. Məqsədyönlü şəkildə aparılan siyasətin nətici idi bu. Əgər qanlı sovet imperiyası olmasaydı AXC hərbi sahədə ciddi nəticələr əldə etmişdi ki, bunu daha da inkişaf etdirərək ölkəmizi bu sahədə də aparıcı mövqeyə çıxaracaqdı.

Demokratiya, insan hüquqları, seçki, mətbuat azadlığı və s. sahədə də AXC-nin fəaliyyəti nümunəvi idi. İndinin özündə belə bizə demokratiya dərsi keçməyə çalışan ölkələr o təcrübəni bildikdə heyrətlərini saxlaya bilmirlər. Qanlı sovet imperiyası olmasaydı bu təsisatlar daha da inkişaf edəcəkdi. Qadınlara belə səs hüququ tanıyan, parlamentində bir neçə partiyanın, hətta ermənilərin belə təmsilçiliyini təmin edən, mətbuat azadlığı sahəsində nümunə ola biləcək sistem quran AXC bu təcrübələri daha da inkişaf etdirəcəkdi.

Elm, təhsil, səhiyyə, sosial məsələlər haqqında da eyni fikirləri yazmaq olar. Məhdud imkanlar çərçivəsində Bakı Dövlət Universitetinin əsasını qoyan, xaricdə təhsil almaq üçün tələbələr göndərən, əhalisinin problemlərinə imkan tapan kimi diqqətlə yanaşan AXC-nin fəaliyyətini ancaq alqışlamaq olar. Əgər qanlı sovet imperiyası olmasaydı təsəvvür etmək mümkündür ki, biz adı çəkilən sahələr üzrə hansı inkişafa nail olacaqdıq?

Ən həssas məsələlərdən sayılan – xarici siyasət, milli şüur, milli kimlik, dövlətin ideoloji əsasları ilə bağlı da Xalq Cümhuriyyətinin başbilənləri yaddaşlardan silinməyəcək işlər gördülər. Özü də bunu çox qısa bir vaxtda, cəmi 23 ay ərzində həyata keçirdilər. Diqqət etmək lazımdır ki, xanlıqlar şəklində Rusiya tərəfindən işğal olunan bir ərazini onlar Azərbaycan Xalq Cümhuriyyəti şəklində, müstəqil bir dövlət olaraq dünyaya tanıda bildilər. Bir cümlədə bunu ifadə etmək çox asandır amma bu cümlənin arxasında ağır və gərgin fəaliyyət dayanır. Milli ideologiyamızın təməl prinsipi saya biləcəyimiz üçrəngli bayrağımız yüksəldildi ki, onun da çox böyük mənası və mahiyyəti var. Türk milli kimliyi, türklük şüuru, islam mənəvi dəyərləri topluma aşılanırdı. Əgər qanlı sovet imperiyası olmasaydı bu sahədə də böyük nəticələr əldə ediləcəkdi.

Bütün bu qeydləri ən müxtəlif sahələr üzrə kifayət qədər uzatmaq olar. Detallara qədər yazılsa şübhə etmirəm ki, ciddi bir kitab da ərsəyə gətirmək olar. Bunların bir çoxusu haqqında görkəmli ziyalılarımızın maraqlı araşdırmaları, kitabları da var. Ona görə də yekunlaşdıraraq demək istərdik ki, qanlı sovet imperiyası bizə çox şeylər verdi və bunu danmaq mümkün deyil. Bəzilərini təkrar sadalamaqda isə fayda var: milli şüurun və milli kimliyin məhv edilməsi, millətin öz adını unutması, öz dəyərlərinə laqeyd yanaşması, qorxaq və zəlil bir toplumun yetişdirilməsi, mənəvi dəyərlərimizin ayaqlar altına salınması, rüşvət anlayışının şüurlara hakim olduğu bir cəmiyyətin formalaşdırılması, torpaqlarımızın işğal edilməsi, təbii sərvətlərimizin talanması, tariximizin təhrif edilməsi, milləti formalaşdıracaq böyük bir nəsil milli ziyalılarımızın amansızcasına məhv edilməsi, millətimizə 1937-də, 1948-də, 1990-cı illərdə faciələr yaşatması.

Əgər sovet imperiyası, onun əli qanlı cəlladları olmasaydı, əgər Azərbaycan Xalq Cümhuriyyəti yaşasaydı biz belə çətinliklərlə qarılaşmazdıq. Ona görə də sovet nostaljisi ilə yaşayan insanlarımız o fikirləri dilə gətirməzdən öncə düşünməlidirlər ki, bu problemlərimizin hamısının əsası sovet vaxtı qoyulub. Sovet nostaljisini bitirib AXC haqqında düşünməyimiz, onların yarımçıq qalan işlərini davam etdirməyimiz, onlara və xalqımıza layiq bir şəkildə dövlətimizi inkişaf etdirməyimiz lazımdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər