Sizin Reklam Burada

İranda Novruz bayramı

İranda Novruz bayramıHər bir millətin mədəniyyətində onun tarixindən və mədəniyyətindən qaynaqlanan günlər vardır. Bu günlər o xalqın milli kimliyinin göstəricisidir. Hicri şəmsi ilinin ilk günü olan Novruz (yeni gün) bu günlərdən biridir. Novruz İran tarix və mədəniyyətindən qaynaqlanan bir gündür. İran özünün yeni ilini məhz Fərvərdin ayının biri yəni Novruz bayramında başlayır. İran İslam Respublikasının rəsmi təqvimi məhz bu tarixdən başlayır və başqa dövlətlərlə olan əlaqələr bu təqvimə əsasən nizamlanır.

Bir çox əfsanəvi dastanlar və rəvayətlər Novruzu qədim Pişdadi dövrünə, yəni Pişdadi şahı Cəmşidin zamanına aid edirlər. İranın tanınmış şairi Firdovsi Şahnamədə Novruzu Cəmşidin ölkə işlərini asudə olaraq ölkə və qoşun başçılarnı öz ətrafına toplayıb bayram keçirdiyi gün bilmişdir. Bu Fərvərdinin əvvəlinci günü yəni novruz idi.

Üç min ildən çox tarixi olduğu deyilən Novruz bayramı qədim zamanlardan iranlıların mühüm bayramlarından olmuşdur. Elə buna görə də bugünə qədər tarixin eniş yoxuşlarından keçərək özünün yüksək məqamını xalqın umumi mədəniyyətində hifz edə bilmişdir. Novruz bayramı İranda, Azərbaycanda, Orta Asiya Respublikalarında və bir çox müsəlman ölkələrində qeyd olunur. Novruzun yaranmasına tanınmış şair və alimlərdən olan Firdovsi, Rudaki, İbn Sina, Nizami Gəncəvi , Sədi, Hafiz və başqaları da öz əsərlərində işarə etmişlər. Novruzun gəlişi klassik şərq poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

İranda Novruz adətləri

Ev təmizləmək

“Ev təmizləmək” sözü İranda daha çox novruzun gəlməsi münasibətilə yumaq, təmizləmək, yeni əşya almaq, xalça və paltarları təmir etmək mənasında işlədilir. Ev təmizləmək İranda novruzdan bir ay əvvəl başlayır və novruzu qarşılamaq ayinlərindən hesab olunur. Ev təmizləmədə bütün ev əşyaları yeri dəyişdirilib, təmizlənir, təmir olunub və dübarə öz yerinə qoyulur.

Səməni cücərtmək

“Səməni cücərtmək” qədim zamanlardan ailələrdə adət olmuşdur. Qədim İranda novruzdan iyirmi beş gün əvvəl şəhər meydanında çiy palçıqdan on iki sütun düzəldilirdi və hər bir sütunda buğda, arpa, düyü, lobya, noxud, küncüd və mərci əkirdilər. Fərvərdin ayının altısı isə bunları qoparıb hər yana səpirdilər.

Bu gün bütün ailələrdə adətdir ki, novruzdan on və ya bir həftə qabaq boşqab və kuzələrdə buğda, mərci, lobya və s...əkirlər və il təhvil olan zaman onları “həft sin” süfrəsinə qoyurlar. Bu yaşıllıqları Fərvərdinin on üçü “sizdəh be dər” üçün çölə getdikdə özləri ilə aparıb axar suya atırlar.

Həftsin süfrəsi

Həftsin (yeddi s) süfrəsini tənzim etmək qədim adət inanclardan biridir ki, il təhvil olan zaman bütün ailə üzvləri həftsin süfrəsi ətrafında toplaşırlar. Ağ həftsin süfrəsində sin hərfilə başlayan cücərən yeddi qida maddəsi olur ki, bitki və əkinçilik məhsullarının bolluğuna nişanədir. Alma, səməni, sencid (iydə), sumaq, sarımsaq, sirkə, səmənu və həmçinin Qurani Kərim , güzgü, sam, bir qab süd, bir qab suda narınc, boyanmış yumurta, qırmızı balıq, çörək, gülab, gül, sünbül və sikkə İran həftsin süfrəsini təşkil edən ünsürlərdirlər. Bu süfrələr bir çox ailələrdə fərvərdinin on üçünə qədər açıq olur.

İl təhvili

Novruz bayramında il təhvil olan zaman hamı süfrə başında oturaraq bu duanı oxuyur:
Ya muqəllibəl-qulubi vəl-əbsar Ya mudəbbirəl-ləyli vən-nəhar Ya muhəvviləl-həvli vəl-əhval, həvvil haləna ila əhsənil-hal

Tərcüməsi: ”Ey qəlblərin dəyişməsini və gözlərin hərəkətini idarə edən Allah! Ey gecəni gündüzlə ard-arda əvəzləyən Allah! Ey vaxtları və əhvalları dəyişdirən Allah! Bizim halımızı yaxşılığa doğru dəyiş!“.
Müqəddəs Məşhəd və Qum şəhərlərində olanlar ziyarətgahda olmağa üstünlük verirlər.

Təzə paltar geyinmək

Novruz adətlərindən olan təzə paltar geyinmək geniş yayılmış adətlərdəndir. Yeni il təhvili üçün təzə paltar almaq varlı və kasıbı özünə məşğul edir. Ənənəvi keçmiş cəmiyyətdə kasıblara, işçilərə xüsusilə də uşaqlara yeni paltar almaq vacib bir adət həddində olmuşdur. İranlı padşah və əmirlərin novruz bayramında xidmətçi və işçilərə təzə paltar geyindirməsi və xələt verməsi də adətlərdən olmuşdur. Şair və tarixçilər novruz xələt və hədiyyələrindən çoxlu yad etmişlər. Bu gün İran İslam Respublikası və onun xalqı ilahi nizam bərəkəti və qədim və zəngin mədəniyyət və sivilizasiyaya malik olmaqla novruz astanasında xeyrxahanə və sadiqanə köməkləri mərkəzləşdirilmiş sistem şəklində yığaraq cəmiyyətin ehtiyaclıları arasında yeni il başlamamış paylayırlar.

Novruz yeməkləri

Yeməklər xüsusi məhsul və iqlim şəraitini nəzərə almaqla hər məntəqənin ən yaxşı və az tapılan yeməklərindən olaraq novruz günlərində istifadə olunur. İctimaiyyətin bütün təbəqələri varlılar və kasıblarda yaxşı yemək əldə etmək üçün əliaçıqlıq edirlər.
Bu gün İranın bir çox məntəqələrində balıqlı səbzi plov və riştə plov kimi yeməkləri novruzda bişirmək adətdir. Plov İran xalqının ümumi mədəniyyətində əsas yemək sayılır.

Novruz bayramlaşması

Novruz ayinlərindən biridə "Bayram görüşləri" – dir. İranda novruz günü ilk olaraq nəsil yaşlılarının sonra ictimai və elmi şəxslərin görüşünə getmək adətdir. Bir çox bayram görüşlərində isə bütün ailə üzvləri iştirak edirlər. Novruzdakı bayram görüşləri Fərvərdinin birindən on üçünə qədər davam edir. Bundan əlavə iranlılar novruz tətillərində tarixi şəhərlər, turist və istirahət mərkəzləri, xoş abu - havalı yerlər, şəxsi villalar, Xəzər sahilində şəhərlər və həmçinin qonşu ölkələrə və dünyanın müxtəlif məntəqələrinə səfər etməyi xoşlayırlar.

İlk novruz

Novruz bayramlaşmalarında adət belədir ki, əvvəl dünyadan köçənlərinin "ilk novruzu" olanların evinə gedilsin. Matəmli ailələr adətən məsciddə keçirilən üç, yeddi, qırx mərasimindən əlavə novruzun il gününü ölümündən on bir ay belə keçməsinə baxmayaraq evdə otururlar. Bu gün qohum ailələr qara matəm paltarını əyinlərindən soyunurlar. Simvolik xarakterli olan bu "ilk novruz" məclisi də bayram görüşlərinə aiddir. Belə ki, bu gündə görüşənlər məclis sahibinə başsağlığı vermirlər əksinə onlara şadlıq arzu edirlər ki, yeni ilin başlanğıcından bəd fal açmasınlar.

Novruz hədiyyəsi

Novruz münasibətilə hədiyyə və bayramlıq vermək qədim adətlərdəndir. Tarix kitabları islamdan qabaq və sonrakı dövrlərdə rəiyyətin şahlara və hakimlərə , hakimlərin vəzirlərə , mirzələrə, xidmətçi və şairlərə və ailə başçısının kiçiklərə xüsusilə də uşaqlara olan hədiyyələrindən xəbər verir.

Bu gün ailədə cavanlara və uşaqlara bayramlıq vermək, imkansızlara , iş yerində olan xidmətçilərə, süpürgəçilərə və poçtalyonlara bayramlıq vermək bir növ onların zəhmətlərinin əvəzi və xidmət gözləmək intizarıdır. Bu günkü bayramlıqlar daha çox yeni əskinas və nəğd formada olur ki, adətən ailələrdə Quran səhifələri arasına qoyularaq sonra hədiyyə verilir ki, yeni ildə yeni ildə bərəkətli və ruzili olsun.

Sizdəh bedər

İranda Fərvərdin ayının on üçüncü gününü sizdəh bedər deyilir və bu gün təbiət günü adlandırılmışdır. Bu gün novruz şənliklərinin sonuncu günü sayılır və bu gündə bütün İran camaatı ailələr ilə təbiətin qoynuna, dağ ətəklərinə və çöllərə gedərək o günü səhərdən gün batana qədər orda keçirirlər.

Axır Çərşənbə

Axır çərşənbədə müxtəlif quru meyvələrdən o cümlədən badam, xurma, iydə, əncir, kişmiş və şirniyyatlardan ibarət “Acil” hazırlanır. Rəngarəng şamlar yandırmaqla bütün ailə bir yerə toplaşır quru meyvə və şirnilərdən yeyə yeyə babaların nənələrin nağıllarına qulaq asırlar. Şam yandırılması işıqlıq və aydınlıq rəmzi sayılır. Şamlar bütün otaqlarda hətta mətbəx və hamamda belə yandırılır. Yəni evin hər bir guşəsinə işıq saçmalıdır.

Böyk Şəhriyar “Heydər babaya salam” mənzum əsərində Novruz bayramının nəcib və şahanə gözəlliyini və adətlərini incə bir zövq ilə qələmə almışdır:

Bayram idi gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.

2010 cu il fevral ayının sonunda BMT-də qəbul edilən qətnaməyə əsasən Novruz bayramı "Beynəlxalq Novruz günü və dünyada sülh mədəniyyəti günü" kimi qeyd olunacaq. Qətnamənin mətni İran İslam Respublikası ,Azərbaycan, Əfqanıstan, Tacikistan, Türkiyə, Türkmənistan, Qazaxıstan və Qırğızıstanın BMT-dəki daimi nümayəndəlikləri tərəfindən müştərək şəkildə hazırlanmışdır. Hindistan, Albaniya və Makedoniya da səsvermədən əvvəl təşəbbüsçü ölkələrin sırasına daxil olmuşlar. Təklif verən ölkələrin nəzərinə görə beynəlxalq Novruz günü və dünyada sülh mədəniyyəti günü qətnaməsinin qəbul edilməsi BMT nin əsas yaranma səbəblərindən biri yəni dünya sülhünün müxtəlif ölkələrin mədəniyyətlərinin qorunması vasitəsilə qüvvətlənməsi , milli mədəniyyətlərə ehtiram, dünya mədəniyyət mirası və mədəniyyət müxtəlifliyidir.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzi Sizləri Novruz Bayramı münasibəti ilə təbrik edir.

Ali Pourmarjan

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər