Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi
2026-cı ilin fevralında Urmiya gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 62-68 santimetr artıb. Bu da hidroloji vəziyyətin nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını göstərir.
Avrasiya.net Report-a istinadla xəbər verir ki, bu barədə regional səlahiyyətlilər bildiriblər.
Səviyyənin yüksəlməsi ilə yanaşı, su səthinin sahəsi də əhəmiyyətli dərəcədə artıb – ötən il təxminən 481 kv. km-dən hazırda 870-900 kv. km-ə qədər.
Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlər Elmi-Tədris Mərkəzinin rəhbəri Əhməd Baybördinin sözlərinə görə, müsbət dinamika çoxillik normanı 70-115% üstələyən yağıntıların miqdarı, həmçinin çaylardan saniyədə su axınının təxminən 22 kubmetrə çatan artımı ilə bağlıdır.
O vurğulayıb ki, əlverişli iqlim şəraitinə baxmayaraq, hazırkı su səviyyəsi uzunmüddətli orta göstəricidən təxminən dörd metr aşağı qalır. Bu da hələ ki gölün struktur baxımından bərpasından danışmağa imkan vermir.
