Tofiq Qasımov İsveçrənin Lütsern şəhərində dəfn olunub
“Tofiq Qasımov ötən bazar günü – yanvarın 26-da vəfat edibmiş. Ailəsi bu barədə Azərbaycana gec məlumat verib”.
Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O qeyd edib ki, keçmiş xarici işlər naziri Tofiq Qasımov artıq dəfn olunub. O yanvarın 27-də uzun illərdir yaşadığı İsveçrənin Lütsern şəhərində müsəlman qaydası ilə torpağa tapşırılıb:
“Tofiq Qasımovun özünün vəsiyyəti, yoxsa ailəsinin istəyi ilə bu cür addım atılıb – hələlik bu barədə məlumatımız yoxdur. Müsavat Partiyasında Tofiq bəyin anım tədbiri keçirməyi düşünürük. Onun xatirəsinin yad edilməsi üçün addımlar atılacaq. Çünki o, Azərbaycan üçün böyük işlər görmüş siyasətçi, Azərbaycanın sabiq xarici işlər naziri, görkəmli alim idi. Müsavat Partiyasının da üzvü idi. Onun vəfatı bütövlükdə Azərbaycan xalqı üçün böyük itkidir”.
Qeyd edək ki, Milli azadlıq hərəkatının liderlərindən biri, keçmiş xarici işlər naziri Tofiq Qasımovun mühacirətdə vəfat etdiyi barədə məlumatlar bu gün sosial şəbəkələrdə yayılıb.