Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qarşısında duran əsas vəzifə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş şanlı hərbi Qələbəni siyasi müstəvidə də təsdiqləmək idi. Bu məqsədlə hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra dövlətimiz tərəfindən müvafiq işlər görülməyə başlandı. Əslində bu istiqamətdə məqsədyönlü addımlar hələ müharibənin davam etdiyi müddətdə və hətta savaşın ilk günlərindən cənab Prezident İlham Əliyev tərəfindən atılmaqda idi. Çünki cənab Ali Baş Komandanımız müharibənin hansı sonluqla nətcələnəcəyini əvvəlcədən çox gözəl bilirdi.
Buna görə də 44 gün ərzində dövlət başçımızın verdiyi bütün müsahibələr və bəyanatlar məhz gələcək hərbi Qələbəmizin siyasi müstəvidə təsdiqlənməsinə yönəlmişdi. Müharibə başa çatdıqdan sonra isə bu istiqamətdə işlər daha əhatəli şəkildə və daha yüksək intensivliklə həyata keçirilməyə başlandı. Yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində cənab Prezident İlham Əliyev bu məsələ barədə ətraflı açıqlama verərək bildirdi ki, əgər Azərbaycan öz Qələbəsini təsdiqləyə bilməsəydi, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirə bilməsəydi bir çox problemlərlə üzləşə bilərdi.
Bu gün, artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və indi dövlətimiz müharibənin sonunda yaranmış vəziyyəti daha da möhkəmləndirmək, ölkəmizin mövqelərini daha da gücləndirmək istiqamətində gərgin iş aparır. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail ola bilib. Bu gün Azərbaycan dünyada çox etibarlı, ciddi və ən əsası, arzuolunan tərəfdaş kimi tanınır və qəbul edilir. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində isə dövlətimizin getdikcə artan hərbi gücü və şanlı Qələbəmiz dayanır.
Cənab Prezident İlham Əliyevin də öz müsahibəsində qeyd etdiyi kimi, inflyasiya bu gün bütün dünyada çox ciddi bir problemə çevrilib. Hətta son illər ərzində inflyasiya göstəriciləri maksimum 1,5 faizdən yüksək olmayan inkişaf etmiş Qərb ölkələrində bu gün inflyasiya 10 faizi üstələyir. Əlbəttə ki, Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğuna görə, bir çox məhsulları idxal etdiyinə görə ölkəmizin bu inflyasiyanın təsirinə məruz qalması labüddür. Öz müsahibəsində dövlət başçımız bu barədə çox dəqiq bir ifadə işlətdi ki, Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Lakin ölkəmiz bu amilin mənfi təsirini minimuma endirmək üçün bütün mümkün imkanlardan istifadə edir, idxalı əvəzləyən yerli istehsalın daha geniş vüsət alması üçün müvafiq addımlar atılır. Həmçinin keçən il aparılan islahatlar nəticəsində, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, sağlam rəqabətin təşviqi, inhisarçılığa qarşı mübarizə, gömrük sistemində olan pozuntuların aradan qaldırılması, kadr islahatları, əlbəttə ki, bu məsələdə öz müsbət təsirini göstərəcək. Lakin bütün bunlarla yanaşı Azərbaycan dövləti birbaşa cənab Prezident İlham Əliyevin təşəbbüsləri ilə insanların sosial rifahının yüksəlməsi məqsədilə praktiki addımlar atıb.
O cümlədən minimum əməkhaqqının 15 faiz artması əlbəttə ki, inflyasiyanın fəsadlarının yumşaldılmasına dəqiq hesablanıb və bu gün minimum əməkhaqqı artıq 345 manat həddinə yüksəlib. Eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması üçün minimum pensiya da 16,7 faiz artırılaraq 280 manata çatdırılıb. Əlbəttə ki, bu heç də son hədd deyil. Lakin bunu da nəzərə almaq lazımdır ki, hazırda xərclərin əsas istiqaməti Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordumuzun potensialını gücləndirməkdir. Dövlət başçımızn dediyi kimi, bu iki əsas prioritet ölkəmiz üçün hələ uzun illər prioritet kimi qalacaq.
Bu gün, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra yeni dünya düzəninin yaradılması artıq qaçınılmazdır. Möhtərəm dövlət başçımız bu barədə verdiyi açıqlamasında birmənalı olaraq ənənəvi təsisatların artıq səmərəli qaydada fəaliyyət göstərə bilmədiklərini və bundan sonra da göstərməyəcəklərini vurğuladı. O cümlədən Azərbaycanın BMT-yə münasibətinin bəlli olduğunu qeyd edərək, cənab Prezident İlham Əliyev 30 ilə yaxın müddət ərzində Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra edilməməsini bu təşkilatın nüfuzuna əlavə dəyər qatmayan bir hal kimi qiymətləndirdi. Bu gün artıq bir çox ölkələr BMT Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılmasının zəruri olduğunu bildirirlər.
Bu xüsusda dövlətimizin başçısı da Azərbaycanın mövqeyini ifadə edərək bildirdi ki, Təhlükəsizlik Şurasının 80 il bundan əvvəl, İkinci Dünya müharibəsindən sonra yaradılmış formatı artıq köhnəlib. Artıq Təhlükəsizlik Şurasında yeni üzvlər olmalıdır. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu önəmli və prinsipial məsələdə də konkret mövqe nümayiş etdirərək mütləq şəkildə bir daimi yerin müsəlman ölkəsi üçün ayrılmasının zəruriliyini vurğuladı və bu ölkənin məhz İslam Əməkdaşlıq Təşkilatı tərəfindən müəyyən edilməli olduğunu qeyd etdi. Dövlət başçımızın daha bir təklifi bu oldu ki, Təhlükəsizlik Şurasında bir yer də məxsusi olaraq Qoşulmama Hərəkatına verilməlidir və orada sədrlik edən ölkə həmin daimi yerdə olmalıdır. Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin bu qətiyyətli bəyanatları bunu deməyə əsas verir ki, Azərbaycan yeni dünya düzənində öz yerini aydın görür və həmin yerdə mövqelərini daha da möhkəmləndirmək üçün dövlətimiz tərəfindən bütün zəruri addımlar vaxtında atılacaqdır.
Gülnar Muradova
Siyəzən rayon Mərkəzi Kitabxananın direktor səlahiyyətlərini icra edən