Hovuzda qadınları çəkərək paylaşan şəxs HƏBS EDİLDİ Hovuzda qadınları çəkərək sosial şəbəkədə yayan şəxs saxlanılıb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Həmin görüntülər sosial şəbəkələrdə yayılandan sonra polis tərəfindən dərhal araşdırma aparılıb və həmin videonun müəllifinin Əmrah Məhərrəmov olması müəyyən edilərək saxlanılıb.

Onun barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada 20 sutka həbs edilib.
Bərdədə bir qrup media nümayəndəsi ilə görüş keçirilibBərdə Regional Mədəniyyət İdarəsində Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib

Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, bir qrup mətbuat nümayəndələri iştirak edib.

Öncə tədbir iştirakçıları Vətən uğrunda canından keçmiş şəhid jurnalistlərin guşələri önünə gül dəstələri qoyub və eyni zamanda hərbi jurnalist Şöhrət Eyvazoğlunun Vətən müharibəsində düşməndən qənimət olaraq götürülmüş “Boş qalan papaqlar” adlı kolleksiyasına baxış keçiriblər.

Tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın, həmçinin şəhid jurnalistlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Azərbaycan milli mətbuatının yaranmasından, şərəfli və zəngin tarixindən danışaraq, mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar və peşələrində yüksəliş arzulayıb. Vəsilə Möhsümova 44 günlük Vətən müharibəsində qazanılan qələbədə medianın xüsusi rolunun olduğunu vurğulayıb.

Mətbuat işçiləri çıxışlarında bildiriblər ki, mətbuatın inkişafına, KİV nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə və daha geniş miqyasda davam etdirilir.

Daha sonra mərasimdə bir qrup mətbuat nümayəndələri Bərdə Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanı ilə təltif olunub.

Tədbir Bərdə rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam edib.
12 nəfərin imtahan nəticələri ləğv olunduDövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 6-7 iyul 2022-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Mərkəzdən Avrasiya.net-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 29398 abituriyentdən (II qrup üzrə 12778 nəfər, III qrup üzrə 16620 nəfər) 509 nəfəri (II qrup üzrə 301 nəfər, III qrup üzrə 208 nəfər) imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Müslümovun aldığı rüşvətin məbləği açıqlandı - ŞokSabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dövlətə nə qədər ziyan vurduğu məlum olub.

Avrasiya.net Bizim.Media-ya istinadən xəbər verir ki, Səlim Müslümov rüşvət alma yolu ilə 13 296 355 manat, mənimsəmə yolu ilə 7 237 188 manat, israf edilmiş yolla 7 087 671 manat ziyan vurduğu üzə çıxıb.

Səlim Müslümov dəymiş ziyanın 6 974 428 manatını ödəyib.

İstintaq həmin ödənilən məbləğin Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Səlim Müslümovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Müslümov Səlim Yanvar oğlunun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Toplanılmış materiallar əsasında başlanılmış cinayət işi üzrə Səlim Müslümovun xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasına, habelə onun tərəfindən tabeçiliyində işləyən vəzifəli şəxslərdən vasitəçi kimi istifadə etməklə müxtəlif rayonlarda əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pul vəsaitlərinin bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr müəyyən edilib. Həmçinin, Səlim Müslümovun nazirliyin Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ölkə ərazisində istehsal, sosial-məişət və iaşə təyinatlı obyektlərin inşası və yenidən qurulması zamanı əməyin mühafizəsi tələblərinə əməl olunması, onların istismara buraxılmasına razılığın verilməsi, əməyin mühafizəsi tələblərinə uyğunluğu ilə bağlı müəssisələrdə aparılmış yoxlamaların nəticələrinə görə müxtəlif vaxtlarda külli miqdarda pul vəsaitləri qismində təkrar rüşvət almasına dair məlumatlar əldə olunub.

Eyni zamanda, Daxili nəzarət şöbəsi tərəfindən ərazi strukturlarında aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Ruslar kütləvi şəkildə ölkəni tərk edirRusiya vətəndaşları kütləvi şəkildə ölkəni tərk edərək vizasız rejim olan bir sıra ölkələrə - Ermənistan, Qazaxıstan, Gürcüstana gedirlər. Artıq Türkiyə də çoxlarının sığınacağına çevrilib.

Bu barədə “FreeDom” layihəsinin süjetində deyilib.

“Artıq Rusiyada mühacirətin ikinci dalğası başlayıb. Bu proses daha qlobal xarakter daşıyacaq və İT sektorunun mütəxəssislərinə, akademiklərə, kibertəhlükəsizlik mütəxəssislərinə, mühəndislərə təsir göstərəcək. Siyasi analitiklərin proqnozlarına görə, daha 2 milyon insan ölkəni tərk edəcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, FTX Sərhəd Xidmətinin məlumatına görə, Ukraynaya müdaxilənin ilk aylarında Rusiyanı təxminən 4 milyon insan tərk edib.
Özünü övladları ilə binadan atan qadınla bağlı yeni məlumat - Körpəni anadan ayırıblar?Yasamalda özünü iki övladı ilə beşinci mərtəbədən ataraq intihara cəhd edən qadının vəziyyəti stabil-ağır olaraq qalır.

Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilova məlumat verib. Qurum rəsmisi Aytən Abbasovaya zəruri tibbi yardım göstərildiyini bildirib:

“Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Uşaq isə ailənin istəyi ilə başqa tibb müəssisəsinə köçürülüb. Belə hallarda iltizamnamə yazırlar və şəxs ondan sonra xəstəxanadan çıxarılır.

Uşağın yerləşdirildiyi yer TƏBİB-in tabeliyində olan tibb müəssisəsi deyil deyə adını açıqlaya bilmərik. Ananın kim tərəfindən ziyarət olunması barədə məlumat vermək isə bizim səlahiyyətimizdə deyil”.
Sizin qələminizin gücünə ehtiyacımız çoxdur - Komitə sədriBu gün Azərbaycan milli mətbuatının yaranması günüdür.

Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. 147 il əvvəl - 1875-ci il iyulun 22-də ilk nömrəsi ilə nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycanın milli mətbuatının əsasını qoydu. “Əkinçi”nin ilk sayında Həsən bəy Zərdabi türk millətinin yaşamasını, inkişafını, elm və mərifət sahibi olmasını arzulayırdı. Zərdabi dönə-dönə vurğulayırdı ki, millətin ayılması üçün mütləq maariflənməsi gərəkdir və bunu dövrün ziyalıları etməlidir. Bu amal ilə “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoyaraq, cəmi 56 nömrəsi ilə millətin aynasına, eyni zamanda Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.

“Əkinçi” ilə əsası qoyulan mətbuat ənənəsi sonradan “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”,“Şərqi Rus”, “Həyat”, “İrşad”, “Füyuzat” kimi mətbuat orqanları ilə davam etdirildi.

Zəngin və şərəfli yolla addımlayan Azərbaycan mətbuatı bir neçə mərhələdən keçdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyuldu.

Azərbaycanda milli istiqlal elan edildikdən sonra milli mətbuatın qarşısında yeni vəzifə daxili və xaric təhlükələrə qarşı ideoloji mübarizə aparmaqdan ibarət idi. 1918-ci il sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzetinin ilk nömrəsinin çapdan çıxması da bu zərurətdən irəli gəlirdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə “Azərbaycan” adlı qəzetin nəşrə başlamasının reallaşması milli mətbuatımızın tarixində təkcə ərazi olaraq ölkənin deyil, milli dövlətin adını ifadə edən mətbuat orqanın nəşri zamanı Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini öz səhifələrində geniş surətdə əks etdirmişdir. Tədqiqatçıların dediyi kimi, “Azərbaycan” qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin mətbu salnaməsidir” (Həbibbəyli İsa. “Müstəqil Azərbaycanın “Azərbaycan”ı”. “Azərbaycan”, 15 sentyabr 2013).

Növbəti mərhələ isə AXC-nin bolşeviklər tərəfindən işğalından sonrakı dövrü əhatə edir. Bu dövrdə, yəni mətbuatımızın SSRİ dövründəki fəaliyyəti tam nəzarət altında, yalnız dövlət - imperiya marağına məcburi xidmət edirdi desək, yanılmarıq. Lakin bu dövrdə, azad sözün olmadığı bir şəraitdə xalqını, millətini sevən mətbuat işçilərı sətiraltı olsa da, öz fəaliyyətində milli şüurun oyanmasına, demokratik təfəkkürün formalaşmasına xidmət etmişdir.

Burada xüsusi ilə qeyd etməyi vacib sayıram ki, məhz ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu dövrlərdə mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuşdur və bu dövrü həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrü adlandırsaq, daha ədalətli olarıq. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Məhz Heydər Əliyevin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibət aradan qadırıldı, milli dil siyasəti yürdülüdü və bu siyasət medianın inkişafında müstəsna rol oynadı. Azərbaycan dilində qəzetlərin sayı artırıldı, televiziyada verilişlərin Azərbaycan dilində yayımı genişləndirildi.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanda nəşr olunan çap mətbuatı, demək olar ki, ittifaq miqyasında peşəkarlıq səviyyəsinə və digər parametrlərinə görə seçilirdi. Artıq Azərbaycan mətbuatı uzun onilliklərlə qadağan olunan milli adət-ənənələrimizdən, milli tariximizdən, mədəniyyətimizdən, dilimizdən yazmağa başladı, Heydər Əliyevin şəxsi təşəbbüsü ilə o zaman Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əlaçı tələbələri Moskva Dövlət Universitetinə oxumağa göndərildilər. Bu isə Azərbaycan milli jurnalistika məktəbinin formalaşmasında, müasir jurnalistikanın inkişafında müstəsna rol oynadı.

Xalqın təkidli tələbi ilə ümummilli liderin yenidən hakimiyyətə gəlməsi müasir jurnalistikanın inkişafına yeni təkan verdi. Belə ki, Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada mətbuat azadlığının hüquqi bazası yaradıldı. Əsas qanununumuza əsasən demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir.

Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişafında mühüm hadisə oldu. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən güclü vasitəyə çevrilməsində əsas addıma çevrildi. Məhz bu fərmanla mətbuatda və digər KİV-də Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda fikir pluralizminin daha da möhkəmləndirilməsinə gətirib çıxardı. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəlləri aradan qaldırdı. Yeni mətbuat orqanlarının təsis olunması prosedurası asanlaşdırıldı. Heydər Əliyevin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı olaraq həyata keçirildi. 2000-ci ilin martında Prezidentin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Teleradio Şurası yaradıldı.

Xüsusi qeyd: müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da məhz Heydər Əliyev imzalayıb və ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub. Ulu öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Bu gün müasir dünyada mətbuata və demokratiyaya yeni baxış var. Belə ki, azad söz, hər bir fərdin öz düşüncələrini, fikirlərini sərbəst ifadə etmək istəyi demokratiyanın başlanğıcı kimi qəbul edilir. Eyni zamanda azad, hüquqi, demokratik cəmiyyət quruculuğu prosesi də gedir. Bu gün mətbuat işçisi olmaq cox ağır işdir, belə ki, hər bir sosial şəbəkə istifadəçisi mətbuatın bir hissəsinə çevrilib. Məhz belə vəziyyətdə zəngin və mütərəqqi ənənələrə malik Azərbaycan mətbuatı demokratiyanın mühüm vasitəsi kimi çıxış edərək və istər dövlət və cəmiyyət, istərsə də dövlətlə fərd arasında hərtərəfli münasibətlərin qurulmasına, demokratiyanın inkişafına öz töhfəsini verməkdə davam etdir.

Mətbuat işçilərinin 2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində fəaliyyətlərini də xalqımız yüksək qiymətləndirir. Onlar informasiya savaşında olduğu kimi döyüş meydanında da savaşdılar. Mətbuatımızın iki nümayəndəsi erməni terrorunun qurbanı oldu. Vətən müharibəsi başa çatdıqdan sonra jurnalist fəaliyyətlərini yerinə yetirərkən AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışov həlak oldu. Bu gün bütün şəhidlərimizi dərin hüznlə anırıq.

Danılmaz faktır ki, ölkəmizdə mətbuatın inkişafında dövlətimiz də xüsusi rol oynayır. Prezidentimiz İlham Əliyevin azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə verdiyi sərəncamlar dediyimizə əyani subutdur. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi.

Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Eyni zamanda tarixi təcrübə göstərir ki, informasiya sahəsi dünyada ən sürətli inkişaf edən sahələrdəndir. Ona görə də yeni dövrlə ayaqlaşmaq üçün milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə, Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə böyük təlabat yaratmışdı. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Yeni qanunun qəbulu onu göstərdi ki, Azərbaycan iqtidarı ölkənin demokratik dəyərlər çərçivəsində söz və mətbuat azadlığının mövcudluğunda, bu sahənin qənaətbəxş olmasında maraqlıdır və israrlıdır. Bu gün dövlətin informasiya təhlükəsizliyinin qorunması özlüyündə mühüm əhəmiyyətli məsələlərdən ən vacibidir. Günümüzün reallıqlarından biri kimi “informasiya müharibəsi” anlayışı həyatımıza daxil olub və ciddi əhəmiyyət kəsb edir. “Müasir müharibələrin qalibləri informasiya müharibəsinin qalibləridir” ifadəsi real həyatda öz yerini möhkəmləndirməkdə davam edir.

44 günlük Zəfər müharibəsində Qəhrəman əsgərlərimizin şücaətini, Müzəffər Ali Baş Komandan İlham Əliyev informasiya müharibəsində təkbaşına döyüşərək tamamladı. 30-dan çox dünya KİV-inə, televiziya kanallarına və informasiya agentliklərinə müsahibələr verdi. Azərbaycanın haqq işini, müqəddəs torpaqlarımız uğrunda apardığımız müharibənin həqiqətlərini, eyni zamanda mənfür ermənilərin törətdikləri bütün vəhşiliklərinin üstünü konkret faktlar əsasında açaraq dünyaya göstərdi. Bu gün tam əminlikə deyə bilərik ki, informasiya cəbhəsində qələbəmiz döyüş meydanındakı qələbəmizi, zəfərimizi möhtəşəm və etibarlı etdi. Azərbaycanın gücünü dünyaya tanıtdı.

Milli mətbuatın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və mətbuat işçilərinə qayğının tərkib hissəsi kimi qəbul edilməlidir.

Azərbaycan mətbatı da həm dünyada gedən proseslər fonunda, həm də ölkəmizin inkişaf dinamikasına uyğun olaraq yeni keyfiyyətdə fəaliyyət göstərməlidir. Ölkəmizdə inkişafa təkan verməklə yanaşı, inkişafı ləngidən amillərə qarşı içtimai nəzarəti ön plana çəkməlidir. Bu zamanın tələbidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışlarında son dönəmlər vurğulanan ictimai nəzarət anlayışında jurnalistlərə xüsusi diqqət ayrılmışdır. İlham Əliyev: “Biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbər tuturam və dərhal reaksiya verilir… Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Cənab Prezident tərəfindən irəli sürülən bu çağırışlar yeni dövrün mediasının əsas iş prinsipinə çevrilərsə, inkişafımıza töhfə olar, bundan xalq və dövlət güclənər.

Əziz mətbuat işciləri! Sizin hər birinizi Mətbuat Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir və zamanın hər anında bu cətin və şərəfli peşənizdə uğurlar arzulayıram!

Azərbaycanın yeni-yeni qələbələrinin şahidi olmaq üçün Sizin qələminizin gücünə ehtiyacımız çoxdur. Dövlətimiz, millətimiz və xalqımızın firavanlığı üçün apardığınız mübarizədə yorulmayasınız.

Sadiq Qurbanov,
Milli Məclisin komitə sədri
Rusiya saytı Azərbaycanda söz, mətbuat azadlığından yazıbTanınmış jurnalist Cavid Şahverdiyevin Azərbaycan Milli Mətbuatının yaranmasının 147 illiyi ilə bağlı yazısı Rusiyanın nüfuzlu PolitRUS.com saytında dərc edilib.

Yazıda qeyd olunub ki, demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının təmin olunması, azad mətbuatın inkişafı prioritet istiqamətlərdən biridir.

Azərbaycanda söz və mətbuat azadlığının qorunmasında dövlətin atdığı addımlardan, ulu öndər Heydər Əliyevin mətbuata diqqət və qayğısından, Azərbaycan Prezidenti İlham Əliyevin azad mətbuatın inkişafı üçün göstərdiyi xidmətlərdən bəhs edilib.

Müəllif qeyd edib ki, zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun, demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir.

Artıq indi Azərbaycan söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir.

Cavid Şahverdiyev bildirib ki, cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının xüsusi rolu var.

Yazının tam mətni aşağıdakı linkdə:
https://www.politrus.com/2022/07/22/azerbaycan-media/
Rusiyanın raketləri bitir - BritaniyaYerüstü hədəflər üçün qanadlı raketlərin çatışmazlığı səbəbindən Rusiya hava hücumundan müdafiə raketlərindən istifadəni artırıb.

Bu barədə Britaniya kəşfiyyatının hesabatında qeyd olunub.

“Rusiya müharibənin əvvəlindən Ukrayna yaxınlığında S-300 və S-400 strateji hava hücumundan müdafiə sistemlərini yerləşdirib. Bu silahların nəzərdə tutulan hədəflərdən yayınması və mülki itkilərlə nəticələnməsi ehtimalı yüksəkdir. Çünki raketlər bunun üçün optimallaşdırılmayıb və ekipajların bu cür missiyalara hazırlığı zəifdir”, - məlumatda qeyd olunub.
DSX-nin 7 sabiq hərbçisi saxlanıldıCəbrayılda Azərbaycan sərhədini pozan şəxslər saxlanılıb, 95 kq-dan artıq narkotik götürülüb.

Bu barədə Avrasiya.net-ə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, iyul ayının 21-də saat 20:08-də qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində DSX tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədindən ümumi çəkisi 95 kq 0.700 qr olan narkotik vasitəyə bənzər maddəni (87 kq 0.700 qr marixuana, 7 kq 0.600 qr heroin, 0.400 qram metamfetamin) və psixotrop tsərkibli dərmanları (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) Azərbaycan ərazisinə keçirməyə cəhd edərkən xidmət zamanı sərhədçi adını ləkələdiklərinə görə tərxis edilmiş DSX-nin yeddi nəfər sabiq hərbi qulluqçusu saxlanılıb.

Faktla bağlı Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.