Sizin Reklam Burada

ZİYALI MÖVQEYİ: SAĞLAM İŞGÜZAR MÜHİT OLAN YERDƏ…

ZİYALI MÖVQEYİ: SAĞLAM İŞGÜZAR MÜHİT OLAN YERDƏ…Vahid Tağıyev: “İmişli rayonuna yeni təyin olunmuş İH başçısı Elçin Rzayev arzuladığımız rəhbərdir. Ona görə də rayonda qısa zaman kəsiyində inam, ümid, sağlam işgüzar mühit, yüksək əhval-ruhiyyə yaranıb"

Həmsöhbətim obyektiv ziyalı mövqeyi, təhsil sahəsində peşəkarlığı ilə tanınan, Qabaqcıl təhsil işçisi, 2019-2020-ci tədris ilində ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülən, İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini Vahid Tağıyevdir. Onun təhsildə uğurlu fəaliyyəti, məsələlərə ədalətli, lazım gələndə cəsarətli münasibəti hər zaman insanlar tərəfindən həm rəğbətlə, həm də müəyyən maneələrlə qarşılanıb. Vahid müəllim son illərdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü islahatların tərəfdarı və təbliğatçısı olaraq bu sahədəki yeniliklərin obyektivlik və şəffaflığa xidmət etdiyini sosial şəbəkələrdə, mətbuatda əminliklə pedaqoji ictimaiyyət və cəmiyyətlə bölüşür. Bir neçə ildir ki, respublika üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müsahibə komissiya sədri kimi fəaliyyəti ona etimadın göstəricisidir. 20 ildən çox müddət ərizində Vahid müəllimi yaxından tanıyan, onun fədakar, şəffaflıq uğrunda mübariz fəaliyyətinə bələd olduğuma görə fikirlərini, əhvalını öyrənmək istədim.

- Vahid müəllim, xoş gördük! Siz pozitiv insansınız. Yay tətiliniz necə keçir?

- Çox sağ olun. Hazırda məzuniyyətdə olsam da hər gün iş yerimlə əlaqələrim olur, demək olar ki, işdən tam ayrılmamışam. Məlum hadisələrlə bağlı nəvələrimlə birgə evdəyəm, vaxtımı onlarla daha çox keçirirəm. Əsas olan odur ki, yaş artsa da sabaha, ədalətin sonda qalib gələcəyinə inamım, iş və yaşamaq ruhum da daim artır.
Hörmətli Böyükağa müəllim, Sizinlə ünsiyyət xoşdur. Dəfələrlə Azərbaycan Təhsil Şurası xətti ilə böyük alim, əziz dostum, rəhmətlik Əjdər Ağayevlə, sizinlə birlikdə İmişli rayonunda təhsilimizin yenilikləri və problemlərinə həsr olunmuş Respublika, zona və rayon səviyyəsində kofranslar keçirmişik.Son illərdə dünya təhsil sferasında axtarışlarınızı, tədqiqatlarınızı izləyir, yazılarınızı oxuyuram, dünyanın qabaqcıl universitetlərinin, təhsil sistemlərinin tədqiqi sahəsində fəaliyyətinizi təqdir edirəm. Yeri gəlmişkən təhsil ictimaiyyətinə doğma olan “Məktəbəqədər və ibtidai təhsil” jurnalına yeni nəfəs verən peşəkar komandanın bir üzvü olduğunuza görə Sizə təşəkkürümü bildirirəm.

- Pandemiya və ermənilərin hücumu nəticəsində gərginləşmiş müharibə şəraiti barədə nə düşünürsünüz?

- Pandemiya bütün dünyanı təlatümə gətirib. Dünya dövlətləri çox böyük sınaq qarşısındadır. Azərbaycan iqtisadi imkanları və dövlət olaraq idarəetmə strukturu ilə belə fövqəladə vəziyyətlərə hazır olduğunu göstərdi. Xüsusilə Prezidentimiz cənab İlham Əliyev uzaqgörən, qabaqlayıcı tədbirlərlə ölkəmizi daha ağır vəziyyətdən qorudu və qoruyur. Böyük və nüfuzlu dövlətlərin bu məsələdə aciz qalması ilə müqayisədə bizdə insan tələfatı, insanlarımızın sosial müdafiəsi diqqətəlayiqdir.
Pandemiya göstərdi ki, bütün həyatını nəfsinin quluna çevirilərək var-dövlət toplayanlar da belə məqamlarda xilas ola bilmir. Ona görə də mənəvi dəyərlərə sahib bir insan olaraq, ətrafına, insanlara dəyər verərək yaşamaq lazımdır. Düşünürəm ki, bütün fəsadları ilə bərabər pandemiya geniş mənada yeni baxış və münasibətlər sisteminin yaranmasını zəruri edir.
Qaldı ki, müharibə şəraiti, son günlər cəbhənin Tovuz istiqamətində düşmənin hücumları və Milli Ordumuzun cavab atəşləri ilə onların geri otuzdurulması gözlərimiz önündədir. Bu hadisə aprel döyüşlərindən sonra Azərbaycan ordusunun gücünü, xalqımızın vətənpərvərlik ruhunu və Prezidentimiz ətrafında sıx birliyini bir daha nümayiş etdirdi. Şəhid olan hərbçilərimizin məkanı cənnət olsun! Onlar bizim qürürumuzdur.
Bu hadisələr hər cürə təxribatlara qarşı ayıq-sayıq olmağın, güclü orduya və vətənpərvərliyə sahib olmanın əhəmiyyətini bir daha qabarıq şəkildə göstərdi, xalqımızın vətənpərvərlik ruhunun, dövlətimizin beynəlxalq nüfuzunun nə qədər yüksək olduğunu bir daha təsdiq etdi.
Müasir texnologiyaların yaratdığı sürətli informasiya dövründə cəbhədə aparılan əməliyyatlarla bərabər informasiya müharibəsinin də getdiyini və proseslərə böyük təsirini unutmamalı, bu həssas məsələnin tələblərini hər bir vətəndaş bilməli, şayiələrə deyil, rəsmi faktlara inanmalıdır. Torpaqlarımızın işğal altında qaldığı hər zaman müharibə qaçılmazdır, hətta labüddür, biz buna hər vaxt hazır olmalıyıq. İndi müasir silahlara sahib, güclü, nizami ordumuz var. Ali Baş Komandanın iradəsi və mövqeyi xalq, ordu və dövlətin birliyi ən böyük gücümüz və qürur mənbəyimizdir.

- Təhsil sistemində hər kəs Sizi uğurlu kadr kimi səciyyələndirir. Mətbuatda şəffaflıq siyasəti barədə yazılarınızı oxuyuruq. Hətta bir dəfə “aylıqsız”, rüşvətsiz fəaliyyət barədə mövqeyiniz haqqında bir müraciətinizi oxumuşdum.

- Düşünürəm ki, ədalət, düzlük və şəxsiyyətyönümlü xarakterə sahiblik ilk növbədə insanın özündə, necə deyərlər canında olmalıdır. Sözsüz ki, düşdüyü mühit, ətraf da ciddi rol oynaya bilir. Bir zamanlar şəffaflıqdan danışmaq asan deyildi, danışanlar isə düzgün başa düşülmürdü. İndi şəffaflıq və korrupsiyaya qarşı mübarizə dövlətin və Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətinin əsas qayəsidir. İdarəetmə sahəsində başlanmış genişmiqyaslı islahatlar, kadr islahatları da bu prosesin dönməzliyinin təsdiqidir. Artıq bunlar genişlənməklə ölkəmizdə öz bəhrəsini verir.
Təhsil sahəsində şəffaflıq və uğurlu islahatlar Mikayıl Cabbarov və Ceyhun Bayramov dövründə başlanaraq davam etdirildi. İlk növbədə nazirlikdə nail olunan şəffaflıq prinsipləri sonrakı mərhələdə müəllimlərin işə təyin olunmasında özünü doğrultdu. Tədricən rəhbər kadrların seçilməsində obyektivliyə çalışıldı. Lakin həmin dövrdə bir çox regionlara, o cümlədən də İmişli RTŞ- nə şəffaflığın gəlib çatmaması, dözülməz vəziyyətin davam etməsi, hər məsələnin şəxsi maraqlara hesablanması dözülməz bir həddə çatmışdı. Rayon təhsil şöbəsində rəhbər vəzifədə işləyərək bunlara qarşı çıxmağım mənə o qədər də asan başa gəlmirdi. Lakin mənə necə münasibət göstərilməyindən asılı olmayaraq uzun illər bu hallara qarşı açıq şəkildə etiraz edirdim. Əlbəttə, həm də Təhsil Nazirliyinin mövqeyinə arxayın olaraq. Əqidəsiz və rüşvətə meyilli insanlar tərəfindən haqqımda informasiyalar rayon icra hakimiyyəti başçısına və digər strukturlara da düzgün çatdırılmırdı. Lakin etiraf etməliyəm ki, keçmiş icra başçısından başqa digər strukturların rəhbərlərindən özümə qarşı həmişə hörmət görürdüm. O zamankı vəziyyətlə barışmazlığım, mənə qarşı münasibətlər elə səviyyəyə çatdı ki, bir dəfə təhsil sistemindən getmək barədə Təhsil Nazirinə müraciət etdim. Hörmətli Ceyhun Bayramov məni qəbul etdi. Bu görüş barədə, təbii ki, əvvəllər danışmazdım, ancaq Ceyhun müəllim indi başqa bir struktura nazir getdiyi üçün deyə bilərəm. Cənab nazirlə bir saata qədər çox səmimi söhbətimiz oldu. Nə qədər yüksək mədəniyyətə, diqqətə, məntiqə və geniş məlumatlığa malik bir insan olduğunu əvvəldən təxmin etmiş olsam da, canlı ünsiyyət zamanı sadəcə heyran qaldım. Onun tövsiyəsi ilə təhsildən getmədim, qalıb işlədim. Xatırlayanlar çoxdur ki, bundan sonra da rayonda mənə təzyiq göstərmək üçün geniş yığıncaq keçirildiyini, sabiq icra başçısının təzyiqlərini qeyd etməsəm, yəqin ki, real mənzərə tam aydın olmaz.
Sonralar İmişli rayon təhsilində yaranmış eybəcər situasiya zamanı həmin başçının təhsil şöbə müdiri vəzifəsini müvəqqəti mənə həvalə edəndə, elə oradaca ona bildirdiyim fikirləri bir neçə gün sonra rayon təhsil şöbəsinin şura yığıncağında bütün məktəb rəhbərlərinə rüşvətsiz aylıq və fəaliyyət barədə rəsmi mövqe olaraq elan etdim. Sosial şəbəkələrdə, mətbuatda da bunları işıqlandıraraq insanlara çağırış edirdim ki, rüşvət verməyin, düzgün əqidə, amalla işləyin. Bu prinsip, yanaşma fəaliyyət zamanı belə də davam etdi. Şöbə müdiri vəzifəsinə daimiləşmək üçün edilən təklifdən imtina etdim, neçə nəfər nazirliyə bu vəzifə üçün göndərilsə də, Təhsil Nazirliyi məsələyə prinsipial yanaşaraq, obyektiv seçim edərək müdir vəzifəsinə layiq olan şəxsi təyin etdi.

- Maraqlıdır ki, İmişlinin keçmiş İH başçısı Vilyam Hacıyev sizi niyə qəbul etmək istəmirdi? Hətta RTŞ-nin sabiq müdiri işdən gedəndə onun vəzifəsi müavin kimi sizə tapşırmayıb. Bu münasibət nəyə görə idi?

Bəzi çox xırdalıqlara getmək istəmirəm. Bu sualın cavabına da əvvəlki suala cavabda müəyyən qədər toxundum. Sadəcə o zaman təhsil şöbəsi tərəfindən ona məlumat çatdırılırdı ki, şəxsi mənafeli fəaliyyətlərinə mane oluram, Təhsil Nazirliyi ilə əlaqələrim var, onlar tərəfindən qəbul olunuram, gələcəkdə ümumi mənafe prinsiplərindən kənar heç bir şəxsi tapşırıqlarını yerinə yetirməyəcəyəm. Necə ki, müdir vəzifəsini müvəqqəti icra etdiyim dövrdə belə də oldu.

- İmişli hadisələrinə - DTX-nın uğurlu əməliyyatına ziyalı kimi mövqeyinizi bilmək istərdim...

- Bəli, bu hadisələrin belə sonluğu əhali tərəfindən gözlənilən və arzuedilən idi. Bunlar ölkədə Prezident tərəfindən elan edilən və korrupsiyaya qarşı aparılan barışmaz siyasətin tərkib hissəsidir. Ölkə rəhbəri dəfələrlə vurğulayır ki, hər kəs düzgün işləsin, məmurlar insanlara qayğı ilə yanaşsın. Toxunulmaz məmur yoxdur. O cümlədən İmişli hadisələri, sabiq başçı Vilyam Hacıyevin çirkin əməllərinin sonu belə də oldu. O, dövlətə, Vətənə, özünə də xəyanət etdi.
Qeyd edim ki, son il yarım ərzində rayon təhsilində şəffaflıq istiqamətində apardığımız işlərin, mübarizəmizin sayəsində bu hadisələrdə təhsilin adının hallanmaması bizi sevindirsə də məsuliyyətimizi daha da artırmışdır.

- Hazırda rayonunuzda vəziyyət, yeni təyinat almış başçınız cənab Elçin Rzayevin fəaliyyəti haqqında müşahidələriniz düşünürəm ki, maraqlı olar.

- Rəhbər haqqında söz demək çox vaxt birmənalı qarşılanmır. Ancaq fikirlərinə əminsənsə demək lazımdır. Digər tərəfdən mənim heç bir vəzifə, şəxsi marağım olmadığı çoxlarına bəllidir. Ona görə də səmimi və obyektiv olaraq deyə bilərəm ki, İmişli rayonuna yeni təyin olunmuş İH başçısı Elçin Rzayev arzuladığımız rəhbərdir. Ona görə də rayonda az zaman kəsiyində inam, ümid, sağlam işgüzar mühit, yüksək əhval-ruhiyə yaranıb. Bu təyinata görə Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq.
Bilirsiniz, hər hansı binanın inşası, yolun çəkilişi müəyyən səbəbə görə ləngiyə də bilər. İnsanlar bunu anlayar ki, quruculuq, abadlıq işləri davam edir, tədricən bu proses hər yeri əhatə edəcəkdir, necə ki də edir. Ancaq insana, insan mənəviyyatı, şəxsiyyətinə dəyər verilən, hörmətlə yanaşılan sağlam mühit bütün məsələlərdən öndə və birinci olmalıdır. Bu məsələdə vaxt anlayışı yoxdur. Belə şəraitdə insan özünü rahat, eyni zamanda məsuliyyətli və yaradıcı hiss edir. Ağıllı insan ona göstərilən etimad və diqqəti böyük məsuliyyət kimi qəbul etməlidir.
Hörmətli Elçin Rzayev İmişli rayonuna İH başçı təyin olunandan sonra rayonda məhz belə bir mühit formalaşmaqdadır. Onunla ünsiyyətdə olan hər bir şəxs yüksək mədəniyyət, diqqət, məsələlərə obyektiv münasibət və ədalətli yanaşmanın şahidi olur. Ünsiyyətdə olanların başçının simasında haqqa, ədalətə inamı yüksəlir. Dövlətə, Prezidentə sevgisi və məhəbbəti daha da artır. Əgər məmur öz şəxsiyyəti, davranışı, vətəndaşlara qayğısı zamanı dövlətin, Prezidentin siması şəklində onlarda məmnunluq hissi yarada bilirsə bu çox ciddi, əhəmiyyətli məsələdir. Müstəqil, müasir Azərbaycan dövləti məmurunun ən başlıca dəyərlərindəndir.
Təhsil işçisi olduğuma görə bu sahə ilə bağlı, tam əmin olduğum bəzi faktları qeyd etmək istəyirəm. Yeni başçı fəaliyətinin ilk günlərində rayon məktəblərinin binalarının vəziyyəti ilə yaxından, şəxsən tanış oldu. Tədris binasının əsaslı təmir olunması və yaxud yenidən inşa edilməsi vacib olan məktəblər müəyyən edildi və aidiyyatı üzrə müraciətlər olundu.
Bilmirəm nə qədər doğrudur bu barədə danışmaq. İmişli RTŞ-nin hazırkı müdiri Ələmdar Quliyev bir il öncə may ayında bu vəzifəyə təyin edilib. Mövcud qaydalara uyğun olaraq rəhbər vəzifələrə bir illik müqavilə ilə təyinat olur. Yeni başçı gələnə qədər sabiq icra başçısı RTŞ müdirinin yenidən təyin edilməsi üçün, nə məqsədləsə Təhsil Nazirliyinə məktub göndərmirdi. Hörmətli Elçin Rzayev rayona İH başçı təyin ediləndən sonra məsələ ilə maraqlandı. Təhsil şöbə müdirinin bir illik fəaliyyəti ilə yaxından tanış oldu, araşdırma apardı. Yazılı şəkildə geniş bir hesabat materialı alaraq təhlil etdi. Yalnız ondan sonra onu yenidən təhsil şöbəsinə müdir təyin olunmasını məqsədəuyğun hesab etdi.
Son 30 il ərzində mən bir ziyalı kimi rayona rəhbərlik edən birinci şəxslərin fəaliyyəti haqqında məlumatlı olmuşam, onlarla hansı formadasa ünsiyyətim olub. Kadrlar necə təyin edilirdi, insanlarla ünsiyyət necə aparılırdı kimi məsələləri müşahidə etmişik. Bu illər ərzində təhsil şöbəsinin geniş fəaliyyəti haqqında yuxarı icra strukturlarına yazılı hesabatı həmişə mən hazırlamışam. İnanmıram ki, əvvəlkilər o hesabatları nə vaxtsa vərəqləyib, tanış olub...Ancaq yeni təyin olunan icra başçısının məsələ ilə ətraflı, obyektiv və güzəştsiz tanış olaraq təmənnasız qərar verməsi rayonda ilk dəfədir müşahidə edilir. Sonda isə ədalətli və obyektiv qərar məmnunluq hissi ilə bərabər, ciddi məsuliyyət də yaradır.
Məsələlərə belə bir münasibət Respublika Prezidentnin mövqeyi, insanların çoxdankı istəyi və həmişə arzuladığımız rayon rəhbəri obrazıdır.

- Bu maraqlı söhbətin sonunda başqa nə demək istərdiniz?

- Hamımız lazımınca qiymətləndirib və dəyərləndirməliyik ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolundadır. Hər birimiz məsuliyyət və səmərəli fəaliyyətimizlə bu prosesin fəal iştirakçısı olmalıyıq. İndi həmişəkindən daha çox həmrəylik tələb olunur. Pandemiya təhlükəsinin yaratdığı vəziyyət ümumi inkişafa mane olur. Bütün məsələlərdə, xüsusilə təhsil sahəsində ciddi problemlər yaradır. Tərbiyə, təhsil elə bir sahədir ki, fasiləni heç sevmir və fəsadları isə gec aradan qalxır. Arzu edirik ki, tezliklə həyat öz məcrasına düşsün. İqtisadi inkişafımız, cəbhədə qələbələrimiz xalqımızı sevindirsin. Həmsöhbət olduğunuz üçün təşəkkür edirəm!


Müsahibəni apardı: Böyükağa MİKAYILLI

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər