"Təhsil və mədəniyyət bizim bir nömrəli prioritetimiz olmalıdır"Toplum olaraq həmrəyliyimizi güclü və dönməz edən amillərdən biri də bizim milli-mədəni dəyərlərimizdir. Dahi bəstəkarımız Üzeyir Hacıbəyli də həm öz uca şəxsiyyəti ilə, həm də bir-birindən möhtəşəm musiqi əsərləri ilə artıq çoxdan milli DƏYƏRlərimiz sırasına daxil olub. Bu baxımdan, iki gəncin Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atması bütövlükdə milli dəyərlərimizə, Azərbaycan mədəniyyətinə və ən nəhayət, insanlığa qarşı həqarətdir.

Mən ölkədə bəzi savadsız gənclərin olduğunu bilirdim. Ancaq bu cür vandal, gerizəkalı gənclərin ola biləcəyini isə heç təsəvvürümə də gətirməzdim. Üzeyir Hacıbəyli qədər ən ünlü musiqi dühamızı tanımayan və onun heykəlinə qarşı təhqiramiz davranışa yol verən bu cür varlıqların olması təhsil məsələsi ilə yanaşı, həm də mədəniyyətimizin və görkəmli şəxsiyyətlərimizin təbliği sahəsindəki boşluqlardan xəbər verir. Təhsil və mədəniyyət bizim bir nömrəli prioritetimiz olmalıdır. Əlaqədar qurumlar bu barədə ciddi düşünməlidirlər.

Həmçinin ailə tərbiyəsindəki əksiklikləri də qeyd etməliyik. Belə gəncləri böyüdən, onlara tərbiyə verən valideynlər görəsən, öz övladlarının bu cürə idbar davranışından heç utanırlarmı? Məgər o valideynlər ömürlərində heç olmasa, bir dəfə də olsun Üzeyir bəyin "Koroğlu" üvertürasını övladlarına dinlətdirməyiblərmi? Və yaxud, bu gənclər ən azından orta məktəbdə oxuyarkən Üzeyir Hacıbəylinin müəllifi olduğu Dövlət Himnimizi də dinləməyiblər? Axı Üzeyir bəyin kimliyindən xəbərsiz olmaq və onun heykəlini tanımamaq mümkün deyil.

Bu cür cahil gənclərimiz varsa, əslində bunun məsuliyyəti bizim hamımızın üzərinə düşür. Biz belələrini islah etməyə çalışmalıyıq. Arsızlığın və düşüklüyün qarşısını hamımız birlikdə almalıyıq. Dəyərlərimizə, tarixi şəxsiyyətlərimizə sayğısız yanaşan bu cür yeniyetmələr və gənclərlə maarifləndirici iş aparmalıyıq. Ən azından belələrinin əlindən tutub onları Şəhidlər Xiyabanına aparmaq, orada uyuyan, Vətən yolunda, insanlarımızın dinc və rahat yaşaması naminə öz canlarından keçən gənc şəhidlərimizin məzarlarını bu cahillərə göstərmək, onları utandırmaq, tənbeh etmək lazımdır.

Bir sözlə, bu cür qeyri-insani davranışa qətiyyən səthi yanaşmaq olmaz. Əks təqdirdə, bu gün dahi Üzeyir bəyin heykəlinə ayaqqabı atanlar, sabah şəhid məzarlarına da daş atarlar. Biz milli həmrəyliyimizi zədələyən bu cür xoşagəlməz hallara və davranışlara qarşı sərt təpki göstərməliyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Azərbaycan Ordusu dünya miqyasında neçəncidir?Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.

Avrasiya.net xəbər verir ki, bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı məlumat yayıb.

2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.

Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır.

Reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir.
Bəxtiyar Mustafayev YAP Mingəçevir şəhər təşkilatına sədr təyin edilibAvrasiya.net xəbər verir ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin qərarı və Mərkəzi Aparatın rəhbəri, Partiyanın Sədr müavini Tahir Budaqovun əmri ilə təsdiq olunmuş Bəxtiyar Mustafa oğlu Mustafayev YAP Mingəçevir şəhər təşkilatının sədri təyin edilməsi ilə bağlı 05 yanvar 2023-cü il tarixində YAP Mingəçevir şəhər təşkilatının akt zalında Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev , Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov, ərazi partiya təşkilat sədrləri və partiya fəallarının iştrakı ilə onlayn formada təqdimat mərasimi keçirildi.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev təqdimat mərasimini açıq elan edərək YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafa oğlu Mustafayev haqqında ətraflı məlumat verərək və fəaliyyətinə uğurlar arzuladı.

Sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov çıxış edərək Bəxtiyar Mustafayevin təyinatı ilə bağlı öz fikirlərini bildirdi və gələcək fəaliyyətinə uğurlar arzuladı. Hər zaman YAP şəhər təşkilatı və şəhər İcra Hakimiyyəti ilə birgə tədbirlərin təşkil edildiyini və bundan sonra daha sıx iş birliyinin davam etdiriləcəyini vurğuladı

Bəxtiyar Mustafayev çıxış edərək Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı, möhtərəm cənab Prezident İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə və Mərkəzi Aparatının rəhbərliyinə öz dərin təşəkkürünü bildirərək bundan sonra da etimadı doğruldacağını bildirdi.

Daha sonra 2014-2019 cu illərdə YAP Qadınlar şurasının sədri və İdarə Heyətinin üzvü Nurcamal Əsgərova, uzun illər partiya aktivi və əvvəlki illərdə Şura üzvü olan Mirzə Cavadov, Şəhər Veteranlar Şurasının sədr müavini Rizvan Mikayıllı, Şəhid Ailələri Müdafiə Cəmiyyətinin şəhər şöbəsinin sədri İranə Həsənova öz urək sözlərini bildirərək Bəxtiyar Mustafayevi təbrik edərək yeni işində uğurlar arzuladılar.
Astarada gənc oğlan nişanlısını bıçaqlayıbAstarada gənc oğlan nişanlısını bıçaqlayıb.

“Report”un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib.

Belə ki, 22 yaşlı Mirisaq Mirvaleh oğlu Mirtalıbov şəxsi münasibətlər zəminində nişanlısı Səbinə Nicat qızı Qənbərovanı döyüb və ona bıçaqla xəsarət yetirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Qənbərova cərrahi əməliyyata alınıb. Faktla bağlı araşdırma aparılır.
Mətbuat Şurasından “Charlie Hebdo”ya ETİRAZMətbuat Şurası “Charlie Hebdo” dərgisi ilə bağlı bəyanat yayıb.

Şuradan Avrasiya.net-ə verilən xəbərə görə, bəyanatda deyilir:

"Medianın xalqlar, dövlətlər arasında qarşıdurma, nifaq yaratması yolverilməzdir. Bu, jurnalist peşəsinə həssas yanaşmanın, etik prinsiplərə sadiqliyin başlıca meyarıdır. Belə məsələlərdəki həssaslıq, həmçinin, bəşəri dəyərlərin qorunması baxımından da müstəsna əhəmiyyət daşıyan ictimai missiyadır. Təəssüf ki, yaşadığımız dünyada qeyd etdiyimiz məqamları nəzərə almayan, özünün qızışdırıcı mövqeyi ilə seçilən, lokal maraq və mənafelərin əsiri olan, jurnalistikanı siyasi alətə çevirən media orqanları var. Onlardan biri də Fransanın “Charlie Hebdo” satirik dərgisidir.

“Charlie Hebdo”nun 2023-cü ildəki ilk sayında yayımlanmış “Pantürkizm yenə erməni meyitləri üzərində möhkəmlənmək istəyir” sərlövhəli yazıda yaşadığımız Cənubi Qafqaz regionundakı gərginliyi artırmaq, Azərbaycana və Türkiyəyə münasibətdə mənfi beynəlxalq ictimai rəy formalaşdırmaq istəkləri, aşkar şəkildə, özünü göstərməkdədir. Nəşrin yanaşması, eyni zamanda, bölgədə sülhün bərqərar olması naminə həyata keçirilən fəaliyyəti heçə saymaqdır.

“Charlie Hebdo” jurnalının Fransanın ermənipərəst dairələrinin mövqeyini əsas tutması, bu dairələrin regiondakı münaqişə ocağından yeni müharibə mühiti formalaşdırmaq istəklərinin ifadəçisi qismində çıxış etməsi, onun seçdiyi üslubdan da aydın görünməkdədir.

Ümumən İslam dünyasına münasibətdə əvvəllər də qərəzli, təfriqəçi, həqarət dolu baxışları ilə seçilmiş “Charlie Hebdo”nun qeyri-peşəkar təqdimat tərzini davam etdirməsi təəssüf doğurmaqdadır. İndiki halda nəşrin reallıqları və həqiqətləri nəzərə almaması, manipulyativ mahiyyət daşıyan dəst-xətti peşəkar jurnalistika prinsiplərinə meydan oxumaqdır.

O da təəssüf doğurur ki, ali dəyərləri təbliğ və təlqin etdiyini bildirən Fransada dərginin satira adı altında söz və ifadə azadlığından aşkar sui-istifadə cəhdlərinə qarşı zəruri ictimai reaksiya yoxdur, qanuni ölçü tədbiri görülmür.

Azərbaycan Mətbuat Şurası “Charlie Hebdo” satirik jurnalının təfriqəçi mövqeyini qətiyyətlə pisləyir. Şura Fransa hakimiyyətini, cəmiyyətini, həmçinin, bütövlükdə, Avropanın mütərəqqi ictimaiyyətini bu dərginin həm mənəvi, həm də hüquqi baxımdan yolverilməz sayılan fəaliyyət tərzinə biganə qalmamağa, belə meyillərə qarşı yerli qanunlarla və beynəlxalq hüquq normaları ilə müəyyənləşmiş qaydada tədbirlər həyata keçirilməsinə baxmağa çağırır".
Qərbi azərbaycanlıların siyahıya alınmasına BAŞLANILDI"Ötən əsrdə Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımızın siyahıya alınması prosesi ilk olaraq 1988-1991-ci illərdə həmin ərazilərdən çıxarılanlarla bağlı aparılır".

Avrasiya.net xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının mətbuat katibi Ülviyyə Zülfiqar deyib.

O bildirib ki, bu tarixdə deportasiya olunan soydaşlarımızın əksəriyyəti həyatdadır:

"Onların şəxsiyyət vəsiqələri (pasport), həmçinin Ermənistan SSR-də təhsil aldıqlarına dair, eləcə də mülkiyyətləri ilə bağlı sənədləri var. Xronologiya baxımından sonuncu deportasiya (1988-1991-ci illər) yaxın vaxtda baş verdiyindən işimizin daha sürətli getməsi üçün prosesə həmin dövrdən başlamışıq. Həmin dövrdə azərbaycanlıların yaşadıqları 300 yaşayış məntəqəsindən 150-dən çoxunun əhalisi hazırda siyahıya alınıb və bu istiqamətdə iş davam etdirilir”.

Mətbuat katibi qeyd edib ki, əlavə olaraq digər deportasiyalar (1905, 1918-1920, 1948-1953) zamanı ata-baba yurdlarından çıxarılan azərbaycanlılar da qeydiyyata alınır.

"Lakin hələ ki, əsas diqqət 1988-1991-ci illərdəki deportasiyaya yönəldilib. Bu proses yekunlaşandan sonra digər illərdə zərər görənlərin və onların varislərinin qeydiyyatı tam şəkildə aparılacaq".
Səfirlərin Bakı GÖRÜŞÜ: İsrail buna görə Azərbaycanı SEÇİBİsrailin Avrasiya ölkələrindəki səfirləri Bakıda toplaşacaq. İsrail Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin iştirakı nəzərdə tutulan görüşün yanvarın 16-18-də keçirilməsi planlaşdırılır. Səfirlərin Bakı toplantısının gündəliyi və digər detallar hələlik məlum deyil.

Belə bir görüşün Bakıda təşkil olunması nədən xəbər verir? İsrail niyə digər ölkələri yox, məhz Azərbaycanı seçdi?

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, səfirlərin görüşünün Bakıda keçirilməsi iki ölkə arasında qarşılıqlı etimaddan irəli gəlir.

"Toplantının Azərbaycanda keçirilməsi iki dövlət arasındakı qarşılıqlı inamı təcəssüm etdirir. Bu, həm də İsrail-Azərbaycan əlaqələrinin necə sürətlə inkişaf etməsinin sübutu kimi dəyərləndirilə bilər. Yeri gəlmişkən, bu görüş həm də Azəbaycandakı stabilliyə dünya ölkələrinin inamının ifadəsidir. Bundan sonra da İsrail-Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişafının şahidi olacağıq", - deputat vurğulayıb.

C.Məmmədovun sözlərinə görə, İsrail-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olması bu qərara şərait yaradıb:

"İsrail və Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir. Bu inkişaf hər iki ölkənin marağındadır. Azərbaycan İsrailə, İsrail də Azərbaycana həmişə dost münasibət bəsləyib. İsrail Azərbaycanın mövqeyini bütün platformalarda müdafiə edib. Eyni zamanda qeyd edim ki, Azərbaycanın İsraildə səfirlik açması da münasibətlərin inkişafına təkan verəcək".

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə bildirib ki, yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin görüşünün keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun yüksək olduğunu təsdiqləyir:

"Azərbaycan bundan öncə də geosiyasi baxımdan bir-biri ilə münaqişədə olan ayrı-ayrı dövlətlərin yüksək rütbəli nümayəndələrinin görüşünə ev sahibliyi edib. Hər bir dövlət Azərbaycanı neytrallığına görə rahatlıqla görüş məkanı kimi seçə bilir. Bu dəfə də İsrailin Azərbaycanı görüş üçün seçməsi olduqca rasional qərardır. Çünki İsrail-Azərbaycan əlaqələri durmadan inkişaf edir. Avrasiyanın orta xəttində İsrailin güvənə biləcəyi ölkə məhz Azərbaycandır".

Politoloq xatırladıb ki, İsrail daha əvvəl belə görüşləri Rusiyada təşkil edib:

"İsrail bu dəfə Rusiyanı görüş yeri kimi seçə bilməzdi. Çünki Ukrayna-Rusiya müharibəsi fonunda yaranmış geosiyasi vəziyyət buna imkan vermir. Bir sözlə, belə görüşün təşkili narazılığa səbəb ola bilərdi. Məhz buna görə də, İsrail Rusiyaya və Avrasiya ölkələrinə yaxın olan, eyni zamanda dünyada reytinqi, nüfuzu böyük olan Azərbaycana üz tutdu. Əlbəttə, bundan bəzi qüvvələr narahat olacaq. Ancaq narahatlığa ehtiyac yoxdur. Azərbaycan-İsrail əlaqələri kimin nə deməsindən asılı olmayaraq, yüksələn xəttlə inkişaf edir və edəcək".

Zaur Məmmədov səfirlərin Bakı görüşünün əhəmiyyətindən də söz açıb:

"Məlum olduğu kimi, Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının yüksək vəzifəli əməkdaşlarının Avrasiya ölkələrindəki İsrail səfirləri ilə görüşündə olduqca vacib qərarlar qəbul olunur. Onların görüşləri koordinasiya edilir. Həmin ölkələrin diplomatik korpusunun Bakıya gəlib Azərbaycanla tanış olması informasiya siyasəti baxımından bizim üçün faydalı olacaq. İsrailin yüksək vəzifəli şəxslərinin Azərbaycana səfərini nəzərə alsaq, əlbəttə, bu, Cənubi Qafqazda gedən proseslər üçün yeni səhifə deməkdir. Azərbaycan-Türkiyə-İsrail "geosiyasi oxu" çox böyük nəticələr əldə edə bilər. Bu birlik eyni zamanda geosiyasi sabitliyə təsir göstərə bilər".
Daha bir legioner “Qarabağ”dan getdi“Qarabağ”ın hücumçusu Kvabena Ovusu karyerasını Macarıstanda davam etdirəcək.

Avrasiya.net Sportlife.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ”Ferentsvaroş” klubu ilə müqavilə bağlayıb.

Fotodan da göründüyü kimi Ovusu bu gün Budapeştdən İstanbula, oradan da Antalyaya yollanacaq.

Bildirilir ki, “Qarabağ”la 6 aylıq müqaviləsi qalan Ovusu indidən yay transfer pəncərəsi üçün Macarıstan klubu ilə razılıq əldə edib.

Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən “Qarabağ”ın formasını geyinir.
Əmək pensiyası ilə bağlı SƏRƏNCAM - 280 manat olduPrezident İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, əmək pensiyasının minimum məbləği artırılacaq.

Belə ki, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
ADAU-da qış imtahan sessiyası start götürübAzərbaycan Respublikası Elm və Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 16.12.2022-ci il tarixli F-721 nömrəli əmrinə əsasən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) də yanvar ayının 5-dən təhsilin hər iki səviyyəsində əyani təhsil forması üzrə ixtisaslarda 2022/2023-cü tədris ilinin qış imtahan sessiyası başlanıb.

Tələbələrin biliyinin qiymətləndirilməsində müxtəlif formaların tətbiqinin əhəmiyyətini nəzərə alaraq, imtahanların qəbulu 821 qrup üzrə test və 469 qrup üzrə yazılı formada təşkil ediləcək. Həmçinin, cari ildən tələbələrdən bəzi fənnlər üzrə məxfi test imtahanları da götürüləcək.

Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov imtahanların gedişini izləyərək, tələbələrə uğurlar arzu edib. O bildirib ki, universitetdə nəzarət komissiyası yaradılıb, nəzarətçi qrupların bölgüsü aparılıb. Bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb.

Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən asılı olaraq yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah fəaliyyət göstərəcək.

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi üçün universitetdə lazımi şərait yaradılıb.