11 yaşlı oğlan özünü asdıAğstafada intihar hadisəsi baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb.

2011-ci il təvəllüdlü Cəfərov Səid Qafur oğlu yaşadığı evdə özünü iplə asıb. Azyaşlının meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Belarusdan şok: Polşaya zərbə endirəcəyik!Qərbin mümkün provokasiyasında Belarus qüvvələri Polşa infrastrukturuna zərbə endirəcək.

Bu sözləri Belarus Baş Qərargah rəisinin müavini Ruslan Kosıgin deyib.

O bildirib ki, Baltik ölkələri kimi, Polşa da ABŞ-ın Rusiya və müttəfiqlərinə qarşı qanlı müharibə başlatması üçün poliqona çevrilir:

“Bunu ilk növbədə Polşa rəhbərliyi başa düşməlidir. Münaqişə baş verəcəyi təqdirdə Polşa ərazisi hərbi infrastrukturu ilə birlikdə zərbənin əsas hədəfinə çevriləcək”.
İlham Əliyev Azərbaycan xalqını təbrik etdiPrezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Avrasiya.net təbrikin mətnini təqdim edir:

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Qurban bayramı İslam dininin bəşəriyyətə mənəvi-əxlaqi qurtuluş yolu kimi göndərilməsi ilə əlamətdardır və müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir.

Azərbaycan xalqı əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçilmiş, ən mürəkkəb dövrlərdə belə, öz milli-mədəni dəyərlərini qoruyub saxlamışdır. Müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir.

Azərbaycanın müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha dərin ehtiramla yad edir, onlara Uca Yaradandan rəhmət, yaxınlarına səbir diləyirəm.

Əziz bacı və qardaşlarım!

Ümidvaram ki, etdiyiniz dua və niyyətlər Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram da xalqımıza xas xeyirxahlığın, şəfqət və mərhəmətin təntənəsinə çevrilərək, cəmiyyətimizdə milli-mənəvi həmrəylik ovqatını daha da gücləndirəcəkdir.

Qoy müqəddəs Qurban bayramı ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Bayramınız mübarək olsun!
Anası əməliyyatda öldü - Əvvəl cərrahı, sonra özünü GÜLLƏLƏDİÖtən gün Türkiyənin Konya şəhərindəki xəstəxanaların birində Ekrem Karakaya adlı kardioloqun iş başında öldürülməsi ölkə gündəmini alt-üst edib.

Modern.az xəbər verir ki, həkimin həyatı bahasına atılan bu addım ciddi etiraz doğurub. Hadisəni törətməkdə şübhəli bilinən Mehmet Akçay adlı şəxs həkim-kardioloqu əməliyyat sonrası həyatını itirən anasının ölümündə günahlandırıb. Bu səbəbdən də həkimin həyatına son qoyub. Mehmet Akçay daha sonra hadisə yerində özünü güllələyib.

Baş vermiş dəhşətli hadisə səbəbindən Konya şəhər xəstəxanasının bütün həkimləri tibb müəssisəsinin önünə “Cənazəmiz var” yazısı asaraq iki günlük tətil elan ediblər. İki övlad atası olan Ekrem Karakayanın ölümü böyük sensassiya doğurub. Bu gün Kayserinin Dəvəli bölgəsində cənazə mərasimində mərhumun məsləkdaşları iştirak edib və etiraz aksiyası keçiriblər. Mərasimə Türkiyənin səhiyyə nazirinin gəlməsi etirazları daha da artırıb. Həkimlərin sərt çıxışlarının qarşısını polis alıb.

Hadisədən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qətlə yetirilən həkimin ailəsilə telefon əlaqəsi saxlayaraq, başsağlı diləklərini çatdırıb.

Qeyd edək ki, həkimlərin etiraz aksiyası Kayserilə yanaşı İzmir, Antalya, Mardin, Şırnak və digər bölgələrdə də müşahidə olunub.
Conson kraliçaya zəng etdi – İstefa verirBritaniya baş naziri Boris Conson Kraliça II Yelizavetaya istefa vermək niyyətini bildirmək üçün zəng edib.

Axar.az xəbər verir ki, bu barədə “San” nəşri yazıb.

Bildirilib ki, hələ rəsmi olaraq istefa vermədiyi üçün Consonun Bukingem sarayına getməsi vacib deyil.

Qeyd edək ki, Consonu istefaya məcbur etmək üçün hökumətin 50-yə yaxın məmuru, o cümlədən 3 nazir istefa verib.
Sabirabadda qadın iynədən şoka düşüb ÖLDÜSabirabadda 42 yaşlı qadın inyeksiyadan şoka düşərək ölüb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 1980-ci il təvəllüdlü Tapdıqova Gülnaz Fazil qızı antibiotik tərkibli dərman inyeksiyası edildikdən sonra şoka düşüb. 42 yaşlı qadın Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Həkimlərin qeyd etdiyinə görə, qadın xəstəxanaya daxil olan zaman onda həyat əlamətləri müşahidə edilməyib, nəbzi vurmayıb. Qohumlarının bildirdiyinə görə, G.Tapdıqova sınaq inyeksiyasından şoka düşüb. Hazırda qadının meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabirabad prokurorluğunda araşdırma aparılır.
Özbəkistanın zəif bəndi QaraqalpaqıstanÇağdaş dünyada və regionumuzda sürətlə dəyişən geosiyasi proseslər, türkdilli ölkələr arasında əməkdaşlığın son dövrlər genişlənməsi bəzi qüvvələri ciddi narahat etməkdədir. Özbəkistanda son günlər baş verən Qaraqalpaqıstan çaxnaşması təsadüfi məsələ deyil. Bu Rusiyanın Özbəkistan dövlətinə qarşı təzyiq, təhdid vasitələrindən biridir. Xüsusilə, dövlətçiliyi və siyasi immuniteti zəif olan ölkələrdə belə təzyiqlər daha ağrılı olur.

Rusiya-Ukrayna müharibəsinin ağır məqamında, partlamayan Qaraqalpaq minasının işə salınması bugünkü dövrdə Şimal qonşumuzun nəyinə lazımdır? Deməli, lazımdır. Böyük potensialı və kifayət qədər sosial-iqtisadi problemləri olan Rusiya gorbagor olmuş SSRİ –ni diriltmək fikrindən hələki vaz keçməyib. Məhz buna görə də MDB məkanında zəif bənd axtarır. Amma bütün bu cəhdlərin, separatizmə dəstəyin, partlamayan minaların işə salınmasının heç bir faydası olmayacaq. Artıq Mərkəzi Asiya Respublikaları əvvəlki kölə vəziyyətdə deyil. Bunu 2022-ci ilin yanvar ayında baş verən Qazaxıstan hadisələri, qazaxların öz milli dövlətləri üçün mücadiləyə hazır olduqları və digər məqamlar sübut edir. Hətta Rusiya-Ukrayna müharibəsinin davam etməsi Şimal qonşumuzun əvvəlki kimi hegemon gücdə olmadığını çılpaqlığı ilə ortalığa çıxarıb.

Prosesləri izləyəndə bu qənaətə gəlmək olar ki, Türkiyə daxil olmaqla bütün türkdilli ölkələrin inteqrasiyasında praktik addımlar atılmalıdır. Bəlağətli şüarlarla bərabər ciddi hədəflərə söykənən iqtisadi layihələrin icrası sürətlənməlidir. Çünki Türk birliyi bəşəri prinsiplərə, əxlaqi dəyərlərə söykənən əməkdaşlıq modelidir. Dünyada çox fərqli bir proses yaşanır. Bu gün geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Türk birliyində ən önəmli məqamlarlardan biri odur ki, dünyada gedən proseslər dərindən təhlil olunaraq türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlığın dərinləşməsi əsas hədəflər sırasındadır.

Bu gün Türkiyənin və Azərbaycanın regionda, dünyada rolu, əsas strateji hədəfləri ümumilikdə birliyə mühüm töhfədir. Bu müsbət tendensiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini özündə ehtiva edir. Türkdilli ölkələr arasında əməkdaşlıq modeli möhkəmləndikcə xarici təhdidlərin heç bir perspektivi olmayacaq

Sonda Özbəkistanın zəif bəndi olan Qaraqalpaqıstan haqqında bəzi resurslardan əldə etdiyimiz qısa məlumatları qeyd etmək istərdim. Qaraqalpaqıstan Özbəkistanın şimal-qərbində yerləşir. Paytaxtı və ən böyük şəhəri Nukus şəhəridir. Ümumi sahəsi 166,600 kvadrat kilometrdir. Qaraqalpaqıstan 14 inzibati rayona bölünmüşdür. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi vardır. Qaraqalpaq türklərinin 92%-i Qaraqalpaqıstanda yaşayır.

Qaraqalpaq dili qıpçaq qrupunun qıpçaq-noqay as bölümünə daxildir. Səs və tələffüz xüsusiyyətləri baxımından bu cəhətlər ön plana çıxır. Yazı dili bütün Türküstan əhalisinin XIX əsrin sonuna qədər müştərək istifadə etdikləri türkcədir. Danışıq dilləri qazax və qırğızcaya çox yaxındır. Göründüyü kimi qaraqalpaqlarda türkdür. Türkdilli xalq arasında nifaq salmaq isə yalnız məkrli qüvvələrin planları ola bilər. Gəlin qara qüvvələrin fitnəsinə uyub zəif bənd olmayaq.

Əkrəm Bəydəmirli
Prezident DTX-ya yeni səlahiyyətlər verdi – Bu informasiya strukturlarına nəzarət edəcək“Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin qorunması sahəsində səlahiyyətlərin xeyli hissəsi Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) verilib”.

Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, bu məsələlər Prezidentin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna kibertəhlükəsizliklə və kritik informasiya infrastrukturu ilə bağlı edilmiş dəyişikliklərin təsdiqi və onun tətbiqi ilə bağlı fərmanında öz əksini tapıb: “Bu fərmana görə, həm də bir neçə ay bundan öncə kritik infrastrukturun təhlükəsizliyi ilə bağlı qəbul eidlən fərmana görə kritik informasiya infrastrukturunun təhlükəsizliyinin qorunması sahəsində səlahiyyətlər əsasən DTX-ya verilib. Yeni qaydalara görə, yalnız DTX-nın müəyyən etdiyi qurum, yəni kibertəhlükəsizlik xidməti provayderi kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı metodiki köməklik göstərilməsi, məsləhət verilməsi və vəziyyətin qiymətləndirilməsi üçün kritik informasiya infrastrukturu subyektinin dəvəti ilə sahibkarlıq subyektlərinin kritik informasiya infrastrukturu obyektlərinə gələ bilər. Amma bu fəaliyyət zamanı aşkar edilən pozuntulara görə sahibkar məsuliyyətə cəlb edilə bilməz.

Digər dövlət qurumlarında bu fəaliyyəti DTX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə həyata keçirəcək DTX Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə kritik informasiya infrastrukturu obyektlərində ildə bir dəfədən az olmayaraq kənar audit yoxlamalarının keçirilməsini təşkil etməlidir. DTX həm də kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin operatoru səlahiyyətini əldə edib”.

Ekspert vurğulayıb ki, yeni dəyişikliklərə görə kritik informasiya infrastrukturu subyektləri təhlükəsizliyi qotumaq üçün müvafiq infrastrukturun informasiya təhlükəsizliyini idarəetmə sistemini təşkil etməli və onun fəaliyyətini təmin etməlidirlər. Onun sözlərinə görə, DTX həmin idarəetmə sistemlərinin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə uyğunluğunun təmin olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə bilər.

“Bütün kritik informasiya infrastrukturu subyektləri məsul şəxs təyin etməli və bu barədə məlumatı kritik informasiya infrastrukturu obyektlərinin reyestrində yerləşdirməlidir”, - O.Gündüz əlavə edib.

Ekspert düşünür ki, yeni dəyişikliklər ölkədə kiber mühitin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir və xüsusilə də, bu dəyişikliklər kritik informasiya infrastrukturun dayanıqlığında, kibertəhlükəsizlyin gücləndirilməsində ciddi rol oynayacaq.
3 nəfər imtahandan QOVULDU - Nəticələr bu tarixdə bilinəcəkİyulun 7-də DİM tərəfindən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

Bu barədə Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.

İmtahan keçirilən şəhər və rayonlarda 67 imtahan binası, 1177 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 67 ümumi imtahan rəhbəri, 195 imtahan rəhbəri, 1474 nəzarətçi–müəllim, 167 buraxılış rejimi əməkdaşı, 67 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.

İmtahanda 15736 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda, həmçinin 14 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (//t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

Bu gün saat 15:00-da DİM-in “Youtube” və “Facebook” səhifələri vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya [email protected] elektron poçtuna göndərə bilərlər.

Bu gündən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Növbəti qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, sənədlərlə (şəxsiyyət vəsiqəsinin əsli, buraxılış vərəqi) bağlı diqqətli olsunlar. Bundan əlavə, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Sabiq icra başçının fəaliyyət dövrü araşdırılırAbşeron Rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədova ilə bağlı edilən şikayət əsasında onun ifadəsi alınıb.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, sabiq xanım başçının quruma rəhbərlik etdiyi dövrdə əməkdaşları tərəfindən sahibkarlardan qanunsuz tələblər edilib. Sahibkarlar üzləşdikləri problemlərə görə, İradə Gülməmmədovanı günahlandırıblar.

Bununla bağlı sabiq başçıdan hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub. Hazırda şikayətlər əsasında hüquq-mühafizə orqanları tərəfindən İradə Gülməmmədovanın Abşeron Rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövr araşdırılır.

Qeyd edək ki, İradə Gülməmmədova 2006-2014-cü illərdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini, 2014-2015-ci illərdə birinci müavini, 2015-2022-ci illərdə icra başçısı vəzifəsini tutub. O, 19 yanvar 2022-ci ildə vəzifəsindən azad olunub.