“Müvəqqəti Əli”, yaxud 3 Əlidən “Qoçəli”yə
Sovet dövründə partiya nomenkulaturasında və el arasında dəyərdən düşmüş, sürtülmüş, əziz-üzük nəsnələrə, bəzən isə hətta insanlara da xitabən deyilən məşhur bir ifadə vardı: Üçlük. Bu yazıda “üçlüyün” əvvəlinə əlavə edilən sözün xatırladılmasına elə də ciddi ehtiyac duyumuram. Zənnimcə, “üçlük” özündə “əzik-üzük”, “yararsız” və s. bu kimi bütün digər metaforik, gücləndirici sifətləri ifadə edir. SSRİ-nin süqutundan sonra “üçlük” İkinci Qarabağ müharibəsinə, daha dəqiq desəm, Ordumuzun Zəfərinə qədər yaxamızdan əl çəkmədi. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin timsalında 28 il günümüzə, güzaranımıza urcah oldu. Və son nəticədə aydınlaşdı ki, “0” “3”-dən daha dəyərli imiş... “Üçü birə dəyməz” deyirlər e, el arasında... Bu el məsəli də özünü Minsk Qrupunun həmsədrlərinə münasibətdə doğrultdu...
“Üçlüyə”, yaxud “üçlüklərə” olan münasibətimiz dövlət müstəqilliyimizin bərpasından sonra dövriyyəyə buraxılan pul nişanlarında da özünü büruzə verdi. Pul nişanları bir neçə dəfə dəyişsə də, onların arasında “üçlük”lərə yer olmadı. Daha dəqiq desək, “üçlük”lər layiq olduqları yerə göndərildilər və qəpiklərin sırasında dayanaraq, hətta mağazaların marketinq siyasətinin ən bəsit elementinə çevrilmək imkanı da qazana bilmədilər. Yəni ənənəvi “üçlük”lər “3 qəpik” statusunda da bir işə yaramadıqlarını gündəlik həyatımızda təsdiqlədilər.
Amma təəssüf ki, “üçlüklər” pul nişanı kimi tarixin arxivinə göndərilsələr də, hətta xarici siyasətdəki mövqeləri obrazları kimi gerçək dəyərini qazansa da, ölkənin siyasi arenasının şərti olaraq, “radikal” adlandırılan transferə açıq düşərgəsindəki “üçlük”ləri hələ də gözə sıçramağa davam edirlər. Əgər belə demək olarsa, “bizim” radikal düşərgənin köhnədən qalma, sonradan gəlmə və lap sonradan HƏPpənmə, yaxud hoppanma üç ƏLİ-si var.
Sonuncunun gəlişi ilə “üçlüyün” “mənəvi”-siyasi sərhədləri bütün fərqlənmə-qorunma nişanları, komponentləri ilə birlikdə tamamlanıb. Ola bilsin ki, ya vəlvələdən, ya da zəlzələdən üçdən son ikisinin, bəlkə elə üçünün də radikalizmdən geriyə transfer pəncərəsi bizim görmədiyimiz, yaxud görə bilmədiyimiz hansısa məchul bir istiqamətdən hələ xeyli müddət açıq qalacaq. Yəni ÜçƏli-dən BirƏli-nin, yaxud İkiƏli-nin bu düşərgədəki mövcudluğu müvəqqəti xarakter daşıyır. Bu “müvəqqəti” məsələsinə necə gəlib çıxdığımı bilmirəm, amma yadıma uzun illər öncə tanışlarımdan birinin “olmuş əhvalat” kimi nəql elədiyi hadisə düşdü. Yeri gəlmişkən, sizə də nəql eləyim, bəlkə elə doğulduğunuz, yaşadığınız bölgədə buna bənzər hadisələr olub. Deməli, Vətənimizin gözəl guşələrindən birində yerləşən və insanların ləqəblə (ayama) tanındığı kəndə mövsümi işlərə dəstək vermək üçün qonşu kəndin kolxozundan Əli adlı traktorçu göndərilir. Kəndə çatan kimi ondan adının nə olduğunu soruşurlar. Təbii ki, “adım Əlidir” cavabını verir. Amma kəndin “qırx lotuları” deyirlər ki, “bizim kənddə 30-40 Əli var, hərəsinin də öz ayaması. Bu səbəbdən də sənə də bir ləqəb tapmalıyıq”. Əlidən “sənətin, peşən nədir” soruşurlar, o da öz növbəsində “traktorçuyam” deyir. Amma traktorçuluq da işə yaramır, bəlli olur ki, kənddə yaşayan Əlilərdən 5 nəfəri traktorçudur. Kəsəsi, kəndə yeni gələn traktorçu Əli söz-söhbətdən bezib deyir ki, ay camaat, məndən əl çəkin, bu kəndə müvəqqəti gəlmişəm... Elə bu sözləri deyər-deməz, adamın adını “müvəqqəti Əli” qoyurlar...
Hələlik radikal düşərgənin “üçlüyünə” daxil olan əlilərin hansı birinin “müvəqqəti” olduğunu söyləməyə çətiblik çəkirəm, amma şübhə etmirəm ki, zaman keçdikcə üçdən biri quru “yurd”da qalacaq.
...Bu gün ölkənin siyasi arenasında çox şey dəyişib. Təxminən 2-3 il öncə bir-birini kəskin şəkildə ittiham edən, nəinki bir araya, hətta təsadüfən üz-üzə gətirilmələri mümkün olmayan siyasi təşkilatlar ölkənin milli maraqları naminə vahid mövqedən çıxış edir, siyasi dialoq mədəniyyəti sərgiləyirlər. Bununla yanaşı, hələ də soyadları fərqli olsa da, eyni, yaxud “müvəqqəti” eyni təfəkkürün daşıyıcısı olan 3 Əli sosial şəbəkələrdə özgə ifalarının sədaları altında “Qoçəli” oynamağa davam edir. İndi yalnız məkan dəyişib, lokal qarşıdurma yaratmaq üçün istifadə olunan yarıboş “meydan”lardan, çap və onlayn medasından sosial şəbəkələrə transfer olunub. Yalan və böhtanlardan, fantastik vədlərdən yorularaq, öz gerçək həyatlarına qayıdan “tərəfdar”ları isə “troldarlar əvəzləyib. Beləliklə 3 Əli eyni anda 300 Əliyə çevrilir, özlərinin püskürdükləri aqressiyaya, yalan və böhtanlaraa, qarayaxmalara fərqli adlar altında qahmar çıxırlar. Ortalıqda isə, sadəcə 3 Əli var. ÜçƏli...
Vəssalam!
Elçin Mirzəbəyli