Makron İlham Əliyevə ZƏNG ETDİNoyabrın 12-də Fransa Respublikasının Prezidenti Emanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Fransa Prezidenti noyabrın 19-da keçiriləcək Frankofoniya təşkilatının 18-ci Zirvə Görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəyi barədə məlumat verib və Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək niyyətini bir daha ifadə edib.

Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransanın iştirakı ilə dördtərəfli formatda keçirilmiş Praqa görüşünün nəticələri və bundan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bitərəf, qərəzsiz və tarazlaşdırılmış yanaşmanın nümayiş etdirilməsinin vacibliyini qeyd edib. Dövlətimizin başçısı Ermənistan tərəfindən son günlərdə səsləndirilən bəyanatların iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.
İranın yeni raketi İsrailə 4 dəqiqəyə çata bilərİranın yeni hipersəs raketi Təl-Əvivə 4 dəqiqə ərzində çata bilər.

Axar.az xəbər verir ki, bu barədə “Tehran Tayms” məlumat yayıb.

“Raket həm Yer atmosferində, həm də ondan kənarda yüksək sürət və manevr imkanına malikdir. Yeni raket bütün hava hücumundan müdafiə sistemlərini yarmaq imkanındadır və mən düşünmürəm ki, onu tutmağa qadir yeni texnologiya yaxın onilliklərdə yaradıla bilər. O, düşmənin raket əleyhinə sistemlərini vura bilir və onun istehsalı yeni nəsil raketlərin hazırlanmasında böyük sıçrayış deməkdir”, - SEPAH-ın Aerokosmik qüvvələrinin rəisi Əmir Əli Hacızadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni raket səsdən 5 dəfə artıq sürətlə uçur.
Əri tərəfindən bıçaqlanan qadının gözləri amputasiya olunduNoyabrın 11-də Gəncə şəhərində əri tərəfindən bıçaqla gözü çıxarılan 1982-ci il təvəllüdlü H.Quliyevanın gözləri bu gün müalicə aldığı xəstəxanada amputasiya olunub.

Avrasiya.net xəbər verir ki, hər iki gözünü itirən qadın ömürlük görmə qabiliyyətndən məhrum olub, hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Xatırladaq ki, Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Səttar Cəlilov özündən 17 yaş kiçik həyat yoldaşı H.Quliyevanın qollarını bağlayıb, daha sonra bıçaqla gözünü çıxardıb. Hadisəni törədən S.Cəlilov sonra özünü bıçaqlayaraq intihar edib.

Cütlüyün bir oğul və bir qız övladları var. Hadisə başverən zaman qız övladları evdə olub və bütün olanlar onun gözü qarşısında baş verib.

Qeyd edək ki, hadisədən sonra həmin uşaqda psixoloji problemlər yaranıb. Hazırda ana nənəsinin nəzarətindədir.
Narkotik daşıyan İran gəmisi saxlanıldıYəmənin cənubundakı Sokotra adasının sularında içərisində İran vətəndaşlarına məxsus narkotik vasitələrin olduğu gəmi ələ keçirilib.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yəmənin rəsmi SABA agentliyi məlumat yayıb.

Belə ki, üç yəmənli dənizçi Mehr şəhərinin təhlükəsizlik orqanlarına təhvil verilib, onlar ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən yanan gəmidən xilas edilib.

Agentlik bildirib ki, dənizçilər dindirmə zamanı Yəmən sahillərində İrana məxsus narkotik daşıyan gəminin hərəkəti barədə məlumat veriblər. Təhlükəsizlik bölmələri Sokotrada hərbi dəniz qüvvələri ilə əməkdaşlıq edərək həmin gəmiyə nəzarəti ələ keçiriblər.

Müsadirə edilən narkotikin həcmi açıqlanmayıb. Gəmi lazımi hüquqi prosedurların həyata keçirilməsi üçün Sokotradakı Hadibu limanına çatdırılıb. Hazırda bununla bağlı İran rəsmilərindən heç bir açıqlama daxil olmayıb.
Etirazçılar Xameneinin bannerini tapdaladıİranda əhalinin etiraz aksiyaları səngimir. Xüsusilə Zahidan, Qum, Əhvaz, Hürmüzqan, Kazerun, Rask və bir sıra şəhərlərində etiraz aksiyaları davam edir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, etirazlarda “Diktatora ölüm!”, “Azadlıq!”, “Bəsicə ölüm!”, "Qadın, həyat, azadlıq!" “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” və digər şüarlar səsləndirilib.

Sistan-Bəlucistan əyalətində Zahidanin cümə imamı Mövlana Məhəmməd Osman Qələndərzahi Xaş şəhərində üsyana çağırış etdikdən sonra Xameneinin Zahidanda yerləşən hökumət qüvvələrinin yarısı Xaş şəhərinə göndərilib. Zahidan şəhərində etirazçılar Xameneyinin bannerini ayaqları altına alaraq tapdalayıblar.

Cümə namazından sonra Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan və Xaş şəhərlərində etiraz aksiyaları başlayıb. Zahidan şəhərində namaz qılanlar cümə namazından geri dönərkən radikal bəsici qüvvələrinə qarşı şüar səsləndirib: "Bəsiciyə ölüm!”.

Sistan və Bəluçestan əyalətində qəzəbli əhali yarımhərbi və radikal "Bəsic" qüvvələrinin qərargahına hücum edərək oranı dağıdıblar. Rask şəhərində etnik bəluç etirazçılar ümumxalq qiyamına dəstək verərək "Xameneiyə ölüm!" şüarının sədaları altında İslam Respublikasının bayrağını yandırıblar. Cəkigor şəhərində etirazçılar təkərlər yandıraraq tranzit yolunu bağlayıblar.

Fars əyalətinin Kazerun şəhərində gənc etirazçı yarımhərbi və radikal "Bəsic" qərargahına əldəqayırma qumbara atıb. Şiraz şəhərində İranın molla rejiminə etiraz məqsədilə hicabını başından açan gənc qadın yolun ortası ilə hərəkət edərək "Qadın, həyat, azadlıq!" şüarı səsləndirib, avtomobil sürücüləri və ətrafdakılar da ona dəstək verib.

Hörmüzqan əyalətinin Kiş adasında 20 yaşlı qız hökumət qüvvələri tərəfindən iki metr məsafədən ov tüfəngi ilə vurulub.

Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərində azadlıqsevər gənclər Bivəran kəndində polis şöbəsinə hücum edərək ələ keçirməyə çalışıblar.

Qum əyalətinin Qum şəhərində gənclər mollanın əbasının arxa tərəfinə "Təqib olunur. Top, tank, fişfişə, molla gərək rədd ola!" şüarı yazılmış vərəqə yapışdırıblar.

İran İnsan Haqları Təşkilatı yaydığı məlumatda 17 sentyabrdan 10 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 50-si uşaq olmaqla 330 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib. Bununla yanaşı, məlumatda 15 092 nəfərin saxlanıldığı, bunlardan 440 nəfərinin tələbə olduğu və onlardan 1954-nün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib. Həmçinin bu müddət ərzində 138 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 137 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

"Ərk" Azərbaycan İnsan Hüquqları Cəmiyyəti etnik bəluçların Tehran hökuməti tərəfindən öldürülməsinin 40 mərasimi ilə bağlı bəyanat yayıb. Qurum bəyanatda Zahidan şəhərində 108, Xaş şəhərində 16 sünni məzhəbli etnik bəluçun nümayişlər zamanı hökumət qüvvələri tərəfindən öldürülməsini pisləyib.

Məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei deyib ki, son hadisələrin əsas səbəbkarlarını təqib edib cəzalandıracaq, onlara qarşı sərt tədbirlər görəcəklər.

Hökumət nümayəndəsi Əli Bahaduri Cahromi, Televiziya və Radio Universitetinin tələbələri ilə görüşündə polis qüvvələrinin "bu hökumətdən" atəş açmaq icazəsinin olmadığını iddia edib və eyni zamanda hədələyib: “Əks halda, polis qüvvələrinin döyüş güllərinin atması su içmək kimi olardı!”. Onun bu sözləri sosial şəbəkələrdə tənqidlərə səbəb olub.
Zelenski istədiyini aldı: ABŞ 4 ədəd güclü silahı Ukraynaya göndərdiABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin hər çıxışında xatırlatdığı hava hücumundan müdafiə sistemlərini Kiyevə göndərdiyini açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynaya göndərilən Avenger hava hücumundan müdafiə sistemi ən güclü masir silah növlərindən biri sayılır.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yerli istehsal olan 4 ədəd Avenger hava hücumundan müdafiə sistemlərinin mülki ərazilər üçün qoruyucu şəbəkə yaratmaq məqsədilə Ukraynaya göndərildiyini bəyan edib.

Ukraynaya 400 milyon dollarlıq hərbi yardım çərçivəsində ABŞ ordusunun inventarından göndərilən bu sistemlər qısa mənzilli hava hücumundan müdafiə sistemləri kimi tanınır.

Humvee avtomobili üzərinə quraşdırlmış Avenger hava hücumundan müdafiə sistemi infraqırmızı kamera, optik nişangah və lazer məsafəölçənə malikdir və 8 km-ə qədər hədəf ala bilir.

Yüksək tutumlu hava hücumundan müdafiə sistemləri Vaşinqtondakı Ağ Evi qorumaq üçün istifadə olunan sistemlərə bənzəyir.
Zəfər zirvəsiPrezident İlham Əliyev: “Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”

Dünya azərbaycanlıları 8 Noyabr- Zəfər Gününün ikinci ildönümünü də böyük çoşğu və sevgi ilə qeyd etdilər. Azərbaycanda və xarici ölkələrdə Zəfər Günüün ikinci ildönümü ilə bağlı saysız tərdbir və görüşlər, rəsmi qəbullar keçirildi. Eyni zamanda həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyevin iştirakı ilə Zəfər Günü münasibətilə Şuşada tədbir təşkil olunmuşdu. Şuşada bu tədbirin keçirilməsinin rəmzi mənası var. Cənab Prezidentin tədbirdəki çıxşında qeyd etdiyi kimi Vətən müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi: “Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər...

Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”. Qarabağı Şuşasız təsəvvür etmək olmur. Eləcə də Vətən müharibəsində Şuşasız qələbə də mümkün deyildi. Elə Vətən müharibəsinin ilk günündən Zəfər yolu Şuşaya gedirdi. Azərbaycan əsəgəri Şuşa arzusu ilə döyüşürdü. Bu, həm də zirvəyə doğru, Zəfər zirvəsinə doğru döyüşə-döyüşə irəliləmək idi. Böyük Qələbə Şuşanın azadlığı ilə tamam oldu. Azərbaycan əsgəri Şuşa zirvəsinə əli yalın çıxıb. Dünya hərb sahəsinin ekspertləri əsgərlərimizin bu şücaətinə hələ də heyran qalıblar. Artıq Azərbaycanın bu döyüş təcrübəsi müxtəlif ölkələrin hərbi məktəblərində öyrənilir.

Bununla bir daha demək olar ki, Azərbaycan Ordusunun döyüş taktikası örənək xarakteri daşıyır.
Azərbaycan 2020-ci ildə Ermənistanla ədalətli müharibə aparırdı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu inamla döyüşürdü. Ordumuzun bu mübarizliyini cənab Prezident Şuşadakı nitqində “Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır” deyərək qiymətləndirib. Bu, torpaqlarımızın azadlığı, haqq uğrunda döyüş idi. Hər gün yeni şəhərlərin, kəndlərin, qəsəbələrin, yüksəkliklərin azad edilməsi xalqımızda Qələbəyə böyük inam yaradırdı. Bütün bunlar da əsgərlərimizə böyük ruh yüksəkliyi verirdi. Azərbaycan əsgəri, Azərbaycan zabitinin amalı erməni işğalına son qoymaq idi. Müzəffər Azərbaycan Ordusu bu amalına çatdı və bununla Vətən müharibəsində tarixi zəfər çalındı.

Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv etdi. “Dəmir yumruq” əməliyyatı uğurla yerinə yetirildi. Cəbhə xəttindən rayon və kəndlərimizin azad olunması xəbərlərin gəlməsi dünya azərbaycanlıları tərəfindən böyük sevinclə qarşılanırdı. Birlik və həmrəyliyimiz daha da güclənirdi. Prezident İlham Əliyevin çıxşında da bu məqam xüsusi vurğulanıb: “Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq”.

Vətən müharibəsində Böyük Qələbə xalqımızın milli yaddaşının qızıl fonduna həkk olunub. Bu Qələbə ilə regionda yeni geosiyasi reallıq yaranıb. Azərbaycan regionda öz mövqeyini bildirdi, işğalla barışmazlığını sübut etdi. Artıq dünya azərbaycanlıları “Qalib xalq” düşüncəsi ilə alını açıq gəzir. Eyni zamanda Vətən Müharibəsində tarixi qələbədən sonra Azərbaycana qarşı dünya dövlətlərinin baxışı dəyişib. Azərbaycanın əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyini, dövlət müstəqilliyini daha da möhkəmləndirib. Azərbaycan Zəfər qazanan ölkə olaraq dünyada tanınır. Bu baxımdan Cənab Prezidentin Şuşada qalib ölkənin Ali Baş Komandanı, müzəffər sərkərdə olaraq çıxışı qürurvericidir.

Paşazadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Rəşad Dağlı qətl törətdiyi əraziyə gətirildi - Yeni video3 gün əvvəl qonşusu İsgəndər Mehdiyevi öldürən meyxanaçı Rəşad Dağlı hadisə baş verən əraziyə gətirilib.

Avrasiya.net xəbər verir ki, videonu İctimai TV yayıb.

Xatırladaq ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
[media=https://youtube.com/shorts/wVtPd3DLlkM?feature=share]
Bələdiyyələri hədəf seçənlərəƏsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bələdiyyə sisteminin inkişafına uzun illər ərzində çalışan şəxs olaraq mənə maraqlı gələn məqam ondadır ki, nə vaxtadək bir sıra RİH-lər, yəni rayon icra hakimiyyətlərinin siyasi rəhbərləri və rəsmiləri bələdiyyələrin fəaliyyətinə müdaxilə etməklə, onların gördükləri işləri, həyata keçirdikləri layihələri öz adlarına çıxacaqlar. Və yaxud dövlət tərəfindən ayrılan dotasiyaya göz dikib, bələdiyyə sədrlərinin əllərindən alacaqlar. Üstəlik hər bir səyyar görüşdə bələdiyyələri "yükləyib" hansısa layihənin icrasını tapşıracaqlar. Bununla da ürəkləri söyumayıb səyyar görüşdə sədrlərin şərəf və ləyaqət hisslərinə toxunacaq fikirləri səsləndirməyə maraqlı olacaqlar. Hər bir siyasi rəhbər bilməlidir ki, bələdiyyə sədrinə və ya üzvünə qarşı etdiyi etikadankənar hərəkətləriylə özlərini seçicilər qarşısında “urvatsız” etmiş olurlar.

Müqəddəs “Zəfər günü”müzlə bağlı ölkə üzrə təşkil edilən, keçirilən çöxsaylı layihələrdə bələdiyyələrində öz payı olduğu halda RİH-lərin yaydıqları məlumatların böyük əksəriyyətində bu qurumların adı belə çəkilməyib. RİH təmsilçilərindən soruşmaq istərdim ki, niyə haqqına girdiyiniz bələdiyyənin adlarını əziyyət çəkib məlumatlarda yazmırsnız. Və yaxud bələdiyyə tərəfindən irəli sürülən təşəbbüsü elə yerindəcə “boğmaq” istəyirsiniz. Və ən dəhşətlisi odur ki, təşəbbüskar, seçicilərinə layiqli vətəndaş olaraq xidmət göstərmək istəyənləri gözümçıxdıya salıb təzyiqlərə məruz qoyursunuz. Maraqlıdır, belə vəziyyətlərdə siyasi rəhbərlər kənardan özlərinin hərəkət və danışıqlarını seyr ediblərmi? Bəs siyasi rəhbərin ətrafındakı məmurlar necə?

Həqiqətən maraqlıdır, bir çox icra başçılarını bələdiyyə sədrlərinə qarşı sərt və qanunazidd mövqe sərgiləməyə vadar edən səbəb nədir?

Yəqin ki,

1) Əllərində elə də səlahiyyəti qalmayan siyasi rəhbərlərin öz siyasi gücünü ətrafdakılara bir daha nümayiş etdirmək istəyidir. Əlavə edim ki, onların bu addımı suda boğulan adamın saman çöpünə əl uzatmasına bənzəyir.

2) Bir çox icra başçılarının, xüsusən də yeni təyinat alanların bir qisminin bələdiyyə sistemiylə bağlı ümumiyyətlə təsəvvürlərinin olmamasıdır. Təsəvvürləri olsaydı, seçkili orqanın möhürlərini alıb bəzi siyasi rəhbərlər RİH-in binasındaca saxlamazdılar.

3) Nəhayət, bəzi bələdiyyə sədrlərinin təşəbbüskar və fəaliyyətlərinin təbliğinə maraqlı olmamaları bir növ siyasi rəhbərlərə bu hərəkəti etməyə təkan verir.
İndiki məqamda düşünürəm ki, bələdiyyələri “gözümçıxdıya” salmaq yox, əksinə onların sərbəst və müstəqlil fəaliyyətinə şərait yaratmaq lazımdır, onların problemlərinin həllinə təkan vermək lazımdır. Bunun üçün isə ilk növbədə həm siyasi rəhbərlərin özləri, həm də RİH-lərdə çalışan məmurlar özlərinin, ailə üzvlərinin, qohum-əqrabasının adına olan əmlakların yerli vergilərini vaxtında ödəməli, bununlada hər kəsə nümunə olmalıdırlar. Etiraf edim ki, nümunə olanlar var, ancaq barmaqla sayıla biləcək qədərdir. Onu da əlavə edim ki, əgər bu gün bələdiyyələrin DSMF-yə milyonlarla manat borcu varsa, onun bir günahı da məhz siyasi rəhbərlərdədir.

Bu arada Prezident İlham Əliyevin “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə aprel ayında keçirilən görüşdə səsləndirdiyi fikirləri bir daha xatırladıram:

“... mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və fikirləşirəm ki, bu, o qədər də hərtərəfli düşünülməmişdir. Buna görə də çoxlu suallar var. Çox güman ki, bilirsiniz, çoxlu, bəlkə də 10-dan çox regional rəhbər şəxslər rüşvət, səhv idarəçilik və digər yanlış hərəkətlərə görə həbs olunub. Bu proses ictimai şəkildə baş verib, rüşvət prosesi videoya çəkilib.

Təəssüf ki, bu sahə korrupsiya ilə çirklənib. Beləliklə, Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və düşünürəm ki, yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq…”

Belə düşünmək olar ki, ölkə başçısının bu fikirlərini oxuyan bəzi siyasi rəhbərlər sanki sonlarının çatdığını hiss etdiklərindən bələdiyyələri "sıxaraq", onları cəmiyyətə işləməyən bir qurum kimi təqdim etməyə çalışaraq, ömürlərini uzatmaq istəyindədirlər. Amma, fikimcə, gecdir. Çünki cənab Prezidenti fərqləndirən əsas cəhət onun daim dediyi sözün üstündə durub icrasına nail olmasıdır. Bu addımında biz də ölkə başçısının yanındayıq.

P.S. Bu yazıda ilkin olaraq müəyyən fikirləri yalnız ümumi şəkildə ad çəkmədən qeyd etməyi özümə borc bildim. Ancaq növbəti yazıda yerli-yataqlı şəkildə, faktlarla bəzi məmurların bələdiyyələrə ögey münasibətini qeyd edəcəyəm.

Vüqar Tofiqli
Türk Dövlətləri Təşkilatı qlobal gücə çevrilmək yolundaTürk dövlətləri tarixdə bir-birinə bu qədər yaxın olmadığı bir ortama, birliyə sahibləniblər. Müqəddəs, müqəddəs olduğu qədər də şərəfli bir yola çıxıblar. Hansı ki, bu yolun başlanğıcının ilk addımları hələ 30 il əvvəl atılmışdı. 1992-ci il, "Ümid" körpüsünün istifadəyə verildiyi tarixdən. 1992-ci il, may ayının 28-də Azərbaycanla Türkiyə sərhədində, Araz çayı üzərində salınan bu körpü təkcə iki qardaş ölkəni bir-birinə bağlayan nəqliyyat dəhlizi deyildi, eyni zamanda türk dünyasını birləşdirən bir körpü idi. Hansı ki, həmin körpü, sonradan təkcə Azərbaycan və Türkiyə arasında deyil, ümumilikdə türk dövlətləri arasında yeni-yeni əlaqələrin, layihələrin, nəqliyyat dəhlizlərinin həyata keçirilməsinə yol açdı.

Zamanında sağlam təməllər üzərində qurulan əlaqələr, qarşılıqlı münasibətlərin nəticəsidir ki, bu gün türk dövlətləri mütəşəkkil şəkildə təşkilatlanaraq özünün biirlik və həmrəyliyini nümayiş etdirir, qlobal miqyaslı bir quruma çevrilir. Bu günlərdə Özbəkistanın Səmərqənd şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü bunun əyani sübutudur.

"Hilal" Sosial Araşdırmalar İctimai Birliyinin sədri Arzuman Abdulkərimov "OLAYLAR"-a verdiyi açıqlamada Türk dövlətlərinin günümüzdəki birlik və həmrəyliyinə diqqət çəkərək bu prosesdə Azərbaycan və Türkiyənin rolunu xüsusi qeyd edib. O bildirib ki, zamanında Ankara və Bakının lokomotiv rolunu oynadığı bu proses bu gün bir xeyli irəli gedərək türk dünyası qatarına çevrilib: "Əgər son 10-15 ilə qədər olan müddətdə Azərbaycan və Türkiyəni çıxmaq şərtilə digər türk dövlətləri bu prosesdə iştirakdan bir qədər ehtiyat edir, birlikdən nisbətən kənarda durmağa üstünlük verirdilərsə, bu gün situasiya tamamilə fərqlidir. İndi Türk Dövlətləri Təşkilatının hər bir üzvü bacardığı qədər bu prosesi irəli aparmağa, çiyinlərini bu yükün altına qoymağa həvəsli və maraqlıdır. Çünki artıq hər bir türk dövləti təhlükəsizlik və sabitliyin, qlobal təhdidlərdən sığortalanmanın birlik və bərabərlikdən keçdiyinin fərqindədir. Bu baxımdan XXI əsr türk əsri olacaq fikirləri əbəs yerə deyilmirdi".

Arzuman Abdulkərimov Azərbaycanın türk dünyasının birlik və bərabərliyi, qarşılıqlı faydalı əməkdaşlıqdakı rolundan da söz açıb və qeyd edib ki, Azərbaycan da öz növbəsində Türk Dövlətləri Təşkilatının fəallaşması, onun aktiv fəaliyyət göstərməsində mühüm rol oynayıb: "Bu mənada 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında türk dövlətlərinin ölkə başçılarının Zirvə görüşünün keçirilməsini xüsusi qeyd etmək lazımdır. Məhz həmin zirvə görüşündən sonra təşkilat fəallığını daha da artırdı, qurum daxilində yeni-yeni əməkdaşlıq imkanları ortaya çıxdı. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, "Böyük İpək yolu", yaxın vaxtlarda reallaşması gözlənilən Zəngəzur dəhlizi məhz türk dünyasına daxil olan ölkələri bir-birinə bağlayan həlqələrdir".

Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çıxışına da toxunan İctimai Birlik sədri qeyd edib ki. bütün beynəlxalq tribunalarda olduğu kimi Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə də dövlət başçısı həmişəki kimi geniş və məzmunlu, eyni zamanda konkret hədəflərə yönəlmiş çıxış etdi, vəziyyətdən çıxış yollarını göstərdi. Arzuman Abdulkərimovun qənaətincə. Azərbaycan dövlət başçısı çıxışında konkret olaraq İran molla rejiminə mesaj verirdi ki, Güneydə yaşayan soydaşlarımızın haq və hüquqlarını tanısın, onlara öz ana dillərində danışmağa, tədris etməyə imkan versin. Əslində dövlət başçısı "Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur" sözləri həm də Azərbaycan dövlətinin Güneydə yaşayan soydaşlarımızın taleyinə biganə qalmadığının təsdiqi idi".

Arzuman Abdulkərimov deyib ki, dövlət başçısı hələ prezident seçildiyi ilk illərdən Güney Azərbaycanda, ümumən dünyada yaşayan azərbaycanlıların problemlərinə biganə qalmayacağını açıq şəkildə bəyan etmişdi: "Xatirinizdədirsə, hələ Dünya Azərbaycanlılarının İkinci qurultayında çıxışı zamanı prezident İlham Əliyev demişdir ki, "Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var - Azərbaycan". Göründüyü kimi, dünyada yaşayan azərbaycanlıların haqq-hüquqlarının qorunması, onlara Azərbaycan dövlətinin dayaq durması hər zaman Cənab İlham Əliyev üçün prioritet təşkil edib. Elə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə çıxışı zamanı da İlham Əliyev bunu bir daha təsdiq etmiş oldu".

İctimai Birlik sədri onu da deyib ki, TDT-yə bir neçə ölkənin, hətta Avropa məkanından Macarıstanın müşahidəçi üzv olması bu təşkilatın tədricən qlobal bir gücə çevriləcəyindən xəbər verir: "Bunun üçün yetərincə potensial var. Yetər ki, bu potensialdan istifadə edilsin. Hesab edirəm ki, türk dövlətləri arasında əməkdaşlıq təkcə ölkələrin birinci şəxsləri, nazirlik və komitələr səviyyəsində deyil, eyni zamanda qeyri-dövlət qurumları səviyyəsində, siyasi partiyalar, ictimai təşkilatlar, media qurumları, ümumiyyətlə bütün istiqamətlərdə birliyimiz, bərabərliyimiz üçün fəaliyyətlər ortaya qoyulmalıdır. Məsələn, eyni ideoloji xətti daşıyan siyasi partiyalar əməkdaşlıq sazişi imzalaya bilərlər ki, təşkilata daxil olan hər hansı bir ölkəyə xaricdən siyasi təzyiq göstəriləndə ona qarşı siyasi müstəvidə atılan adekvat cavab daha təsirli xarakter daşısın. Eləcə də ictimai təşkilatlar, media qurumları arasında anoloji addımları atmaq lazımdır. Düzdür, media sahəsində əməkdaşlıq digər sahələrə nisbətən bir xeyli inkişaf edib, ancaq bu istiqamətdə də əməkdaşlığımızı dərinləşdirmək lazımdır. Bu əməkdaşlıq təşkilata üzv olan hər bir ölkəyə Türk dövlətlərinin media imkanlarından istifadə öz problemlərini, həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa şərait yaratmış olar. Bir sözlə bütün sektorlar üzrə bu əlaqələri inkişaf etdirmək lazımdır ki, gələcəkdə bu bağlar daha da möhkəmlənsin. Hətta beynəlxalq aləmdə nə qədər qıcıq yaratsa belə, Türk Dövlətləri Təşkilatının hərbi birləşməsinin yaradılması istiqamətində fəaliyyətlər ortaya qoymaq da mümkündür".