Qonşulardakı seçkilər bizə nələr VƏD EDİR?..

Qonşulardakı seçkilər bizə nələr VƏD EDİR?..Qonşularımızda seçki kampaniyasının qızğın çağıdır. Gələn həftə, 18 iyunda İranda prezident, 20 iyunda isə Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu seçkilərin nəticələrinin bizə hansı təsirləri ola bilər?

Əvvəlcə İranda keçiriləcək prezidənt seçkilərindən başlayaq.

İran təkcə bölgənin deyil, həm də dünyanın böyük dövlətlərindəndir. İranın 1 milyon 645 min kvadrat kilometr ərazisi var. Müqayisə üçün xatırladaq ki, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Portuqaliya beşi bir yerdə İran qədər əraziyə malik deyil. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd xəttinin uzunluğu 765 km-dir və İranda milyonlarla soydaşımız yaşayır.

İranda keçirilicək prezident seçkiləri kampaniyasına yüzlərlə iddiaçı qatılmaq istəsə də, Ayətullah Əhməd Cənnətinin başçılıq etdiyi “Şura-ye Negehban-e Qanun-e Əsasi - شورای نگهبان قانون اساسی – Konstitusiyaya Nəzarət Şurası” bu qədər iddiaçı arasından sadəcə 7 nəfərin seçkilərdə iştirakına icazə verdi. Yeri gəlmişkən, onların arasında milli mənsubiyyətinə görə türk olanlar da var. Ölkə Konstitusiyasının 115-ci maddəsinə görə, İran əsilli, rəsmi dini məzhəbə mənsub, sağlam imanı, inzibati bacarığı, yaxşı təcrübəsi olan İran vətəndaşlarının prezident seçilmə hüququ var. Prezidentlyə namizədin 40-75 yaşarasında olması lazımdır. Ölkə prezidenti dörd illik müddətə seçilir və seçicilərin 50% + 1 səsini qazanan şəxs seçkinin qalibi sayılır. Bu nəticə əldə edilmədiyi təqdirdə, bir həftə sonra ilk iki yeri tutan iddiaçı üçün təkrar seçki keçirilir və sadə səs çoxluğu qazanan şəxs prezident elan edilir. İranda prezidentin səlahiyyətləri məhduddur və o, dövlət başçısı hesab edilmir. İranda prezident daha çox təsərrüfatın planlaşdırılması, büdcənin tənzimlənməsi, beynəlxalq saziş və müqavilələrin imzalanması, xarici diplomatik korpus rəhbərlərinin etimadnamələrinin qəbulu işlərini və s. funksiyaları həyata keçirir. Bütün fəaliyyətində Ali Dini Rəhbərin göstərişlərini, təqdirini, rəyini nəzərə alaraq gerçəkləşdirən prezident icraedici strukturun başçısı olaraq fəaliyyət göstərir. Ali Dini Rəhbər öz funksiyasını düzgün şəkildə icra etməyən prezidenti vəzifədən uzaqlaşdıra bilər.

İran Konstitusiyasının 114-cü maddəsinə görə, iki müddət, yəni 8 il fasiləsiz olaraq prezident işləmiş şəxs üçüncü müddətə seçkilərə buraxılmır. Prezident seçilmiş şəxs dövlət rəsmilərinin hüzurunda İran Konstitusiyasının 121-ci maddəsində təsbit edilmiş şəkildə təntənəli and içdikdən sonra səlahiyyətlərinin icrasına başlayır. İran prezidenti anayasanın ona verdiyi səlahiyyətlərin yerinə yetirilməsində xalq, Ali Dini Lider və Konstitusiyaya Nəzarət Şurası qarşısında məsuliyyət daşıyır.

İran İslam Respublikasında 13-cü dəfə keçiriləcək prezident seçkilərinə 59 milyondan çox seçicinin qatılacağı gözlənilir. Xatırladaq ki, İranın əhalisinin ümumi sayı 83 milyondan çoxdur. Siyasi kluarlarda 7 iddiaçı arasında İbrahim Rəisinin ( rəsmi adı Seyyid Ebrahim Rəisu’l Sadati - سید ابراهیم رئیس‌الساداتی ) seçkiləri qazanmaq üçün daha çox imkanı olduğu söylənilir. İbrahim Rəisi siyasi baxışlarına görə, İranda “osulgərayan” - اصول ‌گرایان‎ - mühafizəkar, fundamentalist” hesab edilən zümrədəndir. Namizədlərin ilk teledebatında İbrahim Rəisinin rəqibləri onun ali təhsili olmadığını iddia edirdilər.

İran Ali Məhkəməsinin Sədri olan İbrahim Rəisi Şəhid Mutəhəri Universitetindən ( دانشگاه شهید مطهری ) məzun olduğunu söyləsə də, rəqiblərini inandıra bilməmişdi. Teledebatda islahatçı kimliyi ilə tanınan, Təbriz və Tilburq universitetlərinin məzunu, milliyyətcə türk olan, öncə Xorasanın, indi isə İsfahanın valisi Mohsen Mehralızadə - محسن مهرعلیزاده - özünün prezidentliyə layiqli namizəd olduğunu və qələbə əzmini nümayiş etdirmiş, Təbriz başda olmaqla Azərbaycanın digər şəhərlərində yaşayanların “azəri” deyil, özbəöz türk olduqlarını söyləyərək, siyasi rəqibi İbrahim Rəisiyə irad tutmuşdur.
Yeri gəlmişkən, o, prezident Seyyid Məhəmməd Xatəminin zamanında ( 1997- 2005 ) idman məsələləri üzrə vitse-prezident olmuşdu. Seçkidə əsas mübarizənin bu iki şəxs arasında keçəcəyi güman olunur.

Lakin bir gerçəkliyi unutmaq olmaz. İran İslam Respublikasında əsas söz sahibi Ali Dini Rəhbər vəzifəsini tutan şəxsdir, yəni Ayətullah Seyyid Əli Hüseyni Xameneidir (سید علی حسینی خامنه ای ). Dövlətin bütün strukturları ona tabedir və ona hesabat verirlər.

İndiki prezident Həsən Ruhani ilə bağlı ötən illərdəki bir hadisəni qısaca yada salaq. 2018-ci ilin ( İran büdcə təqviminə görə, 1397-ci ilin ) büdcə layihəsinin müzakirəsində enerji daşıyıcılarının və yanacağın qiymətinin 50 faiz artırılacağı məsələsi gündəmə gətiriləndə narazı qüvvələr küçələrə çıxmışdılar. İran prezidenti ağa-ye Ruhani 2015-ci ildə dünya dövlət rəhbərləri ilə səmərəli görüşlər keçirib onları inandırmışdı ki, İran öz hərbi nüvə proqramının gerçəkləşdirilməsini dayandırmışdır. Bunun nəticəsində İrana tətbiq olunan bəzi sanksiyalar ləğv edilmiş, İranın bəynəlxalq aləmdən təcridinə son qoyulmuşdu. Qeyd edək ki, əhali ağa-ye Ruhaninin bu fəaliyyətini o zaman rəğbətlə qarşılamış və 2017-ci ilin may ayında keçirilən prezident seçkilərinin ilk turunda ona 2013-cü ildəkindən daha çox səs (təqribən 5 milyon daha çox) verərək, ikinci dəfə prezident seçmişdi. Təbii olaraq, xalq səs verib seçdiyi başçıdan vədlərin yerinə yetirilməsini gözləyirdi. Vədlərin gerçəkləməməsi, açıq-aşkar surətdə, ağa-ye Ruhanini fakt qarşısında qoydu. İranın nüfuzlu mətbuat orqanı sayılan “Keyhan”ın ( كیهان ) 08. 01. 2018- ci il tarixli sayında Prezident H.Ruhani da daxil olmaqla, əlaqədar təşkilatların rəhbərlərinin fəaliyyətləri o zaman ciddi tənqid olunmuşdu. Büdcənin hara xərclənməsi barədə yetkililərdən hesab soruşulurdu: «هر که از جیب مردم پول می‌گیرد باید به مردم بگوید کجا و چگونه خرج شده است؟» ( Xalqın cibindən pul götürənlər xalqa onun haraya və necə xərclənilməsini söyləməlidirlər- كیهان، دی، ١٣٩٦،١٨ ).

Hərbi nüvə proqramının dayandırılması xalqa gözlənilən rifahı gətirmir, əsas ərzaq məhsullarının qiymətləri bahalaşır, infilyasiya faizi artır. Məsələn, hal-hazırda bir amerikan dolları, təqribən, 42 riala bərabərdir (bizim 1 manatımız, təxminən, 24,74 İran rialı edir). Mövcud iqtisadi durum ağa-ye Ruhaninin siyasi nüfuzunu ciddi zədələyib. Dünya güclərinin tətbiq etdiyi uzunmüddətli sankiyalardan özünə gəlməyə macal tapmayan İranda baş vermiş təbii fəlakətlər ( zəlzələ, quraqlıq ) də ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Bir tərəfdən də ölkəni kataklizmalara sürükləməkdə marağı olanlar da sakit dayanmırlar. Xüsusən, ölkə xaricində yaşayan, bəlli səbəblər üzündən rejimdən incik düşmüş mühacirlər arasında ciddi təşkilatlanmalar gedir. Onlar öz soydaşlarını seçkiləri boykota səsləyirlər. Belə bir vəziyyətdə yeni seçiləcək prezidentin üzərinə, həqiqətən də, çox ciddi vəzifələr düşür. Lakin yenə də xatırladaq ki, İranda prezident icraədici vəzifədir.

İrandakı bu sistem müəyyən mənada keçmiş SSRİ- dəki siyasi statusu xatırladır. SSRİ Konstitusiyasının 6-cı maddəsi Kommunist Partiyasına çox böyük səlahiyyətlər vermişdi: “Руководящей и направляющей силой советского общества, ядром его политической системы, государственных и общественных организаций является Коммунистическая партия Советского Союза – Sovet cəmiyyətinin idarəedici və yönləndirici qüvvəsini, onun siyasi sisteminin, dövlət və ictimai qurumlarının özəyini Sovet İttifaqı Kommunist partiyası təşkil edir”.

Sovet dövlətində əsas söz sahibi Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi idi. Bütün təsərrüfat, qurum, güc strukturları və nəzarət sistəmi Baş katibin ( respublikalarda isə birinci katiblərin ) tabeliyində idi. Nazirlər Sovetinin sədri postunu tutan hökumət, Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsini tutan şəxs isə formal olaraq dövlət başçısı sayılsa da, onların səlahiyyətləri məhdud idi. Məhz buna görə də, 1977-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin Sədri N.V. Podqornı (sərxoşluqdan siyasi sayıqlığını itirərək Polşada “mən prezidentəm” dediyi üçün ) Sov. İKP MK-nın Baş katibi L.Brejnevin qəzəbinə tuş gələrək, urvatsız bir halda dərhal “öz xahişi ilə” istefaya göndərilmiş, bircə anda SSRİ-nin siyasi arenasından yoxa çıxmışdı.

Yaşı qırxdan yuxarı olanlar yaxşı bilirlər, SSRİ vaxtı hər yerə arşın-arşın hərflərlə “Партия - ум, честь и совесть нашей эпохи!- Partiya dövrümüzün ağlı, şərəfi və vicdanıdır!” yazırdılar, ixtisasından asılı olmayaraq bütün ali məktəblərdə partiya tarixi məcburi fənn olaraq keçilir, istisnasız olaraq bütün elmi işlərin beş-altı yerində məcburi qaydada V.İ. Lenindən, partiyanın Baş katibinin oxuduğu məruzədən sitatlar gətirilir, məktəblərdə L.İ. Brejnevin adından uydurulmuş “Kiçik torpaq” və “Xam torpaq” əsərləri tədris olunur, hətta aşıqlar da bütün qələbələrimizin təşkilatçısı kimi Sov.İKP-nin fəaliyyətindən vəcdə gəlib “A gülüm, a gülüm, partiyamız” deyə zəngulə vururdular.

İrandakı prezident seçkilərində kimin qazanacağından asılı olmayaraq siyasi kursun dəyişməyəcəyi gün kimi aydındır. İran Cənubi Qafqazda 3+3 prinsipinin gerçəkləşməsinə nail olmaq istəyir. Rəsmi İran hesab edir ki, Qafqazdakı dövlətlərin hamısı ilə normal münasibəti olan yeganə dövlət olduğu üçün (Türkiyə ilə Ermənistanın sərhədləri bağlıdır, Gürcüstanla Rusiya bir-biri ilə düşməndir, Azərbaycan ilə Ermənistanın arasında diplomatik münasibət yoxdur) mütləq onun da rəyi və manafeyi nəzərə alınmalıdır. Azərbaycan ilə İsrail münasibətlərinin inkişafından İran bərk narahatdır. Ona elə gəlir ki, İsrail Azərbaycan ərazilərindən istifadə etməklə İrana zərbə vurmaq istəyir.

Azərbycan tərəfi də İranın Ermənistanla olan isti münasibətlərindən narazıdır. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, ermənilərin Azərbaycan vətəndaşlarına qarşı törətdikləri soyqırım əməliyyatlarına, şəhər və kəndlərin xarabazarlığa çevrilməsinə, tarixi abidələrə, məscidlərə və məzarlıqlara qarşı vandalizm hərəkətlərinə rəsmi Təhranın etinasız qalması Azərbaycan vətəndaşlarını haqlı olaraq dərindən düşündürür: Bu necə müsəlmanlıqdır?

Rusiya qısqanclıqla Qafqaz bölgəsinə kiminsə müdaxilə etməsinə əsla razı deyil. Cənab V. Putin buranı özünün qanuni nüfuz dairəsi olduğunu düşünür və apardığı siyasətin də istiqaməti ağ köynəyə vurulan qara yamaq kimi çox bariz şəkildə görünür. Rusiya müxtəlif bəhanələr, əngəllər və təzyiqlər vasitəsilə NATO müttəfiqi Türkiyənin Cənubi Qafqaza nüfuzuna mane olmaqda israrlıdır. Bu məqsədlə o özünün bütün imkanlarını, ehtiyatda saxladıqlarını ( saxla samanı, gələr zamanı ) səfərbərliyə alır.

Məsələn, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan (1998-2008 ) belə kadrlardandır. Havadarlarının təlimatı və ciddi maddi dəstəyi ilə 1988-ci ildə Qarabağı Azərbaycandan ayırmağa yönəlik “Krunk” ( “Durna”) və “Miatsum” (“Birləşmə”) hərəkatını başladan, 1992-ci ildən özünü Qarabağın Müdafiə Komitəsinin sədri və 1994-cü ildən baş naziri elan edən, 1997-ci ilin martından Ermənistanın baş naziri, 1998-ci ilin fevralından Ermənistanın prezidenti vəzifəsini icra edən, “Daşnaksütun” partiyasının siyasi fəaliyyətini leqallaşdıran Robert Koçaryan yenə də böyük siyasətə qayıtmaq üzrədir. Bu zatın Kremlin dediyi ilə oturub- durması hamıya bəllidir. Siyasi mövcudiyyətinə görə, Rusiyaya borclu olan Ermənistan və onun vətəndaşlarının böyük əksəriyyəti anlayır ki, Rusiya onlar üçün nə deməkdir. Üzünü Avropaya tutmuş və dolayısıyla, Rusiyadan qurtulmağa çalışan Nikol Paşinyanın siyasi nüfuzunu yox etməyə və onun başçılıq etdiyi “Vətəndaş sazişi” blokunun məğlubiyyətinə çalışan erməni zənginləri bütün vasitələrlə R. Koçaryanın başçılıq etdiyi “Hayastan” blokuna yarınmağa cəhd göstərirlər. Təsadüfi deyil ki, İrəvanda və digər şəhərlərdə yerli burjuaziya (varlı şəhərlilər) Koçaryanı, kənd və rayondakı kasıblar isə Paşinyanı dəstəkləyirlər.

20 iyun seçkiləri üçün əsas məqsəd ya Koçaryanın qələbəsinə nail olmaq, ya da Paşinyanın partiyasına təkbaşına hökumət təşkil etməyə imkan verməmək, onu koalisyon hökumət yaratmağa məcbur etməkdir. Belə olan təqdirdə N. Paşinyanı siyasi cəhətdən Rusiyaya yönləndirmək çox asandır.

Rusiya, birmənalı şəkildə, xoşluqla Cənubi Qafqazdan çəkilmək niyyətində deyil. Açığı, ABŞ başda olmaqla Qərb dövlətlərinin də Rusiya ilə birbaşa hərbi konfliktə girmək cəsarəti yoxdur. Onlar olsa- olsa, məhəlli səciyyəli toqquşmalarda kimlərəsə gizli dəstək göstərərlər ki, özlərinin köhnə model silahlarını sata bilsinlər.

Son günlərdə Rusiya və Fransanın Ermənistana hərbi-siyasi canıyananlığının artması, bütün sərhədboyu bölgələrdə ermənilərin daha da fəallaşması, Xankəndi başda olmaqla işğal altındakı yerlərdə “sülhməramlıların” qayğıkeşliyinin intensivləşməsi, bizim bəzi mətbuat səhifələrində və televiziya proqramlarında antimilli düşüncəlilərin tez-tez zühur etmələri, gözlərini yumub ağızlarına gələnləri efirə üfürənlərin sayındakı artımlar, deputat maaşı alanların (üç-dörd nəfər istisna olmaqla) qəribə bir israrla susqunluğu çox təhlükəli hadisələrdən xəbər verir.

Bizə real kömək etməyə çalışan tək bir dövlət var: Türkiyə Cümhuriyyəti. Biz, həqiqətən də, öz siyasi müstəqilliyimiz üçün etibarlı zəmanət qazanmaq istəyiriksə, qardaş Türkiyə ilə hər cür əlaqənin— iqtisadi, siyasi, hərbi, mədəni, elmi inteqrasiyanın möhkəmlənməsi uğruna vaxt itirmədən lazım gələn bütün addımları cəsarətlə atmalıyıq. Hətta siyasi iradə nümayiş etdirib bu məqsədlə ümumxalq rəy sorğusu- plebisit, referendum keçirmək olar. Unutmayaq ki, qonşuluqdakı seçkilərin nəticələrindən asılı olmayaraq heç vaxt eyforiyaya qapılmaq, “filankəs gəlsə yaxşı olacaq” düşüncəsi ilə vaxt itirmək hamımız üçün çox təhlükəlidir.


Ramazan SİRACOĞLU