"Qarabağ" Polşa komandasına məğlub olduAğdamın “Qarabağ” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi son yoxlama oyununda məğlub olub.

Avrasiya.net xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Poqon” klubu ilə matçdan 2:4 hesablı məğlubiyyətlə ayrılıb. Azərbaycan çempionunun heyətində qolları Marko Yankoviç və Abdullah Zubir vurublar.

“Qarabağ” bu gün iki yoxlama görüşü keçirib. Günün ilk matçda komandamız Serbiyanın “Çukariçki” klubuna qalib gəlib – 1:0.

Qeyd edək ki, yanvarın 13-də “Qarabağ” ilk yoxlama matçında Polşanın “Rakuv” klubuna 0:3 hesabı ilə uduzub.
Gəncədə elmi-praktik konfrans keçirilibGəncədə “20 Yanvar hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu“ mövzusunda konfrans keçirilib

Elmi-praktik konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov, müəllim və tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zəfər Qurbanov çıxışında qeyd edib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Həmin dəhşətli günlərdə Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı.

Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.

Adil Tağıyev tədbir iştirakçılarını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq bildirib ki, Ulu Öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir.

Sonra ADAU-nun müəllim və tələbələri mövzu ətrafında çıxışlar ediblər.

Tədbirdə 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunub.
Satışa çıxarılan mənzilləri ipoteka ilə almaq mümkündürƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satışa çıxardığı mənzilləri ipoteka ilə də almaq mümkündür.

Bu barədə Avrasiya.net-ə Sosial Xidmətlər Agentliyindən xəbər verilib.

Bildirilib ki, məlumat verildiyi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il, saat 10:00-da Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışına başlayacaq.

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanacaq. Ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı olacaq.

Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanacaq.

Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçəcək.

Mənzillərə çıxarış (kupça) verildiyi üçün ipoteka predmeti də sayıla bilər. Mənzil almaq istəyən şəxslər bunun üçün banklara müraciət edə bilərlər.
Əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələriPrezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri, keçirdiyi görüşlər və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı mühüm əhəmiyyət daşıyır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür. Azərbaycanın ərəb dövlətləri ilə çox gözəl münasibətləri var.

Azərbaycan və BƏƏ bütün beynəlxalq platformalarda bir-birinin maraqlarını müdafiə edir, ortaq mövqedən çıxış edirlər. Bu da çox önəmli amildir. Görüş zamanı Azərbaycan və BƏƏ prezidentlərinin qarşılıqlı hörmət və ehtirama əsaslanan bəyanatları, əlbəttə ki, məmnunluq yaradır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin BƏƏ-yə səfəri iqtisadi sahədə əməkdaşlığın dinamikasını artıracaq. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədridir və demək olar ki, bütün ərəb ölkələri bu birliyin üzvüdür və onlar beynəlxalq çərçivədə bir-birini dəstəkləyir. Təsadüfi deyil ki, sonuncu dəfə Fransa BMT Təhlükəsizlik Şurasında Laçın dəhlizi ilə bağlı məsələ qaldırdıqda məhz Birləşmiş Ərəb Əmirlikləri buna ciddi şəkildə etiraz etdi. Bunun nəticəsində Fransa öz təklifini geri çəkdi.

Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir. Təbii qaz ixracımız– 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil.

Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq;

“Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artırır, dünyada söz sahibinə çevirir. Azərbaycan və ərəb dövlətləri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri bütün beynəlxalq platformalarda bir-birini müdafiə edir və bu, davam edəcək, dostluq, qardaşlıq getdikcə inkişaf edir.

Rafiq İsayev
Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini
İrəvan və Tehran şəhərləri “bacılaşdı”Yanvarın 19-dək İrəvanla Tehran arasında “bacılaşma”sının elan edilməsinə dair saziş imzalanacaq.

Axar.az xəbər verir ki, bu barədə “Yazeco” saytı məlumat verib.

“İrəvan meri Qraçya Sarkisyan Tehrana səfər edib. Bu səfər Tehran meri Əlirza Zəkaninin dəvəti ilə həyata keçirilib. Səfər çərçivəsində İrəvan meri həmkarı Əlirza Zəkani və Tehran Şəhər Şurasının sədri Mustafa Çəmranla görüşəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Ermənistan böyük ölkələrin regiondakı bacısı rolunda iştirak etdiyi üçün onun şəhərləri də bu ölkələrin şəhərləri ilə qardaşlaşmır, məhz bacılaşır.
Azərbaycan yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevriləcəkdir Bildiyimiz kimi yanvar ayının 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti cənab Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə tədbirin açılış mərasimində iştirak etmişdir. “İqlim fəaliyyətində birlik” mövzusuna həsr edilən tədbirdə dövlətimizin başçısı geniş nitqlə çıxış edərək ölkəmizdə son illərdə bərpaolunan enerji sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən bəhs etdi.

Məlumat üçün bildiririk ki, 2008-ci ildə təsis olunan Əbu Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Qeyd etməliyik ki, Əbu Dabi Dayanıqlılıq Həftəsi dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadır. Bu dəfəki Dayanıqlılıq Həftəsində dünyanın 150 ölkəsindən 30 minədək nümayəndə iştirak etmişdir. Dayanıqlılıq Həftəsinə Azərbaycan Respublikasının Prezidentinin dəvət olunması heç də təsadüfü deyildi. Belə ki, Azərbaycan liderinin bu mötəbər tədbirə dəvət alması İlham Əliyev cənablarının rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir.

Cənab Prezident tədbirdə çıxışı zamanı Azərbaycan dövlətinin bərpaolunan enerji və ekoloji təmizliklə bağlı konseptual yanaşmasından və əldə edilən praktik nəticələrdən, həmçinin bu istiqamətdə ölkəmizlə Birləşmiş Ərəb Əmirlikləri arasında son illərdə artan əməkdaşlıqdan geniş bəhs etmişdir. Ölkə başçısı son dövrlərdə ölkələr üçün enerji təhlükəsizliyinin böyük əhəmiyyət daşımasını xüsusi vurğulayaraq bildirmişdir ki, Azərbaycan özünün enerji təhlükəsizliyini artıq neçə ildir ki, təmin edib. Bərpaolunan enerji sektorunda həyata keçirilən layihələrə də toxunan dövlətimizin başçısı qeyd etmişdir ki, Azərbaycanın bu sahədə potensialı 200 GVT-a yaxındır və mövcud potensial ölkəmizi dünyanın diqqət mərkəzinə çevirib. Cənab Prezident eyni zamanda Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizin yaşıl enerji potensialından da bəhs edərək bildirmişdir ki, həmin ərazilərdə “yaşıl enerji” zonası yaradılacaqdır.

Xüsusi olaraq qeyd etməliyik ki, Azərbaycan son illərdə dünyanın mövcud geosiyasi fonunda enerji ixracında mühüm rola malik olmaqla neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı layihələrə gəldikdə isə cənab Prezidentin də vurğuladığı kimi bu istiqamətdə ölkəmiz tamamilə fərqli gündəliyə malikdir. Burada əsas məqsəd nəhəng potensialdan səmərəli istifadə etməklə ixracımızın şaxələndirilməsidir. Beləliklə bərpaolunan enerji sahəsində zəngin potensiala sahib olan Azərbaycan bu istiqamətdə də reallaşdırdığı layihələrlə enerji təhlükəsizliyinin təmin olunmasında öz fəaliyyətini durmadan genişləndirəcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Xarici jurnalistlər Xankəndi-Laçın yolna gəldilərAzərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.

Avrasiya.net xəbər verir ki, bu gün kanadalı jurnalist Deyv Qordon və gürcüstanlı bloger Tamuna Mumladze hadisə yerinə gediblər.

Onlar aksiyanın gedişi, keçirilmə səbəbləri barədə məlumatlandırılıb. Deyv Qordon və Tamuna Mumladze aksiya ərazisindən çəkilişlər edib, reportaj hazırlayıblar.

Xatırladaq ki, azərbaycanlı ekofəalların Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyası 38 gündür ki davam edir.
Rotterdam şəhərində Qanlı Yanvar şəhidləri anılıb“Qarabağ” idman klubunun Rotterdamdakı ofisində Benilüks Azərbaycanlıları Konqresi üzvləri 20 Yanvar faciəsinin qurbanlarını yad etdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınıb.
Anım mərasimi, öz işini şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükut edilməsi ilə başladı.

Toplantını açan BAK-ın sədri Elsevər Məmmədov Bakıda törədilən qətliamla bərabər, Gəncə şəhərində və digər regionlarda da insanların ölümünə səbəb olan hadisələrin törədilməsindən danışdı.

Toplantının digər üzvləri də, həmin gecə baş verən hadisələri anbaan xatırladılar.

Xalqımızın üzərinə tank və silahlar yonəldən Sovet qoşununun qəddarlığını müzakirə etdilər. Məhz belə hadisələr, 1991-ci ilin avqust ayında Sovet İttifaqının dağılmasına səbəb oldu ki, həmin ildə Azərbaycan Respublikası müstəqilliyini bütün dünyaya bəyan etdi.

BAK-ın sədr müavini Sima Cəfərova, ll Qarabağ mühəsibəsi şəhidlərinin 20 Yanvar şəhidlərinin varisi olduğunu vurğuladı.

BAK-ın Cənubi Azərbaycan üzrə nümayəndəsi Araz Ataxan isə 20 Yanvar hadisəsinin və Azərbaycanın müstəqillik əldə etməsi, Cənublu soydaşlarımızın azadlıq mübarizəsinin təkmilləşməsinə təkan verdiyini qeyd etdi.

Toplantıda çıxış edən Zərifə Süleymanova, Oqtay Tatlızadə, Əli Toptas və digərləri Qanlı Yanvarı, tariximizə həkk olunan bir hadisə kimu qiymətləndirdilər.

Anım tədbirindən sonra BAK İdarə Heyəti növbəti toplantısını keçirərək gələcək planları müzakirə etdi.
Dedilər, xanım jurnalist səni tora saldı - Nemət PənahlıElə bir iş görməmişəm ki, cəmiyyət içərisinə çıxanda xəcalət çəkim. 16 yaşından siyasi mübarizə meydanına çıxmış adamam. 26 yaşında Meydan hərəkatına rəhbərlik etmişəm. Sovet imperiyasının təhlükəsizlik orqanları çox çalışıb ki, məni rüsvay edən, gözdən, hörmətdən salan nəsə tapsın. Bu 35 ildə şəxsiyyətimlə, ailəmlə, nəslimlə bağlı heç bir pis şey aşkarlanmayıb.

Avrasiya.net xəbər verir ki, bunu Teleqraf.com-a siyasətçi Nemət Pənahlı efirdə baş-ayaq durmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, 18 gün azadlıq meydanında gecəli-gündüzlü danışıb:

“Azadlıq meydanında mənim bir sözümlə bir milyon adam oturub-qalxıb. Heç vaxt meydanda deməmişəm ki, oturmayan ermənidir. sonradan demədiyim sözü, yüz minlərin səsləndirdiyi fikri Nemətin adına yazdılar. Məqsəd məni aşağılamaq idi”.

Siyasətçi uzun müddətdir yoqa idman növü ilə məşğul olduğunu deyib:

“Yoqa idmanla məşğul olmaq istəyənlər üçün ən yaxşı seçimdir. Peyğəmbərimizin sözü var ki, sağlam yaşayıb, sağlam ölmək istəyirsinizsə, üzün, güləşin, at minin. Saatlarla fırtınalı dənizdə, daşqın çayda üzə bilirəm. Ram olunmaz atları çapa bilmək bacarığım var, əhilləşdirilməmiş atları belə əhilləşdirirəm.

Bu gün heç bir çapar mənimlə rəqabət apara bilməz. Güləşmək üçün də yaxşı tərəf-müqabilin olmalıdır. Bu üç idman növünə şərait olmadığına görə yoqa ilə məşğul olmaq ən optimal seçimdir. Həmçinin yoqa bu idman növlərindən də üstündür. Bir kvadrat metrlik ərazidə yoqa etmək olur. Özünüz də görmüsünüz ki, orada (efirdə-red.) mən bir sadə stulun üzərində mürəkkəb yoqa hərəkəti etmişəm.

Sonuncu dəfə həbsdə 9 kvadratmetrlik kamerada olmuşam. Orada məni sağlam saxlayan elə yoqa oldu. Heç kəs mühakimə edə bilməz ki, siyasətçi, dövlət adamı, dindar, ədəbiyyat xadimi niyə idmanla məşğul olur? Əslində bu istənilən siyasətçinin məşğul olacağı idman növüdür.

Amma Nemətə qara yaxmaq istəyənlər dinc durmur. Əllərinə girəvə düşüb. Bu görüntülər yayıldıqdan sonra oğlum bu məsələlərə sərt reaksiya verdi. Onu saxlamasaydım, gedib kiminləsə dalaşa bilərdi. Sadəcə Nemət Pənahlıya vaxtilə “ştatlı fit çalanlar" indi trolluq edirlər. Düşünürlər ki, Nemət sağdırsa, nə vaxtsa bizim cəzamızı verəcək”.

Nemət Pənahlının sözlərinə görə, efirdə sadəcə xanım jurnalistin israrlı xahişi ilə yoqanın bir nömrəsini nümayiş etdirib:

“Jurnalist özü də dedi ki, o da yoqaya meyillidir, səhhətində problemlər var. Veriliş bitəndən sonra mən həmin hərəkəti orada stulun üstündə göstərdim. Özü mənə demədən çəkmişdi. Sonra isə yenə də bunun çox böyük maraqla qarşılanacağını israr edərək paylaşmaq üçün məndən razılıq aldı.

Təbii, bunun mənfi tərəflərinin olacağını öncədən ona bildirdim. Sonradan dedilər, guya xanım jurnalist məni tora salıb, amma mən o qənaətdə deyiləm. Bunun uyğun olmadığımı xanım aparıcıya dedim, hətta təklif etdim ki, bunun üçün xüsusiproqram hazırlaya bilərik. Sadəcə o xanım yoqa nümayişinin müsbət tərəfini düşünərək paylaşıb.

Sözsüz ki, bu paylaşımdan sonra mənim ailəmdə də narahatlıq oldu. Xanımım, qızım məyusluq yaşadılar. Onları başa düşürəm. Qızımın artıq reaksiyası mətbuatda, sosial şəbəkələrdə yer alıb. Amma ailəm də yoqaya meyillidir. Xanımım, qızım da bu hərəkətləri edə bilirlər”.
Politoloq yarım milyonluq mənimsəməyə görə həbs olunubBeynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyev həbs olunub.

APA-nın əldə etdiyi xəbərə görə, Cəbrail Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə ibtidai istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fərid Namazovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Cəbrail Fərzəliyev Gənclər Birliyinin də üzvü olub. O, həmçinin politoloq kimi fəaliyyət göstərib.

2018-ci ildə Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsinin qalibi olub.