Ukrayna İran PUA-larını zərərsizləşdirməyin yollarını tapıb
Ukrayna Hərbi Hava Qüvvələri İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatlarını zərərsizləşdirməyin yollarını tapıb.
“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Rusiyanın müharibədə istifadə etdiyi İran PUA-ları ilə mübarizə aparmaq məqsədilə tərəfdaşlara müraciət ünvanlayıb.
Qeyd edək ki, ABŞ və İsrail Ukraynaya İran PUA-larına qarşı mübarizə aparmaq məqsədilə antidronlar verib.
Qeyd edək ki, İran hərbi dronlarının Rusiyaya çatdırılması ilə bağlı xəbərlər bu ilin iyul ayında yayılmışdı. BBC-nin məlumatına əsasən, bura birinci sinfə aid taktiki dronlar, kvadrokopterlər və təyyarələr, ikinci və üçüncü sinfə aid uçuş hündürlüyündən asılı olaraq "uzun uçuş müddətli" kimi təsnif edilən orta və ağır PUA-lar daxildir (MALE UAV və HALE UAV). Rusiyaya verilən “Mohajer-6” PUA-ları təsnifata görə ikinci sinfə aiddir.
Məlumata görə, iranlılar hələ 1990-cı illərin sonlarında onlardan Əfqanıstanda istifadə ediblər. Ümumi adına baxmayaraq, "Şahed-129" və "Şahed-191" çox fərqli PUA-lardır. Onlar Qərb istehsalının prototiplərindən fərqlidir. Belə hesab edilir ki, “Şahed-129” İran mühəndislərinin əlinə keçən İsrailin “Hermes 450” dronu əsasında yaradılıb. “Şahed-191” isə ABŞ-ın “Q-170 Sentinel” dronuna əsaslanır.
Təxminən, on gün əvvəl Ukrayna səmasında İrana məxsus PUA-lar müşahidə olunub və zərərsizlləşdirilib. Bundan sonra Ukrayna İranla münasibətlərini yenidən nəzərdən keçirərək səfiri ölkəsindən qovub, diplomatik korpusun əməkdaşlarının sayını azaldıb.