İranlı ruhani İsrail rəsmiləri ilə gizli görüşdüİran hakimiyyətinin qatı əleyhdarı olan məşhur ruhani bir neçə gün öncə İsrailin Baş naziri Benyamin Netanyahuya yaxın rəsmilərlə gizli görüş keçirib.

Avrasiya.net xəbər verir ki, bu barədə İsrailin “İ24” televiziya kanalının xüsusi reportajında məlumat yayılıb.

Görüşdə iştirak edən Benyamin Netanyahuya yaxın mənbə faktı təsdiqləyib, lakin din xadiminin həyatının təhlükədə olacağına görə adının açıqlanmamasını xahiş edib.

Həmçinin, reportajda sözügedən din xadiminin İranda hakim rejimi sərt tənqid etdiyi, tez-tez ABŞ-ın sağçı dairələrinin qonağı olduğu bildirilib.
Jurnalist Cəmil Məmmədli barəsində cinayət işi başlanıldıJurnalist Cəmil Məmmədli barəsində cinayət işi başlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib.

"Sorğunuza cavab olaraq bildirirəm ki, Məmmədli Cəmil Qiyas oğlu 15 dekabr 2022-ci ildə rayon sakini C.Ağabalayevlə münaqişə zamanı onun ünvanına nalayiq ifadələr işlədərək vətəndaşlar üzərində zor tətbiq etmək hədəsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək ona əl və ayaqla xəsarətlər yetirib və onun anasının bədən nahiyəsinə zərbələr endirməklə xuliqanlıq əməli törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Cəmil Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri aparılır. O saxlanılmayıb".
Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilibDövlət Miqrasiya Xidmətində keçirilən növbəti iclasda İctimai Şuranın 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair məsələlər, DMX ilə əməkdaşlıq perspektivləri, il ərzində birgə həyata keçirilən layihələr, qarşıda duran vəzifələr müzakirə olunub.

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov ötən dövrdə Xidmətin yerli və beynəlxalq tərəfdaşlar, həmçinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq əlaqələrinin gücləndirildiyini bildirib, vətəndaş məmnunluğunun reallaşdırılması işində İctimai Şuranın səmərəli fəaliyyətini diqqətə çatdırıb.

DMX yanında İctimai Şuranın sədri Azər Allahverənov göstərilən dəstəyə görə minnətdarlığını bildirib, Şuranın il ərzində fəaliyyətinə dair hesabatı və İctimai Şuranın tərkibində fəaliyyət göstərən İşçi Qrupları barədə məlumatları təqdim edib.

Daha sonra İctimai Şuranın 2023-cü ilin birinci yarımilinin fəaliyyət istiqamətləri və birgə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin 20 Yanvar faciəsindən artıq 33 il ötür. 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlığı uğrunda mübarizəsini görəndə böyük qürur hissi keçiririk.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Həmin gün Sovet ordusunun bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

Şübhəsiz ki, bu cinayət Beynəlxalq hüquqi məsuliyyətdən yayınmış hərbi cinayət idi. SSRİ rəhbərliyi tərəfindən həyata keçirilən bu bəşəri cinayəti həmin dövrlərdə obyektiv siyasi hüquqi qiymət alması qeyri-mümkün idi. Təsadüfi deyil ki, SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəlmiş və 20 iyul 1990-cı il tarixində cinayət işinin xitam olunması barədə qərarı vermiş 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılaraq geri qaytarılmamışdır. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər bu qanlı faciəyə siyasi hüquqi qiymət verilməmşidir. Qanlı cinayətə ilk etiraz edənlərdən biri də Ulu Öndər Heydər Əliyev olmuşdur. Belə ki, Sovet rejiminin qadağalarına baxmayaraq, faciədən bir gün sonra Moskvadakı Daimi Nümayəndəliyə gələn Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi:
“Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.

Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.

Həmin faciəvi günləri yaxşı xatırladığını bildirən Prezident İlham Əliyev bildirir: “Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmiş və öz etiraz səsini ucaltmışdı.

Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının“20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar” 2023-cü il 11 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin Fərmanı(https://azertag.az/xeber/20_Yanvar_sehidinin_ailesi_uchun_Azerbaycan_Respublikasi_Prezidentinin_teqaudunun_mebleginin_artirilmasi_ve_20_Yanvar_sehidinin_ailesi_uchun_Azerbaycan_Respublikasi_Prezidentinin_teqaudunun_tesis_edilmesi_haqqinda_Azerbaycan_Respublikasi_Prezidentinin_2006_ci_il_19_yanvar_tarixli_350_nomreli_Fermaninda_deyisiklik_edilmesi_barede__Azerbaycan_Respublikasi_Prezidentinin_Fermani-2443478) Fərmana əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilib (əvvəl 500 manat təşkil edirdi).

Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Həmçinin onu da vurğulamaq lazımdır ki, hazırda 20 Yanvar faciəsi zamanı şəhid olmuş Azərbaycan övladlarının ruhu şaddır! Çünki, 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandanın sərkərdərliyi ilə Azərbaycan torpaqları işğaldan azad edilməsi bütün şəhidlərimizin uğrunda canını fəda etdiyi məqsədə çatması hesab olunur.

Anar Məmmədov
Xətai rayon İcra Hakimiyyəti
Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri
"Fransa da onların ümidlərini doğrultmur"Arayik Arutyunyan və Ruben Vardanyan kimi separatçı dələduzların Qarabağı “mühasirəyə salınmış qala”ya bənzətmələri suda boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyil. Onlar azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi aksiyanın 1 ayının doğurduğu nəticələri və öz vədlərini yerinə yetirə bilməmələrindən doğan acizliklərini, çarəsizliklərini “blokada nağılı” ilə ört-basdır etməyə çalışırlar. Bu “nağıl” hələlik onların işinə yarayır. Separatçılar timsah kimi saxta gözyaşı axıdaraq hələ də dünya birliyini və ayrı-ayrı ölkələrin liderlərini “blokada” yalanına inandırmağa çalışırlar.

Lakin gözləntiləri doğrulmur, ümidləri puç olur. Və bu da həm separatçıları, həm də İrəvandakı revanşistləri bir qədər də qəzəbləndirir. Bu gün Fransanın İrəvandakı səfirliyinin qarşısında Makronun əleyhinə təşkil olunan etiraz aksiyasını da məhz həmin qəzəbin və xəyal qırıqlığının nəticəsi kimi yozmaq lazımdır. Etirazçılar Fransa liderini Laçın dəhlizindəki situasiyaya səssiz qalmaqda ittiham ediblər. Eyni zamanda, aksiyaçılar rəsmi Parisi real addım atmağa, ermənilərə kömək etməyə çağırıblar. Baxın, bu da əsl erməni riyakarlığının bir ayrı təzahür formasıdır. Onlar Fransanı həm ittiham edir, həm də köməyə çağırırlar. Bu cür əcaib davranış tərzini yalnız ermənilərdən gözləmək olar.

Çar Rusiyasının və sovet Rusiyasının sayəsində “müstəqil xalq”a çevrilən və özgə torpaqlarının hesabına özünə “dövlət” quran nankor ermənilər bu gün Rusiyadan üz çevirib Fransanın qanadı altına sığınmaq istəyirlər. Lakin Fransa da onların ümidlərini doğrultmur. Ona görə də ermənilər bir yandan Fransaya qəzəb püskürür, o biri yandan isə yenə də Fransanı köməyə çağırmaqda davam edirlər. Onlara elə gəlir ki, bu çağırışın hansısa real nəticəsi olacaq və Fransa həqiqətən də onların köməyinə yetişəcək. Lakin bu illüziyadan başqa bir şey deyil. Ermənilər illüziyalarla yaşamağa vərdiş ediblər.

Fransanın isə Ermənistana və Xankəndidəki separatçılara nə hərbi, nədəki iqtisadi cəhətdən ciddi kömək etməsi mümkün deyil. Paris bu aralar Azərbaycana qarşı edə biləcəyi hər cürə pisliklərə əl atdı, ermənilərin ümidlərini az da olsa doğrultmaq üçün hətta BMT Təhlükəsizlik Şurasında ölkəmizin əleyhinə qətnamə də qəbul etdirməyə çalışdı, lakin bütün cəhdləri boşa çıxdı. İndi Fransanın arsenalında Azərbaycana qarşı elə də güclü təzyiq imkanları qalmayıb.

Ermənilər boşuna gözləyirlər. İstər separatçıların, istərsə də rəsmi İrəvanın Laçın yolundakı ekoaksiyanı dayandırmaq üçün beynəlxalq güclərin vasitəsilə Azərbaycana göstəridyi bütün diplomatik təzyiqlər iflasa uğrayıb. Bu da bir daha onu göstərir ki, sözügedən ekoaksiyanın davam etdirilməsi öz müsbət nəticələrini verir. İndi separatçıların başçıları həm özlərini, həm də girov vəziyyətində saxladıqları mülki erməniləri xilas etmək üçün Fransa, Rusiya, İran və başqa qüvvələrə bel bağlamaq əvəzinə rəsmi Bakının tələbləri ilə razılaşmağa və separatçı fəaliyyətə son qoymağa qərar verməlidirlər. Vardanyanın avantürist oyunları dayandırılmalıdır və o, Xankəndini təcili tərk etməlidir. Əks halda, Azərbaycanın kiçik miqyaslı antiterror əməliyyatı keçirməsi Vardanyanı da, digər separatçıları da bitirəcək.

Həmçinin “Arsaxın 120 min erməni əhalisi blokadada yaşayır” kimi bleflərə də son qoyulmalıdır. Hamı (Rusiya sülhməramlıları da, separatçıların özləri də) yaxşı bilir ki, hazırda sülhməramlıların müvəqqəti nəzarət zonasına daxil olan Azərbaycan ərazilərində nəinki 120 min, heç 40 min nəfər də erməni yaşamır. Onların real sayı uzağı 15-20 min civarında ola bilər. Odur ki, separatçıların “120 minlik demoqrafik blef”i də acı gülüş doğurur. İndi bu cür uydurmalara hətta Fransa kimi ənənəvi ermənipərəst bir ölkənin siyasi liderləri, parlamentariləri də inanmırlar. Başqa sözlə desək, erməni saxtakarlığı indi onların öz əleyhinə işləməyə başlayıb.

Rəsmi Bakı hazırkı kursu davam etdirdikcə və təzyiqləri artırdıqca separatçıların müqaviməti get-gedə daha da azalacaq və qırılacaq. Separatçılarla yalnız təzyiq dili ilə davranmaq lazımdır. Onlarla nə danışıqlara getmək, nədəki hər hansı güzəştə getmək olmaz. Son 50 ildə dünyada separatçılıq problemi ilə üzləşmiş ölkələrin heç biri (hətta Fransanın özü də) separatçılara qətiyyən güzəştə getməyib. Biz də beynəlxalq təcrübədən istifadə edib Qarabağda separatçılığın kökünü tamamilə kəsməliyik. Zatən beynəlxalq hüquq da bizim tərəfimizdədir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Agentlik rəhbəri 2023-cü il ilə bağlı hədəfləri açıqlayıbQHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva rəhbərlik etdiyi qurumun 2022-ci il fəaliyyəti və 2023-cü il ilə bağlı hədəfləri açıqlayıb

“Xankəndi-Laçın yolunda Azərbaycanda fəaliyyət göstərən qhtlər, ekoloqlar tərəfindən başlanan etiraz aksiyası dövlət-vətəndaş cəmiyyəti münasibətlərində dialoqun, həmrəyliyin ən mükəmməl nümunəsi idi”.

Artıq 2022-ci il yekunlaşıb. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? Qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail olundu?

Bildiyiniz kimi QHT-lərə Dövlət Dəstəyi Agentliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanına əsasən 2021-ci ilin 19 aprel tarixində yaradılıb. Qurumun strukturlaşma məsələləri nəzərə alınaraq, de-fakto fəaliyyət 2021-ci ilin oktyabr ayından başlayıb. Ümumilikdə 2022-ci ili qurumun fəaliyyətinin ilk ili kimi xarakterizə edə bilərik.

Ötən il ərzində Agentliyin Müşahidə Şurasının 15 iclası keçirilib, konseptual sənədlərin hazırlanması ilə bağlı təkliflər verilib, qrant müsabiqələrinin nəticələri ilə bağlı qərarlar qəbul edilib, Nizamnamə məqsədlərinə uyğun olaraq çoxsaylı tədbirlər, görüşlər təşkil olunub, vətəndaş cəmiyyətinin inkişafına yönələn çoxsaylı məsələlər müzakirə olunub,

Bundan başqa, beynəlxalq tədbirlər, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq, anlaşma memorandumlarının imzalanması, işğaldan azad olunmuş ərazilərə yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrinin səfərlərinin təşkili, ictimai iştirakçılığın təşviqi məqsədilə ölkənin 75 rayon və şəhərini əhatə edən zona toplantılarının keçirilməsi, qeyri-hökumət təşkilatlarının bilik və bacarıqlarının artırılması istiqamətində təlimlərin təşkili və s. bu il görülən işlərin bir hissəsidir.

Ötən il Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən “Şuşa ili” kimi tarixə düşdü. Agentlik fəaliyyətində bu istiqamətdə hansı işləri görüb?

Agentlik müvafiq tədbirlər planına uyğun olaraq 2022-ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi elan etdi. Qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatının layihə müraciəti daxil oldu, Agentliyin Müşahidə Şurasının qərarı ilə 22 layihəyə maliyyə yardımı ayrıldı.

Layihələr çərçivəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində (ABŞ, Cənubi Korea, Fransa, Norveç və s.) fərqli formatlarda tədbirlər təşkil edildi-dünyanın müxtəlif ölkələrindən olan alimlərin, blogerlərin, influnserlərin Azərbaycana, Şuşaya səfəri təşkil edildi, sənədli filmlər, saytlar, vikipediyada 9 dildə 240 yeni məqalə hazırlandı, Şuşanın tarixi və mədəniyyətini özündə ehtiva edən kitablar nəşr etdirildi, Azərbaycanda yeni media məhsulu hesab edilən lonqrid hazırlandı, Google maps və Yandex maps platformalarında Şuşada 119, ümumilikdə isə 171 toponim əlavə edilib. Layihələr çərçivəsində çəkilən qısa video bloqlar milyonlarla insan tərəfindən izlənilib və dünya trendinə düşüb. Hazırda layihələrin nəticələri ilə bağlı ictimaiyyət və mətbuat nümayəndələri üçün hesabat hazırlanır.

Bununla yanaşı Agentlik “Şuşa İli” çərçivəsində müxtəlif xarakterli beynəlxalq tədbirlər, forumlar təşkil etdi. “Şuşa ili” çərçivəsində ilk dəfə olaraq Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi, 2022-ci il ərzində 1000-ə yaxın QHT nümayəndəsi və blogerin Şuşaya səfərini təşkil etdi, “Şuşa İli” ilə əlaqədar olaraq müxtəlif ölkələrin 100-ə yaxın nümayəndəsinin iştirakı ilə “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlim təşkil olundu.

Agentlik 2022-ci ildə hansı istiqamətdə qrant müsabiqələri həyata keçirib və müsabiqələrin keçirilməsi ilə bağlı hər hansı yeniliklər gözlənilirmi?

Ötən il ərzində 2022-ci il kiçik qrant müsabiqəsi, qeyd etdiyim kimi “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” və “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqamətləri üzrə qrant müsabiqələri elan olunub və ümumilikdə 515 layihə maliyyələşdirilmişdir.

Kiçik qrant müsabiqələri üçün əsas prioritet istiqamətlər isə “Ailə, qadın və uşaq məsələləri”, “Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi”, “Ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə məsələləri”, “insan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə məsələləri”, “Elm, təhsil və mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri”, “Sosial və iqtisadi məsələlər”, “Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri” mövzuları olub.

Layihələrin mövzusundan və formatından asılı olmayaraq əsas məqsədimiz müsabiqələrin həyata keçirilməsində şəffaflıq, hesabatlılıq prinsiplərinə riayət olunmasıdır. Təssüflə qeyd etməliyəm ki, əvvəlcədən təlimatların və normativ sənədlərin təqdim edilməsinə baxmayaraq bəzi qeyri-hökumət təşkilatları layihələrin hesabatı zamanı qüsurlara yol verdilər. Lakin 2021 və 2022-ci il müsabiqələrinin nəticələrini təhlil edəndə maliyyə pozuntusu ilə bağlı dinamikanın aşağı düşməsi bizi çox sevindirir.

Növbəti illərdə layihələrin qəbulunun, monitorinqinin və hesabatların yeni elektron resurslar vasitəsilə həyata keçirilməsi, layihə təklifi formasının təkmilləşməsi və layihələrin qəbulu və idarə edilməsi üçün beynəlxalq standartlarda qəbul edilən müəyyən elementlərindən istifadə olunması planlaşdırılır.

“Böyük Qayıdış” prosesi və işğaldan azad olunmuş ərazilərin bərpası prosesində vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının nə kimi töhvəsi ola bilər?

44 günlük şanlı Vətən Müharibəsindən əldə olunan müzəffər zəfərdən sonra Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmiz qarşısında işğaldan azad olan torpaqların bərpası və vətəndaşlarımızın öz yurd yerlərinə qayıtması kimi vacib bir məqsəd durur. Bu baxımdan vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının qayıdış prosesinə dəstəyi təbii ki, vacibdir. Bir neçə istiqamət üzrə qeyri-hökumət təşkilatları bu prosesə dəstək ola bilərlər. Buraya məşğulluq və özünüməşğulluğun təmin edilməsinə dəstək, əhalinin təhlükəsiz şəraitdə geri qayıdışı ilə bağlı maarifləndirilmə, qayıdışa hazırlıq, psixoloji dəstək məqsədilə tədbirlərin, təlimlərin keçirilməsi, xüsusən işğal dövründə maddi-mədəni irsimizə, təbii sərvətlərimizə vurulmuş zərərin araşdırılması, bununla bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq, Ermənistanın maddi-mədəni irsimizlə yanaşı təbiətə, ekologiyaya vurduğu ziyanla bağlı tədbirlərin təşkili, dünya ictimaiyyətinin diqqətini mina probleminə yönəltmək üçün təşəbbüslər və s. aid oluna bilər.

Agentlik bir qayda olaraq qrant müsabiqələrinin elanı zamanı hər il aktual olan mövzuların müsabiqə mövzularına salınmasını təmin edir.

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qeyri-hökumət təşkilatları hansı fəaliyyətləri icra edir? Səfər qrantları elanları bu prosesə dəktək üçündürmü?

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Agentliyin prioritet istiqamətlərindən biridir. Agentliyin keçirdiyi demək olar ki, bütün qrant müsabiqələrində bu istiqamət üzrə mövzular müəyyən edilir. “Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi” istiqaməti üzrə həm 2021-ci il kiçik qrant müsabiqəsində, həm də 2022-ci il kiçik qrant müsabiqəsində layihələr dəstəklənib. Burada əsas məqsəd post-münaqişə dövründə Azərbaycan reallıqlarının beynəlxalq təşkilatlara çatdırılması, eləcə də Ermənistanın 30 illik işğal dövründə vandallığı, müharibə cinayətləri, təbiətə, bütünlüklə ekologiyaya vurduğu ziyanla bağlı beynəlxalq ictimaiyyətin maarifləndirilməsidir.

Qeyd etdiyiniz kimi Agentliyin qrant müsabiqələrindən biri də məhz “Səfər qrantlarıdır”. Bu müsabiqə digər müsabiqələrdən fərqli olaraq bütün il boyu aktiv olur. Bu müsabiqənin təşkilində əsas məqsəd dünyanın müxtəlif ölkələrində təşkil olunan tədbirlərdə Azərbaycan qeyri-hökumət təşkilatlarının iştirakına dəstək olmaqdan ibarətdir. Bu il Agentlik tərəfindən bu qrant müsabiqəsinə müraciət üçün yeni meyarlar hazırlanır və yaxın günlərdə Agentliyin elektron resurslarında yerləşdiriləcək.

Qeyd olunan məsələlərlə yanaşı, Agentlik müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Xüsusən qardaş Türkiyənin “STK Genel Müdürlüyü”, Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eləcə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq artıq qurulub. BMT-nin və müxtəlif beynəlxalq təşkilatların Azərbaycan nümayəndəlikləri ilə görüşlər keçirilib, qarşılıqlı anlaşma memorandumları, birgə əməkdaşlıqla bağlı razılaşmalar və s. əldə olunur. Agentlik olaraq qht-lərin beynəlxalq əlaqələrinin gücləndirilməsi bizim üçün çox önəmlidir və bununla bağlı yaxın günlərdə konfransının keçirilməsi planlaşdırılır.

Agentliyin ictimai iştirakçılığın təmini ilə bağlı fəaliyyəti varmı? Hansı işlər görülür?

Agentliyin nizamnaməsinə uyğun olaraq qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində təşəbbüslərinin dəstəklənməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Kiçik qrant müsabiqəsinin əsas istiqamətlərindən biri də məhz – “Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri” dir.

Qeyd olunanlarla yanaşı, 2022-ci il ərzində 75 şəhər və rayonu əhatə edən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı zona toplantıları keçirilmişdir. Toplantılarda yerli icra hakimiyyətlərinin nümayəndələri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların nümayəndələri, həmçinin qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak edib. Bu tədbirlərin təşkilindən sonra ictimai şuraların üzvləri üçün bilik və bacarıqların artırılması istiqamətində tədbirlərin təşkilinə ciddi ehtiyac olduğu nəzərə alınaraq Bakı şəhəri ilə birgə 10 müxtəlif regionda “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda təlimlər təşkil olundu. Ümumilikdə təlimlər 1500-dən artıq iştirakçını əhatə etmişdir.

Fikrimcə, ötən ilin dekabrında Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda Azərbaycanda fəaliyyət göstərən qhtlər, ekoloqlar tərəfindən başlanan etiraz aksiyası dövlət-vətəndaş münasibətlərində dialoqun,həmrəyliyin və ictimai iştirakçılığın ən mükəmməl nümunəsi idi. 36 gündür havanın şaxtalı və soyuq olmasına baxmayaraq vətəndaş cəmiyyəti nümayəndələri- qht-lər, gənclər, könüllülər, media nümayəndələri, blogerlər və s. hər kəs bir amal uğrunda yorulmadan mübarizə aparır.

Əminik ki, mübarizə dinc məqsədlər təmin olunana qədər əzmkarlıqla davam edəcək və bölgədə sülhün bərpasına dəstək olacaq.

2023-cü il üçün Agentliyin hədəfləri nədir?

Bu il də qrant müsabiqələrinin keçirilməsi, müxtəlif beynəlxalq tədbirlərin təşkili, bərpa, quruculuq və “Böyük qayıdış” prosesində vətəndaş cəmiyyəti təşəbbüslərinin dəstəklənməsi, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, ictimai nəzarətin təşviqi və s. fəaliyyətlərin icrası hədəflənir. Yaxın günlərdə “Heydər Əliyev ili” ilə əlaqədar qrant müsabiqəsinin elanı nəzərdə tutulub.

Bundan başqa bu il qeyri-hökumət təşkilatları üçün göstərilən bütün xidmətlərin keyfiyyətinin daha da artırılması, eləcə də saytımızın və digər elektron xidmətlərin istifadəyə verilməsini planlaşdırırıq.

Sözsüz ki, qeyri-hökumət təşkilatlarının mütəmadi əsasda bilik və bacarıqlarının artırılması istiqamətində proqramların həyata keçirilməsi də əsas hədəflərimizdəndir. Bu xüsusda həm Bakı şəhərində, həm də regionlarda QHT təmsilçiləri üçün professional təlimlərin keçirilməsi, onlara metodiki dəstəyin göstərilməsi, habelə ötən il olduğu kimi regionların birində QHT-lərin II İnkişaf və Mübadilə Proqramının reallaşdırılması nəzərdə tutulur.
Hikmət Hacıyev israilli diplomatlarla görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail XİN-in siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, həmçinin strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarkanı qəbul edib.

Avrasiya.net xəbər verir ki, H.Hacıyev bu barədə Tvitterdə paylaşım edib.

“Onlarla tarixi Nobel Qardaşlarının Ev-Muzeyində görüşməkdən və geniş söhbətdən məmnunam. Biz ölkələrimiz arasında ikitərəfli əməkdaşlığı, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etdik”, - prezident köməkçisi vurğulayıb.

H.Hacıyev bildirib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması qarşılıqlı əməkdaşlığı daha da gücləndirəcək.

Qeyd edək ki, görüşdə Azərbaycanın İsrailə təyin etdiyi səfiri Muxtar Məmmədov da iştirak edib.
Ordumuz Ermənistanla sərhəddə təlimə başladıTürkiyənin Qars əyalətində 8 ölkə hərbçilərinin iştirakı ilə “Qış-2023” adlı hərbi təlim keçirilir.

Avrasiya.net xəbər verir ki, məlumatı Türkiyənin “Gazetakars” nəşri yayıb.

Təlimlər Türkiyə ordusunun 14-cü motoatıcı briqadasının bazasında üçüncü ordu korpusunun komandanlığı altında keçirilir.

Təlim fevralın 2-dək davam edəcək.

Xatırladaq ki, təlimdə Azərbaycan hərbçiləri də iştirak edirlər.

Qeyd edək ki, Qars əyaləti Türkiyə-Ermənistan sərhədində yerləşir.
Qarabağdakı sərvətlərimizi bu şirkətlər talayıbİşğal dövründə Azərbaycanın "Söyüdlü", "Vejnəli", "Dəmirli" və "Qızılbulaq" yataqlarının qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adları açıqlanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə məlumat verib.

Sözügedən şirkərlər bunlardır:

Kanadanın "Sterlite Gold" LTD və "First Dynesty Mines"; İsveçrənin "Base Metals", "Vallex Group"; Rusiyanın "Geopro Mayninq Gold Company"; İsveç və Lixtenşteynli sahibkarların ortaq olduğu Ermənistanın "Armenian Copper Programme"; ABŞ-ın "Global Gold" və Hindistanın "Vedanta Resourcess".
İran dağılacaq, biz isə buna hazır deyilik - ƏsgəriArtıq İrandakı rejimə qarşı etirazlar dörd aydır ki, davam edir. Lakin etirazların səbəbini son dörd ayda görməyimiz bizi yanlış istiqamətə aparır. Bizim üçün əsas mövzu hadisələrdən sonra İranın və Cənubi Azərbaycanın vəziyyəti və gələcəyidir.

Avrasiya.net xəbər verir ki, bu sözləri İran üzrə ekspert Kərim Əsgəri qeyd edib.

Ekspert Cənubi Azərbaycan milli hərəkatının uğurla nəticələnməsi üçün vahid mövqedə birləşməyin əhəmiyyətindən bəhs edib:

“Bir çoxumuz İranın gec-tez dağılacağını düşünürük. Ancaq belə olan halda onun yerinə kim gələcək və Cənubi Azərbaycanın gələcəyi necə olacaq sualına cavab tapmalıyıq. Yəni önümüzü aydın görməyə çalışmalıyıq. Təəssüflə qeyd etmək istəyirəm ki, milli hərəkatın hazırki daxili və xarici vəziyyətinə nəzər yetirdiyimiz zaman digər rəqiblərimizə görə daha çətin durumla qarşılaşdığımızı deyə bilərik. Uzun illərdir ki, milli hərəkat oyunqurucu olmayıb və hər zaman hadisələrə reaksiyalar şəklində mövqe sərgiləyib.

Fikrimcə, ən önəmli problemlərimizdən bir neçəsi bunlardır: Birincisi, ciddi siyasi partiya və təşkilatlarımız yoxdur; ikincisi, sosial media başda olmaqla, media işinin zəif təşkilidir; üçüncüsü, Türkiyə və Azərbaycan dövlətlərimizin varlığı bəzən bizdə lazımından çox özünə arxayınlıq yaradır. Bu da son nəticədə məsuliyyətsizlik və laqeydliyə səbəb olur. Sonuncusu isə odur ki, bəzən daxildə toqquşmalar yaşayırıq və mübahisələr düşmənçiliyə çatacaq həddədək uzanır. İndiki məqamda baş verən neqativ hallar Türkiyə və Azərbaycanın da Cənub məsələsinə dəstək məsələsində çətinliklərlə üzləşməsinə səbəb ola bilər. Düşünürəm ki, sadaladığımız problemlərin həllində ilk addım kimi bir-birindən küsən, inciyən şəxslər keçmişdə olanları kənara qoymalı, eyni amal və hədəf uğrunda birləşməyi bacarmalıdır. Çünki Cənubi Azərbaycan və soydaşlarımızın gələcək taleyi belə məsələlərdən daha önəmlidir və xırda məsələlərə qurban verilməməlidir”.