"MHP olaraq bizim belə bir narahatlığımız və problemimiz yoxdur"Ötən gün Milli Məclisin saytında yerləşdirilmiş “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirələr üçün açıq elan edilməsi ölkəmizin ictimai-siyasi həyatı üçün olduqca mühüm hadisədir. Biz bu layihənin ictimai müzakirəyə çıxarılmasını müsbət addım kimi qiymətləndiririk və hesab edirik ki, layihənin müzakirəyə çıxarılması ictimai-siyasi mühitdə böyük bir canlanma yaradacaq. Bunu sözügedən layihəyə həm siyasilər, həm media əhli, həm də ekspertlər tərəfindən verilən ilkin reaksiyalardan da görmək mümkündür. Deməli, yeni qanun layihəsinin ictimai müzakirələr nəticəsində cilalanıb dolğunlaşması, təkmilləşməsi və sonda optimal bir qanun kimi qəbul edilməsi perspektivi artıq bəri başdan təmin edilib.

Bəs yeni qanunun qəbul edilməsinə zərurət haradan yaranıb? Bildiyimiz kimi siyasi partiyalar haqqında qanun ilk dəfə 1992-ci ildə qəbul olunub. Ötən 30 il ərzində ölkəmiz böyük bir siyasi inkişaf yolu keçib və həmçinin torpaqlarımız işğaldan azad edilib, yeni reallıqlar yaranıb, ölkədə yeni siyasi konfiqurasiya formalaşıb. Məlum məsələdir ki, köhnə qanun yeni dövrün tələblərinə cavab verə bilmir. Çünki 1992-ci ildə qəbul edilmiş "Siyasi partiyalar haqqında" qanunda bir sıra ciddi çatışmazlıqlar, boşluqlar var. Yeni qanun layihəsinin işlənilib hazırlanması da ilk növbədə məhz həmin çatışmazlıqları, boşluqları aradan qaldırmağa və günümüzün tələblərinə, zamanın çağırışlarına uyğun mükəmməl qanun qəbul edilməsinə xidmət edir.

Yeni qanun layihəsinin hazırlanması prosesi demokratik və tam şəffaf formada təşkil edilib. Belə ki, qanun layihəsinin hazırlanması prosesində siyasi partiyaların iştirakı da təmin edilib. 40-dan çox siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib. Bu partiyaların arasında rəhbərlik etdiyim Milli Həmrəylik Partiyası da təmsil olunur. Biz də layihə ilə bağlı ilkin təkliflərimizi Milli Məclisə təqdim etmişdik. Müsbət haldır ki, qanun layihəsində bizim də ilkin təkliflərimiz yer alıb. Digər partiyaların da təkliflərinin nəzərə alındığı barədə məlumatımız var.

Siyasi partiyaların bu prosesə fəal surətdə cəlb olunması təqdirəlayiq haldır. “Siyasi partiyalar haqqında” qanunun bu yeni layihəsi həm siyasi qüvvələr tərəfindən geniş müzakirə edildikdən, həm də vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təklifləri nəzərdən keçirilməklə ictimai müzakirələrdən sonra qəbul olunacaq. Biz əminik ki, qanun qəbul edildikdən sonra mövcud siyasi sistemimiz, eləcə də dövlət-partiya münasibətləri, partiyalarrın təbliğat və təşviqat imkanları daha da təkmilləşəcək və partiyaların cəmiyyətdəki rolu yeni məzmun qazanacaq, yeni keyfiyyət halı alacaq.

Çox güman ki, siyasi partiyalar olaraq sözügedən qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən dinləmələrə, müzakirələrə də dəvət olunacayıq. Ona görə də biz Milli Həmrəylik Partiyası olaraq hazırda yeni qanun layihəsinin müddəaları ilə, detalları ilə yaxından tanış olur, təhlillər edirik. İnşallah qarşıdakı günlərdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin siyasi islahatlara və siyasi instututların güclənməsinə təkan verməsi üçün əsas təkliflərimizi təqdim edəcəyik.

Əlbəttə, layihədə təqdir etdiyimiz və dəstəklədiyimiz bir çox müddəalarla yanaşı, redaktəsini vacib hesab etdiyimiz və yaxud dəyişdirilməsini zəruri hesab etdiyimiz məqamlar da var. Düşünürük ki, siyasi partiyaların əsas subyekti olan və qanun layihəsinin də bilavasitə şamil olunduğu siyasi partiyaların mövqeyi və əsaslandırılmış təklifləri mütləq nəzərə alınacaq. Heç kimin təklifi gözardı edilməyəcək. Odur ki, narahatlıq üçün də heç bir əsas görmürük.

Partiyaların qeydiyyatı üçün minimum 10 min nəfər üzvün olması tələbi də oturuşmuş, təşkilatlanmış partiyaları qətiyyən narahat etməməlidir. Milli Həmrəylik Partiyası olaraq bizim belə bir narahatlığımız və problemimiz yoxdur. Çünki həm paytaxtda, həm də bölgələrdə yerli təşkilatlarımız fəaliyyət göstərir, üzvlərimizin sıraları genişlənir. Təşkilatçılıq ənənələri güclü olan və kadr potensialı, insan resursları geniş olan partiyaların yeni qanun layihəsindəki tələblərin öhdəsindən gələcəyi şəksizdir.

Zənnimizcə, bu qəbildən olan tələblər siyasi mühitdə təmərküzləşməyə gətirib çıxaracaq, böyük siyasi partiyaların formalaşmasına zəmin yaradacaq, həmçinin partiyaların çevikliyini, siyasi rəqabət imkanlarını stimullaşdıracaq. Bu baxımdan, biz bu qanunun gətirəcəyi yeniliklərə açıq olmalıyıq. Çünki yeni qanun siyasi proseslərə dinamika gətirəcək və demokratiyanın dərinləşdirilməsinə töhfə verəcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Dünyanın həyat səviyyəsi ən yaxşı olan ölkələri - SİYAHIBirləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən tərtib edilən İnsan İnkişafı İndeksinə əsasən, 2021-ci ildə dünyanın hər on ölkəsindən doqquzunda həyat səviyyəsi pisləşib.

Yeni reytinqə əsasən, İsveçrə 2021-ci ildə 0,962 balla dünyanın ən inkişaf etmiş ölkəsi olub.

İkinci və üçüncü sıralarda Norveç (0,961) və İslandiya (0,959) qərarlaşıb.

Almaniya 2015-ci ildən bəri 5 pillə geriləyərək 0,942 balla 9-cu yerə düşüb.

1990-cı ildə indeksin ilk reytinqinə başçılıq edən ABŞ indi yalnız 21-ci yerdədir (0,921).

Rusiya (0,822) siyahıda 52-ci, Ukrayna (0,773) isə 77-ci yerdədir. Gürcüstan 63-cü, Türkiyə və İran müvafiq olaraq 48-ci və 76-cı, Azərbaycan 91-ci yerdədir.
İran diplomatları səfirlikdəki sənədləri yandırdılarİran diplomatları Albaniyanın paytaxtından yola düşməzdən öncə səfirlikdəki sənədləri yandırıblar.

Bu barədə TASS məlumat yayıb.

“Bu gün ətrafdakılar İran səfirliyinin əməkdaşlarının metal çəlləkdə sənədləri yandırdıqlarını görüblər”, - məlumatda bildirilib.

Qeyd edək ki, intensiv kiberhücumlara cavab olaraq Albaniya hökuməti İran səfirliyinin əməkdaşlarına ölkəni tərk etmələri üçün 24 saat vaxt vermişdi.
Rusiya Rumıniya diplomatını ölkədən qovduRusiya Rumıniya səfirliyinin əməkdaşını persona non qrata elan edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Sentyabrın 8-də Rumıniyanın Rusiyadakı müvəqqəti işlər vəkili Konstantin İoniçe Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub və ona Rumıniyanın Moskvadakı səfirliyinin əməkdaşının persona non-qrata elan edilməsinə dair nota təqdim edilib”, - məlumatda deyilib.

Nazirlikdən bildirilib ki, bu addım Rumıniyanın ötən ay Rusiya səfirliyinin əməkdaşını ölkədən qovmasına cavab olaraq atılıb.
Xarkovda ağır döyüşlər: Ukrayna bu şəhəri azad etdiUkrayna ordusu Xarkov istiqamətində hücumlarını davam etdirir.

Rusiya Teleqram kanalları Balakleya uğrunda ağır döyüşlərin getdiyini, şəhərin artıq operativ mühasirəyə alındığını yazıblar.

Məlumata görə, Kupyanska gedən yolun üzərində yerləşən Şevçenkovo şəhəri artıq Ukrayna ordusunun əlindədir. Buna görə də ruslar artıq Kupyanskda təxliyəyə başlayıblar. Hətta bəzi kanallar ukraynalıların Kupyanskın cəmi 2 kilometrliyində olduqlarını yazırlar.

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin Balakleyanın şərqində və İzyumun şimalında yerləşən Kunye kəndi yaxınlığındakı strateji əhəmiyyətli qovşağa çatmasının qarşısını almaq üçün Savintsi və Vişnyovoyeni əlində saxlamağa çalışır.

Ukrayna mətbuatı isə ordunun İvanovka kəndini azad etdiyini yazıb.
“Makarov”la qohumunu güllələdi, silahı fermada gizlətdiAğcabədi Rayon Polis Şöbəsinə sentyabrın 6-da saat 1 radələrində şəhər ərazisində Avşar kənd sakini A.Şakirovun qolundan yaralanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, araşdırmalarla həmkəndlisi olan qohumu Laiq İslamovun xuliqanlıq zəminində pnevmatik tapançadan atəş açaraq A.Şakirovu qolundan yaralamasına əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində L.İslamov saxlanılıb. Onun Avşar kəndi ərazisində yerləşən atasına məxsus fermada gizlətdiyi “Makarov” markalı tapança və bir ədəd patron darağı aşkar olunaraq götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
QHT nümayəndələri ŞuşadaBu gündən etibarən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) geniş tərkibdə nümayəndə heyətlərinin Şuşa şəhərinə növbəti səfəri başlayıb.

Avrasiya.net-in məlumatına görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərlər 3 gün davam edəcək. Hər gün 150-dən çox QHT nümayəndəsinin, habelə bloger və ictimai fəalın iştirak edəcəyi səfərlərə ümumilikdə 500 nəfər qoşulacaq.

Səfər iştirakçıları Cıdır düzündə, Vaqifin məqbərəsində, Bülbülün ev muzeyində, Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Şuşa qalasını və digər tarixi yerləri ziyarət ediblər.

QHT nümayəndələri səfərin sonunda bir daha Müzəffər Ali Baş Komandana Şuşaya təşkil edilən səfərə, habelə şəhərdə aparılan bərpa və quruculuq işlərinə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, səfər çərçivəsində QHT-lərə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib.
Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru təyin edildiSentyabrın 8-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının iclası keçirilib.

Zafertv.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in icraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb. 

Müşahidə Şurasının qərarı ilə 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.

Qeyd edək ki, Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin məzunudur. O, uzun illər həkim-nevropatoloq kimi fəaliyyət göstərib, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsində çalışıb.
Azərbaycandakı bəzi siyasi partiyalar üzvlərinin sayını açıqlayıblar - SORĞU“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin varinatında qeyd edilib ki, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvü olmalıdır.

Maraqlıdır, hazırda Azərbaycanda dövlət qeydiyyatından keçmiş siyasi partiyaların neçə üzvü var?

"Report" bu sualla bağlı bir neçə siyasi partiyanın mövqeyini öyrənib.

Bu yaxınlarda Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təsis edilməsinin 29-cu ildönümünə həsr olunan konfransda çıxışı zamanı qeyd edib ki, YAP sıralarında 800 000-ə yaxın insan var.

Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli sonuncu dəfə rəhbərlik etdiyi partiyanın üzvlərinin bir il bundan əvvəl uçota alındığını bildirib:

"Həmin uçota əsasən, 17 000-dən çox üzvümüz var. Ancaq partiyanın ən çox üzvü 2003-cü ildə olub. Hətta partiya üzvlərinin sayı 27 minə də yaxınlaşıb. Ancaq onları anketləşdirə bilməmişdik. Son iyirmi ildə partiyalarda aşınma gedib. Yalandan deməklə deyil ki".

Deputat Qüdrət Həsənquliyevin rəhbərlik etdiyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirib ki, partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını müsbət qiymətləndirir: "BAXCP yeni qanun layihəsi ilə bağlı təkliflərini Milli Məclisə təqdim edib. Hazırda qüvvədə olan qanun 30 il bundan öncə hazırlanıb. Bu müddət ərzində baş verən proseslərdə kifayət qədər dəyişikliklər olub. Ona görə də hesab edirik ki, bu gün yeni qanun layihəsinin hazırlanmasına ehtiyac var. Yeni layihədə dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvü olması ilə bağlı tələb də öz əksini tapıb. BAXCP ölkənin çox güclü müxalifət partiyalarından biridir. Partiyanın 70-dən artıq rayon şəbəsi fəaliyyət göstərir. Hazırda üzvlərimizin sayının dəqiqləşdirilməsi aparılır. Ancaq partiyanın bu gün həmin 10 min nəfərlik siyahını müvafiq qurumlara təqdim etməklə bağlı potensialı var. Biz 10 mindən də çox üzvümüzün olması ilə bağlı siyahını təqdim edə bilərik".

Uzun illər Milli Məclisin sabiq deputatı Xanhüseyn Kazımlının rəhbərlik etdiyi, Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) indiki sədri Əsli Kazımova qeyd edib ki, hazırda partiyanın 30 000-ə yaxın üzvü var.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli qeyd edib ki, partiyanın 81 bölgə, 1 Muxtar Respublika təşkilatında 19 783 nəfər üzvünün ərizəsi var.

Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli yeni qanun layihəsində siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün üzvlərin sayının çox yüksək qeyd edildiyini deyib: "Layihədə bu tələb 1 000 nəfərdən 10 000 nəfərə qaldırılır. Bəs, təsisçinin 200 nəfərədək yüksəldilməsi nə deməkdir?"

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib ki, yeni qanun layihəsi hazırlanan zaman qeydiyyatla bağlı tələbdə üzvlərin sayının 7-10 min olmasını təklif edib: "Bəzi partiyalar da bu təkliflə çıxış etmişdilər. Mən bu rəqəmin tərəfdarıyam. Bununla bağlı bizim kifayət qədər resurslarımız var və hər hansı bir çətinliklərin olacağını gözləmirəm".

Tural Abbaslı bildirib ki, sədri olduğu Ağ Partiyanın yeni qanun layihəsində göstərilən tələblərlə bağlı heç bir problemi yoxdur:

"Biz narahat deyilik. Ancaq biz partiyanın qeydiyyatı ilə bağlı bu qədər rəqəmin tələb kimi qoyulmasını uyğun hesab etmirik. Partiyanın tələb kimi qoyulan rəqəmdən artıq da üzvümüz var. Bu gün bəlkə də Azərbaycanda yeganə partiya bizik ki, hər həftə kifayət qədər üzvlüyə qəbullarla bağlı müraciətlər olunur və partiya sıralarına həmin şəxlər qəbul edilir. Bizim sayla bağlı problemimiz yoxdur".

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə partiyanın 30 000-dən çox üzvü olduğunu bildirib: "AMİP ilk rəsmi dövlət qeydiyyatından keçmiş partiyadır. Ancaq yenə də partiya üzvlərimizin sayı ilə bağlı monitorinq keçiriləcək və dəqiqləşdirmə aparılacaq".

Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev isə deyib ki, hazırda partiyanın 89 000 üzvü var:

"Qeydiyyatla bağlı hesab edirəm ki, 10 000 nəfərlik tələb çox azdır. Bu rəqəm gərək 50-60 min olardı".
İran hərbi təlimlərə başladıİran ordusunun quru qoşunları hərbi təlim keçirir.

Bu barədə 2-ci briqada generalı Kərim Çeşək məlumat yayıb.

“Güc-1401” adlı təlim ordunun quru qoşunları bölmələrinin yeni təhdidlərlə mübarizədə gücünü və döyüş hazırlığını qiymətləndirmək və təkmilləşdirmək məqsədi ilə keçirilir”, - Çeşək bildirib.