İran Ermənistana 600 raket göndərdiİran növbəti dəfə Ermənistana gizli yollarla silahlar göndərib.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, oktyabr ayında İran gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib.

Göndərilən raketlər Ermənistana satılmayıb, hədiyyə kimi, qarşılıqsız verilib. Verilən raketlərin 500 ədədi “Dehlaviyeh”, 100 ədədi isə “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksidir.

Qeyd edək ki, “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb.

Onu da xatırlatmaq lazımdır ki, bir neçə gündür yerli KİV-də 14 İran vətəndaşının rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi haqqında faktlar yayımlanır. İranın Azərbaycanakı səfirliyi isə hələ də məsələ ilə bağlı heç bir tutarlı cavab verməyib.

Ehtimal olunur ki, bu şəxslər vasitəsilə İran sözügedən raketlərin bir hissəsini Qarabağdakı separatçı-terrorçu dəstələrə də ötürüb.

Yayılan məlumatların əhəmiyyətini nəzərə alaraq, İran tərəfi həm Ermənistana raket hədiyyəsi, həm də Qarabağa göndərdiyi dəstələr haqda xəbərlərə gec-tez aydınlıq gətirməlidir.
Rəisi əhaliyə vədlər verdiİran Prezidenti İbrahim Rəisi ölkədə 3 aya yaxındır davam edən etirazlara münasibət bildirib.

Bu barədə “İRNA” agentliyi məlumat yayıb.

“Etirazlar konstruktiv, üsyan isə destruktivdir. Etirazları dinləmək lazımdır”, - deyə Rəisi bildirib.

İran prezidenti ölkədə inflyasiyanın aşağı düşəcəyini və əhaliyə iqtisadi vəziyyətinin yaxşılacağını vəd edib: “Bu gün diktator deyirlər. Diktator kimdir? ABŞ qətiyyən güclü İran görmək istəmir. Onlar İranı işğal etdikləri Liviya, Əfqanıstan, Suriya kimi görmək istəyirlər. İran bu ölkələrdən fərqlidir. İran xalqı ABŞ-ın bu təxribatını reallaşdırmasına imkan verməyəcək”, - deyə prezident söyləyib.

Qeyd edək ki, sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub. Polis gənc qızın ürək çatışmazlığından vəfat etdiyini, ailəsi isə Əmininin heç bir xəstəliyinin olmadığını və döyülərək öldürüldüyünü bəyan edir.
Azərbaycan rəsmiləri Xocalıda görüş KEÇİRDİ2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumat yayıb.

Görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib.

Görüş konstruktiv ruhda keçib. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək.

İctimaiyyətə əlavə məlumat veriləcək.
Bakıda qadın kilsədən aldığı kişini diləndirir - FOTOLARBakı şəhərində qadın yaşlı kişini diləndirir.

Avrasiya.net xəbər verir ki, Oxu.Az-ın əməkdaşları Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında qocanın diləndirilməsinin şahidi olublar.

Yaxınlıqda yaşayan və çalışan sakinlər əməkdaşlarımıza bildiriblər ki, kişi illərdir Zoya Balabanova adlı qadın tərəfindən hər gün döyülərək səhər saat 10:00-dan axşam 21-22:00-dək ərazidə diləndirilir.

İddia ediblər ki, Z.Balabanova hər gün iki-üç saatdan bir kişinin insanlardan yığdığı pulları mənimsəyir.

Biz də buz kimi soyuq havada diləndirilən kişinin fotolarını çəkdik və qadının əraziyə yaxınlaşmasını gözlədik.

Elə bu zaman əraziyə Daxili İşlər Nazirliyinin Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşdılar. Onlar maşından belə, düşmədən bizdən:

“Niyə anlaqsız şəxsin şəklini çəkirsiniz?” - deyə soruşdular. Səbəbini izah etdik. Onlara niyə ərazidə illərdir bu cür halın baş verdiyi halda müdaxiləyə səy göstərmədiklərini soruşduq. Polislər isə ərazini tərk etdilər.

Ərazidə çalışan Ziyafət adlı şəxs iddia edir ki, qadın yaşlı kişini kilsədən pulla alıb:

“On ilə yaxındır, kişi burada diləndirilir. Hər gün səhər saatlarından gecə 21-22 radələrinə kimi burada qalır. Artıq kişi çox yaşlanıb, onu buraya ağacla döyə-döyə gətirir. Qadın yaşlı kişiyə zülm verir, dövlət qurumları isə məsələyə müdaxilə etmir. Həmin ağacı qadın mağazanın içindəki dəmir borunun altında saxlayır”.

O qeyd edib ki, qoca hər gün dilənməklə 50-60 manat pul yığır:

“Bizim millət rəhmlidir və əksəriyyət qocaya pul verir. Qadın hər gün müəyyən saatlarda gəlib pulları aparır. Biz qadına yaşlı kişiyə belə zülm etməsini irad tutduqda isə:

“Öz işimdir”, - deyir. Hətta biz ona dedik ki, bu qədər döyülməklə, saatlarla soyuqda qalmaqla bu kişi öləcək.

Zoya isə dedi ki, bu öləcək, evdə biri də var, onu gətirəcəyəm. Polis gəldi, bir neçə dəfə bunları ərazidən qovdu, amma qadın yenə də kişini hər gün döyə-döyə gətirir. Qocanı, bir ağacı var, onunla döyür”.

İki saatdan çox vaxt keçdikdən sonra Zoya adlı qadın əraziyə yaxınlaşdı və kişinin yığdığı pulları mənimsədi. Bizə, sadəcə, fotoları silməyimizi hökm elədi.

Biz isə ümid edirik ki, dövlət qurumları qadının kişini diləndirməsi ilə bağlı tədbirlər görəcək və onun isti yerə aparılaraq yerləşdirilməsi təmin olunacaq...
İlham Əliyev mərasimdə iştirak etdi - FotoDekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak edib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Prezident İlham Əliyevə raport verərək dedi: Xoş gəlmisiniz, cənab Prezident, yeni inşa edilmiş “Akademik Xoşbəxt Yusifzadə” gəmisi istismara hazırdır.

Prezident İlham Əliyev: Salam. Xoş gördük. Təxminən üç il bundan əvvəl mən bu qərarı qəbul etdim və artıq gəmi hazırdır.

Akademik Xoşbəxt Yusifzadə: Bəli, hazırdır.

Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 141, eni 16,9 metr olan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur. Gəminin daimi heyəti 15 nəfərdən ibarətdir.

Tankerin inşasına 2019-cu ilin avqustunda başlanılıb. Gəmidə “Wärtsilä Finland Oy” (Finlandiya), “Wartsila Svanehoy A/S” (Norveç), “Carrier” (ABŞ), “Gürdesan Gemi Mak.San” və “Tic. A.Ş.” (Türkiyə), “Tranzas” (Norveç), “Alfa-Laval” (İsveç) kimi tanınmış istehsalçıların avadanlıqları quraşdırılıb.

Yeni tanker Bakı gəmiqayırma zavodunda inşa olunan 4 tankerdən üçüncüsüdür. Bundan əvvəl istismara verilən “Laçın” (2019-cu il, dekabr) və “Kəlbəcər” (2021-ci il, sentyabr) neft tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” ilə həm neft, həm də kimyəvi məhsulların daşınması mümkündür. Gəminin suya oturumu ASCO-nun digər tankerləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Rusiyanın su kanalları ilə Xəzərdən kənara yük daşımağa imkan yaradır.

Diqqətə çatdırılıb ki, hazırda ASCO-nun istifadəsində 21 tanker var. Gəmilərin yaş həddini nəzərə alaraq, tanker donanmasının yaxın gələcəkdə yenilənməsi planlaşdırılır.

Qeyd edək ki, “Akademik Xoşbəxt Yusifzadə” tankerinin inşası, eyni zamanda, son illərdə yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. ASCO-nun Strateji İnkişaf Planına uyğun olaraq son illərdə 25 gəmi istismara verilib. Bu da ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranan tələbatın ödənilməsində və dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm rol oynayır.

Ümumilikdə ASCO Bakı gəmiqayırma zavoduna indiyədək 10 gəminin tikintisi ilə bağlı sifariş verib. Onların artıq 9-nun, o cümlədən bir yedək, üç sərnişin, iki Ro-Pax tipli gəmi-bərənin və üç tankerin inşası başa çatdırılaraq istismara verilib. Gəmilərin tikintisi əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti hesabına maliyyələşir. Bu da yerli gəmi tikintisi sənayesinin inkişafına töhfə verir.

Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 6 quru yük gəmisi və 3 tanker olmaqla, 9 gəmi istismar edilir. Bu gəmilərin heyət üzvləri tamamilə yerli mütəxəssislərdən ibarətdir.

x x x

Xoşbəxt Yusifzadə: Görün, nə qədər şar asılıb?!

Prezident İlham Əliyev: Sizin şərəfinizə. Təxminən üç il bundan əvvəl sizin yubileyinizi qeyd edərkən.

Xoşbəxt Yusifzadə: Təxminən üç ildir, az qalıb.

Prezident İlham Əliyev: 2020-ci ilin yanvar ayı, yubiley məclisində.

Xoşbəxt Yusifzadə: Yanvarın 14-də. Üç ilə bir-iki ay qalıb.

Prezident İlham Əliyev: Bir ay qalıb.

Xoşbəxt Yusifzadə: Bir ay yarım qalıb.

Prezident İlham Əliyev: Dedim, qərar qəbul edirəm ki, növbəti gəmi Xoşbəxt müəllimin adına olacaqdır və hamı üçün sürpriz olmuşdu, o cümlədən Xoşbəxt müəllim üçün. O bilmirdi mənim hədiyyəm nə olacaq, hədiyyəm də, bax, bu oldu.

Xoşbəxt Yusifzadə: Görürsünüz, mən həyatımı neçə illərdir dənizdə qoymuşam. Mən Sizə çox təşəkkürümü bildirirəm. Hörmətli Prezident, doğrudan da mənə böyük qiymət verdiniz, doğrudan da mənə çox böyük bir hədiyyə etdiniz. Bu, Sizin təkcə mənə yox, bütün neftçilərə olan hörmətinizdir. Ümumiyyətlə, Siz o vaxtlar elə bizimlə on il bir yerdə işləmisiniz. Prezident olandan sonra da elə gözünüz bizim üstümüzdədir. Bizim bütün nailiyyətlərimiz Sizinlə bağlıdır. Siz hamısı ilə fərəhlənirsiniz, bizə də diqqət yetirirsiniz.

Mən Sizə onu da deyim ki, cənab Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndən sonra bütün sahələrlə maraqlandı, hər yerlə, bizim neftçilərlə də maraqlandı. O vaxt dənizin dərinliyi 40 metr olan bütün sahələrində yataqlar kəşf olunmuşdu. Amma gəmiçilikdə gəmilər yox idi, az bir müddətdə 400-dən artıq gəmi aldı, kran gəmiləri, yükdaşıyan gəmilər. Bunların hamısı indi adları dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının kəşf olunmasına imkan verdi. Doğrudan da cənab Heydər Əliyev sanki, neçə il öncə gələcəyi görürdü. Doğrudan da böyük işlər gördü.

Təşəkkür edirəm Sizə, çox böyük iş gördünüz. Bu gün mənim demək olar ki, ən xoşbəxt günlərimdən biridir. Hər şeyi gözləyərdim, amma dənizdə mənim adıma gəmi olsun, vallah, bunu heç yatıb yuxuda da görə bilməzdim.

Prezident İlham Əliyev: Bu, ədalətlidir.

Xoşbəxt Yusifzadə: Özü də ki, tanker. Məsələ ondadır ki, bilirsiniz, mən demək olar bütün gəmilərdə, tankerdə də olmuşam. Çünki hava bərk külək olanda başqa gəmi ilə qırağa çıxmaq mümkün deyildi. Biz tankerlərlə qırağa çıxırdıq. Hörmətli Prezident, əgər insanın bədənini neft sənayesinə bənzətsək, gəmiçilik onun ayaqlarıdır. Gəmiçilik olmadan biz dənizdə heç bir iş görə bilməzdik. Dənizdə nə yataqlar açmışıq, nə işlər görmüşük, nə edirik, bunlar hamısı gəmiçiliklə əlaqədardır. Çünki biz suda bunsuz heç bir iş görə bilməzdik. Özü də bu gəmiçiliyin o biri gəmiçilikdən - dəniz gəmiçiliyindən fərqi ondadır ki, o birilər birbaşa bir limandan başqa limana gedir, amma bu, açıq dənizə çıxır, platformalara yaxınlaşır. Odur ki, sizin hamınıza, bütün bu kollektivə öz təşəkkürümü bildirirəm. Bu, böyük vəzifədir.

Daha nə deyim?! Bir daha təkrar edirəm ki, bu, mənim ən xoşbəxt günlərimdən biridir. Mən Sizə necə minnətdarlıq edim, necə təşəkkürümü bildirim?!

Prezident İlham Əliyev: Sağ olun, Xoşbəxt müəllim.

Xoşbəxt Yusifzadə: Daha mənim əlimdən nə gələr, ancaq onu bilirəm ki, Sizin xətrinizi dünya qədər istəyirəm, ölənə qədər də nə cənab Heydər Əliyev, nə də Siz mənim heç vaxt yadımdan çıxmayacaqsınız. Çox sağ olun, minnətdaram.

Prezident İlham Əliyev: Sağ ol, Xoşbəxt müəllim. Siz Heydər Əliyevin işlərini xatırlatdınız. 1970-ci illərdə doğrudan da Azərbaycan neft sənayesinin yeni dövrü başlamışdır və siz də o işlərin iştirakçısı kimi o günləri yaxşı xatırlayırsınız. Məhz Heydər Əliyevin təşəbbüsü nəticəsində Azərbaycanda Xəzər dənizində neft-qaz yataqlarının işlənməsinə yeni təkan verildi. O cümlədən yaxşı xatırlayırsınız ki, məhz Heydər Əliyevin təşəbbüsü ilə və deyə bilərəm ki, təkidi ilə Dərin özüllər zavodu inşa edilmişdir. Hansı ki, o vaxt Həştərxanda planlaşdırılırdı. O, ondan xəbər tutdu, sovet hökumətinin yüksəkvəzifəli şəxslərinə müraciət etdi və sübut etdi ki, bu, Dərin özüllər zavodunun tikilməsi üçün ən məqbul yer Bakıdır, Azərbaycandır. Nə üçün? Çünki Xəzərin bütün neft-qaz sənayesinin mərkəzi bura idi və buna nail oldu.

İndi siz də yaxşı xatırlayırsınız ki, biz “Əsrin kontraktı” üzərində işləməyə başlayanda bu Dərin özüllər zavodunun bizdə olmasının nə qədər böyük əhəmiyyəti var idi. Çünki əgər bu zavod olmasaydı, bizim bütün kontraktlarımızın icrası bəlkə də 5-10 il gecikə bilərdi. Yəni, o vaxt bunu etdi və müstəqillik dövründə Heydər Əliyev neft strategiyasının icraçıları kimi biz sizinlə “Əsrin kontraktı” üzərində digər yoldaşlarla bərabər işləmişik və o günləri də həmişə xatırlayırıq. Bu gün inkişaf edən, güclənən Azərbaycanın təməli məhz o vaxt qoyuldu. Əgər o kontrakt imzalanmasaydı bizim gəlirlərimiz olmayacaqdı. Gəlir olmayan yerdə hər hansı bir inkişafdan söhbət gedə bilməz.

Bu gün biz Ulu Öndərin siyasətinə sadiq qalaraq yeni nəqliyyat infrastrukturu obyektlərini yaradırıq. Bax, bu tankerin yaradılmasının təməli 9 il bundan əvvəl gəmiqayırma zavodunun istismara verilməsi ilə qoyulmuşdur. O qərarı da mən qəbul etmişdim, bunu biz həll etdik. O vaxt bəziləri hesab edirdi ki, buna ehtiyac yoxdur. Onsuz da biz başqa ölkələrdən gəmilər, tankerlər alırıq. Amma mən bilirdim ki, bunun böyük əhəmiyyəti olacaq. İndi heç kimdən asılı deyilik, həm peşəkar komanda var, həm təcrübə var. Deməli, burada bütün inşaat işləri yerli mütəxəssislər tərəfindən aparılır. Biz hər il bir neçə tanker, quru yük gəmisi, “Ro-Ro” gəmisi, bərə inşa edə bilirik. Bu gəminin sizin adınıza olması hesab edirəm ki, çox ədalətlidir. Düzdür, bu, nadir bir haldır, bəlkə də deyə bilərəm ki, yeganə bir haldır, insanın sağlığında gəmiyə onun adı verilir. Amma bu ədalətlidir. Bilirsiniz ki, mənim sizə çox böyük hörmətim var - həm mütəxəssis kimi, əfsanəvi neftçi kimi, gözəl insan kimi. Bax, bu gün sizin bizimlə bərabər burada olmağınız bir çoxlarını ruhlandırır ki, elə bu yaşda da adam gümrahdır. Sağlamlığı da yerindədir və öz nikbinliyi ilə hamımızı daha gözəl işlər görməyə ruhlandırır. Ona görə təbrik edirəm, Xoşbəxt müəllim.

Xoşbəxt Yusifzadə: Çox sağ olun.

Prezident İlham Əliyev: Mən yubiley tədbirində demişdim ki, bu tankerin açılışını bərabər edəcəyik. Bax, bu gün gəldi.

Xoşbəxt Yusifzadə: Sizin o qədər işiniz var. Bununla bərabər, gəlib burada tankerin istismara verilməsində iştirak etməyiniz doğrudan da bizim hamımız üçün, burada olanlar üçün böyük fəxrdir. Biz hamımız Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun.

Xoşbəxt Yusifzadə: Mən Prezidentlə bir yerdə lent kəsirəm, bunu heç yaddan çıxartmaq olar?

Prezident İlham Əliyev: Təbrik edirik.

x x x

Sonra Prezident İlham Əliyev və akademik Xoşbəxt Yusifzadə tankerin istismara verilməsini bildirən lenti kəsdilər.

Sonda xatirə şəkilləri çəkdirildi.

x x x

Qeyd edək ki, dünyada postpandemiya, geosiyasi təlatümlər, münaqişə ocaqları və iqtisadi-maliyyə böhranının yaratdığı problemlər fonunda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafı tam təmin olunur. Bu gün Azərbaycan strateji əhəmiyyətə malik məhsulları özü istehsal edir. Bakıdakı zavodlarda gəmilərin istehsalı, o cümlədən “Akademik Xoşbəxt Yusifzadə” tankerinin inşa olunaraq istismara verilməsi bunun əyani təzahürüdür.

Şübhəsiz ki, bu cür mühüm əhəmiyyətə malik istehsalın ölkəmizdə təmin olunması iqtisadi qüdrətimizi və Azərbaycanda həyata keçirilən böyük sosial-iqtisadi infrastruktur layihələrinin ardıcıl şəkildə davam etdiyini göstərməklə, gəmiçiliyin fəaliyyətinin şaxələndirilməsi ilə bağlı görülən işlərin həcmini aydın şəkildə nümayiş etdirir.

Onu da qeyd edək ki, Azərbaycanın dəniz nəqliyyatı tarixində 1957-ci ildən sonra ilk dəfədir hər hansı bir gəmiyə həyatda olan şəxsin adı verilir. Bu da ölkəmizin neft sənayesinin canlı əfsanəsi, görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadəyə diqqət və qayğının, eləcə də böyük hörmətin göstəricisidir. Tankerə bu ad 2020-ci il yanvarın 15-də Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı Prezident İlham Əliyevin əlavə tədbirlər haqqında imzaladığı Sərəncama əsasən verilib.
Jurnalistin qarşısını kəsən “sülhməramlı” ermənidir - FotoRus sülhməramsızlarının nəzarət-buraxılış məntəqəsində Azərbaycan jurnalistlərini buraxmayan və " idite obratno" deyən hərbi geyimli şəxs böyük ehtimalla ermənidir. Onun üzünü gizlətməsi üçün maskadan istifadə etməsi də bu ehtimalı gücləndirir.

Avrasiya.net xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev qeyd edib. Ekspert hərbçinin geyim formasını və nişanları əsas gətirib:

“Həmin hərbçinin geyim forması və fərqlənmə nişanları da rus kontingentin geyim forması və fərqlənmə nişanlarından fərqlənir. Hesab edirəm ki, bu və digər təxribatçı fəaliyyətlərin hesabı erməniməramlı general Volkovdan mütləq və ən qısa zamanda soruşulmalıdır”.
QHT məktəb psixoloqları üçün metodik kitabça hazırlayıbAzərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Məktəblilərin təhsildən yayınma hallarının aradan qaldırılmasında məktəb psixoloqlarının rolunun artırılmasına ictimai dəstək” layihəsini icra edir.

Layihə çərçivəsində təlim iştirakçılarına və bu layihə çərçivəsində maarifləndirilən şəxslər, mütəxəssislər üçün bukletlərin hazırlanması, nəşri və təqdimi, psixoloqların fəaliyyəti üçün bələdçi olacaq metodik tövsiyənin işlənilib hazırlanması, nəşrini, o cümlədən təhsil müsəssisəsində fəaliyyət göstərən 20 məktəb psixoloquna şagirdlərə psixoloji xidmət göstərərkən istifadə edə biləcəyi metodikaların təqdim edilməsini və bu istiqamətdə həyata keçirilən təşkilati fəaliyyət reallaşdırılır.

Metodik tövsiyə müasir təhsil müəssisisəsində fəaliyyətə başlayan gənc psixoloqlar üçün hazırlanmışdır və eyni zamanda artıq fəaliyyətini bu istiqamətdə qurmuş psixoloqlar üçün də faydalı olacaqdır. Kitabça özündə hazırda məktəbdə psixoloji xidmətin aktual problemlərini, məktəb psixoloqunun qanunvericilik bazasını – Psixoloji Yardım Haqqında Azərbaycan Respublikasının Qanunu, Təhsil Haqqında Azərbaycan Respublikası Qanunu, Təhsil Müəssisələrində Psixoloji Xidmətin Təşkili, Qaydaları, Ümumtəhsil Məktəbinin Nümunəvi Nizamnaməsindən irəli gələn müddəaları, məktəb psixoloqunun fəaliyyətinin əsas istiqamətlərini – psixoloji maarifləndirmə, psixodiaqnostika, psixokorreksiyanın tətbiqi yolları və bəzi metodikalarını, o cümlədən də psixoloji fəaliyyətin planlaşdırılmasını özündə ehtiva edir.

Layihənin əsas istiqamələrindən biri də orta ümumtəhsil məktəblərində çalışan 20 nəfər psixoloq üçün 3 günlük təlim kursunun təşkilidir. Təlimlər zamanı psixokorreksiya, psixodioqnastika, özünüqiymətləndirmə və sair bu kimi treninq proqramları təqdim edilmişdir.
44 günlük müharibə və Böyük Zəfər!Biz bu Böyük Zəfəri düz 30 il gözlədik. Ümidlə gözlədik, həsrətlə gözlədik. Nəhayət 27 sentyabr 2020 – ci ildə ermənilərin növbəti təxribatının qarşısının alınması məqsədi ilə həlledici müharibə.

“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.” - Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyev.

44 günlük Vətən müharibəsi demək olar ki, dünya hərb tarixinə yeni bir səhfə yazdı. Bu münasibətlə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.
Zəfərin rəmzi Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.

Müharibə ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.

Zəfərin önəmli cəhətlərindən biri də o idi ki, hər bir şəxs, hər bir gənc bu zəfəri səbrsizliklə gözləyirdi. O səbəbdən də Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Neçə əsgərlərimiz yaralı-yaralı döyüşü davam etdirirdilər.

Peşəkar Azərbaycan Ordusu öz qəhrəmanlığı təkcə Ermənistanın silahlı qüvvələrini deyil, eləcə də Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.
Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. - Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər bu orden və medallarla təltif edilmişdir.

Bu qəhrəmanlığın əbədiləşdirilməsi üçün bir sıra tədbirlər və layihələr həyata keçirilir. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.

Bu gün insanlarımızın ən çox baş çəkdiyi yerlərdə biri Hərbi Qənimətlər Parkıdır. Hərbi Qənimətlər Parkındakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Azərbaycan xalqı müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Prezident İlham Əliyevin ətrafında birləşdi.

2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla 15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, 27 sentyabr tarixində isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.

Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı və siyasi müstəvidə vəziyyət sağlamlaşdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi;
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 1990-cı illərin əvvəllərində torpaqlarımızın işğal altına düşməyə başlamışdı. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır.

Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı.

Şanlı Azərbaycan Ordusunun gücünü görən 2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Beləliklə Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı.

Mənfur düşmən mülki əhaliyə qarşı hərbi cinayətlər törtməkdə də davam etmişdi. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutulmuşdu. Namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub.

Zəfər Paradını Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdirlər.

İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi.

Anar Məmmədov
Xətai rayon Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri
Belarusda ölüm cəzası qüvvəyə mindiBelarusda dövlətə xəyanətə görə məmurlar və hərbçilər üçün ölüm cəzası tətbiq ediləcək.

Avrasiya.net Modern.az-a istinadən xəbər verir ki, bu barədə Respublika Milli Assambleyasının Nümayəndələr Palatasının mətbuat xidməti bildirib.

Müvafiq qanun layihəsi deputatlar tərəfindən birinci oxunuşda qəbul edilib.

Qeyd olunur ki, qanun layihəsinin hazırlanmasında məqsəd ekstremist xarakterli cinayətlərin qarşısının alınması üçün tədbirlər görməkdir.

Belarus Avropada ölüm cəzasının hələ də tətbiq olunduğu yeganə ölkə olaraq qalır. 1996-cı ildə keçirilən referendumda edam cəzasının qanunvericiliyə salınması qərarı ölkə sakinləri tərəfindən dəstəkləndi. Respublikada ölüm hökmü xüsusilə ağır cinayətlərə görə verilir.
Vasif Talıbov istefa ərizəsi yazdıNaxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov istefa ərizəsi yazıb.

Bu barədə xəbəri Müsavat TV yayıb.

Xəbərdə bildirilir ki, Ali Məclisin sədrliyindən istefa verməsi ilə bağlı ərizə ilə yanaşı Talıbov yaxınlarına mesajlar da ünvanlayıb.