Sizin Reklam Burada

Bəzi qanunlarda dəyişiklik zamanın tələbidir

Bəzi qanunlarda dəyişiklik zamanın tələbidir “Siyasi partiyalar haqqında” AR Qanunu ilə bağlı Cəmiyyətin inkişafı tempindən, sosial-siyasi vəziyyətdən asılı olaraq hər hansı qanunda, norma və tələblərdə dəyişiklər etmək, təkminləşdirmək zərurəti yaradır. Belə ki, artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.
Bu Qanun layihəsinin hazırlanması zamanı aşağıdakılar nəzərdən keçirilib

Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət” (233 tövsiyə - onlardan 132-si sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aiddir).
Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”.

24 ölkənin təcrübəsi (Almaniya, ABŞ, Fransa, İsveç, İspaniya, Niderland, İtaliya, Avstriya, Türkiyə, Polşa, Bolqarıstan, Çexiya, Macarıstan, Latviya, Litva, Estoniya, Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarus, Tacikistan, Özbəkistan və Ermənistan).

47 siyasi partiyadan Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif;

Milli Məclisdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif (cəmi 350-dən çox təklif).

Müxtəlif partiyalardan gələn təkliflər, aparılan ictimai rəy sorğusu,siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə keçirilən 2 ictimai dinləmə nəticəsində müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilib (cəmi 110 düzəliş).

Eləcə də Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınıb.

Siyasi Partiyalar haqqında yeni Qanuna əsasən hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təmin edilir.

Dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.

Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir.

Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir.
Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir.

Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

Siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır.
Qanuna görə siyasi partiyaların aşağıdakı məqsədlə təsis edilməsinə və fəaliyyətinə yol verilmir
- Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsi;
- terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliği;
- irqi, dini və ya etnik düşmənçiliyin salınması.
Həmçinin Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır.
Digər tərəfdən qəbul edilmiş bu qanuna görə siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir.

Bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ da olmayacaq.

Siyasi partiya öz orqanları və struktur qurumları, partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, həmçinin qeyd edilmiş subyektlər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində partiyanın adından rəsmi olaraq hərəkət edən üzvü tərəfindən qanunun pozulmasına görə cavabdehlik daşıyacaq.

Siyasi partiyaların təsis edilməsi prosesi 2 hissədən ibarətdir.:
- Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) təsis yığıncağını keçirərək partiyanın nizamnaməsini və proqramını qəbul edirlər, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxsi müəyyən edirlər. 30 gün müddətində səlahiyyətli şəxs Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ədliyyə Nazirliyi 30 gün müddətində sənədləri yoxlayır. Sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 180 gün müddətində 5000 üzv sayının təmin edilməsi üçün tədbirlər görür və üzvlərin reyestrini tərtib edir;
- Siyasi partiyanın səlahiyyətli şəxsi 180 günlük müddət bitəndən sonra 10 gündən gec olmayaraq siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edir.

Əsas məqamlardan biri də odur ki, siyasi partiyanın aşağıdakılar tərəfindən maliyyələşdirilməsi, o cümlədən aşağıdakılardan ianələr qəbul etməsi qadağandır:
- dövlət orqanları (qurumları);
- yerli özünüidarəetmə orqanları və onların tabeliyində olan qurumlar;
- digər hüquqi şəxslər, o cümlədən ictimai birliklər və fondlar, dini qurumlar;
- beynəlxalq təşkilatlar, xarici dövlətlər və xarici hüquqi şəxslər;
- əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
- yetkinlik yaşına çatmamış şəxslər, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər;
- adını, soyadını, atasının adını, doğulduğu tarixi, qeydiyyat ünvanını və əlaqə telefon nömrəsini göstərməyən fiziki şəxslər.

Siyasi partiya qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin ianə hesab olunan maddi yardım barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməyəcək.

Bu Qanuna görə dövlət büdcəsindən siyasi partiyalar üçün ayrılan vəsaitin (2022-ci ildə 5.000.000 AZN) 95 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar (40 faizi – bərabər, 50 faiz – deputatların sayına görə, 5 faizi – sonradan seçilmiş deputatlara görə), 5 faizi isə irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional bölünür. Bundan sonra sonuncu 5 faiz aşağıdakı qaydada bölünəcək:
- vəsaitin 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünəcək;
- vəsaitin 2,5 faizi yuxarıda qeyd edilmiş siyasi partiyalar arasında qazanılmış səslərin sayına uyğun olaraq proporsional qaydada bölünəcək.

Yuxarıda qeyd edilən bölgüyə əsasən siyasi partiyaya ayrılan illik dövlət maliyyə yardımının yuxarı həddi həmin partiyanın təqdim etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmalarının (dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə alınmadan) iki mislindən çox ola bilməyəcək. Həmçinin, yuxarıda qeyd edilən bölgüyə əsasən dövlət maliyyə yardımı yeni Qanun qüvvəyə mindikdən sonra Milli Məclisə keçiriləcək seçkilərdə etibarlı səslər qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara ayrılacaq.

Yeni qanunda dəyişiklilərdən biri də Siyasi partiyanın mülkiyyətində torpağın ola bilməməsi ilə bağlı qadağanın aradan qaldırılmasıdır. İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin siyasi partiyanın əsaslandırılmış müraciəti əsasında və mövcud imkanlar daxilində onun qərargahla təmin edilməsi üçün tədbirlər görməsi nəzərdə tutulmuşdur.

Siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək.

Yeni Qanun qüvvəyə minənədək dövlət qeydiyyatına alınmış siyasi partiya həmin Qanunun qüvvəyə mindiyi tarixdən 180 gün müddətində üzvlərinin sayının 5000 çatdırılması üçün tədbirlər görməli və üzvlərinin reyestrini tərtib edərək Ədliyyə Nazirliyinə təqdim etməli olacaq. Ədliyyə Nazirliyi 30 gün müddətində sənədləri yoxlayır. Siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 90 gün müddətində nizamnaməsini və proqramını yeni Qanunun tələblərinə uyğunlaşdırmalı, proqramı olmadığı halda onu qəbul etməli və nizamnaməsində və proqramında edilmiş dəyişiklikləri, yaxud yeni nizamnaməni və proqramı Ədliyyə Nazirliyinə təqdim etməli olacaq.

Buradan bir daha görünür ki, yeni qanun cəmiyyətin siyası dünyagörüşünün inkişafına beynəlxalq konvensiyalar, norma və qaydalar çərçivəsində daha da inkişaf edəcək.

Pənah İmanov
Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər