MÜASİR AZƏRBAYCAN TARİXİNİN NADİR ŞƏXSİYYƏTİ
Bu günlər cümləmin mübtədası da, xəbəri də ümummilli lider Heydər Əliyevdir, bu insan nadir şəxsiyyətdir, əvəzsiz liderdir, əsl reallıq budur, Onun haqqında keçmiş zamanda danışmaq mümkünsüzdür, 60 ilə yaxındır ki, O hər zaman bizimlədir, yanımızdadır, portreti başımızın üstündə, özü ürəyimizdədir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edildikdən 2-3 ay sonra çox istiqamətli fəaliyyətlərin konturları görünməyə başladı.
Azərbaycanı müasir dövrün tələblərinə uyğun idarə etmək, sənayeləşmə aparmaq, kənd təsərrüfatını tələbata uyğun qurmaq üçün kadr qıtlığı hiss edilirdi, ona görə də respublikada fəaliyyət göstərən ali təhsil ocaqlarının maddi texniki bazası gücləndirilməyə başlandı, yeni ixtisaslar açıldı, o ixtisaslara uyğun kadr hazırlığı, dərslik və dərs vəsaiti tələbatı yerinə yetirilməyə başlandı. Lakin Heydər Əliyevi aparılan bu işlər elə də qane etmirdi, bu nöqteyi nəzərdən XX əsrin 70- ci illərinin əvvəllərindən başlayaraq onlarla, daha sonralar yüzlərlə gənclər İttifaq hökumətinin, Moskva, Leninqrad (indi Sankt- Peterburq), Minsk, Kiyev və s şəhərlərin ən yüksək ali məktəblərinə göndərilməyə başlandı. Həmin tələbələrə respublikadan əlavə təqaudlər verilirdi, Heydər Əliyevin şəxsi göstərişi ilə yerli hökumət, təhsillə bağlı nazirlik daim həmin tələbələrlə maraqlanır, onlara mənəvi dəstək verirdilər.
Həmin illərdə Heydər Əliyev özü də ildə bir- iki dəfə Moskvada onlarla görüşürdü, problemlərinin həllinə dəstək verirdi. Adətən bu görüşlərdə Heydər Əliyevlə bərabər SSRİ təhsil naziri də iştirak edirdi. Bu dəyəri sözlə ifadə etmək mümkün deyil, bu görüşlər barədə tələbələr həmişə ürəklə danışırdılar.
Dəyərli oxucular, illər öncə o zaman Moskvada təhsil alan, sonralar İstanbulda yaşayan iş adamının bir xatirəsini oxumuşdum, təəssüf ki, o adamın soyadı və adı yadımdan çıxıb, lakin fikirlərini olduğu kimi Sizlərə çatdıracam. Moskvadakı təhsil illərindən danışan o adam deyirdi ki, Moskvaya işlə bağlı gələn Heydər Əliyev növbəti dəfə biz tələbələrlə görüşdü, çıxış etdi, təhsilimizlə, problemlərimizlə maraqlandı.
Sonda nə sualınız var deyərkən mən mikrofona yaxınlaşdım və dedim ki, respublikadan bizə verilən təqaüd nədənsə bu ay geçikir, dedi narahat olmayın və 3 gün sonra təqaüdümüz artıqlaması ilə gəldi. İllər keçdi, 90- ci illərin əvvəllərində respublikada vəziyyət hər gün pisləşdiyindən ailəmi də götürüb İstanbula köçdüm və iş adamı kimi fəaliyyətə başladım. 1992- ci ilin yaz aylarının birində bizə xəbər gəldi ki, Naxçıvan Məclisini sədri Heydər Əliyev İstanbuldadır və burada azərbaycanlı iş adamları ilə görüşəcəkdir. Əlbəttə, sevinə- sevinə o tədbirə gəldim və çıxış da etdim.
Çıxışa başlayandan 1-2 dəqiqə sonra O məni dayandırdı, dayan görüm, Sən o zaman təqaüdün yubanmasından şikayət etmişdin, o təqaüdü ala bildinizmi? Mən az qaldım yıxılam, halım dəyişdi, çünki o tədbirdən 30 ilə yaxın bir vaxt keçmişdi, hamı təəccüblə bir- birinə baxırdı. Yəni bu qədər güclü bir yaddaş olarmı? Bu bir kiçik epizoddur, Onun dahiliyini təsdiq edən on minlərlə belə epizodlar məlumdur.
Bəli, hörmətli oxucular, Heydər Əliyev xalqımızın yetişdirdiyi ən nadir şəxsiyyətdir, unikal insandır, bənzəri yoxdur…
Allah rəhmət eləsin, hörmətlə anırıq…
Bu günlər cümləmin mübtədası da, xəbəri də ümummilli lider Heydər Əliyevdir!
İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor