Sizin Reklam Burada

Azay Quliyev: “ATƏT institutları post-münaqişə mərhələsinin çağırışlarına adekvat reaksiya verməlidir”

Azay Quliyev: “ATƏT institutları post-münaqişə mərhələsinin çağırışlarına adekvat reaksiya verməlidir”İyulun 2-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) illik sessiyası çərçivəsində qurumun Siyasi məsələlər və təhlükəsizlik məsələləri üzrə ümumi komitəsinin onlayn iclası baş tutub. İclasda beynəlxalq siyasi gündəmin aktual məsələləri, eləcə də komitənin məruzəçisi Laurinas Kaşyunasın (Litva) hesabatı müzakirə edilib.

Avrasiya.net-in məlumatına görə, iclasda iştirak edən qurumun vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev hesabatla bağlı çıxış edib. Azay Quliyev sənəd layihəsinin “ATƏT məkanında uzanan münaqişələr” adlı bəndində yer almış “Dağlıq Qarabağ” alt bəndinin “Ermənistanla Azərbaycan arasında münaqişədən sonrakı vəziyyət” başlıqlı alt bəndi ilə əvəzlənməsini təklif edib. O, bu təklifi onunla əsaslandırdı ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanması “Dağlıq Qarabağ münaqişəsi”nə son qoyub və ona uzanan münaqişə kimi istinad etmək doğru olmayacaq:

“Sözügedən Bəyanat Ermənistanla Azərbaycan arasında təxminən 30 illik silahlı qarşıdurmaya son qoydu və atəşkəs razılaşmasından daha çox regionda yeni imkanlar açdı, o cümlədən hər iki dövlətin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmətə əsaslanaraq münasibətlərin normallaşması üçün perspektivlər yaratdı.”

ATƏT-in Minsk Qrupunun fəaliyyətinə toxunan Azay Quliyev vurğuladı ki, Qrupun həmsədrlik institutunun bir qurum olaraq münaqişənin həllində heç nəyə nail olmamasına baxmayaraq, bu təşkilat Ermənistanın təbliğ etdiyi köhnəlmiş münaqişə hekayələrinə əl atmaq əvəzinə noyabr razılaşmasının həyata keçirilməsi, Ermənistanla Azərbaycan arasında dinc qonşuluq əlaqələrinin qurulması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, bölgədə kommunikasiyaların açılması, münaqişənin təsirinə məruz qalmış bütün ərazilərin yenidən qurulması, minaların zərərsizləşdirilməsi, iki ölkə arasında yekun siyasi həllin əldə olunması məqsədilə sülh razılaşmasının imzalanması üçün Ermənistanla Azərbaycan arasında danışıqların aparılması ilə bağlı məsələlərin həllində rol oynaya bilər.

Daha sonra Azay Quliyev hərbi əsirlərlə bağlı bir sıra məsələlərə toxunaraq bildirdi ki, 1949-cu il Cenevrə Konvensiyalarına görə Azərbaycan bütün hərbi əsir və məhbusları Ermənistana qaytarmışdır:

“Müharibə bitdikdən sonra, yəni 26 noyabr 2020-ci ildə ərazilərimizə qanunsuz şəkildə daxil olan Ermənistanın təxribat qrupunun üzvlərinə gəldikdə isə nəzərinizə bir daha çatdırım ki, onların törətdiyi terror aktı nəticəsində 4 Azərbaycan hərbçisi öldürülmüş, bir mülki şəxs yaralanmışdır. Bu səbəbdən də onları hərbi əsir saymaq olmaz. Hal-hazırda bu şəxslər törətdikləri cinayətlərə görə mühakimə olunur.

Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) də Ermənistanın həbsdə olan erməni vətəndaşlarının hərbi əsir statusu altında dərhal sərbəst buraxılması tələbini rədd etdi.

Təəssüf ki, Ermənistan bununla da kifayətlənməyərək Azərbaycanın işğaldan azad edilmiş Kəlbəcər rayonunun yollarında minalar yerləşdirmək üçün buraya 27 may 2021-ci ildə daha bir təxribat qrupu göndərib. Cavab tədbirləri nəticəsində bu qrupun 6 üzvü saxlanılıb. Lakin 4 iyun tarixində adını çəkdiyim bölgədəki yolda minanın partlaması nəticəsində iki jurnalist daxil olmaqla üç mülki şəxs həlak oldu və dörd nəfər yaralandı.”

Azay Quliyev iclas iştirakçılarının nəzərinə çatdırdı ki, müharibə bitdikdən sonra 144-dən çox azərbaycanlı işğaldan azad olunmuş ərazilərdə Ermənistanın yerləşdirdiyi minaların qurbanına çevrilib və onlardan 27 nəfər həyatını itirib:

“Beynəlxalq ictimaiyyətin tələblərinə baxmayaraq, Ermənistan hələ də beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq və ölkəmizə qarşı müharibə cinayəti törədərək minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina edir.”

Azay Quliyev vurğuladı ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində azad edilmiş ərazilərdə üçtərəfli bəyanata uyğun qaydada sərhəd mühafizə sisteminin qurulmasında qətiyyətlidir. Sərhədlərin demarkasiyası və delimitasiyası ikitərəfli məsələdir və Ermənistanın üçüncü tərəfi cəlb etmək cəhdləri qəbuledilməzdir. Bu məsələ müstəsna olaraq iki ölkənin sərhəd orqanları arasında qurulmuş əlaqə kanalları vasitəsilə həll olunmalıdır. Bu məqsədlə Azərbaycan Ermənistana beynəlxalq təcrübəyə əsasən ikitərəfli müzakirələrə başlamaq üçün ortaq bir komissiya yaratmağı təklif edib.

Çıxışının yekununda Azay Quliyev səsləndirdiyi təkliflərin hesabatın yekun variantında əksini tapacağına ümidvar olduğunu qeyd etdi və əlavə etdi ki, ATƏT institutları post-münaqişə mərhələsəinin çağırışlarına adekvat reaksiya verməlidir.

Xatıladaq ki, ATƏT PA-nın illik sessiyası iyunun 30-da işə başlayıb.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Assambleyanın daimi komitəsinin və plenar sessiyasının işində iştirak etmək üçün iyulun 3-də Vyana şəhərinə səfər edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər